Pis şeylərin ən pisi Allahu təalaya inanmamaq, ateist olmaqdır. İnanılması lazım olan şeyə inanmamaq küfr olar. Muhamməd əleyhissəlama inanmamaq küfr olar. Muhamməd əleyhissəlamın Allahu təaladan gətirib bildirdiyi şeylərin hamısına qəlb ilə inanıb, dil ilə də iqrar etməyə, söyləməyə “İMAN” deyilir. Söyləməyə maneə olduğu zaman, söyləməmək əfv olar. İmanın olması üçün islamiyyətin küfr əlaməti dediyi şeyləri söyləməkdən və istifadə etməkdən çəkinmək də lazımdır. İslamiyyətin əhkamından, yəni islamiyyətin əmr və qadağanlarından birini əhəmiyyətsiz görmək, Qurani-Kərim ilə, mələk ilə, Peyğəmbərlərdən biri ilə (əleyhimussaləvatu vəttəslimat) lağ etmək küfr əlamətlərindəndir. İnkar etmək, yəni eşitdikdən sonra inanmamaq təsdiq etməmək deməkdir. Şübhə etmək də inkar sayılır.
KÜFR ÜÇ NÖVDÜR: CƏHLİ, CÜHUDİ VƏ HÖKMİ
A) Eşitmədiyi, düşünmədiyi üçün kafir olanların küfrü “Küfr-i cəhli”dir. Cəhl də iki cürdür: Birincisi sadədir. Bu cür kimsə cahil olduğunu bilir. Bu kimi şəxslərdə yanlış etiqad olmaz. Heyvan kimidirlər. Çünki insanı heyvandan ayıran elm və idrakdır. Bunlar, heyvandan da aşağıdırlar. Çünki heyvanlar yaradıldıqları şeydə irəlidirlər. Cəhlin ikincisi mürəkkəb cəhldir. Yanlış, azğın etiqaddır. Yunan filosoflarının və müsəlmanlardan 72 bidət qolunun açıqca bildirilmiş olanlara tabe olmayan etiqadları belədir. Bu cəhalət birincisindən daha pisdir. Dərmanı bilinməyən bir xəstəlikdir.
B) Küfri cühudiyə, küfri inadı da deyilir. Bilərək, tərslik edərək kafir olmaqdır. Təkəbbürdən, mövqe sahibi olmağı sevməkdən və ya qınaqdan qorxması səbəbi ilə hasil olar. Firon və yoldaşlarının, Bizans kralı Heraklusun küfrləri belədir.
C) Küfrün üçüncü növü, “Küfr-i hökmü”dür. İslamiyyətin imansızlıq əlaməti dediyi sözləri söyləyən və işləri edən, qəlbində təsdiq olsa da və inandığını söyləsə də, kafir olar. İslamiyyətin təhqir edilməsini əmr etdiyi şeyə təzim etmək, təzim edilməsini əmr etdiyi şeyi təhqir etmək küfrdür.
1. Allahu təala Ərşdən və ya göydən bizə baxır demək küfrdür.
2. Sən mənə zülm etdiyin kimi, Allahu təala da sənə zülm edir, demək küfrdür.
3. Filan müsəlman mənim gözümdə yəhudi kimidir, demək küfrdür.
4. Yalan bir sözə, Allahu təala bilir ki, doğrudur, demək, küfrdür.
5. Mələkləri kiçildən şeylər söyləmək küfrdür.
6. Qurani-Kərimi, hətta bir hərfini kiçildən söz söyləmək, bir hərfinə inanmamaq küfrdür.
7. Çalğı çalaraq Qurani-Kərim oxumaq küfrdür.
8. Həqiqi olan Tövrat və İncilə inanmamaq, bunları pisləmək küfrdür. [İndi, həqiqi Tövrat və İncil yoxdur.]
9. Qurani-Kərimi şaz olan hərflərlə (qiraətlərlə) oxuyub, Quran budur, demək küfr olar.
10. Peyğəmbərləri kiçildən şeylər söyləmək küfrdür.
11. Qurani-Kərimdə adları bildirilən 25 Peyğəmbərdən (əleyhimussaləvatu vəttəslimat) birinə inanmamaq küfrdür.
12. Çox yaxşılıq edən biri üçün Peyğəmbərdən daha yaxşıdır, demək küfr olar.
