Orucun fərzi üçdür:
1-Niyyət etmək.
2-Niyyəti əvvəl və axır vaxtların arasında etmək.
3-Şəri gündüzdə, yəni imsak vaxtından günəşin batmasına qədər olan zamanda orucu pozan şeylərdən qorunmaq. İmsak vaxtı, Fəcri sadiq (gerçək fəcr) deyilən bəyazlığın zahiri üfüq xətti üzərində göründüyü vaxtdır. Oruca niyyət etməyib, axşama qədər orucu pozan şeylərdən çəkinən şəxs, oruc tutmuş sayılmır. O günü yalnız qəza etməlidir.
Bir şəxs üçün orucun fərz olmasının yeddi şərti var:
1-Müsəlman olmaq.
2-Həddi-buluğa çatmaq. Uşağın orucu səhihdir.
3-Ağıllı olmaq.
4-Müsəlman olmayan ölkədə olanın, orucun fərz olduğunu eşitməsi.
5-Mukim1 olmaq.
6-Hayz olmamaq.
7-Zahı (Nifas) olmamaq.
Altı şey orucu pozur:
1-Təam yemək. 2-İçiləcək bir şey içmək. 3-Cinsi əlaqəyə girmək. 4- Hayz. 5-Zahılıq. 6-Ağız dolusu qusmaq.
Yalan, qeybət, müsəlmanlar arasında söz gəzdirmək, yalan yerə and içmək kimi şeylər orucu pozmur, lakin savabını aparır.
Yeddi şəxsə oruc tutmamağa icazə verilir:
1-Xəstə, 2-Müsafir [ertəsi gün], 3-Hayz, 4-Zahı olan, 5-Hamilə qadının qüdrəti çatmazsa, 6-Süd verən qadın, uşağa zərər dəyərsə, 7-Ölüncəyə qədər Ramazan oruclarını tuta bilməyəcək dərəcədə çox yaşlı olan.
Oruca hər gün üçün ayrı niyyət lazımdır. “Hindiyyə”də deyilir: “Niyyət qəlb ilə olur. Sahura qalxmaq niyyət deməkdir.” Orucda niyyət iki növdür. Birincisi, Ramazan ayının hər günü üçün, nafilə və müəyyən nəzr orucları üçün niyyət. Bu niyyətin əvvəl vaxtı, öncəki gün günəş batdığı vaxt, axır vaxtı isə “Dahvəi kübra” vaxtıdır. Dahvəi kübra vaxtı, oruc tutma zamanının yarısıdır ki, azan saatı ilə (Fəcr+24)/2 və ya Fəcr+(24-Fəcr)/2=12+Fəcr/2-dir. Yəni Dahvəi kübra vaxtı, azan saatına görə fəcr vaxtını göstərən ədədin yarısıdır. Müştərək saata görə şəri gündüz zamanının və şəmsi gündüz zamanının yarılarının fərqi, yəni hissəi-fəcrin yarısı qədər zəvaldan (günəşin tam təpə nöqtəsi) əvvəldir. Hissəi-fəcr günəşin doğuş vaxtı ilə fəcr, yəni imsaq vaxtı arasındakı zamandır. Dahvə vaxtına qədər yeməyən və içməyən niyyət edib oruc tuta bilər. Dahvə vaxtında niyyət caiz deyil. Fəcrdən əvvəl niyyət edən “Niyyət etdim sabah oruc tutmağa” deyər. Fəcrdən sonra niyyət edərkən “Niyyət etdim bu gün oruc tutmağa” deyilir.
İkinci növ niyyət, qəza, kəffarə və nəzri-mütləq (yəni müəyyən gün təyin edilmədən edilən nəzr) üçün niyyətdir. Bu üçünün niyyət zamanı birdir. Əvvəl vaxtı, öncəki gün günəşin batması, axır vaxtı, fəcr-i sadiq, yəni dan yeri ağarmazdan əvvəldir. Dan yeri ağardıqdan sonra bu üç oruca niyyət caiz deyil.
İbn Abidində, qəza namazı mövzusunda, bir ilin Ramazan ayının müxtəlif günlərini qəza edərkən, günlərin adlarını və ya sıralarını müəyyən etmək lazım olmadığı yazılmışdır.
Oruc tutanlar üç növdür: Cahillərin orucu, Alimlərin orucu, Ənbiya və Övliya orucu. Cahillər oruclu olarkən yeməzlər, içməzlər və cima etməzlər. Amma başqa itaətsizlikləri, günahları edərlər. Alimlər oruclu ikən başqa günahları da işləməzlər. Ənbiya və Övliyalar isə oruc zamanı şübhəli olan hər şeydən qaçarlar.
