Burada pis əxlaq haqqında söhbət gedəcəkdir. Gözəl əxlaqın anası, təməli dörd gözəl əxlaq idi. Pis əxlaqın başı da dörddür:
1 – Rəzalət, hikmətin ziddidir.
2 – Cübn, qorxmaq, ürəksiz olmaq, şücaətin ziddidir.
3 – Fücur, nəfsə tabe olmaq, günah işləmək, iffətin ziddidir.
4 – Cövr, zülmdür. Ədalətin ziddidir.
Hər gözəl əxlaqın ziddi, qarşılığı olan saysız pis əxlaq vardır. Çünki yaxşılıq tam orta yol deməkdir. Ortanın sağında, solunda olmaq yaxşılıqdan ayrılmaqdır. Ortadan uzaqlığı qədər yaxşılığı azalar. Haqq yol birdir. Azğın, pozuq yollar isə çoxdur. Hətta sonsuzdur. Doğru yola qovuşduqdan sonra orada qalmaq, oradan heç çıxmamaq çox çətindir. Hud surəsinin 112-ci ayəsində məalən, “Əmr olunduğun doğru yolda ol!” buyuruldu. Bu ayəti-kərimə endiyi zaman Rəsulullah (sallallahu əleyhi və səlləm), “Hud surəsi saqqalıma ağ saldı” buyurdu. Ayəti-kərimədə əmr olunan istiqaməti yerinə yetirə bilmək üçün Peyğəmbərlər (əleyhimussaləvatu vəttəslimat), Vəlilər, Siddiqlər (rahiməhumullahu təala) çaşıb qalmışdılar. Bu qorxudandır ki, Əfdali-kainatın (sallallahu əleyhi və səlləm) mübarək saqqalına ağ düşmüşdür. Doğru yolda olmaq çox çətin olduğu üçün, “Sirat körpüsü qıldan incə, qılıncdan itidir” buyuruldu. Fatihəyi-şərifə surəsindəki ayəti-kərimənin məali-şərifi, “Doğru yola qovuşdurmasını Allahu təaladan diləyin!”dir. Möminə bu dünyada doğru yola sarılmaq lazımdır. Qiyamət günü Sirat körpüsündən keçə bilmək üçün dünyada doğru yolda olmaq lazımdır.
Övliyanın böyükləri (rahiməhumullahu təala) buyurur ki, Müxbiri-sadiq [yəni həmişə doğru söyləyən] (sallallahu əleyhi və səlləm) qiyamətdəki nemətlərdən və əzablardan hər nə xəbər verdi isə, onların hamısı insanın bu dünyada qazandığı xasiyyətlərin, əxlaqın və əməllərin surətləridir. Oradakı görünüşləridir. Əxlaqda və əməldə doğru yolda olmağın oradakı surəti, görünüşü də sirat körpüsüdür, deyilmişdir. Dünyada doğru yolda olanlar, islamiyyətdən ayrılmayanlar, orada sirat körpüsünü tez keçəcək, mərifətlər və yetkinliklər Cənnətlərinə və yaxşı əməllərin bağçalarına qovuşacaqdırlar. Burada din yoluna tabe olmaqda zəif davrananlar orada sirat körpüsünü yıxıla-yıxıla keçəcəkdir. İslamiyyətin göstərdiyi doğru etiqaddan və əməllərdən ayrılanlar, yolunu azanlar siratdan keçə bilməyib, Cəhənnəm atəşinə düşəcəkdir.
Zuhruf surəsinin 36-cı ayəsində məalən, “Nəfsinə tabe olaraq Allahu təalanın dinindən üz çevirənlərə dünyada bir şeytan müsəllət edərik” buyuruldu. Bu ayəti-kəriməyə baxaraq bəzi alimlər dedi ki, xeyir və kəmal işləri etdirən mələkəni bir mələk hasil edər. Yolu azdıran, pislik etdirən mələkəni də bir şeytan hasil edər. İkisindən biri qiyamətdə o insana yoldaş olar. O halda hər kəs öz xasiyyətinə və əməlinə baxaraq axirətdəki yoldaşının necə olacağını anlaya bilər.