13. Peyğəmbərlər möhtac idi, demək küfr olar. Çünki onların kasıblıqları öz istəkləri ilə idi.
14. Biri Peyğəmbər olduğunu söyləsə, buna inananlar da kafir olar.
15. Axirətdə olacaq şeylərlə lağ etmək küfr olar.
16. Qəbirdəki və qiyamətdəki əzablara [ağıla, fənnə uyğun deyildir deyərək] inanmamaq küfrdür.
17. Cənnətdə Allahu təalanı görməyə inanmamaq, mən Cənnəti istəmərəm, Allahu təalanı istəyərəm, demək küfr olar.
18. İslamiyyətə inanmamaq əlaməti olan sözlər, fənn elmləri, din elmlərindən daha xeyirlidir, demək küfrdür.
19. Namaz qılsam da, qılmasam da bərabərdir, demək küfrdür.
20. Zəkat vermərəm, demək küfrdür.
21. Faiz halal olsaydı, demək küfrdür.
22. Zülm halal olsaydı, demək küfrdür.
23. Haramdan olan malı kasıba verib savab gözləmək, kasıbın, verilən pulun haram olduğunu bilərək, verənə xeyir-dua etməsi küfrdür.
24. İmam Əzəm Əbu Hənifənin qiyası (ictihadı) haqq deyildir, demək küfrdür. Vəhhabilər, bunun üçün kafir olur.
25. Məşhur sünnətlərdən birini bəyənməmək küfrdür.
26. “Qəbrim ilə minbərim arası [Ravdai mutahhara] Cənnət bağçalarından bir bağçadır” hədisi-şərifini eşidincə, mən minbər, həsir və qəbirdən başqa bir şey görmürəm, demək küfr olar.
27. İslam elmlərinə inanmamaq, bunları və din alimlərini aşağılamaq da küfr olar.
28. Kafir olmağı istəyən kimsə buna niyyət etdiyi anda kafir olar.
29. Başqasının kafir olmasını istəyən kimsə küfrü bəyəndiyi üçün istəyirsə kafir olar.
30. Küfrə səbəb olduğunu bilərək və arzusu ilə küfr kəlmələrini söyləyən kafir olar. Bilməyərək söyləyərsə, alimlərin çoxuna görə yenə kafir olar.
31. Küfrə səbəb olan bir işi bilərək etmək küfr olar. Bilməyərək edincə də küfr olar, deyən alimlər çoxdur.
32. Belinə zünnar deyilən keşiş qurşağını bağlamaq və küfrə məxsus bir şey geyinmək küfr olar. Tacirin dar-ül hərbdə (kafir ölkə) də istifadə etməsi küfr olar. Bunları yumor üçün, başqalarını güldürmək üçün, zarafat üçün istifadə etmək də küfrə səbəb olar.
33. Kafirlərin bayram günlərində, o günə məxsus şeylərini, onlar kimi istifadə etmək, bunları kafirə hədiyyə etmək küfr olar.
34. Ağıllı, elmli, ədəbiyyatçı olduğunu göstərmək üçün və ya yanındakıları heyrətə salmaq, güldürmək, sevindirmək və ya lağ etmək üçün söylənən sözlərdə “küfri hökmi”dən qorxulur. Qəzəb, hirslilik və hərislik ilə söylənən sözlər də belədir.
35. Qeybət edən kimsə mən qeybət etmədim, onda olan şeyi söylədim deyərsə, belə söyləmək küfr olar.
36. Uşaq ikən nikah edilmiş qız, ağıllı və yetkin olduğu zaman, imanı, islamı bilməsə, soruşulunca başa sala bilməsə, ərindən boşanmış sayılır, özü mürtəd olur. Kişi üçün də belədir.
37. Bir mömini [haqsız olaraq], öldürən və ya öldürülməsini əmr edən kimsəyə, yaxşı etdin, deyən kafir olar.
38. Qətli vacib olmayan kimsə üçün öldürülməsi lazımdır, demək küfr olar.
39. Bir kimsəni haqsız olaraq döyən və ya öldürən zalıma, yaxşı etdin, buna layiq idi, demək küfr olar.
40. Yalan olaraq, Allahu təala bilir ki, səni uşağımdan çox sevirəm, demək küfr olar.
41. Vəzifə sahibi bir müsəlman asqırdığı zaman, buna “Yərhamükəllah” deyən kimsəyə böyüklərə qarşı belə deyilməz, demək küfr olar.
42. Vəzifə olduğuna inanmayaraq, əhəmiyyət verməyərək namaz qılmamaq, oruc tutmamaq, zəkat verməmək küfr olar.
43. Allahın rəhmətindən ümidini kəsmək küfr olar.
44. Özü haram olmayıb, sonradan hasil olan bir səbəbdən dolayı haram olan mala, pula “haramı li qeyrihi” deyilir. Oğurlanan və haram yollardan gələn mal belədir. Bunlara halal demək küfr olmaz. Leş, donuz, şərab kimi, özləri haram olan şeylərə “haram- li eynihi” deyilir. Bunlara halal demək küfr olar.
