40 – Tövbə, haram işlədikdən sonra peşman olub Allahu təaladan qorxmaq, bir daha etməməyə əzm etmək, qərar verməkdir. Dünyada zərərə düşməsindən qorxaraq peşman olmaq tövbə olmaz. Müxtəlif günah işləyənin bunlardan bəzisində israr edərkən, bəzisinə tövbə etməsi səhih olur. Tövbədən sonra günahı təkrar işləyənin təkrar tövbə etməsi səhih olur. Beləcə çox kərə tövbə etməsi səhih olur. Böyük günahın bağışlanması üçün tövbə etmək şərtdir. Beş vaxt namaz və Cümə namazı, Ramazanı-şərif orucu, həcc etmək, istiğfar etmək, böyük günah işləməkdən çəkinmək kimi ibadətlər, kiçik günahların bağışlanmasına səbəb olur. Şərtlərinə uyğun olaraq tövbə etdikdə, küfr və günahlar şübhəsiz bağışlanır. Şərtlərinə uyğun olaraq və ixlas ilə edilən həccə, “Həcci-məbrur” deyilir. Həcci-məbrur, qəzaya qalan fərzlərdən və qul haqlarından başqa günahların əfvinə səbəb olur. Bu ikisinin əfv olması üçün qəzaların və qul haqlarının ödənməsi də lazımdır. Həccə getməklə fərzi yerinə yetirməməyin günahı əfv edilməsə də, vaxtında etməməyin, vaxtından sonraya saxlamağın günahı əfv edilir. Həcdən sonra fərzləri qəza etməyə dərhal başlamazsa, gecikdirmə günahı təkrar başlayar və zamanla qat-qat artar. Gecikdirmək böyük günahdır. Bunu yaxşı başa düşmək lazımdır. “Həcci-məbrur edənin günahları əfv olar. Dünyaya yeni gəlmiş kimi olar” hədisi-şərifi qəza və qul haqqından başqa günahların əfv olacağını göstərir. Rəsulullahın (sallallahu əleyhi və səlləm) arəfə gecəsində və Müzdəlifədə hacıların günahlarının əfv edilməsi üçün etdiyi duaların da bu cür olduğu bildirilmişdir. Qəza və qul haqlarının da əfvə daxil olduğunu bildirən alimlər varsa da bunlar tövbə edib qəzadan və ödəməkdən aciz olanlar üçündür. Hud surəsinin 114-cü ayəti-kəriməsində məalən, “Həsənələr (yaxşı əməllər) günahları yox edər” buyuruldu. Bu ayəti-kəriməyə qəzası icra edildiyi zaman əfv olurlar mənası verilmişdir. Qeybət olunan bir şəxsin eşitməsindən sonra üzülməsi də, bu qeybəti edən üçün ayrıca böyük günah olur. Bu günahın əfvinə səbəb olacaq həsənə onunla halallaşmaqdır.
Günahdan sonra dərhal tövbə etmək fərzdir. Tövbəni gecikdirmək də, bu günahı etməkdən daha böyük günahdır. Bu günah hər gün bir misli artar. Bunun üçün də ayrıca tövbə etmək lazımdır. Bir günahın tövbəsi edildikdə bunun tövbəsini gecikdirmə günahlarının hamısı əfv olur. Fərzi etməməyin tövbəsi yalnız qəza etməklə səhih olur. Hər günahın əfvi üçün qəlb ilə tövbə etmək, dil ilə istiğfar etmək və bədən ilə qəza etmək lazımdır. Yüz dəfə təsbih etmək, yəni “Sübhanallahi və bi-hamdihi sübhanallahil-azim” demək, sədəqə vermək və bir gün oruc tutmaq çox yaxşı olar.
Nur surəsinin otuz birinci ayətində məalən: “Ey möminlər! Allaha tövbə edin!” buyuruldu. Tahrim surəsinin səkkizinci ayəti-kəriməsində məalən, “Allaha tövbəyi-nasuh edin” buyuruldu. Nasuh kəlməsinə iyirmi üç məna verilmişdir. Bunlardan ən məşhuru peşman olub, dili ilə istiğfar etmək və bir daha işləməməyə qərar verməkdir. Bəqərə surəsinin 222-ci ayətində məalən, “Allahu təala tövbə edənləri sevər” buyuruldu.