Oruc tutanların bayramı üç növdür: Cahillərin bayramı, alimlərin bayramı, Ənbiya və Övliyaların bayramı. Cahillər axşam olduqda iftar edər, istədiklərini yeyər, içər və bunu özlərinin bayramı hesab edərlər. Alimlər axşam iftar edər və “Əgər Allahu əzimüşşan tutduğumuz orucdan razı oldusa, bizim bayramımız budur. Əgər razı olmadısa, bizim halımız necə olacaq” deyə düşünərlər. Amma Ənbiya və Övliyaların bayramı rüyətullahdır. Onlar Allahu əzimüşşanın rızasına aşiqdirlər.
Bütün möminlərin bayramı beş növdür:
1-Bir möminin sol yanındakı mələk, pis əməl olaraq yazmağa bir şey tapmazsa.
2-Can vermə anında müjdəçi mələklər gəlib: “Mərhəba, ya mömin! Sən Cənnətliksən!” deyərək xəbər verərlərsə.
3-Qəbrə qoyulduqda, qəbrini Cənnət bağçalarından bir bağça olaraq tapsa.
4-Qiyamət günündə Ərşin altında Ənbiya, Övliya, alimlər və salehlərlə birlikdə kölgələnərsə.
5-Qıldan incə, qılıncdan kəskin, gecənin qaranlığından daha qaranlıq, min il eniş, min il yoxuş və min il düz olan sırat körpüsü üzərində yeddi yerdə olan suala cavab verib keçərsə. Əgər verə bilməsə, hər birində min il əzab olunmağa layiq olur. O yeddi sual bunlardır: 1-İman, 2-Namaz, 3-Oruc, 4-Həcc, 5-Zəkat, 6-Qul haqqı, 7-Qüsl, istinca və dəstəmaz.
Bir şəxs, Ramazanı-şərifdə imsak vaxtından əvvəl niyyət etdiyi orucunu qəsdən pozarsa, həm qəza, həm də kəffarə lazımdır. Nafilə və qəza oruclarında kəffarə yoxdur.
Kəffarə üçün bir qul azad edilir. Ona gücü çatmayan, Ramazan günlərindən və oruc tutulması haram olan beş gündən başqa digər günlərdə ara vermədən altmış gün oruc tutar. Bundan sonra da pozduğu orucların gün sayı qədər ayrıca qəza orucu tutar. [Ramazan bayramının birinci günü və Qurban bayramının dörd günü oruc tutmaq haramdır.] Ona da gücü çatmayan, altmış kasıbı bir gün və ya bir kasıbı altmış gün iki dəfə doydurar. Yaxud hər birinə fitrə miqdarı qədər mal verər.
Bir gün qəza orucu üçün bir gün oruc tutulur.
Beş şəxsə kəffarə lazım deyil: 1-Xəstə, 2-Müsafir, 3-Süd verən qadın uşağa zərər verəcəyindən qorxub tutmamışdırsa, 4-Çox yaşlı olan, 5-Aclıqdan və ya susuzluqdan həlak olmaq qorxusu olan şəxs.
Bunların problemi aradan qalxdıqdan sonra, gününə gün olaraq qəza edərlər.
Yəvm-i şəkk, şübhəli gün deməkdir. Havanın buludlu olub, Ramazan ayı hilalının görülməməsi səbəbi ilə Şaban ayının otuzuncu, yaxud Ramazan-ı şərifin birinci günü olduğu bilinməyən, Şaban ayının iyirmi doqquzundan sonra gələn gündür. Yəvm-i şəkkdə niyyət bir neçə növdür: Yəvm-i şəkkdə Ramazana və ya başqa bir vacib oruca niyyət etmək, yaxud “Ramazandırsa Ramazan orucuna, Ramazan deyilsə nafilə və ya vacib olmayan oruca” deyə niyyət etmək kərahətlə caizdir. Digər bir növ isə kərahətsiz caizdir: o da mütləq oruca niyyət etmək və ya Şabana, yəni nafilə oruca deyə niyyət etməkdir.
“Ramazandırsa niyyət etdim, Ramazan deyilsə, niyyətsizəm” deyərək oruc tutmaq heç caiz deyil.
Bir şəxs, Ramazanda fəcrə, yəni dan yeri ağarana qədər oruca niyyət etməsə və zöhrdən öncə yesə, İmam azama görə kəffarə lazım olmaz. İmameynə görə kəffarə lazımdır. Çünki niyyət edib oruc tutması mümkün olduğu halda, yemişdir. Zöhrdən sonra yesə, söz birliyi ilə kəffarə lazım olmaz.
