Hakikat Books
English
Preview: the booklet list is a draft awaiting approval. The text is taken unchanged from the book.

Worship

Namaz rəvayətləri

From: The Book of Salat (Namaz) · 6 chapters ⏱ 5 min draft

Read the full book

Chapters in this booklet

  1. Namaz qılanların halları
  2. Rəvayət: evi yanmışdı
  3. Rəvayət: qazandakı su
  4. Rəvayət: ayağındakı ox
  5. Rəvayət: huşu aparan dərman
  6. Rəvayət: namaz üçün fədakarlıq

Namaz qılanların halları

Xorasan valisi Abdullah ibn Tahir çox adil idi. Asayiş keşikçiləri bir neçə oğru tutmuş, valiyə bildirmişdilər. Oğrulardan biri qaçdı. Hiratlı bir dəmirçi Nişapura getmişdi. Bir müddət sonra evinə dönüb gecə gedərkən bunu tutdular. Oğrularla bərabər valinin yanına apardılar. “Həbs edin!” dedi. Dəmirçi həbsxanada dəstəmaz alıb namaz qıldı. Əllərini qaldırıb, “Ya Rəbb! Məni qurtar! Günahım olmadığını ancaq sən bilirsən. Məni bu zindandan, ancaq sən qurtararsan. Ya Rəbb! Məni qurtar!”- deyə dua etdi. Vali o gecə yuxuda dörd qüvvətli kimsənin gəlib taxtını tərsinə çevirəcəkləri vaxt oyandı. Dərhal dəstəmaz alıb iki rəkət namaz qıldı. Təkrar yatdı. Yenə o dörd nəfərin taxtını yıxmaq üzrə olduğunu gördü və oyandı. Üzərində bir məzlumun ahı olduğunu anladı. Necə ki, şeir:

Minlərlə top və tüfəng, edə bilməz əsla,

Göz yaşının səhər vaxtı etdiyini.

Düşmən qaçırdan süngüləri, çox dəfə,

Toz kimi edər, bir möminin duası.

“Ya Rəbb! Böyük yalnız sənsən! Sən elə bir böyüksən ki, böyüklər və kiçiklər dara düşəndə ancaq sənə yalvarar. Sənə yalvaran muradına qovuşar.” Dərhal o gecə həbsxana müdirini çağırıb “bir məzlum qalıbmı?”, soruşdu. Müdir, “bilmirəm, yalnız, bir nəfər namaz qılıb, çox dua edir. Göz yaşları tökür”- deyincə, onu gətirtdi. Halını soruşub başa düşdü. Üzr istəyib, “haqqını halal et və min gümüş hədiyyəmi qəbul et və hər hansı bir arzun olsa, mənə gəl!”- deyə xahiş etdi. Dəmirçi, “haqqımı halal etdim və hədiyyəni qəbul etdim. Lakin işimi, diləyimi səndən istəməyə gələ bilmərəm”,- dedi. “Nə üçün?”- deyə soruşdu. “Çünki mənim kimi bir kasıb üçün sənin kimi bir sultanın taxtını bir neçə dəfə tərsinə çevirən sahibimi buraxıb, diləklərimi başqasına söyləməyim qulluğa yaraşarmı? Namazlardan sonra etdiyim dualarla, məni neçə-neçə dərdlərdən qurtardı, neçə-neçə muradıma qovuşdurdu. Necə olar, başqasına sığınım? Rəbbim nəhayəti olmayan rəhmət xəzinəsinin qapısını açmış, sonsuz ehsan süfrəsini hər kəsə yaymış ikən, başqasına necə gedərəm? Kim istədi vermədi? İstəməyi bilməzsən, ala bilməzsən. Hüzuruna ədəblə çıxmasan, rəhmətinə qovuşmazsan”. Şeir:

İbadət eşiyinə, kim ki, bir gecə baş qoydu.