45. Haram olduqları dəqiq olaraq bilinən bütün günahlara halal demək də küfr olar.
46. Azan, məscid, fiqh kitabları kimi islamiyyətin qiymət verdiyi şeyləri aşağılamaq küfr olar.
47. Dəstəmazsız olduğunu bildiyi halda namaz qılmaq küfr olar.
48. Bilə-bilə qiblədən başqa tərəfə namaz qılmaq küfr olur. Namazı qibləyə qarşı qılmaq lazım deyildir, deyən kafir olar.
49. Bir müsəlmanı pisləmək üçün kafir demək küfr olmaz. Kafir olmasını istəyərək söyləmək küfr olar.
50. Günah olduğuna əhəmiyyət vermədən günah işləmək küfr olar.
51. İbadət etmənin lazım olduğuna və günahdan çəkinmənin lazım olduğuna inanmamaq küfr olar.
52. Toplanan vergilər sultanın mülkü olduğuna inanmaq küfr olar.
53. Kafirlərin dini ayinlərini bəyənmək, zərurət yox ikən zünnar qurşanmaq və küfr əlamətlərini istifadə etmək və bunlara məhəbbət edib əllərini qovuşdurmaq küfr olar.
54. Öz razılığı ilə filan şey filan adamdadır, yaxud yoxdur, kafir olum, yəhudi olum deyə and içmiş olsa, o şey o kimsədə olsun və ya olmasın, o kimsə öz razılığı ilə küfrə düşmüşdür.
55. Zina, livata, faiz, yalan kimi hər dində haram olan bir şey üçün halal olsaydı da, mən də edərdim, deyə təmənni etmək küfrdür.
56. Peyğəmbərlərə (əleyhimussaləvatu vəttəslimat) inandım, amma Adəm əleyhissəlam Peyğəmbərdirmi bilmirəm, demək küfrdür.
57. Muhamməd əleyhissəlamın axır zaman Peyğəmbəri olduğunu bilməyən, kafir olar.
58. Bir kimsə Peyğəmbərlərin dediyi doğru isə, biz qurtulduq desə, kafir olar. [Bu sözü şübhə yolu ilə söylədi isə kafir olar.]
59. Bir kimsəyə, gəl namaz qıl desələr, o da qılmaram desə, kafir olar. Amma muradı, sənin sözünlə qılmaram, Allahu təalanın əmri ilə qılaram, desə kafir olmaz.
60. Bir kimsəyə saqqalını bir tutamdan qısa etmə və ya bir tutamdan artığını kəs, dırnaqlarını kəs, çünki Rəsulullahın (sallallahu təala əleyhi və səlləm) sünnətidir desələr, o da kəsmərəm desə, kafir olar. Digər sünnətlər də belədir. “Sənin sözünlə işləmərəm, amma Rəsulullahın sünnəti olduğu üçün işləyərəm demək küfr olmaz. İnkar məqsədi ilə olarsa küfr olar.”
61. Bir kimsə bığlarını qısaltdıqda, yanındakı: bir şeyə yaramadı, desə, o deyənin küfründən qorxulur. [Bığları qısaltmaq sünnətdir. Sünnətə əhəmiyyət verməmiş olur.]
62. Bir kimsə başdan ayağa kimi ipək geyinsə, başqa biri bu vəziyyətinə mübarək olsun, desə küfründən qorxulur.
63. Bir kimsə qibləyə qarşı ayağını uzadıb yatmaq və ya qibləyə qarşı tüpürmək və ya qibləyə qarşı bövl etmək kimi bir məkruhu işləsə, o kimsəyə bu etdiklərin məkruhdur etmə desələr, o da hər günahımız bu qədər olsa desə, küfründən qorxulur. Yəni məkruhu əhəmiyyətsiz bir şey saydığı üçün.
64. Bir kimsənin xidmətçisi qapıdan içəri girsə, əfəndisinə salam versə, əfəndisinin yanında olan bir kimsə də “sus, əfəndisinə salam vermək olarmı?” desə, o deyən kimsə kafir olar. Amma muradı ədəbi öyrətmək isə, salamı qəlbən vermək lazımdı, demək isə, küfr olmaz.
65. İman artar, azalar, demək küfrdür. Amma kamal və yəqin etibarı ilə olarsa küfr olmaz.
66. Qiblə ikidir, biri Kəbə, biri Qüdsdür, demək küfrdür. İndiki halda ikidir demək küfrdür. Amma Beyt-i Müqəddəs qiblə idi, sonra Kəbə qiblə oldu desə küfr olmaz.
