Hakikat Books
Azərbaycanca

Fəsil 28 / 56

Mala məhəbbət

Bu fəsildə cavablandırılan suallar (8)

Sualı redaktor əlavə edib; cavab kitabın öz mətnidir, dəyişdirilməyib.

  1. İyirmi beşinci məsələ: haram yoldan qazanılan mal mülk olarmı? qaralama Xətanı bildir
  2. Halal malı ehtiyacdan artıq toplamaq nəyə səbəb olur? qaralama Xətanı bildir
  3. Əcəl, ömür və ruzinin təqdir edilməsi haqqında hansı hədis vardır? qaralama Xətanı bildir
  4. Həsən Çələbi Həzrəti Həsənin mal haqqındakı sözünü necə nəql edir? qaralama Xətanı bildir
  5. Ədalət, ehsan və zülm nə deməkdir (haqq vermək baxımından)? qaralama Xətanı bildir
  6. Zahid alimin namazı ilə zahid olmayanın namazı arasında necə fərq vardır? qaralama Xətanı bildir
  7. Zərurət nə deməkdir? qaralama Xətanı bildir
  8. “Dünyalıq olan şeylər məlundur” hədisi nəyi bildirir? qaralama Xətanı bildir

25 – Haram yoldan qazanılan mal, mülk olmaz, istifadə edilməsi haram olar.

Halal malı ehtiyacdan artıq toplamaq məkruhdur. Zəkatını verməsə əzaba səbəb olar. Hədisi-şərifdə, “Qızıla və gümüşə kölə olana lənət olsun!” buyuruldu. Kölə daima sahibinin qəlbini qazanmağı düşünür. Dünya malının arxasınca getmək nəfsinin şəhvətləri (arzuları) arxasınca getməkdən daha pisdir. Mal, pul arxasınca getmək Allahu təalanın əmrlərini unutdurarsa, “dünya məhəbbəti” olar. Allah zikri (düşüncəsi) olmayan qəlbə şeytan yerləşir. Şeytanın ən böyük hiyləsi insana xeyirli işlər etdirərək özünü saleh, yaxşı zənn etdirməsidir. Belə bir adam özünün qulu olur. Hədisi-şərifdə, “Keçən ümmətlərin hər birinə fitnələr verildi. Mənim ümmətimin fitnəsi mal, pul yığmaq olacaq” buyuruldu. Dünyalıq arxasına düşərək axirəti unudacaqlar.

Hədisi-şərifdə, “Allahu təala insanları yaradarkən əcəllərini, ömürlərini və ruzilərini təqdir etmişdir” buyuruldu. İnsanın ruzisi dəyişməz, azalmaz və çoxalmaz, vaxtından geri qalmaz. İnsan ruzisini axtardığı kimi ruzisi də sahibini axtarar. Çox kasıblar vardır ki, zənginlərdən daha yaxşı, daha məsud yaşayar. Allahu təala Ondan qorxanlara, dininə sarılanlara ummadıqları yerdən ruzi göndərər. Hədisi-qüdsidə, “Ey dünya! Mənə xidmət edənə xidmətçi ol! Sənə xidmət edənə çətinlik göstər!” buyuruldu. Bir hədisi-şərifdə, “Ya Rəbb! Məni sevənlərə xeyirli mal ver. Mənə düşmənlik edənlərə çox mal və çox övlad ver!” buyuruldu. Bir yəhudi öldü. Bir evi və iki oğlu qaldı. Evi bölməkdə razılığa gələ bilmədilər. Divardan bir səs gəldi: “Mənim üçün bir-birinizə düşmən olmayın. Mən bir padşah idim. Çox yaşadım. Qəbirdə yüz otuz il qaldım. Sonra torpağımla gil qab-qacaq düzəltdilər. Qırx il evlərdə istifadə etdilər. Qırıldım, küçəyə atdılar. Sonra mənimlə kərpiç düzəltdilər. Bu divarın inşasında istifadə etdilər. Bir-birinizlə dalaşmayın. Siz də mənim kimi olacaqsınız” dedi.