Hədisi-şərifdə, “Ən yaxşınız günahdan sonra dərhal tövbə edəninizdir” buyuruldu. Günahların ən böyüyü küfr, münafiqlik və irtidaddır.
[Müsəlman olmamış və olmayan kimsəyə, “Kafir” deyilir. Müsəlmanları aldatmaq üçün müsəlman görünən kafirə “Münafiq” və “Zındıq” deyilir. Müsəlman ikən kafir olan kimsəyə irtidad etdi (döndü) deyilir. İrtidad edənə “Mürtəd” deyilir. Bu üçü qəlbindən inanaraq xalis iman edərsə, şübhəsiz müsəlman olar.
“Bəriqa” və “Hadiqa”da dil fəlakətlərində və “Məcmaülənhür”də deyilir ki, “Kişi və ya qadın bir müsəlman alimlərin söz birliyi ilə küfrə səbəb olacağını bildirdikləri bir sözün və ya işin küfrə səbəb olduğunu bilərək, qəsdən [yəni təhdid edilmədən, öz istəyilə] və ya başqalarını güldürmək üçün söyləyər və ya edərsə, mənasını fikirləşməsə belə imanı gedər, “mürtəd” olar. Buna “Küfri-inadı” deyilir. Əgər bunun küfrə səbəb olduğunu bilməyib qəsdən deyər və ya edərsə, yenə mürtəd olar. Buna “Küfri-cəhli” deyilir. Çünki hər müsəlmanın bilməsi lazım olan şeyləri öyrənməsi fərzdir. Bilməməsi üzr deyil, böyük günahdır. Küfri-inadı və küfri-cəhli ilə mürtəd olanın nikahı pozular. Xanımından vəkalət alaraq, iki şahid yanında və ya məsciddə camaat ilə “Təcdidi-nikah” (nikahı təzələmək) etməsi lazım olur. İkidən çox təcdid üçün “Hullə” lazım olmaz. Küfrə səbəb olan sözü xəta edərək [yəni qəsdən olmayıb, çaşaraq] və ya təvilli (məcazi, başqa mənada) və ya ikrah [təhdid] edilərək söyləyərsə mürtəd olmaz və nikahı pozulmaz. Küfrə səbəb olması alimlər arasında ixtilaflı olan bir sözü qəsdən deyən mürtəd olmasa da, bunun tövbə, istiğfar və təcdidi-nikah etməsi ehtiyatlı olar.” Məscidlərə gedən müsəlmanın küfri-inadı və küfri-cəhli ilə mürtəd olmasını düşünmək olmaz. Yalnız bu son şəkildə mürtəd olması mümkün ola biləcəyindən, imam əfəndilər camaata, “Təcdidi-iman” duasını, yəni “Allahummə inni üridü ən ücəddidəl-imənə vənnikəha təcdidən bi-qavli La ilahə illallah Muhammədun rəsulullah” oxudaraq tövbə və təcdidi-nikah edilir. Beləcə, “La ilahə illallah deyərək, təcdidi-iman edin!” hədisi-şərifindəki əmr yerinə yetirilmiş olur. [Hər zaman hər xanım ərinə “aramızdakı nikahı təcdid etmək üçün səni vəkil təyin etdim” deməli, kişi də “bu vəkaləti qəbul etdim” deməlidir. İmam əfəndi hər Cümə namazında duadan sonra təcdidi-iman duasını oxumalı, camaat da birlikdə deməlidir. Hamısının imanları və nikahları təzələnmiş olur.]