67. Bir kimsə bir islam aliminə səbəbsiz nifrət etsə, söysə o kimsənin küfründən qorxulur.
68. Bir kimsə yemək yeyərkən susmaq, atəşpərəstlərin yaxşı adətlərindəndir desə, yaxud adətli və nifaslı halında xanımı ilə yatmamaq atəşpərəstlərin yaxşı şeylərindəndir desə, kafir olar, demişlər.
69. Bir kimsəyə sən möminsənmi desələr, o da inşaallah desə, təvil (izah) edə bilməsə küfrdür.
70. Bir kimsə övladı ölən kimsəyə Allahu təalaya sənin oğlun lazım idi desə, kafir olar deyilmişdir.
71. Bir qadın belinə bir qara ip bağlasa, bu nədir desələr, zünnardır desə, kafir olar.
72. Bir kimsə haram yemək yedikdə, Bismillah desə kafir olar. Haram-i lieynihi üçün yəni leş, şərab kimi haramlar üçün belədir. Özü haram olmayan, haram-i li-qeyrihi üçün belə deyildir. Qəsb edilmiş malı yedikdə bəsmələ çəkmək küfr olmaz. Malın özü haram deyil, qəsb edilməsi haramdır.
73. Bir kimsənin küfrünə razı olmaq küfrdür. Bir kişiyə bəddua (qarğış) edərək, Allahu təala sənin canını küfr ilə alsın desə kafir olmasında alimlər ixtilaf etdilər. Küfrünə razı olmaq küfrdür. Amma zülm və günahından ötrü əzabı daim və şiddətli olsun deyə razı isə küfr deyildir.
74. Bir kimsə Allahu təala bilir filan işi işləmədim desə, halbuki o işi işlədiyini bilsə, kafir olar. Haqq təalaya cəhl isnad etmiş olar.
75. Bir kimsə bir qadını şahidsiz nikah etsə, o kimsə və qadın, Allahu təala və Peyğəmbər şahidimizdir desələr, hər ikisi kafir olar. Zira Peyğəmbərimiz (sallallahu təala əleyhi və səlləm) diri ikən qeybi bilməzdi. Qeybi bilirdi, demək küfr olar. [Qeybi, Allahu təala bilir və Onun bildirdikləri bilir.]
76. Mən oğurlananları və qeyb olanları bilirəm desə, söyləyən və inanan kafir olar. Mənə cin xəbər verir desə, yenə kafir olar. Peyğəmbərlər və cinlər belə qeybi bilməz. [Qeybi, Allahu təala və Onun bildirdikləri bilir.]
77. Bir kimsə Allahu təalaya and içmək istəsə, başqa bir kimsə də, mən sənin, Allahu təalaya and içməni istəmirəm boşanmağa və şərəfə, namusa and içməni istəyirəm desə, kafir olar deyilmişdir.
78. Bir kimsə sevmədiyi bir nəfərə, sənin didarın [üzün, çöhrən] mənə can alıcı kimidir desə kafir olar deyilmişdir. Çünki can alıcı mələk [Əzrayil əleyhissəlam] böyük mələkdir.
79. Bir kimsə namaz qılmamaq xoş işdir desə kafir olar. Bir kimsə bir nəfərə gəl namaz qıl desə, o da mənə namaz qılmaq çətin işdir desə, kafir olar deyilmişdir.
80. Bir kimsə Allahu təala göydə mənim şahidimdir desə, kafir olar. Çünki Allahu təalaya məkan isnad etmiş olar. Allahu təala məkandan münəzzəhdir.
81. Allah baba deyən kafir olar.
82. Bir kimsə Rəsulullah (sallallahu əleyhi və səlləm) yemək yedikdən sonra mübarək barmağını yalayardı desə, bir başqası bu iş tərbiyəsizlikdir, desə kafir olar.
83. Bir kimsə Peyğəmbər (aləyhissalatü vəssəlam) qara idi desə, kafir olar. [Qara itləri ərəb, ərəb deyə çağırmaq, tarakana qara Fatimə demək çox yayılmışdır. Çəkinmək lazımdır.]
84. Ruzi Allahu təaladandır. Lakin quldan da hərəkət lazımdır desə, bu söz şirkdir. Çünki qulun hərəkəti də Allahu təaladandır.
85. Bir kimsə xristian olmaq yəhudi olmaqdan, Amerikan kafiri olmaq kommunist olmaqdan xeyirlidir desə, kafir olar. Yəhudi xristiandan, kommunist xristiandan daha pisdir deməlidir.
86. Kafir olmaq xəyanət etməkdən yaxşıdır desə, kafir olar.
87. Elm məclisində nə işim var, yaxud alimlərin dediyini etməyə kim qadir olar desə və ya fətvanı yerə atsa və din adamlarının sözü nəyə yarayar desə, kafir olar.