Həsən Çələbi (rahiməhullahu təala) “Məvakif” kitabının haşiyəsində deyir ki, həzrəti Həsən və həzrəti Hüseyin bir gün xəstələnmişdilər. Həzrəti Əli və həzrəti Fatimə (radıyallahu təala anhum əcmain) və xidmətçiləri olan qız, övladları sağalsalar üç gün oruc tutacaqlarını nəzir etdilər. Övladları sağaldı. İftara yeməyə heç bir şeyləri yox idi. Bir yəhudidən üç sa (4,5 kq) ağırlığında arpa borc aldılar. Həzrəti Fatimə bir sa arpanı un etdi. Bununla beş çörək bişirdi. Bir kasıb gəlib, “Mənə yeməyə bir şey verin” dedi. Çörəkləri kasıba verib o gecə ac yatdılar. Ertəsi gün bir yetim gəldi. Bunları da ona verib ac yatdılar. Üçüncü gün bir əsir gəlib yemək istədi. Bunları da ona verdilər. Allahu təala Rəsulullaha (sallallahu təala əleyhi və səlləm) ayəti-kərimə göndərərək bunların nəzirlərini və isarlarını mədh etdi və tərif etdi. Ruzisini (pulu, malı) zərurət miqdarı qədər saxlayıb qalanını paylamağa “Zühd” deyilir.

[Bir insanın haqqını özünə qaytarmaq, ona olan borcu ödəmək, “Ədalət”lə hərəkət etmək sayılır. Haqqından artıq vermək “Ehsan” etmək sayılır. Ruzisinin, yəni möhtac olduğu malın hamısını başqasına verməyə “İsar” deyilir.]

Zahid olan alimin iki rəkat namazı zahid olmayanın ömrü boyu qıldığı namazdan xeyirlidir. Əshabı-kiramdan bəziləri (radıyallahu təala anhum əcmain) tabiindən bəzilərinə “siz, Rəsulullahın (sallallahu təala əleyhi və səlləm) Əshabından daha çox əməl (ibadət) edirsiniz. Lakin onların zühdləri sizdən çox olduğu üçün sizdən daha xeyirli idilər”, demişdilər. Dünya məhəbbəti, yəni dünyaya düşkün olmaq demək, nəfsin arzularını, şirin gələn şeyləri və bunlara qovuşmağın səbəbi olan pulu haram yollardan axtarmaq deməkdir. Dünyaya düşkün olmaq, xəyal arxasınca getməkdir. Çünki dünya ləzzətlərinin zərərləri faydalarından daha çoxdur, əldə qalmaz, tez gedərlər. Bunlara qovuşmaq isə çox çətindir. Faydası heç olmayanlara “Lab”, yəni oyun və “Ləhv”, yəni əyləncə deyilir.

[İnsanı ölməkdən, bir üzvünün məhv olmasından və şiddətli ağrıdan qurtaran şeyə “Zərurət” deyilir. Ruh və bədənin rahatlığı üçün və sədəqə vermək, xeyrat və yaxşılıq etmək, zəkat, həcc, qurban, borc vermək üçün lazım olan şeylərə “Ehtiyac” deyilir. Ehtiyacdan artıq olan və insana xoş və şirin gələn şeylərə “Zinət” deyilir. Ehtiyacdan artıq olan malı təkəbbür üçün, göstəriş üçün istifadə etmək zinət olmaz, haram olar. Zərurət miqdarı qədər qazanmaq üçün çalışmaq fərzdir. Ehtiyac miqdarı qədər qazanmaq sünnətdir. Buna “Qənaət” deyilir. Zinət olan şeyləri qazanmaq mubahdır. Ehtiyac və zinət əşyasını islamiyyətə uyğun olaraq qazanmaq ibadət olar. Bunları qazanmaq üçün islamiyyətin xaricinə çıxmaq haram olar. Belə ələ keçirilənlər dünyalıq olar. “Əhkami-islamiyyə” Allahu təalanın əmrləri və qadağaları deməkdir.]