Bir şəxs, iki və ya üç Ramazanın hərəsindən bir gün orucu pozsa, bu günlərin hamısı üçün bir kəffarə, yoxsa hərəsi üçün ayrı kəffarə lazım olması barədə fikir ayrılığı mövcuddur. Ehtiyatlı olmaq üçün hər günə görə ayrı kəffarə etmək yaxşı olar. Bir şəxsin Ramazan borcu olsa, borcunu tutmasa və üzərindən il keçsə, bəzi alimlərə görə o şəxs günahkar olur.
Bir şəxs kəffarə tutduğu müddətdə Ramazanı şərif və ya Qurban bayramı gəlsə, Ramazandan və bayramdan sonra təkrar başdan başlayaraq tutmaq lazımdır. Əvvəlkilər hesablanmır.
Bir şəxs səfərə niyyət etmədən orucunu yesə və bundan sonra səfərə niyyət edib getsə həm qəza, həm kəffarə lazım olur. Səfərə çıxmaq orucu pozmağı mübah etmir. Səfərə çıxanın o gün orucu pozmaması vacibdir. Gecə və ya gündüz Dahvə vaxtına qədər niyyət edən müsafirin o gün orucunu pozması halal olmaz. Əgər pozarsa, yalnız qəza edər. Səfərə çıxmaq oruca başlamamağı mübah edər.
Bir şəxsə Ramazan ayında dəlilik üz verib oruc tutmasa, yaxşılaşdığı halda tutmadığı günləri qəza edər. Əgər Ramazan boyunca heç yaxşılaşmayıb, dəliliyi davam edərsə, orucu qüvvədən düşür.
Bir şəxs oruclu olduğunu unudaraq orucunu pozsa, oruc pozulmaz. Əgər oruclu olduğunu xatırlayıb, orucu pozuldu zənn edərək yeməyə davam etsə, qəza lazım olar, kəffarə lazım olmaz. Əgər orucunun pozulmadığını bildiyi halda yeməyə davam etsə, həm qəza, həm kəffarə lazımdır.
Oruclu bir şəxs tərini udsa, boyalı sapı çeynəyib boyasını udsa, başqasının tüpürcəyini udsa, öz tüpürcəyini bayıra çıxardıqdan sonra udsa, dişinin arasında qalan noxuddan böyük olan təamı udsa və ya dəri altına iynə vurdursa, orucu pozular və yalnız qəza lazım olar.
Bir şəxs kağız parçası və ya ovuc dolusu duz yesə, çiy buğda, düyü dənəsi udsa orucu pozulur, lakin yalnız qəza lazım olur. Çünki ovuc dolusu duzu nə qida olaraq yemək, nə də dərman kimi yemək adət deyil. Bir ovuc torpaq kimidir. Amma yediyi duz az miqdarda olsa, kəffarə də lazım olur. Bu, “Əşbah”da zikr olunmuşdur. Çünki duz az miqdarda həm qida, həm də dərman kimi istifadə olunur.
Çörək pulu qazanmaq üçün çalışarkən xəstə olacağını bilən işçinin xəstə olmadan əvvəl orucu pozması caiz deyil. Orucu yesə həm qəza, həm də kəffarə lazımdır. Kəffarədən qurtulmaq üçün əvvəlcə kağız udmalıdır. Bir hamilə və ya süd verən qadın sıxılaraq, özünü pis hiss edərək yesə, yalnız qəza lazım olar. Üzrlü səbəb olmadan Ramazan günü açıq-aşkar yeyən, içən mürtəd olar. (“Feyziyyə”)
Bir şəxs küncüt dənəsini yalnız çeynəsə, orucu pozulmaz. Amma udsa, çeynəmiş olsa da, olmasa da orucu pozulur və qəza lazım olur.
Oruc on beş növdür: üçü fərz, üçü vacib, beşi haram və dördü sünnət. Fərz olan oruclar, Ramazan, qəza və kəffarə oruclarıdır. Vacib olanlar, nəzri-müəyyən (müəyyən bir gün üçün edilən nəzr), nəzri-mütləq (gün təyin edilmədən edilən nəzr), başlanılmış olan nafilə oruca günəş batana kimi davam etmək.
Haram olan oruclar, Ramazan bayramının ilk günü və qurban bayramının dörd günü tutulan oruclardır.
Sünnət olanlar, hicri təqvimdə hər ayın əyyamı-biyd, yəni 13, 14, 15-ci günləri tutulan oruc, savmı Davud orucu (yəni bir gün oruc tutub, ertəsi gün iftar etmək), bazar ertəsi və cümə axşamları tutulan oruc, aşura günü, ərəfə günü və digər mübarək günlərdə tutulan oruclardır.
Oruc tutmağın on bir faydası var:
1-Cəhənnəmə qalxan olar.