88. Bir kimsə küfr söyləsə, bir nəfər gülsə, gülən belə kafir olar. Gülməsi zəruri olarsa, küfr deyildir.
89. Bir kimsə övliyanın ruhları həmişə hazırdır, bilirlər desə, kafir olar. Hazır olar desə, küfr olmaz. [Övliyanın ruhları, Allahu təala kimi hazır və nazır ola bilməzlər. Anıldıqları yerdə hazır olarlar. Anılmadan əvvəl orada yox idilər.]
90. İslamiyyəti bilmirəm və ya istəmirəm desə, kafir olar.
91. Bir kimsə Adəm əleyhissəlam buğda yeməsə idi, biz şəqi (bədbəxt) olmazdıq desə, kafir olar. Amma biz dünyada olmazdıq desə küfründə ixtilaf etmişdirlər.
92. Adəm əleyhissəlam parça toxuyurdu desə, biri, elə isə biz mahudçu oğlanları imişik desə, kafir olar.
93. Bir nəfər kiçik günah işləsə, biri ona tövbə et desə, o da nə işlədim ki, tövbə edim desə kafir olar.
94. Biri digərinə, gəl islam aliminə gedək və ya fiqh, elmi-hal kitabından oxuyub öyrənək desə, o da mən elmi nə edim desə, kafir olar. Çünki din elmini kiçik görmək, əhəmiyyət verməmək küfrdür.
95. Təfsir və fiqh kitablarını təhqir edən, bunları bəyənməyən, pisləyən kimsə kafir olar.
96. Bir kimsəyə, kimin zürriyyətindənsən, kimin millətindənsən, etiqadda məzhəbin imamı kimdir, əməldə məzhəbin imamı kimdir deyə sual etsələr, bilməsə, kafir olar.
97. Qəti harama halal deyən kafir olar. (Tütünə haram demək təhlükəlidir.)
98. Bütün dinlərdə haram olan, halal edilməsi hikmətə müxalif olan bir şeyin (zina, livata, doyduqdan sonra yemək, faiz alıb-vermək kimi) halal olmasını arzu etmək küfrdür. Şərabın halal olmasını istəmək küfr deyildir. Çünki, hər dində haram deyildi.
99. Quranı azim-uş-şanı, söz və lətifə arasında istifadə etmək küfrdür.
100. Yəhya adlı kimsəyə, “Ya Yəhya! huz-il-kitabə” desə, kafir olar. Qurani-Kərim ilə lağ etmiş sayılır. Çalğı, oyun, mahnı arasında Qurani-Kərim oxumaq da belədir.
101. İndi gəldim, Bismillahi desə, fəlakətdir. Bir şeyi çox görsə “Mahalakallah” desə, mənasını bilməsə, kafir olar.
102. Bir kimsə indi sənə söymərəm, söymənin adını günah qoymuşlar desə, fəlakətdir.
103. Bir kimsə Cəbrayıl buzovu kimi lümbəlüt olmusan desə, fəlakətdir, mələklə lağ etmək sayılır.
104. Oğlumun başı üçün və ya başım üçün kəlmələrinə and olaraq billahi sözünü əlavə etsə, məsələn, vallahi oğlumun başı üçün desə, küfr olmasından qorxulur.
105. Qurani-Kərimi, mövludu və ilahiləri çalğı çalarkən oxumaq və ya çalğı alətləri ilə oxumaq küfrdür.
106. Qurani-Kərimi, mövludu, ilahiləri, salavat-ı şərifələri fisq (günah işlənən) məclislərində hörmət ilə oxumaq haram olar. Əyləncə, keyf üçün oxumaq küfr olar.
107. Sünnət üzrə oxunan Azanı Muhammədini dinləməyib qiymət verməzsə, dərhal kafir olar.
108. Qurani-Kərimə öz ağılı ilə məna verən kafir olar.
109. Qurani-Kərimdə və hədisi-şəriflərdə açıq olaraq bildirilmiş olan və müctəhid imamların söz birliyi ilə bildirdikləri və müsəlmanlar arasına yayılmış iman elmlərinə uyğun inanmayan kafir olar. Küfrün bu formasına “İlhad”, belə inananlara “Mülhid” deyilir.
110. Kafirə hörmət ilə salam verən kafir olar.
111. Kafirə hörmət bildirən bir söz söyləmək, məsələn ustadım, demək küfr olar.
112. Başqasının küfrünə razı olan kafir olar.
113. Qurani-Kərim olan kasetlər və vallar mushaf-i şərif kimi qiymətlidirlər. Bunlara da hörmətsizlik etmək küfr olar.
114. Cin ilə tanış olan falçılar və ulduzlara baxıb soruşulan hər şeyə cavab verənlərə və sehrbazlara gedib söylədiklərinə, etdiklərinə inanmaq, bəzən doğru çıxsa belə, Allahu təaladan başqasının hər şeyi bildiyinə və hər dilədiyini edə biləcəyinə inanmaq olub, küfr olar. [Fənn elmlərinə inanmamaq belə deyildir.]
