Müsəlman olmağın ilk şərti iman etməkdir. Doğru iman isə Əhli-sünnət etiqadına uyğun olaraq inanmağa bağlıdır. Ağıllı olan və həddi-büluğa girən kişi və qadının birinci vəzifəsi Əhli-sünnət alimlərinin kitablarında yazdıqları iman məlumatlarını öyrənmək və bunlara uyğun olaraq inanmaqdır. Qiyamətdə Cəhənnəm əzabından qurtulmaq onların bildirdiklərinə inanmağa bağlıdır. Cəhənnəmdən qurtulacaq olanlar, yalnız bunların yolunda gedənlərdir. Onların yolunda gedənlərə “sünni” və ya “Əhli-sünnət” deyilir.
Bir hədisi-şərifdə “mənim ümmətim yetmiş üç firqəyə (qola) bölünəcək. Bunlardan yalnız bir firqə Cəhənnəm əzabından qurtulacaq, digərləri isə həlak olacaq, Cəhənnəmə gedəcəkdir” buyuruldu. Bu yetmiş üç firqədən hər biri islamiyyətə tabe olduğunu iddia etməkdə və Cəhənnəmdən qurtulacağı bildirilən firqənin öz firqəsi olduğunu söyləməkdədir. Muminun surəsinin 53-cü və Rum surəsinin 32-ci ayəti-kərimələrində məalən: “Hər firqə doğru yolda olduğunu zənn edərək sevinməkdədir” buyuruldu. Halbuki bu müxtəlif firqələr arasında qurtulan firqənin əlamətini, nişanəsini Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) belə bildirmişdir: “Bu firqədə olanlar mənim və Əshabımın getdiyi yolda olanlardır”. Əshabı-kiramın birini belə sevməyən, Əhli-sünnətdən ayrılmış olur. Əhli-sünnət etiqadında olmayan kafir olur və ya “Bidət əhli” azğın olur.
ƏHLİ-SÜNNƏT ETİQADINDA OLMAĞIN ƏLAMƏTLƏRİ
Allahu təala Əhli-sünnət etiqadına uyğun iman edən müsəlmanlardan razıdır. Bu cür inanmış olmağın bir çox şərtləri vardır. Əhli-sünnət alimləri bunları aşağıdakı kimi izah etmişlər:
1. İmanın altı şərtinə, yəni Allahu təalanın varlığına və birliyinə, ortağı və bənzərinin olmadığına, Mələklərinə, Kitablarına, Peyğəmbərlərinə, Axirət həyatına, xeyir və şərin, yaxşılıq və yamanlığın Allahu təala tərəfindən yaradıldığına inanmalıdır. (Bunlar “Əməntü”də bildirilmişdir).
2. Allahu təalanın son kitabı olan Qurani-Kərimin Allahu təalanın kəlamı olduğuna inanmalıdır.
3. Mömin öz imanından heç şübhə etməməlidir.
4. Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) iman edib, həyatda ikən onu görməklə şərəflənən Əshabı-kiramın hamısını çox sevməlidir. Dörd xəlifəsinə, yaxın qohumları olan Əhli beytinə və möhtərəm xanımlarından heç birinə dil uzatmamalıdır.
5. İbadətləri imandan bir parça bilməməlidir. Allahu təalanın əmr və qadağalarına inanıb, tənbəlliklə yerinə yetirməyən möminləri kafir bilməməlidir. Haramlara əhəmiyyət verməyənlərin, onları yüngül sayanların, islamiyyətə lağ edənlərin imanı gedər.
6. Əhli qiblə olduqlarını söyləyən Allahu təalaya və Peyğəmbəri Muhamməd əleyhissəlama inandım dediyi halda, səhv etiqadda olanları təkfir etməməli, onların kafir olduqlarını söyləməməlidir.
7. Açıq-aydın günah işlədiyi bilinməyən hər imamın arxasında namaz qılmalıdır. Bu hökm cümə və bayram namazlarını qıldıran əmirlərə və valilərə də şamil edilir.
8. Müsəlmanlar başındakı əmirlərinə, idarəçilərinə üsyan etməməlidir. Xuruc, yəni üsyan etmək fitnə çıxarmaq olur və müxtəlif fəlakətlərə yol açır. Rəhbərlərin xeyirli işlə məşğul olması üçün dua etməli və fisq, günah işlərdən əl çəkmələri üçün şirin dil ilə nəsihət etməlidir.
9. Dəstəmaz alarkən ayaqları yumaq əvəzinə, heç üzr və zərurət olmasa belə, yaş əl ilə bir dəfə məst üzərinə məsh etmək, kişi üçün də qadın üçün də caizdir (icazə verilir). Çılpaq ayaq və corab üzərinə məsh etmək olmaz.
10. Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) Miracının həm ruh, həm də bədən ilə olduğuna inanmalıdır. “Mirac bir haldır, yəni yuxuda olmuşdur”, deyənlər Əhli-sünnətdən ayrılarlar.
Cənnətdə möminlər Allahu təalanı görəcəklər. Qiyamət günündə Peyğəmbərlər və saleh, yaxşı insanlar şəfaət edəcəklər. Qəbir sualı vardır. Qəbirdə əzab ruh və bədənə olacaqdır. Övliyanın kəraməti haqdır. Kəramət Allahın sevgili qullarında meydana gələn xariqüladə hallar olub, Allahu təalanın adətindən kənar, yəni fizika, kimya və biologiya qanunlarından kənar ikram və ehsan etdiyi şeylərdir və inkar edilməyəcək qədər çoxdur. Qəbirdə ruhlar dirilərin etdiklərini və söylədiklərini eşidirlər. Qurani-Kərim oxumaq, sədəqə vermək və hətta bütün ibadətlərimizin savablarını ölülərin ruhlarına göndərmək, onlara fayda verir, əzablarının azaldılmasına və ya qaldırılmasına səbəb olur. Bunların hamısına inanmaq Əhli-sünnət etiqadında olmağın əlamətlərindəndir.