Orta yol dedikdə iki şey aydın olur: Biri, hər kəsin anladığı kimi bir şeyin tam ortasıdır. Dairənin mərkəzi, qütrü belədir. İkincisi, izafi, təqdiri orta olmaqdır. Yəni, bəlli bir şeyin ortasıdır. O şeyin ortası olduğu üçün hər şeyin ortası olması lazım gəlməz. Əxlaq bilgisində istifadə edilən bu ikinci ortadır. Bunun üçün gözəl əxlaq hər kəsə görə fərqli olar. Hətta zamana və yerə görə də dəyişər. Birində gözəl olan bir əxlaq, başqasında gözəl olmaya bilər. Bir zamanda gözəl deyilən bir əxlaq, başqa zamanda gözəl olmaya bilər. O halda, gözəl əxlaq tam ortada olmaq deyil, ortalamada olmaqdır. Pis xasiyyət də bu ortalamanın iki tərəfinə ayrılmaqdır. “İşlərin ən yaxşısı onların ortasıdır” hədisi-şərifi də bunu bildirməkdədir. Buna görə də hər gözəl əxlaqa qarşı iki pis əxlaq durur. Dörd əsas gözəl əxlaqa qarşılıq da səkkiz ana pis xasiyyət var:
1 – Cərbəzədir ki, hikmətin ifrat olmasına deyilir. Əxlaqı və işləri araşdırmaq, anlamaq qüvvətini lazımsız yerlərdə istifadə etməkdir. Hiylə etmək, aldatmaq, haram işləri yaymaq kimi. Ruhun fənn qüvvətini [yəni ağlı] həddindən artıq istifadə etmək cərbəzə olmaz, pis olmaz. Din bilgilərini, fənn bilgilərini və riyaziyyatı inkişaf etdirmək üçün nə qədər çox araşdırarsa, o qədər yaxşı olar.
2 – Bəladət, əbləhlikdir. Ağıldan istifadə etməməkdir. Axmaqlıq da deyilir. Kütlükdür. Öyrənməsi və işləməsi qüsurlu olar. Yaxşını pisdən ayıra bilməz. Ayəti-kərimələr və hədisi-şəriflər elmi çox tərifləmişdir. Saymaqla bitməz.
3 – Təhəvvürdür. Tez hirslənmək deməkdir. Şücaət əxlaqının həddindən çox olmasıdır. Ağıllı tanınan şəxslərin bəyənməyəcəyi işləri görməyə cəhd etməkdir. Ruhunu və ya bədənini boş yerə yorar.
4 – Cübndür. Qorxaqlıq deməkdir. Şücaətin lazımından az olmasıdır. Qorxmaq caiz olmayan yerdə qorxaqlıq göstərər.
5 – Fücurdur. İffətin çox olmasıdır. Dünya ləzzətlərinə düşkün olar. İslamiyyətin və ağlın bəyənmədiyi azğınlıqları edər.
6 – İffətin az olması Xumuddur, yəni miskinlikdir. İslamiyyətin və ağlın izn verdiyi arzularını tərk etməkdir. Bədəni, qüvvəti gedər. Xəstə olar. Nəsli tükənər.
7 – Zülmdür. Ədalətin sərhəddini aşmaqdır. Başqasının haqqına təcavüz etməkdir. Başqasının malına, canına, namusuna zərər verər.
8 – Şərəfsizlikdir. Özünə qarşı edilən zülm, işgəncə və təhqirləri qəbul edər. Ədalətin nöqsan olmasıdır. Ədalətdə bütün yaxşılıqlar toplandığı kimi, zülmdə də pisliklər toplanmışdır. Bunun üçündür ki, bəzi alimlər, könül incitməyən şeylər günah olmaz, dedi. Məsələn, Abdullahi Ənsari (quddisə sirruh) buyurdu ki:
Haqq yolçuları heç könül qırmaz,
Bunun kimi böyük günah olmaz!
Abdullahi Ənsari, sofiyyəyi-aliyyənin böyüklərindəndir. Şeyxülislam idi. 396-cı ildə Hiratda təvəllüd, 481-ci [miladi 1088] ildə orada vəfat etdi. Bəzi azğınlar bu böyük şəxsin sözünü yaxşı anlaya bilmədi, “Təki başqasına pislik etmə, özünə nə edirsən et”, zənn etdi. Beləcə, ibadətləri buraxıb, hər günahı işləyib “kimsəyə zərərimiz yoxdur”, deyə öyündülər. Hətta:
İstər kafir ol, istər yandır Kəbəni,
İstəsən şərab iç, yalnız qırma qəlbi!
deyərək islamiyyətdən ayrıldılar. Halbuki, dinin haram etdiyi hər şey zülmdür. İstər başqasına, istərsə özünə edilməsi haram olan hər şey zülmdür. Zalımlar əksər hallarda malı, mülkü, mövqeyi çox olanlardır. Məzlumların çoxu da kasıblardır. Orta səviyyəli olanların çoxu ədalətə riayət edənlərdir.