115. Sünnəti yüngül sayaraq, ona əhəmiyyət verməyərək tərk etmək küfr olar.
116. Zünnar deyilən keşiş qurşağını bağlamaq və bütlərə, yəni xaç, səlib deyilən dik kəsişən iki çubuq və heykəllərə, bunların rəsmlərinə tapınmaq, hörmət etmək və əhkami-islamiyyəyi bildirən din kitablarından birini təhqir etmək, islam alimlərindən birini istehza, lağ etmək və küfrə səbəb olan bir söz söyləmək, yazmaq və hörmət edilməsi əmr olunan bir şeyi təhqir və təhqir etmək əmr olunan bir şeyə hörmət etmək küfrdür.
117. Bir sahir (sehrbaz) sehr ilə istədiyini əlbəttə edər, sehr mütləq təsir edər, deyən və inanan kafir olar.
118. Müsəlman, özünə kafir deyənə əfəndim kimi qəbul göstərən cavab verərsə, o da kafir olar.
119. Haram olduğu bilinən müəyyən bir mal ilə məscid tikdirmək, sədəqə vermək və başqa xeyir iş görmək və bunlara qarşılıq savab gözləmək küfrdür.
120. Bir kimsə əlindəki qəti haram olan maldan sədəqə versə, savab gözləsə, alan kasıb haramdan olduğunu bilərək verənə “Allah razı olsun” desə, verən də və ya başqa bir kimsə də “amin” desə, hamısı kafir olar.
121. Nikahı haram olan qadın ilə evlənməyə halal deyən kafir olar.
122. Meyxanalarda (şərab içilən yerlərdə), oyun yerlərində, günah işlənən məclislərdə, radio və ya səsucaldan ilə Qurani-Kərim və mövlud dinləyərək keflənmək küfr olar.
123. Qurani-Kərimi çalğı çalaraq oxumaq küfrdür.
124. Qurani-Kərimin radioda və səsucaldanda söylənən, oxunan tam bənzərinə də hörmətsizlik etmək küfr olar.
125. Allahu təaladan başqasına hər nə məqsəd ilə olursa-olsun Yaradan demək küfrdür.
126. Abdülqadir yerinə, Abdülqoydur, demək, qəsd ilə olar isə küfrdür. Abdülaziz yerinə Abdülüzeyz, Muhamməd yerinə Memo, Həsən yerinə Hasso, İbrahim yerinə İbo, demək də belədir. Bu adları ayaqqabı və başmaqlara yazanların və üzərlərinə basanların imanlarının getməsindən qorxulur.
127. Dəstəmazsız olduğunu bilərək namaz qılmaq və sünnət olan bir işi bəyənməmək küfrdür. Sünnətə əhəmiyyət verməmək küfrdür.
128. Cahillərin Övliyanı yaradan hesab etmələrindən qorxduğumuz üçün türbələri yıxırıq sözü küfrdür.
129. Başqasının, xüsusilə də öz övladının kafir olmasına səbəb olan kafir olar.
130. Zinaya, livataya caiz demək küfrdür.
131. Nass ilə (yəni ayət və hədis ilə) və icma ilə bildirilmiş olan harama əhəmiyyət verməmək küfrdür.
132. Böyük günahlara davam etmək, inad etmək küfrə aparar. Namaza əhəmiyyət verməmək küfrdür.
133. Üzərində yazı, hətta hərf olan kağızı, örtüyü, səccadəni yerə qoymaq (təhqir üçün sərmək və ya istifadə etmək) küfr olar.
134. Allahu təaladan ayrı olaraq bir ölüdən bir şey gözləmək küfr olar.
135. Tez verən baba demək çox çirkin və küfrə səbəb olar.
136. Meyidi torpağa basdırmaq fərz olduğu üçün bu fərzə əhəmiyyət verməyərək xidmətdən qaçanın, elmi, fənni irəli sürərək: ölüləri basdırmaq gericilikdir, buddist, brahman, kommunist kafirləri kimi ölüləri yandırmaq daha yaxşıdır, deyənin imanı gedər, mürtəd olar.
137. Allahu təalanın vəlilərindən (övliyalarından) ölü və ya diri hər hansı birini, dil və ya qəlb ilə inkar etmək küfrdür.
138. Övliyaya və elmi ilə amil olanlara düşmənlik küfrdür.
