Qəbirdə ölülər dörd vəziyyətdə olur. Bəzisi dabanı üstündə oturub, gözü dağılmış, bədəni şişmiş, cismi torpaq olana qədər bu vəziyyətdə qalır. Sonra ruhu dünya səmasından başqa mələkut aləmini dolaşır.
Bəzisinə cənab Haqq yuxu verir. Birinci sura qədər nə olduğunu bilməz. Birinci surda oyanar, sonra yenə ölər.
Bəzisi qəbrində iki ay, yaxud üç aya qədər qalır. Sonra ruhu bir Cənnət quşu üzərinə minər, quş onu Cənnətə qədər aparar. Bunları bildirən hədisi-şəriflər səhihdir. İslamiyyətin sahibi (sallallahu əleyhi və səlləm) buyurdu ki: “Möminin ruhu quşla birlikdədir və Cənnət ağaclarından birinə asılmış qalar”.
Buna bənzər şəhidlərin ruhlarından soruşulduqda, “Şəhidlərin ruhları yaşıl quşların qursaqlarında Cənnət ağaclarına asılı durarlar” buyurdu.
Bəzi insanlar istədikləri zaman olduqları yerlərdən yüksələrlər. Bəziləri də sur üflənənə qədər orada qalarlar.
Dördüncü növ – Ənbiya və Övliyaya məxsusdur. Onların bəzisi qiyamətə qədər uçar və çoxu gecə görünər. Mən inanıram ki, Əbu Bəkri Siddiq və Ömər-ül-Faruq (radıyallahu təala anhümə) onlardandır.
Rəsulullah (sallallahu əleyhi və səlləm) üç aləmi, “Aləmi-nasut, Aləmi-mələkut, Aləmi-cəbərut” dolaşmaqda sərbəstdir. Buna açıqlama və işarə üçün bir gün Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) əfəndimiz, “Allahu təala məni üçdən artıq yer üzündə saxlamamasını kərəmindən rica edirəm” buyurdu. Həqiqətən üç onluq, yəni otuz olduqda, həzrəti Əli Rəsulullahın vəfatından otuz il sonra [41-ci ildə] şəhid oldu, həzrəti Peyğəmbər yerin əhalisindən incidi. Mübarək ruhu tamamilə səmaya yüksəldi.
Onu bəzi salehlər yuxuda gördü1. Bir nəfər buyurdu ki: “Ya Rəsulallah, atam, anam sənə fəda olsun! Ümmətinin fitnələrini görmürsənmi?” Həzrəti Peyğəmbər (sallallahu əleyhi və səlləm), “Allahu təala fitnələrini artıracaq. Həzrəti Hüseyni də şəhid etdilər. Mənim hörmətimi mühafizə etmədilər” buyurdu. Daha çox desələr də, digərlərinə rəvayət edənin şübhələri olduğu üçün tərk olundu.
Onlardan bəzisi (İbrahim əleyhissəlam kimi) yeddinci qat səmanı seçər və orada olurlar. Peyğəmbərimiz əleyhissəlam Merac gecəsi İbrahim əleyhissəlamın yanına getdi. Gördü ki, Beyti-məmura belini söykəyib, oradan müsəlmanların övladlarına şiddətli nəzərlə baxır.
İsa əleyhissəlam da beşinci qat göydədir. Hər göydə Rəsullar və Nəbilər (əleyhimüssəlam) vardır ki, oradan çıxmazlar və getməzlər. Qiyamətə qədər orada qalacaqlar. Onlardan istədiyi yerə getməkdə müstəqil olanları ancaq həzrəti İbrahim, həzrəti Musa və həzrəti İsa əleyhimüssəlamla həzrəti Muhamməd Mustafa (sallallahu əleyhi və səlləm)dir. Onlar üç aləmdə istədikləri yerə gedə bilərlər.
Övliyayı-kiramdan bəziləri qiyamət gününə qədər qalarlar. Belə ki, Bəyazidi Bistaminin (rahiməhullahu təala) Ərşi-ala altındakı süfrədən yemək yedikləri rəvayət olundu.
Beləcə qəbirdə olanların vəziyyəti bu dörd şəkildədir. Yəni əzab, rəhmət, təhqir və ikram olunurlar.
Övliyayı-kiramdan (rahiməhümullahü təala) çox kimsə vardır ki, ölüm halında olan bir şəxsə diqqətlə baxarlar. O şəxsə geniş mənzillər daralar, çox vaxt da genişlənər. Bu halı görürlər və xəbər verirlər. Mən bu cinsdən xəbər verəni gördüm.
Bəzi dostlarımı gördüm ki, qəlb gözündən pərdə qaldırılıb, ölmüş olan övladının evinə girdiyini gördü. Bu batıni (gizli) faydalar, ikramlar, ancaq kərim, yaxud nəsib, mübarək şəxslər üçündür.
Qəbirdə olanların bəzisi Cümə ilə bayramı bilirlər. Dünyadan bir şəxs çıxan kimi onun ətrafına toplanırlar və onu tanıyırlar. Kimisi xanımından, kimisi də atasından, hər biri özünə aid olan şeylərdən soruşurlar.
Çox ölülər vardır ki, bildiyi şəxslərdən daha əvvəl ölmüş olan biri ilə qarşılaşmaz. Çünki onun dünyada ikən özündə olan şey ölüm zamanı getmişdir. Bunun üçündür ki, bəzisi yəhudi, bəzisi nasrani olub ölərək onların içinə gedər. Bir şəxs dünyadan çıxıb ölülərin yanına gedən kimi ölülər ona dünyadakı qonşularından soruşurlar və “filankəs haradadır” deyərlər, “o çoxdan ölüb” deyər. “Biz onu görmədik, bəlkə Haviyə Cəhənnəminə getmişdir” deyərlər.