Dostun lütfü açar ona, əlbəttə, min bir qapı.

Övliyanın böyüklərindən Rabiəi-Adviyyə (rahmətullahi əleyha), bir nəfərin dua edərkən: “Ya Rəbb, mənə rəhmət qapısını aç!” dediyini eşidincə: “Ey cahil! Allahu təalanın rəhmət qapısı indiyə qədər bağlı idi ki, indi açılmasını istəyirsən?”- dedi. (Rəhmətin çıxış qapısı hər zaman açıqsa da, giriş qapısı olan qəlblər hər kəsdə açıq deyildir. Bunun açılması üçün dua etməliyik!) İlahi! Hər kəsi dərdlərdən qurtaran yalnız sənsən. Bizi dünyada və axirətdə çətin vəziyyətdə qoyma! Möhtaclara hər şeyi göndərən yalnız sənsən! Dünyada və axirətdə xeyirli, faydalı olan şeyləri bizə göndər! Dünyada və axirətdə bizi kimsəyə möhtac etmə! Amin!

Rəvayət: evi yanmışdı

Övliyayı-kiramdan Hamidi-Tavil öz namazgahında namaz qılırdı. Evində yanğın baş verdi. İnsanlar toplaşıb yanğını söndürdülər. Xanımı qaçıb yanına gəldi və hirslənərək: “Evin yanır. İnsanlar toplanır. Görüləcək bu qədər iş var, sən isə yerindən tərpənmirsən”- dedi. “Allahu təalaya and içərəm ki, olanların heç birindən xəbərim yoxdur,”- dedi.

Allahın dostları, Ona məhəbbət və yaxınlaşmaqda elə bir dərəcəyə çatmış və dostla münacatın ləzzətinə elə dalmışdılar ki, özlərini unutmuşdular.

Rəvayət: qazandakı su

Əshabı-kiramdan Abdüllah ibn Şəhir (radıyallahu anh) deyir: “Rəsulullahın (sallallahu əleyhi və səlləm) yanında namaz qılırdım. Mübarək sinəsindən atəş üzərində qazanda qaynayan su səsi kimi səslər eşidirdim.”

Rəvayət: ayağındakı ox

Rəsulullahın sevgili kürəkəni həzrəti Əli (radıyallahu anh və kərrəmallahu vəchəh) namaza duranda dünya dağılsa xəbəri olmazdı.

Belə rəvayət edilir: Bir hərbdə həzrəti Əlinin (radıyallahu anh) mübarək ayağına bir ox dəyib sümüyə qədər batmışdı. Oxu dartıb çıxarda bilmədilər. Həkimə göstərdilər. Həkim: “Sənə yatızdıran, huşu aparan dərman vermək lazımdır. Ancaq o cür oxu ayağından çıxartmaq olar. Yoxsa, bunun ağrısına dözmək olmaz”- dedi. Əmir-əl-möminin həzrəti Əli (radıyallahu anh): “Huşu aparan dərmana nə gərək var? Bir az səbir edin, namaz vaxtı gəlsin, namaza duranda çıxardın”- buyurdu. Namaz vaxtı gəldi. Həzrəti Əli namaza başladı. Həkim də həzrəti Əli əfəndimizin mübarək ayağını yarıb oxu çıxartdı. Yaranı sarıdı. Həzrəti Əli (radıyallahu anh), namazını bitirincə həkimə: “Oxu çıxartdınmı?”- soruşdu. Həkim: “Bəli çıxartdım”- dedi. Həzrəti Əli (radıyallahu anh): “Heç hiss etmədim”- buyurdu. Burda təəccüblü nə var?! Necə ki, Yusif əleyhissəlamın gözəlliyi qarşısında Misir qadınları heyran olub, özlərini elə unutmuşdular ki, əllərini kəsdiklərindən xəbərləri olmamışdı. Əgər Allahu təalanın hüzuru öz sevgililərini özlərindən xəbəri olmayacaq bir hala gətirərsə, buna nə üçün təəccüb edilsin? Möminlər də vəfat anında Rəsulullah əfəndimizi görüb, ölüm acısını duymayacaqlar.

