Osmanlı dövlətində yetişən alimlərdən və təsəvvüf böyüklərindəndir. Adı Muhamməd, ləqəbi Muhyiddin və Qutbüddinzadədir. Nisbəsi Rumi və İznikidir. Qutbüddin İznikinin oğludur. Nəsəbi Muhamməd ibn Qutbüddin ibn Muhamməddir. İznikdə doğulmuşdur. Doğum tarixi məlum deyildir. Hənəfi məzhəbi alimlərindəndir. 885-ci (m. 1480) ildə Ədirnədə vəfat etmişdir.1 Ədirnə-Zindanaltıda Tatarxanilər qəbiristanlığında dəfn edilmişdir.2
İlk təhsilini doğulduğu yer olan İznikdə Əlaəddin Əsvədin oğlu Həsən Paşanın yanında almışdır. Dövrünün məşhur alimi Molla Fənaridən din elmlərini və zamanının fənn bilgilərini oxumuşdur. Hər elmdə mütəxəssis bir alim olaraq yetişmişdir. Zeyniyyə təriqətinə intisab edib, Mərzifonlu Şeyx Abdürrəhim Rumidən dərs almışdır. Bundan başqa, Bayramiyyəyə də intisab etmiş, Ağşəmsəddinin nəzarəti altında xəlvətə girib icazət almışdır.
Əqli və nəqli elmlərdə böyük bir alim olan Muhamməd ibn Qutbüddin İzniki təsəvvüf elmi ilə də məşğul olmuş saleh bir zat idi. Təsəvvüf elminin incəliklərinə aid çox yüksək bilgiləri əsərlərində yazmışdır. Əsrinin fəzilət, zühd və vəra sahibi alimləri arasında seçilmiş, tayları arasında çox yüksəlmişdi. Fiqh, təsəvvüf və fənn elmlərini özündə toplamışdı. Bir çox mövzuya vaqif olmaqla yanaşı, yuxu yozmaqda da ustad idi. Sözləri çox təsirli idi. Onu və əsərlərini bir çox alim mədh etmiş, tərifləmişdir. Fateh Sultan Mehmedin də çox dəyər verdiyi şəxsiyyətlərdən biri idi.
İznikdə qazılıq, Sultan Orxan Mədrəsəsində müdərrislik və müftilik vəzifələrini də yerinə yetirmişdir. Orxan Qazi Mədrəsəsində vəzifədə olduğu zaman Fateh Sultan Mehmedin 875-ci (m. 1470) ildə Eğriboz və 881-ci (m. 1476) ildə Boğdan səfərlərində iştirak etmişdir. 885-ci (m. 1480) ildə Rodos səfərində də iştirak edərək, əsgəri təşviq üçün cihada aid bir risalə hazırlamış və ordunun müzəffər olması və fəthin gerçəkləşməsi üçün oxunmalı olan duaları da yazmışdır. Bu dualar orduya paylanaraq əsgərin oxuması təmin edilmiş, zəfər və fəth müyəssər olmuşdur. Elə həmin il vəfat etmişdir.
Mütərcim Mövlana Məcdi bu zatın tərcümeyi-halının əlavəsində dövrün qabaqcıl şairlərindən birinin onun vəfatına tarix düşürdüyü bir şeirə yer vermişdir.
Şeyxan min hazihid-dari intəqalə,
Cənnətül-firdövsi sarət mənzilən.
Qul limən mətlubə tarixihi:
Rahmətullahi əleyhi daimən.
Yəni: Şeyx bu dünyadan köçdü, Firdövs Cənnəti yurdu oldu. Tarixini istəyənə de ki: Daim Allahın rəhməti onun üzərinə olsun.
Ədirnə-Tatarxanilər qəbiristanlığındakı qəbir daşlarında bu bilgilər yazılmışdı:3
Baş daşının qəbrə baxan tərəfində: Kamalat sahibinin bağçası, təqva sahiblərinin özü, xətiblərin xətibi, ədiblərin fəzilətlisi, İslam qarilərinin əfəndisi, yaradılmışların tabe olduğu qütb, Beytullahın ziyarətçisi, mələk xasiyyətli və nəbəvi vəsfli.