Əhli-sünnət alimlərinin (rahiməhumullahu təala) sözbirliyi ilə olmayan bildirdiklərinə uymayan inanca “Bidət” və “Zəlalət” deyilir. Küfrdən sonra ən böyük günah bidət sahibi olmaqdır. Bunlardan öz bidətini yaymaq üçün, müsəlmanlara bulaşdırmaq üçün çalışan zındıqların günahı qat-qat daha çoxdur. Hökumətin bunlara ağır cəza verməsi, alimlərin sözlə və yazı ilə nəsihət verməsi, cahillərin də bunlarla görüşməməsi, kitablarını və məcmuələrini oxumaması lazımdır. Bunların yalanlarına, iftiralarına, həyəcanlı və alovlu sözlərinə aldanmamaq üçün çox ayıq olmaq lazımdır. Hal-hazırda məzhəbsizlər, Mövdudiçilər, Seyyid Qutbçular və “Cəmaəti-təbliğiyyə” deyilən cahillər və vəhhabilər, şiələr, nüsayrilər və müxtəlif adlar altında ortaya çıxmaqda olan saxta təriqətçilər, yalançı şeyxlər, pozuq etiqadlarını, azğın inanclarını yaymaq üçün hər cür vasitələrdən istifadə edirlər. Müsəlmanları aldatmaq və Əhli-sünnəti əzmək, yox etmək üçün nəfslərinin, şeytanın və ingilislərin köməyi ilə ağla və xəyala gəlməyən tələlər, oyunlar hazırlayırlar. Mallarını, milyonlarını sərf edərək, Əhli-sünnətə qarşı soyuq müharibələrini sürdürürlər. Gənclərin, islam dinini, haqq yolunu Əhli-sünnət alimlərinin kitablarından oxuyub öyrənmələri lazımdır. Öyrənməyən küfr, bidət və zəlalət sellərinə düşüb boğular. Dünya və axirət fəlakətlərinə düçar olar. [Hakikat Kitabevi, yalnız Əhli-sünnət kitablarını nəşr etməkdədir. Bu kitabları alıb oxuyanlara müjdələr olsun!] Bidət sahiblərinin liderləri Qurani-Kərimə səhv, pozuq mənalar verirlər. Bu mənaları irəli sürərək azğın düşüncələrini ayə ilə, hədis ilə isbat etdiklərini irəli sürürlər. Yalnız Əhli-sünnət kitablarını oxuyaraq haqqı başa düşənlər bunlara aldanmaqdan qurtulur. Haqqı bilməyənlərin, bunların zəlalət girdablarına, tələlərinə düşməmələri demək olar ki, imkansızdır. Bunların azğın inancları Qurani-Kərimdə və hədisi-şəriflərdə aşkar bildirilmiş olan və müctəhid imamların sözbirliyi ilə bildirdikləri, müsəlmanlar arasına yayılmış iman bilgilərinə uyğun olmasa kafir olarlar. Küfrün bu növünə “İlhad” və özlərinə “Mülhid” deyilir. Mülhidlərin müşrik olduqları, yəni kitabsız kafir sayıldıqları aqaid kitablarında yazılıdır.]
Bidət sahiblərinin, mürtədlərin də tövbələri qəbul olur. Bunların tövbə etmələri üçün Əhli-sünnət etiqadını qısaca öyrənib inanmaları, azğın etiqadlarına peşman olmaları lazımdır.
Fərzlərə əhəmiyyət verib tənbəlliklə yerinə yetirməyən mürtəd olmaz, imanı getməz. Lakin bir fərzi etməyən müsəlman iki böyük günaha girər. Birincisi, o fərzin vaxtını ibadətsiz keçirtmək, yəni fərzi gecikdirmək günahıdır. Bunun əfv olunması üçün “tövbə etmək”, yəni peşman olmaq, üzülmək, bir daha gecikdirməyəcəyinə qərar vermək ilə olur. İkincisi, bu fərzi tərk etmək, yerinə yetirməmək günahıdır. Bu böyük günahın əfv olması üçün bu fərzi dərhal qəza etmək, yəni vaxtından sonra dərhal yerinə yetirmək lazımdır. Qəzanı gecikdirmək də ayrıca böyük günahdır.