139. Övliyada ismət sifəti (günah işləməmək) vardır, demək küfrdür. (İsmət sifəti yalnız Peyğəmbərlərdə olur).
140. Batini elmdən nəsibi olmayanın imansız getməsindən qorxulur. Bundan nəsib almanın ən azı bu elmə inanmaqdır.
141. Qurani-Kərimi din alimlərindən heç birinin oxumadığı şəkildə oxumaq, mənanı və kəlmələri pozmasa belə, küfrdür.
142. Keşişlərin ibadətlərinə məxsus şeyi istifadə etmək küfrdür.
143. Hər hansı bir hadisənin öz-özünə olduğuna inanmaq və heyvanların tək hüceyrəlilərdən yüksək quruluşlara doğru, bir-birinə və nəhayət insana döndüyünü söyləmək küfrdür.
144. Namazı bilə-bilə qılmayıb, qəza etməyi düşünməyən, bunun üçün əzab çəkəcəyindən qorxmayan kimsə hənəfi məzhəbində də kafirdir.
145. Kafirlərin ibadətlərini ibadət olaraq etmək, məsələn kilsələrdə çaldıqları orqan kimi çalğıları və zəngləri məscidlərdə çalmaq və islamiyyətin kafirlik əlaməti saydığı şeyləri zərurət və məcburiyyət olmadan istifadə etmək küfr olar.
146. Əshabı-kirama söyənə mülhid deyilir. Mülhid kafir olur.
147. Kafirlərin rəsmlərini yüksəyə asaraq hörmət etmək küfrdür.
148. Rəsmin, heykəlin sahibində və səlibdə (xaçda) və ya ulduz, günəş, inək kimi hər hansı bir şeydə, üluhiyyət (ilahi) sifəti olduğuna inanaraq, məsələn, istədiyini yaradar, hər istədiyini edər, xəstəyə şəfa verər deyərək hörmət etmək küfr olar.
149. Həzrəti Aişəyə qəzf edən (fahişə deyən) və atasının səhabi olduğuna inanmayan kafir olar.
150. İsa əleyhissəlamın göydən enəcəyi də zəruri olaraq bilinir. Buna inanmayan kafir olar.
151. Qurani-Kərimdə və hədis şərifdə Cənnət ilə müjdələnən kimsəyə kafir, demək küfrdür.
152. Əbu Bəkri Sıddıq ilə Ömər-ül-Farukun (radıyallahu təala anhum) xilafətə haqları yox idi, demək küfrdür.
153. Fənnin, təcrübənin xaricində olan, fənn ilə əlaqəsi olmayan ayəti-kərimələri fənn elminə uydurmağa çalışmaq, Sələfi-salehinin təfsirlərini dəyişdirmək böyük günah olar. Belə təfsir və tərcümə edənlər kafir olar.
154. Müsəlman adlanan bir qız həddi-büluğa çatınca müsəlmanlığı bilməzsə, millətsiz (heç bir dinə mənsub olmayan) kafir olar. Kişi üçün də belədir.
155. Müsəlman qadının başı, qolları və ayaqları açıq olaraq küçəyə çıxması, kişilərə göstərməsi haramdır, günahdır. Əhəmiyyət verməzsə, aldırış etməzsə, imanı gedər, kafir olar.
156. Peyğəmbərimizin bildirdiyi fərzlər və haramlar da, Qurani-Kərimdə açıqca bildirilən fərzlər, haramlar kimi qiymətlidir. Bunlara da inanmayan, qəbul etməyən dindən çıxar, kafir olar.
157. Rüku təsbehində “Zı” ilə “azım”, demək: “Rəbbim böyükdür” deməkdir. Əgər incə “Zə” ilə “azim” deyilərsə: “Rəbbim mənim düşmənimdir”, demək olar və namaz pozulur, məna dəyişdiyi üçün küfrə də səbəb olar.
158. Qurani-Kərimi təğənni ilə (mahnı kimi, hərfləri və mənanı pozaraq) oxuyan hafizə, nə gözəl oxudun deyən kimsənin imanı gedər, kafir olar. Dörd məzhəbdə də haram olan bir şeyə gözəl deyən kafir olar. Səsi, sədası, Qurani-Kərim oxuması gözəl, demək istəyən kafir olmaz.
159. Mələklərin və Cinin varlığına inanmayan kafir olar.
160. Qurani-Kərimin ayətlərinə, kəlmələrin açıq, məşhur mənaları verilir. Bu mənaları dəyişdirərək, batinilərə (İsmaililərə) tabe olanlar kafir olar.
161. Sehr edərkən küfrə səbəb olan kəlmə və iş olarsa küfrdür.
162. Müsəlmana, “ey kafir” deyən (və ya, müsəlmana mason deyən, kommunist deyən) onu kafir etiqad edərsə, özü kafir olar.