Ayaq daşının qəbrə baxan tərəfində: Məclislərin ən lətifi, gözəli, axır zamanın bülbülü, Mənnan olan Rəbbinin rəhmətinə möhtac, dini ehya edən mərhum Mövlana.
Ayaq daşının arxa tərəfə baxan hissəsində: Dini ehya edən Mehmed ibn Mövlana. Qəbirlərinin torpağı təmiz və pak olsun. Allahım, Sən onları Rizvana dost eylə və Cənnətdə Cənnət libaslarından geyindir.
Atası alimi-rabbani və fəzli-səmədani Şeyx Qutbüddin İzniki 8 Zilqədə 821-ci (7 dekabr 1418) ildə vəfat edib, İznikdə dəfn olunmuşdur.
Muhamməd İzniki də atası kimi dərin alim idi. Çox kitab yazmışdır. Evlənmək istəyən bir kişinin onun “Mürşidül-mütəəhhilin” və “Mürşidün-nisa” kitablarını oxuması çox faydalıdır.
Əsərlərindən başlıcaları bunlardır:
1 – Miftahül-Cənnə: Türkcə bir əsərdir. Hər müsəlmana ən əvvəl lazım olan elmihal bilgilərini qısa və yığcam şəkildə anladır. “Mizraqlı Elmihal” və “Cənnət Yolu Elmihalı” adları ilə də məşhurdur. Oxuyanlara çox faydalı olduğu əsrlərdir görülmüşdür. Mizraqlı Elmihal İslam dininin əsaslarını və prinsiplərini ortaya qoyan, hər səviyyədən insanın anlayacağı bir üslubla yazılmış qiymətli bir əsərdir.
2 – Mürşidül-mütəəhhilin: Fiqh elminin münakəhat (evlilik) bilgilərini anladan, evlilərə ən gözəl rəhbər olan qiymətli bir əsərdir, türkcə yazılmışdır.
3 – Şərhu Miftahil-qeyb: Sədrəddin Qonəvinin təsəvvüf elmi ilə bağlı əsərinin şərhidir, əsrari-ilahiyyəyə məxsus çox incə bilgiləri ehtiva edir.
4 – Fəthu Miftahil-qeyb: Sədrəddin Qonəvinin “Miftahül-qeyb” adlı əsərinə Molla Fənari tərəfindən yazılmış “Misbahül-üns” adlı şərhdəki qapalı yerlərin açıqlanması və təfərrüatdan arıdılması istəndiyi üçün onu yenidən şərh etmişdir.
5 – Şərhu Mişkatil-məsabih: Bəğəvinin “Mişkat” kitabının şərhidir.
6 – Zübdətüt-təhqiq və nüzhətüt-tövfiq: Təsəvvüfi həqiqətləri açıqlayan, mərifətlər, nəsihətlər və əməllərin nəticələri barədəki ümumi qaydaları anladan bir əsərdir.
7 – Təbirül-münif vət-təlifüş-şərif: Bu kitabında özünün yuxu yozmaq sahəsində qabiliyyətli olduğunu, belə bir xüsusiyyəti bəxş etdiyi üçün Allaha şükür məqsədi ilə bu kitabı yazdığını bildirmişdir. Bundan başqa, Yusif əleyhissəlamı həm qəbrinin başında ziyarəti zamanı kəşfi açılmaqla, həm də yuxusunda çox gözəl bir surətdə gördüyünü bildirdikdən sonra, onun bərəkəti ilə belə bir əsər meydana gətirdiyini də yazmışdır.
8 – Şərhül-Füsus. 9 – Şərhün-Nüsus. 10 – Şərhül-Övradiz-Zeyniyyə. 11 – İqdüs-səmin vəl-iqdül-yəmin.
Notes
- Böyük Mizraqlı Elmihal, s. 5, Hüseyn Hilmi Işıq; Salah Bilici Kitabevi, İstanbul, 1974. ↑
- Osmanlı Müəllifləri, s. 148-149, Bursalı Tahir Əfəndi; Riyazi-Bəldeyi-Ədirnə, 2/1, s. 1319, Əhməd Badi Əfəndi (N. Adıgüzel, R. Gündoğdu). ↑
- Riyazi-Bəldeyi-Ədirnə, 2/1, s. 1318-1320, Əhməd Badi Əfəndi (N. Adıgüzel, R. Gündoğdu). ↑