[Böyük islam alimi, on dördüncü əsrin mücəddidi, zahiri və batini elmlərin mütəxəssisi, mədrəsətül-mütəxəssisin müdərrislərindən, təsəvvüf kürsüsü professoru Seyid Abdulhakim Əfəndi (rahiməhullahu təala) dərslərində, məscidlərdə söhbətlərində və nəsihətlərində tez-tez deyirdi ki, “Bir fərzi üzrsüz olaraq vaxtında yerinə yetirməmək böyük günahdır”. Vaxtından sonra dərhal qəza etməməyin də daha böyük günah olduğu kitablarda yazılmışdır. “Fərzin vaxtı keçdikdən sonra bu fərzi yerinə yetirəcək qədər zaman içində bu fərz üzrsüz olaraq qəza edilməzsə, gecikdirmə günahı [6 dəqiqədə] bir misli artar. Bundan sonra yenə bu qədər zaman içində qəza etməzsə, bir misli daha artar. Beləcə fərzi yerinə yetirəcək qədər zamanların hər biri [yəni 6 dəqiqə] keçdikcə günahlar qat-qat artaraq sayıla bilməyəcək və düşünülə bilməyəcək qədər çoxalır.” Bir fərzin qəzası üzrsüz olaraq edilməyincə günahı beləcə artar. Beş vaxt namazın hər biri hər gün fərz olduğu üçün hər qəzanın günahı hər gün yenidən başlayar. Beş vaxt namaz üçün bir gündə yuxarıda bir fərz üçün bildirilənin beş misli qədər çoxalar. Aylarca, illərcə qılınmayan namazların günahlarının nə qədər çox olacağı bundan məlum olar. Bu müdhiş, bu qorxunc günahların altından qurtulmaq üçün hər çarəyə baş vurmaq lazımdır. İmanı olan və ağlı başında olan birinin gecə gündüz qəza namazı qılaraq, Cəhənnəmdəki namaz qılmamaq əzabından qurtulmaq üçün çalışması lazımdır. Çünki üzrsüz olaraq, tənbəlliklə, ərinərək qılınmayan bir namaz üçün yetmiş min il Cəhənnəmdə əzab çəkiləcəyi bildirildi. Yuxarıda açıqlanan saysız namaz günahları üçün Cəhənnəmdə nə qədər çox əzab çəkiləcəyini düşünən bir müsəlmanın yuxusu qaçar, yeməkdən-içməkdən kəsilər. Dünyası zindan olar. Bəli, namaza əhəmiyyət verməyən, vəzifə qəbul etməyən kafir olar, mürtəd olar. Mürtəd Cəhənnəmdə sonsuz əzab çəkəcəkdir. O, onsuz da Cəhənnəmə də, əzaba da, namazın əhəmiyyətinə də inanmır. Dünyada heyvan kimi yaşayır, zövqündən və zövqünə vasitə olan pulu, malı yığmaqdan başqa bir şey düşünmür. “Hər nə olursa olsun, hər kimə nə zərər, ziyan olursa olsun yalnız mənə gəlsin” onun prinsipidir. Onun zövq və səfası üçün hər şeyin, hər kəsin fəda olması vecinə belə deyildir. İmanı və ağlı yoxdur. Bu cür insanda mərhəmət olmaz. Canavardan, ən qorxunc heyvandan daha zərərli olar. Onun insanlıqdan, mərhəmətdən, yaxşılıqdan danışması havaya yazı yazmaq kimidir. Öz mənfəəti üçün heyvani, ehtiraslı arzularına qovuşması üçün bir tələdir.
