3. SÜNNƏT: Allahu təalanın açıqca bildirməyib, yalnız Peyğəmbər əfəndimizin edilməsini təriflədiyi, yaxud davamlı olaraq özünün etdiyi və yaxud edilərkən görüb mane olmadığı şeylərə “Sünnət” deyilir. Sünnəti bəyənməmək küfrdür. Bəyənib də etməyənə əzab olmaz. Lakin üzrsüz və davamlı tərk edən məzəmmətə, danlanmağa və savabından məhrum olmağa layiq olar. Məsələn: Azan oxumaq, iqamət gətirmək, camaat ilə namaz qılmaq, dəstəmaz alarkən misvakdan istifadə etmək, evləndiyi gecə ziyafət vermək və uşağını sünnət etdirmək kimi.
Sünnət iki növdür:
Sünnəti-Müəkkədə: Peyğəmbər əfəndimizin davamlı etdikləri, çox az tərk etdikləri qüvvətli sünnətlərdir. Sübh namazının sünnəti, zöhrün ilk və son sünnətləri, şam namazının sünnəti, işa namazının son iki rəkət sünnəti belədir. Bu sünnətləri, əsla üzrsüz tərk etmək olmaz. Bəyənməyən kafir olar.
Sünnəti Qeyri-Müəkkədə: Peyğəmbər əfəndimizin ibadət məqsədi ilə aradabir etdikləridir. Əsr və işa namazlarının dörd rəkətlik ilk sünnətləri belədir. Bunlar dəfələrlə tərk olunarsa, bir şey olmaz. Üzrsüz olaraq tamamilə tərk olunarsa, məzəmmətə və şəfaətdən məhrum olmağa səbəb olar. Beş-on nəfərdən biri yerinə yetirsə, digər müsəlmanların üzərindən düşən sünnətlərə də “Sünnəti-aləl-kifayə” deyilir. Salam vermək, etiqafa girmək (xəlvətə çəkilmək) kimi. Dəstəmaz almağa, yeməyə, içməyə və hər mübarək işə başlayarkən bəsmələ çəkmək sünnətdir.