2-Digər ibadətlərin qəbuluna səbəb olar.
3-Bədənin zikri olar.
4-Kibri qırar.
5-Ucbu (Özünü bəyənmək) qırar.
6-Xüşunu artırar. Xüşu, təvazökarlıq, Haqqa boyun əymək, Allah qorxusundan və sevgisindən meydana gələn ədəbli bir haldır.
7-Savabı mizan tərəzisində olar.
8-Allahu təala o qulundan razı olar.
9-İman ilə vəfat edərsə, Cənnətə tez girməyə səbəb olar.
10-Qəlbi nurlanar.
11-Ağlı nurlanar.
Şaban ayının iyirmi doqquzuncu günü, günəş batdığı zaman qərb tərəfindəki zahiri üfüq xətti üzərində Ramazan hilalını axtarmaq vacibdir. Adil olan, yəni böyük günah işləməyən əhli sünnət bir müsəlman hilalı tutqun havada görərsə, hakimə, valiyə xəbər verər. Qəbul edərsə, hər yerdə Ramazan başlayar. Hakim, vali olmayan yerdə bir müsəlman hilalı görüncə, o yerdə Ramazan başlayar. Bidət əhlinin, fasiqin sözü qəbul edilməz. Açıq havada çox insanın görüb xəbər verməsi lazımdır. Hilal görülməzsə, Şaban ayı otuz gün qəbul edilib, ertəsi gün Ramazan ayı olur. Təqvim ilə, astronomik hesablamalarla Ramazan başlanmaz. “Bahr”, “Hindiyyə” və “Kadihan”da deyilir: “İslam qanunlarının tətbiq edilmədiyi bir yerdə əsir olan, Ramazanın əvvəlini bilmədən təqvimə baxaraq bir ay oruc tutsa, Ramazandan bir gün əvvəl, Ramazanın ikinci günü və ya düz Ramazan ayının birində oruca başlamış ola bilər. Birinci halda, Ramazandan bir gün əvvəl oruc tutmuş və Ramazanın son günü bayram etmişdir. İkinci halda, Ramazanın birinci günü tutmamış, son günü də bayramda tutmuşdur. Hər iki halda da Ramazanın iyirmi səkkiz günündə oruc tutmuş olub, bayramdan sonra iki günü qəza etməlidir. Üçüncü halda, oruc tutduğu bir ayın ilk və son günlərinin Ramazana təsadüf etdiyi şübhəlidir. Ramazan olduğu şübhəli olan günlərdəki oruc səhih olmadığı üçün yenə iki gün qəza etməlidir.” Buradan aydın olur ki, Ramazana göydə hilalı görməklə deyil, əvvəlcədən hazırlanmış təqvimə görə başlayanlar, bayramdan sonra iki gün qəza niyyəti ilə oruc tutmalıdırlar. Ramazanı-şərifin başladığı günün hesab edilməsi “Səadəti Əbədiyyə” kitabında uzun yazılmışdır.
[İbn Abidin (rahiməhullahu təala) deyir ki: “Tutqun havalarda azan oxunsa belə, günəşin batdığından əmin olmadıqca iftar etmək olmaz. Ulduzların çoxu görünənə qədər iftar etdikdə, tələsmək, iftarı tez açmaq kimi müstəhəb yerinə yetirilmiş olur. Bir yerdə günəşin batdığını görərək iftar edildikdə, hündürdə, məsələn minarədə olan biri günəşin batdığına əmin olmadıqca iftar etməz. Sübh namazı və sahur da belədir.” Astronomiya kitablarında “Təmkin” cədvəllərində də təmkin zamanının2 miqdarı hündürlüyə görə dəyişir. Bütün namaz vaxtları hesablanarkən bir yerdəki ən yüksək təpəyə görə olan tək bir təmkin istifadə olunur. Təmkin vaxtı hesablanmadan hazırlanan təqvimlərdə qürub zamanı bir neçə dəqiqə əvvəl yazılmışdır. Qürub vaxtında günəşin batmadığı görülür. Təmkinsiz təqvimə görə iftar açanların orucları fasid olur, yəni pozulur.]
Dipnotlar
- mukim-doğulduğu, evləndiyi və ya həmişə qalmaq niyyəti ilə məskən saldığı yerdə yaşayan və ya 104 km və daha uzaq bir yerdə giriş-çıxış günlərindən başqa on beş gün və ya daha çox qalmağa niyyət edən şəxsdir. ↑
- təmkin zamanı-Günəşin doğuş, batış vaxtı və namaz vaxtı hesablanarkən vaxtlara əlavə olunan və ya çıxılan zaman miqdarıdır. ↑