İllərlə qılınmamış namazları qəza etmək demək olar ki, imkansız olmuşdur. İnsanlar islamiyyəti tərk etdikləri üçün, yəni Allahu təalanın əmrlərinə və qadağalarına riayət etmədikləri üçün və islam dininin göstərdiyi rahat və dinclik yolundan ayrıldıqları üçün dünyada bərəkət qalmadı. Ruzi-bərəkət azaldı. Taha surəsinin 124-cü ayəti-kəriməsində məalən “Məni unutsanız ruzilərinizi daraldaram” buyuruldu. Bunun üçün iman ruzisi, səhhət ruzisi, qida ruzisi, insanlıq və mərhəmət ruzisi və daha neçə-neçə ruzilər azaldı. “Haşa, zülm etməz quluna Xudası, hər kəsin çəkdiyi öz cəzası” sözü Nahl surəsinin otuz üçüncü ayətindən alınmışdır. Bu günkü küfr qaranlıqları və Allahu təalanı, Peyğəmbəri (sallallahu təala əleyhi və səlləm), islamiyyəti unutmağın bərəkətsizlikləri və sıxıntıları içində insan gecə gündüz qadınlı kişili işləyib bir ailənin ehtiyacını, rahat yaşamağını təmin edə bilməyəcək vəziyyətə gəlmişdir. Allahu təalaya inanmadıqca, Onun bildirdiyi islam dininə tabe olmadıqca, Onun Peyğəmbərinin gözəl əxlaqı ilə bəzənmədikcə, beş vaxt namazı vaxtında qılmadıqca zəlalət, fəlakət axınını saxlamaq imkansızdır.
Namazların qəzalarını ödəmək üçün hər gün sabah namazından başqa dörd vaxt namazın sünnətlərini qılanda, ilk qəzaya qalmış namazı qəza etməyi də niyyət etmək lazımdır. Beləcə hər gün bir günlük namaz qəzası ödənmiş olur. Həm də sünnət qılınmış olur. Qəzaların bu niyyət ilə necə qılınacağı və qılmaq lazım olduğu “Səadəti Əbədiyyə” kitabında geniş bildirilmişdir. Günahlara bir dəfə tövbə etməklə hamısının əfv olacağı bildirilmişdir. Namaz tövbəsinin doğru olması üçün tərk edilmiş hər namazın qəza edilməsi lazımdır. Qəzalarını qılaraq tövbə etməyə başlayan ömrü boyunca, yəni qəzaları qurtarana qədər qəzalarını qılmağa niyyət etmiş sayılır. Allahu təala bu meyitin bu niyyətinə görə bütün qəzalarını əfv edəcəkdir. Bunun kimi istiğfar oxumağa davam edənin bütün günahları və kafirlər imana gəldikdə bütün keçmiş günahları əfv olacaq və iman etməyənlərə Cəhənnəmdə əbədi əzab veriləcəkdir.
Bundan yüz illər əvvəl, fiqh kitablarının yazıldıqları vaxtlarda müsəlmanların imanlarının qüvvəti, Allahu təaladan və Cəhənnəm əzabından qorxuları çox idi. Namazı üzrsüz tərk etmək yada düşməzdi. Namazı tərk edənə rast gəlmək ağıla gəlməzdi. O zamanlar üzr ilə və çox az sayda namaz, “Fəvt” edilir, qaçırılırdı. Bu da bir müsəlman üçün böyük matəm, hüzn olardı. Namazın qəzaya qalması üçün üzr yuxuya getmək, unutmaq, müharibədə və səfərdə oturaraq da qılmağa imkanı olmamaqdır. Bu üzrlərdən birinə görə namazın fəvt edilməsi günah olmaz. Lakin, üzr bitən kimi bu namazı qəza etmək fərz olur. Üzr ilə fəvt edilən namazların qəzalarını ailənin ehtiyacını qazanacaq qədər gecikdirmək caizdir. Üzr ilə qılınmayan namazların qəzalarını, müəkkəd sünnətlər yerinə qılmaq lazım deyil. Fiqh kitablarının “müəkkəd sünnətlər əvəzinə qılmamaq daha yaxşıdır” deməsi, üzr ilə qılına bilinməyən namazlar üçündür. Üzrsüz tərk edilən fərzləri dərhal qəza etmək fərzdir. Bunları sünnət yerinə də qılmaq lazımdır. İmam Rabbani 123-cü məktubda buyurur ki, “Nafilə ibadət bir fərzi tərk etməyə səbəb olarsa ibadət olmaz. Ma-la-yani (mənasız iş), zərərli olar.”]