163. İbadətləri edən kimsə imanının pozulmasında şübhə edər və günahım çoxdur, ibadətlərim məni qurtarmaz, deyə düşünərsə, imanının qüvvətli olduğu anlaşılır. İmanının davam edəcəyindən şübhə edən kafir olar.
164. Peyğəmbərlərin sayını söyləmək, Peyğəmbər olmayanı Peyğəmbər etmək və ya Peyğəmbəri Peyğəmbər qəbul etməmək ola bilər. Bu isə küfrdür. Çünki Peyğəmbərlərdən birini qəbul etməmək, heç birini qəbul etməmək, deməkdir.
Müsəlman olan kişi və ya qadın, alimlərin söz birliyi ilə küfrə səbəb olacağını bildirdikləri bir sözün və ya işin küfrə səbəb olduğunu bilərək, qəsdən (vadar edilmədən, könüllü) ciddi olaraq və ya yumor, güldürmək üçün söyləyər və ya edərsə mənasını düşünməsə belə imanı gedər, mürtəd olar. Buna “Küfri inadi” deyilir. Küfri inadi ilə mürtəd olanın, əvvəlki ibadətlərinin savabları yox olar. Tövbə edərsə, geri gəlməzlər. Zəngindirsə, yenidən həccə getməsi lazımdır. Mürtəd ikən qılmış olduğu namazları, orucları, zəkatları qəza etməz, riddətdən əvvəl etmədiklərini qəza edər. Tövbə etmək üçün yalnız Kəlimeyi-şəhadət söyləmələri kafi deyildir. Küfrə səbəb olan o şeydən də tövbə etmələri lazımdır. (İslamiyyətdən hansı qapıdan çıxmışdısa, o qapıdan girməsi lazımdır). Əgər küfrə səbəb olacağını bilməyib söyləyər, yaxud edərsə və ya küfrə səbəb olması alimlər arasında ixtilaflı olan bir sözü qəsdən söyləyərsə, imanının gedəcəyi, nikahının pozulacağı şübhəlidir. Ehtiyatlı olaraq, təcdidi iman və nikah etməsi yaxşı olar. Bilməyərək söyləməyə “Küfri-cəhli” deyilir. Bilməməsi üzr deyil, böyük günahdır. Çünki hər müsəlmanın bilməsi lazım olan şeyləri öyrənməsi fərzdir. Küfrə səbəb olan sözü, xəta edərək, çaşaraq və ya təvil edərək söyləyənin imanı və nikahı pozulmaz. Yalnız tövbə və istiğfar, yəni təcdidi-iman etməsi yaxşı olar.
Bir kafir bir kəlimeyi-tövhid söyləməklə mömin olduğu kimi, bir mömin də bir söz söyləməklə kafir olar.
Bir müsəlmanın bir sözündə və ya bir işində yüz məna olsa, yəni yüz şey anlaşılsa, bunlardan biri o kimsənin imanlı olduğunu göstərsə, 99-u, kafir olduğunu göstərsə, o kimsənin müsəlman olduğunu söyləmək lazımdır. Yəni küfrü göstərən 99 mənaya baxılmaz. İmanı göstərən bir mənaya baxılır. Bu sözü səhv anlamamalıdır. Bunun üçün iki nöqtəyə diqqət etməlidir. Birincisi, söz və ya iş sahibinin müsəlman olması lazımdır. Bir fransız Qurani-Kərimi tərifləsə, bir ingilis, Allah birdir desə, bunların müsəlman olduğunu söyləmək olmaz. İkincisi, bir sözün və ya bir işin yüz mənası olsa deyilmişdi. Yoxsa, yüz sözdən və ya yüz işdən biri imanı göstərsə, 99-u küfrü bildirsə, bu kimsəyə müsəlman deyiləcəyi bildirilmədi.
– Hər müsəlman sabah və axşam, bu iman duasını oxumalıdır:
“ALLAHÜMMƏ İNNİ ƏUZU BİKƏ MIN ƏN ÜŞRİKƏ BİKƏ ŞEY-ƏN VƏ ƏNƏ ALƏMÜ VƏ ƏSTAĞFİRÜ-KƏ Lİ-MA LA-ALƏMÜ İNNƏKƏ ƏNTƏ ALLAMÜL-QUYUB.”
“ALLAHÜMMƏ İNNİ ÜRİDÜ ƏN ÜCƏDDİDƏL İMANƏ VƏNNİKƏHA TƏCDİDƏN Bİ-QAVLİ LA İLAHƏ İLLALLAHÜ MUHAMMƏDÜN RƏSULULLAH” deyərək də tövbə, təcdidi iman və nikah etməlidir.