Bir nəfər yuxuda görülüb, “Allahu təala səninlə necə rəftar etdi?” deyə soruşulduqda, beş dostunun adını çəkərək “Mən və filankəslər hamımız xeyr və nemətlərə qovuşduq” deyər.
Halbuki, onu dostları ilə birlikdə xaricilər, yəni yezidi deyilən azğınlar öldürmüşdü. Qonşusunu xəbər aldıqda, biz onu görmədik, dedi. Halbuki, o şəxs özünü dənizə atıb boğularaq ölmüşdü. And içərək dedi ki, “Vallahi mən onu intihar edənlərlə, yəni özünü öldürənlərlə birlikdə olduğunu zənn edirəm”.
Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki: “Bir şəxs özünü bir dəmir parçası ilə öldürərsə, qiyamət günü əlində o dəmir parçası ilə qarnına vuraraq gələr. Cəhənnəmdə əbədi qalar. Həmçinin bir şəxs özünü dağdan atıb öldürərsə, özünü Cəhənnəm atəşinə atar”.
Bir qadın da intihar edərsə, onun acısını sur üfürülənə qədər hiss edər. [Bu hədisi-şərif, dünyada sıxıntıdan qurtulub rahata qovuşmaq üçün intihar edənlər üçündür. Çünki belə düşünmək axirət əzabını inkar etmək sayılır ki, küfrdür. Ağlını itirərək intihar edən və ya dərhal ölməyib tövbə edən isə kafir olmaz.] Səhih xəbərdə bizə gəldi ki, Adəm əleyhissəlam Musa əleyhissəlamla görüşdü. Musa əleyhissəlam ona dedi ki: “Sən o şəxssən ki, Allahu təala səni qüdrətilə yaratdı və sənə ruh verdi. Səni Cənnətinə qoydu. Niyə Ona üsyan etdin?”. Adəm əleyhissəlam dedi ki: “Ya Musa, Allahu təala səninlə danışdı və sənə Tövratı endirdi. Tövratda görmədinmi ki, “Adəmdən Rəbbinə qarşı zəllə sadir oldu”. Musa əleyhissəlam, “Bəli, gördüm” dedi. Həzrəti Adəm, “Mən bunu işləmədən neçə il əvvəl təqdir olunmuşdu” soruşduqda, Musa əleyhissəlam, “Sən işləmədən əlli min il əvvəl təqdir olundu” dedikdə, yenə həzrəti Adəm: “Elə isə ya Musa, işləmədən əlli min il əvvəl təqdir olunan bir günahla məni ayıblayıb qınayırsan” dedi.
[Onların bu danışıqları “Səadəti Əbədiyyə” kitabının ikinci qisim, 50-ci maddəsində daha geniş yazılmışdır. Adəm əleyhissəlamın bu cavabının “Bu işin edilməsini iradə və ixtiyar edəcəyimi Allahu təalanın əzəldə bildiyini Tövratda oxuduğun halda və bu işdən meydana gələcək neçə-neçə faydaları bildiyin halda məni ayıblamaq sənə yaraşmaz” demək olduğu “Səadəti Əbədiyyə”də geniş yazılmışdır.]
Səhih olan hədisi-şərifdə xəbər verildi ki, Rəsulullah (sallallahu əleyhi və səlləm) Merac gecəsi Peyğəmbərlərlə (əleyhimussaləvatu vəttəslimat) iki rəkat namaz qıldı. Harun əleyhissəlama salam verdi. Harun əleyhissəlam da həzrəti Peyğəmbərə və ümmətinə rəhmətlə dua etdi.
İdris əleyhissəlama da salam verdi, o da Peyğəmbərimizə (aleyhissalətü vəssəlam) və ümmətinə rəhmətlə dua etdi. Halbuki Harun əleyhissəlam Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) peyğəmbərliyi bildirilmədən əvvəl vəfat etmişdi. Mübarək ruhu göründü. Bu həyat, ruhani həyatdır.
Bu dünya həyatından sonra üçüncü bir həyat daha vardır. Birinci həyat, yəni dirilmək, Allahu təala Adəm əleyhissəlamın belindən çıxarıb şəhadət etdirdiyi və “Mən sizin rəbbiniz deyiləmmi?” buyurduğu vaxt, “Bəli, biz qəbul etdik. Sən bizim rəbbimizsən, Ya Rəbb” dedikləri zamandır. Dünya həyatına etibar olunmaz. Çünki bu həyat insanın nemətlənməsinə vəsitə olub, keçici və gedicidir.
Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm), “İnsanlar yuxudadır, öldükləri zaman oyanacaqlar” buyurdu.
Bu hədisi-şərif üçüncü həyatı, yəni qəbir həyatını bildirir.
Qəbir həyatındakı hallar, ölülərin həqiqətləri, sifətləri zahir olduğu vaxtdakı hallardır. Ölünün bəzisi yerində qalır, bəzisi gəzir, bəzisi döyülür, bəzisinə də şiddətli əzab edilir. Bunun doğru olmasına dəlil Mömin surəsinin, “Nar, füccar üzərinə səhər axşam ərz olunur. Qiyamət günündə də, Cəhənnəmdə vəzifəli olan mələklərə, Firona tabe olanları əzabın ən şiddətli yerinə atın” məalindəki 46-cı ayəti-kəriməsidir.
Dipnotlar
- Çünki şeytan hər şeyin surətinə girə bilər, lakin Ənbiya surətinə girə bilməz. Bunun üçün Peyğəmbərimiz əleyhissəlam yuxuda görüldükdə, əlbəttə, səhih və doğru olur. Buna görə də bu yuxular bizə dəlil olur. ↑