[Böyük alim İbn Abidin (rahmətullahi əleyh) buyurur ki, “Məscidə girən kimi iki rükət namaz qılmaq sünnətdir. Buna “Təhiyyətül-məscid” deyilir. Məscidə girdikdə fərz, sünnət, qəza kimi hər hansı bir namazı qılmaq təhiyyətül-məscid yerinə keçər. Buna görə ayrıca təhiyyətül-məscid deyə niyyət etmək lazım deyil. Halbuki bir vaxtın fərzi və sünnəti deyə iki niyyət edilən bir namaz belə deyil. Burada təkcə fərz namazı səhih olur. Bir məscidə girdikdə, hər hansı bir namazı qılan zaman ayrıca niyyət etmədən bunlarla təhiyyətül-məscid namazı da qılınmış sayılır. Lakin savab hasil olması üçün buna da niyyət edilir. Çünki niyyət edilməyən ibadətə savab verilməz”. Abdulhakim əfəndi (rahmətullahi əleyh) buyurdu ki, “Sünnət namaz demək, fərzdən başqa qılınan namaz deməkdir. Fərzdən əvvəl və ya sonra olan sünnət yerinə qəza qılan, bu qəza namazı ilə sünnət namazının tərifinə əməl etdiyi üçün sünnəti də qılmış olur.” Buradan görünür ki, sünnət yerinə qəza qılan da sünnəti tərk etmiş olmur. Həm qəza, həm də sünnətə niyyət edəndə sünnətin savabı da hasil olur.]
Qəzaları yuxarıda bildirilən şəkildə ödəməyə niyyət edən və başlayan şəxs ağır xəstə olsa, öləndən sonra namaz kəffarəsi edilməsi üçün “vəsiyyət” etməsi, Vəlisinin də bu vəsiyyəti yerinə yetirməsi lazımdır. Vəli, vəsiyyət olunan şəxs və ya varislərdən biri deməkdir. Namaz qılanda vaciblərdən biri tərk edilmiş və ya məkruh işlənmiş isə vaxtın içində iadə edilməsi (yenidən qılınması) vacibdir. Nafilə namazı da qılanda fasid olarsa, yəni pozulacaq bir şey olarsa iadə edilməsi vacibdir. Zəkatı, sədəqəyi-fıtrı, nəziri və qurbanı da hər zaman qəza etmək lazım olur. Sonradan kasıb olanın “Hiləyi-şəriyyə” (harama düşməmək üçün dinə uyğun çarə) deyilən rahatlıqla, bunları qəza etmələri lazımdır. Kasıb olmasalar hiləyi-şəriyyə etmələri məkruh olar.
Allahu təala ilə qul arasında olan, yəni qul haqqı olmayan günahların əfv olması üçün gizlicə tövbə etmək kafidir. Başqalarına xəbər vermək, imam əfəndiyə bildirmək lazım deyil. Pul verərək keşişə günah əfv etdirmək xristianlıqda edilir. İslamiyyətdə belə şey yoxdur. Qüslsuz ikən Qurani-Kərim oxumaq, məsciddə oturmaq, məsciddə dünya işlərini danışmaq, yemək, içmək, yatmaq, Qurani-Kərimə dəstəmazsız toxunmaq, çalğı çalmaq, şərab içmək, zina etmək və qadınların başları, qolları, baldırları, saçları açıq küçəyə çıxmaları qul haqqı sayılmayan günahlardır. Heyvan haqqı olan günahları əfv etdirmək çox çətindir. Heyvanı haqsız olaraq öldürmək, döymək, üzünə vurmaq, taqətindən çox sürmək, ağır yük vurmaq, otunu, suyunu zamanında verməmək günahdır. Bu günaha həm tövbə etmək, həm də istiğfar edib yalvarmaq lazımdır.