Rəvayət: huşu aparan dərman

Övliyadan olan Amiri Qaysın ayaq barmağında cüzam xəstəliyi göründü. Bunu kəsmək lazımdır, dedilər. Amir: “Qərara təslim qulluğun şərtidir,”- dedi. Kəsdilər. Bir neçə gün sonra xəstəliyin ayağına keçmiş, buduna çatmış olduğunu gördülər. Bu ayağı kəsmək lazımdır, dinimiz buna icazə verir, dedilər. Cərrah gətirdilər. Cərrah: “Huşunu aparmaq üçün dərman lazımdır ki, ağrını hiss etməsin, yoxsa dözə bilməz”- dedi. Amir: “Bu qədər zəhmət çəkmək lazım deyil. Gözəl səslə Qurani-Kərim oxuyan bir nəfəri gətirin, Qurani-Kərim oxusun. Üzümdə dəyişmə gördüyünüz zaman ayağımı kəsin, xəbərim olmaz”,- dedi. Dediyi kimi etdilər. Biri gəlib gözəl səslə Qurani-Kərimi oxumağa başladı. Amirin üzünün rəngi dəyişdi. Cərrah budunun yarısından ayağını kəsdi. Dağlayıb bağladı. Qurani-Kərim oxuyan susdu. Amir özünə gəldi və “kəsdinmi?,”- dedi. “Kəsdik,”-dedilər. Ayağını kəsmişdilər, dağlamışdılar, sarımışdılar, lakin onun xəbəri olmamışdı. Sonra “kəsik ayağımı mənə verin”,- dedi. Verdilər. Qaldırdı və: “Ya Rəbb, verən sənsən. Mən də sənin qulunam. Hökm sənin hökmün, qəza sənin qəzandır. Bu bir ayaqdır ki, əgər qiyamətdə əmr gəlib, nə zamansa, bir günaha bir addım atmadınmı soruşsan, deyə bilərəm ki, heç bir zaman sənin əmrin olmadan bir addım atmamışam, bir nəfəs almamışam.”

Rəvayət: namaz üçün fədakarlıq

Bursa osmanlılara keçmədən əvvəl, şəhərdə qalan yunanlardan biri gizlicə müsəlman olmuşdu. Çox yaxın bir dostu bunun səbəbini yunandan soruşdu:

“Ata və babalarının dinini necə oldu ki, tərk etdin?”- deyə ona giley etdi. Yunanın cavabı ibrətli olmuşdu. Yoldaşına bunu belə anlatdı:

Bir ara əsir edilən müsəlmanlardan biri mənim yanıma buraxıldı. Bir gün gördüm ki, bu əsir həbs edildiyi otaqda əyilib-qalxır. Yanına gedərək nə etdiyini soruşdum. Hərəkətləri bitincə əllərini üzünə sürtdü və mənə namaz qıldığını, əgər icazə verərsəm, hər namaz üçün bir qızıl verəcəyini ifadə etdi. Mən də tamaha qapıldım. Gün keçdikçə haqqı artırdım. Elə oldu ki, hər vaxt üçün on qızıl istədim. O da qəbul etdi. İbadəti üçün etdiyi fədakarlığa təəccüb etdim. Bir gün ona “səni sərbəst buraxacağam”- deyincə, çox sevindi və əllərini qaldırıb; mənim üçün belə dua etdi: “Ey Allahım! Bu qulunu iman ilə şərəfləndir!” O anda qəlbimdə müsəlman olmaq arzusu meydana gəldi və o qədər çoxaldı ki, dərhal “Kəlimeyi-şəhadət” gətirərək müsəlman oldum.

This booklet in other languages

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsAppTelegramE-mail