Hədisi-şərifdə “Dünyalıq olan şeylər məlundur (lənətlənmişdir). Allah üçün olan şeylər, Allahu təalanın razı olduğu şeylər məlun deyildir” buyuruldu. Dünyalıq olan şeylərin Allahu təala qatında heç bir qiyməti yoxdur. Əhkami-islamiyyəyə tabe olaraq qazanılan və istifadə edilən ruzi dünyalıq olmaz. Dünya neməti olar. Dünya nemətlərinin ən qiymətlisi saleh olan xanımdır. İmanı olan və islamiyyətə tabe olan insana “Saleh” (gözəl insan) deyilir. Saleh qadın həyat yoldaşını haram işləməkdən qoruyar. Xeyirli əməl və ibadət etməsinə kömək edər. Saleh olmayan qadın zərərli olar, dünyalıq olar. Hədisi-şərifdə “Dünya nemətlərindən mənə, qadınlarım və gözəl ətir sevdirildi” buyuruldu. Hədisi-şərifdə “Dünyalıq olan şeylərin Allah qatında ağcaqanadın qanadı qədər qiyməti olsaydı, kafirə bir qurtum su verməzdi” buyuruldu. Kafirlərə dünyalığı çox verərək onları fəlakətə sürükləməkdədir. Hədisi-şərifdə “Möminin Allah qatındakı qiyməti, topladığı dünyalıq qədər azalır” və “Dünya sevgisi artdıqca axirətə olan zərəri də artar. Axirət sevgisi artdıqca dünyanın ona zərəri azalar” buyuruldu. Həzrəti Əli (radıyallahu təala anh) deyir ki, dünya ilə axirət şərq ilə qərb kimidir. Birinə yaxınlaşan digərindən uzaqlaşar. Hədisi-şərifdə “Dünyalıq arxasınca getmək su üzərində yeriməyə bənzəyir. Bunun ayaqlarının islanmaması mümkündürmü? İslamiyyətə tabe olmağa mane olan şeylərə dünya deyilir”, və “Allahu təala bir qulunu sevərsə, onu dünyada zahid və axirətə raqıb edər. Ayıblarını ona bildirər”, və “Dünyada zahid olanı Allah sevər. İnsanlarda olan şeylərdə zahid olanı insanlar sevər”, və “Dünyalıq axtaranın buna qovuşması çətindir. Axirəti axtaranın buna qovuşması asandır” və “Dünyalığa düşkün olmaq xətaların başıdır” buyuruldu. Yəni, hər cür xətaya, günaha səbəb olar. Dünya arxasınca gedən şübhəli şeylərə, sonra məkruhlara, sonra haramlara, hətta küfrə dalar. Keçmiş ümmətlərin Peyğəmbərlərinə (əleyhimussaləvatu vəttəslimat) inanmamalarına səbəb dünyaya düşkün olmaları idi. Dünya məhəbbəti şəraba bənzəyər. Bundan içən ancaq ölüm vaxtı ayılır. Musa əleyhissəlam Tur dağına gedərkən birinin çox ağladığını gördü. “Ya Rəbb! Qulun sənin qorxundan ağlayır”, dedi. “Qan ağlasa da onu bağışlamaram. Çünki o, dünyaya düşkündür”, buyurdu. Hədisi-şərifdə, “Dünyanı halaldan qazanana axirətdə hesab vardır. Haramdan qazanana əzab vardır” və “Allahu təala bir qulunu sevməzsə malını haramlara sərf etdirər” buyuruldu. Təkəbbür üçün bina inşa etmək belədir. Bir hədisi-şərifdə, “Bir insan halal pul ilə bina tikərsə, insanlar bundan faydalandığı müddət ərzində o insana savab yazılar” buyuruldu. Rütubətdən xilas olmaq, təmiz hava almaq niyyətilə yüksək bina tikdirmək caizdir. Təkəbbür üçün, öyünmək üçün yüksək bina tikmək haramdır. İmam Əzəm Əbu Hənifə buyurur ki, “Cahillərin təhqir etməməsi və düşmənlərə əzəmətli, qüvvətli görünməsi üçün alimlərin, əmirlərin libas və evlərinin zinətli olması lazımdır”.

İnsanın şərəfi elm və ədəblədir.

Sanma ki, şərəf mal və nəsəblədir!

Bu fəsli başqa dildə oxu

Türkçe中文(普通话)中文(繁體)English

Paylaş

WhatsApp Telegram X Facebook E-poçt