Qul haqqı beş növdür. Mala, nəfsə, ismətə, məhrəmə və dinə bağlı haqlar. Oğurluq, qəsb, aldatmaq ilə, yalan deməklə mal satmaq, saxta pul vermək, başqasının malına ziyan vurmaq, yalançı şahidliklə, zalıma xəbər verməklə, rüşvət verməklə malına zərər vermək – “mala bağlı” olan qul haqlarındandır. Bir qəpik, bir dən mal üçün tövbə etmək və sahibi ilə halallaşmaq lazımdır. Mal haqları üçün uşaqların da halallaşması, ödəmələri lazımdır. Dünyada halallaşmasa, axirətdə savabları ona verilərək halallaşdırılacaqdır. Mal sahibi ölmüşsə varisinə ödənir. Varisi yoxsa və ya mal sahibi bilinmirsə, kasıba hədiyyə olaraq verilib savabı sahibinə göndərilir. Saleh olan kasıb müsəlman yoxdursa, islamiyyətə və müsəlmanlara xidmət edən xeyir cəmiyyətlərinə, fondlara verilir. Öz saleh qohumuna, kasıb olan analarına, atalarına, uşaqlarına hədiyyə olaraq vermək də caizdir. Kasıba hədiyyə deyərək verilən şey sədəqə olur. Sədəqə savabı hasil olur. Bunları etmək imkanı olmasa, mal sahibinin və özünün əfv olmaları üçün dua edər. Kafirin haqqı üçün də onunla halallaşmaq lazımdır. Könlü alınmazsa, axirətdə əfv olması çox çətin olacaqdır.
Nəfsə aid, yəni həyati günah, adam öldürmək, bir üzvünü tələf etməkdir. Əvvəl tövbə etmək, sonra özünü onun Vəlisinə təslim etmək lazımdır. Vəlisi istəyərsə əfv edər, istəyərsə mal qarşılığında sülh bağlayar. İstərsə məhkəməyə verib hakimdən cəzalandırılmasını istəyər. Özünün əvəz çıxması caiz deyil. [İslamiyyətdə qan davası yoxdur.] İsmətə toxunan qul haqqı, qeybət, böhtan, lağ etmək, söymək kimi şeylərdir. Tövbə etmək və halallaşmaq lazımdır. Bunlarda varislə halallaşmaq olmaz.
Məhrəmə aid olan haqq, başqasının xanımına, uşağına xəyanət etməkdir. Tövbə və istiğfar edər. Fitnə çıxmaq ehtimalı yoxsa, sahibi ilə halallaşar. Ehtimalı varsa halallaşmaq əvəzinə ona dua edər və onun üçün sədəqə verər. Dinə aid haqq, qohumuna və əmri altında olanlara din bilgisi verməyi tərk etməkdir. Bunların və bütün insanların din bilgilərini öyrənmələrinə, ibadət etmələrinə mane olmaqdır və başqasına kafir, fasıq deməkdir. Halallaşarkən günahı bildirməyib, məndəki haqlarını əfv et demək caizdir.
Kasıb olan borclunu əfv etmək çox savabdır.
Hədisi-şərifdə, “Tövbə edən, günah işləməmiş kimi olar” və “Günahına peşman olmayıb, dili ilə istiğfar edən günahında davam edəndir. Rəbbi ilə lağ etməkdədir” buyuruldu. İstiğfar etmək, “əstağfirullah” deməkdir. Bunun mənası, “Məni əfv et Allahım” deməkdir. Muhamməd Osman Hindi (quddisə sirruh)1 “Fəvaidi-Osmaniyyə” kitabında farsca deyir ki, “Şəfa üçün oxunacaq dua yazmağımı istəyirsiniz. Şəfa üçün [Tövbə edin və] istiğfar duasını çox oxuyun.” [Yəni, Əstağfirullahəl azım əlləzi lə iləhə illə hüv əl hayyəl qayyumə və ətübü ileyh deyin!] Ölümdən başqa bütün dərdlərə, xəstəliklərə qarşı faydalıdır. Ölüm xəstəsinin ağrılarını, sancılarını yox edər, rahat ölməsini təmin edər. Bu dua, “Haqq Sözün Vəsiqələri” kitabında səhifə 344-də geniş yazılmışdır. Hud surəsinin əlli ikinci ayətində məalən, “İstiğfar oxuyun! İmdadınıza çataram” buyuruldu. Hədisi-şərifdə “İstiğfara davam edəni Allahu təala dərdlərdən qurtarar” buyuruldu. Hər zaman və hər yerdə, namazlardan sonra və yatarkən mənalarını düşünərək, çox “Əstağfirullah min külli mə kərihallah” və ya qısaca “Əstağfirullah” demək lazımdır. Allahu təala şəfa, xilas və diləklərini lütf edər. Muhamməd Məsum həzrətlərinin 6-cı cild 121-ci məktubundakı hədisi-şərifdə “Qəlbim üzərində pərdə hasil olur. Hər gün yetmiş dəfə istiğfar edirəm!” buyuruldu. Xalid ibn Zeyd məscidinin müəzzinləri hər namazdan sonra bu duanı oxuyurdular: “Rabbənə amənnə bi mə ənzəltə vəttəbə nərrəsulə fəktübnə maaşşahidın”.