Gözəl əxlaqların hamısı orta (ortalama) miqdarlardır. Hər birinin çox və ya az olması bir pis əxlaqdır. Bu müxtəlif pis əxlaqlar üçün bəlkə də hər dildə ad belə tapılmaz. Lakin, düşünülərsə, mənaları (nə demək olduqları) asan aydın olar.
İnsanda lazım olan gözəl əxlaqdan bəziləri vardır ki, nə qədər çox olarsa, yaxşılığı da o qədər artar zənn edilir. Halbuki elə deyildir. Hər gözəl əxlaqın bir həddi vardır. O həddi keçəndə yaxşılıq gedər, pislik olar. Gözəl əxlaqın az olmasının pislik olacağı isə asan aydın olur. Şücaət və səxavət bunlara misaldır. Bu iki gözəl əxlaqın çox olanları təhəvvür və israfdır. Cahillər, xüsusən İslam əxlaqını bilməyənlər israf edənləri çox comərd sanar və tərifləyərlər. Təhəvvür edənlərə də çox cəsur, qəhrəman deyərlər. Halbuki, qorxaq və xəsis olana heç kimsə qəhrəman və comərd deməz.
İnsanda lazım olan gözəl əxlaqdan bəzisi də vardır ki, az olanda yaxşı zənn edilər. Çox olanda pis olduğu bəlli olar. Təvazö belədir. İnsanda təkəbbürün olmaması deməkdir. Bunun nöqsan, az olması təzəllüldür. Təzəllülü təvazödən ayırmaq çətindir. Hətta çox kimsə dilənçinin zillətini (alçalmasını), alimin təvazösü ilə qarışdırır. Çünki, təkəbbürsüzlük onda da çoxdur. Onu da çox yaxşı sanar.
DÖRDÜNCÜ BAB
Gözəl əxlaqa bənzəyən pis əxlaqı və bunların gözəl əxlaqdan necə ayrılacağını bildirəcəyik.
Çox kimsə xalis qızılı latun deyilən sarı metaldan ayıra bilmir. Mavi muncuğu ləl-cəvahirat sanır. Bunun kimi pis əxlaqı yaxşı sanır. Bunun üçün əxlaq elmini yaxşı öyrənmək, gizli ayıbları, qüsurları görə bilmək, yaxşını pisdən ayırmaqda usta olmaq lazımdır.
1 – Hikmətə bənzəyən pis əxlaqı bildirək: Ağıl ölçülərindən, fənn bilgilərindən və ya təsəvvüf mərifətlərindən bir neçəsini ağızlardan qaparaq və ya qəzetdən, məcmuədən və radiodan eşidərək, bunları orada-burada söyləyən, münaqişələrə qarışan kimsələri, ağıllı, elmli, fənn adamı, mütəxəssis və mürşid zənn edənlər az deyildir. Halbuki, bu kimsə söylədiyi məsələlərdən birinin həllini, mərifətlərdən heç birinin mənasını bilməz. Bunun alimlərə, mürşidlərə və fənn adamlarına bənzəməsi, tutuquşunun insan kimi danışmasından artıq bir şey deyildir. Çünki, hikmət deyilən əxlaq insanın başında, ruhunda olar. Əsərləri, nurları hiss orqanları ilə duyulmaz. Bir çox qabaqcıl deyilən kimsələr vardır ki, hikmətdən və dəyərlərdən xəbərləri yoxdur. Bilgisiz və pis əxlaqlıdırlar. Elm və əxlaq ilə bir münasibətləri də yoxdur. Ağızlarından gözəl əxlaqlı bir söz çıxmaz. Lakin üzərində gözəl paltarlar olar. Vəzifə sahiblərinin qarşısında əyilməyi yaxşı bilərlər. Ballarda, kokteyl gecələrində rəqsə gedərlər. İçki masalarında xidmət edərlər. Bir şef və ya məclis üzvü, yaxud müşavir adı ilə ortaya çıxarlar.