Hər kişi hər zaman bu bağışlanma duasını oxumalıdır: “Allahummağfirli və li-abai və ümməhati və li-əbnai və bənati və li-ihvəti və əhavati və li-əcdadi və cəddati və li-amami və ammati və li-ahvali və halati və li-zəvcəti və əbəvəyha və li-əsatizəti və lil-mümininə vəl-müminat vəl hamdü-lilləhi Rəbbil aləmin!”. Qadın oxuyarsa, zəvcəti yerinə zəvci və əbəvəyha yerinə əbəvəyhi deməlidir.
Hədisi-şərifdə, “Allahu təala günah işləyib sonra peşman olan qulunu, istiğfar etmədən əvvəl əfv edər” və “Günahınız çox olub göylərə qədər çatsa, tövbə etdikdə Allahu təala tövbənizi qəbul edər” buyuruldu. Bu hədisi-şəriflər qul haqqı olmayan günahlar üçündür. Hədisi-şərifdə “Günah üç növdür: Qiyamətdə bağışlanmayan, tərk edilməyən və Allahu təala dilərsə əfv edəcəyi günah”. Qiyamət günü şübhəsiz əfv olunmayan günah şirkdir. Şirk, burada hər cür küfr deməkdir. Tövbəsiz, yəni halallaşmadan əfv edilməyən günah qul haqqı olan günahdır və namaz borcudur. Allahu təalanın dilərsə əfv edəcəyi günah qul haqqı olmayan günahlardır.
ÇOX MÜHÜM İZAH
İstər kişi olsun, istər qadın hər müsəlmanın hər sözündə, hər işində Allahu təalanın əmrlərinə, yəni fərzlərə və qadağan etdiklərinə [haramlara] tabe olması lazımdır. Bir fərzin edilməsinə, bir haramdan çəkinməyə əhəmiyyət verməyənin imanı gedər, kafir [Allahın düşməni] olar. Kafir olaraq ölən şəxs qəbirdə əzab çəkər. Axirətdə Cəhənnəmə gedər. Cəhənnəmdə əbədi yanar. Əfv edilməsinə və Cəhənnəmdən çıxmasına imkan və ehtimal yoxdur. Kafir olmaq çox asandır. Hər sözdə, hər işdə kafir olmaq ehtimalı çoxdur. Küfrdən qurtulmaq da çox asandır. Küfrün səbəbi bilinməsə də, hər gün bir dəfə “Ya Rəbb! Bilərək və ya bilməyərək küfrə səbəb olan bir söz söylədim və ya bir iş etdimsə, nadim oldum, peşman oldum. Məni əfv et” deyərək tövbə etsə, Allahu təalaya yalvarsa şübhəsiz əfv olar. Cəhənnəmə getməkdən qurtular. Cəhənnəmdə sonsuz yanmamaq üçün hər gün mütləq tövbə etməlidir. Bu tövbədən daha mühüm bir vəzifə yoxdur. Təkrar bildirək ki, qul haqqı olan günahlara tövbə edərkən bu haqları ödəmək və tərk edilmiş namazlar üçün tövbə edərkən, bunları qəza etmək lazımdır. “Səadəti Əbədiyyə” kitabının 276-cı səhifəsindən 287-ci səhifəsinin ortasına qədər oxuyun!
Notes
- Muhamməd Osman 1314-cü [m. 1896] ildə vəfat etmişdir. ↑