Bəsmələylə başlayaq kitaba,
Allah adı ən yaxşı bir pənahdır.
Nemətləri sığmaz ölçü-hesaba,
Çox rəhmkar, əfvi sevən bir Rəbdir!
Allahu təala dünyada bütün insanlara rəhm edir. Möhtac olduqları şeyləri yaradıb, hər kəsə göndərir. Əbədi səadətə qovuşduran yolu göstərir. Nəfslərinə, pis yoldaşlara, zərərli kitablara və xarici radiolara aldanaraq, bu səadət yolundan ayrılanlardan, küfr və zəlalət yoluna düşənlərdən peşman olub, bağışlanmaq istəyənləri hidayətə qovuşdurur. Bunları əbədi fəlakətdən xilas edir. Azğın və zalım olanlara bu nemətini ehsan etmir. Onları bəyəndikləri, istədikləri küfr yolunda qoyur. Axirətdə Cəhənnəmə getməsi lazım gələn möminlərdən dilədiyini ehsan edərək bağışlayacaq, Cənnətə qovuşduracaqdır. Hər canlını yaradan, hər varlığı hər an varlıqda saxlayan, hamısını qorxu və dəhşətdən qoruyan yalnız Odur. Belə bir Allahın şərəfli adına pənah apararaq, yəni Ondan yardım gözləyərək bu kitabı yazmağa başlayırıq.
Allahu təalaya həmd olsun. Onun sevgili Peyğəmbəri Muhamməd əleyhissəlama salam və dua olsun. O uca Peyğəmbərin təmiz Əhli beytinə və adil, sadiq Əshabının hər birinə xeyirli dualar olsun.
Həmd, bütün nemətləri Allahu təalanın yaradıb göndərdiyinə inanmaq və bunu dillə ifadə etməkdir. Şükür, bütün nemətləri islamiyyətə uyğun istifadə etməkdir.
İslam dininin inanclarını, əmrlərini və qadağalarını bildirən minlərlə qiymətli kitab yazılmış, bunların çoxu xarici dillərə tərcümə edilərək hər ölkəyə yayılmışdır. Buna baxmayaraq, yanlış fikirli, dar düşüncəli kəslər və ingilis cəsuslarına aldanmış cahil din adamları və zındıqlar hər zaman islamın faydalı, feyzli və işıqlı əhkamına, yəni əmrlərinə, qadağalarına hücum etmiş, onu ləkələməyə, dəyişdirməyə və müsəlmanları aldatmağa cəhd etmişlər.
İslam alimlərinin hal-hazırda da dünyanın demək olar ki, hər yerində islam etiqadını yaymağa, müdafiə etməyə çalışdıqları çox şükür olsun ki, görülməkdədir. İslamiyyəti Əshabı-kiramdan eşidərək, kitablara yazan doğru yolun alimlərinə “Əhli-sünnət alimləri” deyilir. Əhli-sünnət alimlərinin kitablarını oxumamış və ya anlaya bilməmiş bir neçə nəfərin Qurani-kərimdən və hədisi-şəriflərdən səhv mənalar çıxararaq, yanlış çıxışları və yazıları görülsə də, belə sözlər və yazılar müsəlmanların sağlam imanı qarşısında əriyib getməkdə, sahibinin savadsızlığını göstərməkdən başqa təsiri olmamaqdadır.
Müsəlman olduğunu deyən və ya camaat ilə namaz qılarkən görülən bir kəsin müsəlman olduğu aydın olur. Sonra, onun bir sözündə, yazısında və ya bir hərəkətində Əhli-sünnət alimlərinin bildirdikləri iman bilgilərinə uyğun gəlməyən bir şey görülsə, bunun küfr və ya zəlalət olduğu ona izah edilməlidir. Bundan imtina edib, tövbə etməli olduğu deyilməlidir. Qıt ağlı, yanlış düşüncəsi ilə cavab verib bundan dönməsə, bu adamın yolunu azmış və ya mürtəd olduğu, yaxud ingilis kafirlərinə satılmış olduğu aydın olur. Bu adam namaz qılsa, həccə getsə, hər ibadəti və yaxşılığı etsə də, bu fəlakətdən xilas ola bilməz. Küfrə səbəb olan şeydən dönmədikcə və buna tövbə etmədikcə müsəlman ola bilməz. Hər müsəlman küfrə səbəb olan şeyləri yaxşı öyrənərək, mürtəd olmaqdan qorunmalı, kafir olanları və müsəlman görünən zındıqları və ingilis cəsuslarını yaxşı tanıyıb, zərərlərindən qorunmalıdır.
Qurani-kərimdən və hədisi-şəriflərdən yanlış, zay mənalar çıxarılacağını, beləcə yetmiş iki cür yolunu azmış müsəlman firqənin törəyəcəyini Rəsulullah (sallallahu əleyhi və səlləm) xəbər vermişdir. “Bəriqa” və “Hadiqa” kitabları bu hədisi-şərifi “Buxari” və “Müslim” kitablarından nəql edərək, izah etməkdədir. Böyük islam alimi və din professoru adı altında ortaya çıxan bu yanlış firqələrdəki şəxslərin kitablarına və konfranslarına aldanılmamaq, bu din, iman oğrularının qurduqları pusquya düşməmək üçün çox ayıq olmaq lazımdır. Bu cahil müsəlmanlardan başqa, kommunistlər və masonlar bir yandan, xristian missionerləri və ingilislərə satılmış olan vəhhabilər ilə yəhudi sionistləri də bir yandan, yeni-yeni üsullarla müsəlman övladlarını aldatmağa çalışırlar. Qondarma yazılar, kinolar, tamaşalar və radio, televiziya proqramları ilə islamı və imanı yox etməyə can atırlar. Bu yolda milyardlarla pul xərcləyirlər. İslam alimləri (rahiməhumullahu təala) onların hamısına lazım olan cavabları əvvəlcədən yazmış və Allahu təalanın dinini, hüzur və qurtuluş yolunu bildirmişlər.
Həqiqi alimlərdən böyük islam alimi mövlana Xalidi Bağdadi Osmaninin (quddisə sirruh) “Etiqadnamə” kitabını seçdik. Bu kitab Kəmahlı mərhum Hacı Feyzullah Əfəndi tərəfindən türk dilinə tərcümə edilərək “Fəraidul-fəvaid” adı verilmiş və hicri 1312-ci ildə Misirdə nəşr edilmişdir. Bu tərcüməni sadələşdirərək, “Hər kəsə lazım olan iman” adını verdik. İlk dəfə 1966-cı ildə nəşr olundu. Bizim yazdığımız izahları kitabdan ayırmaq üçün künc mötərizədən [ ] istifadə etdik. Nəşr olunmasını nəsib etdiyi üçün Allahu təalaya sonsuz həmd və şükürlər olsun! Bu tərcümənin farsca olan əsli, İstanbul Universiteti kitabxanasının “İbnul-Əmin Mahmud Kəmal Bəy” hissəsində “Etiqadnamə” adı ilə F. 2639 nömrədə mövcuddur. Türkcə tərcüməsini “Hakikat Kitabevi” “İman və İslam” adı ilə nəşr etmişdir.
“Dürrül-muxtar” kitabının sahibi fəzilətli Əlauddini Həskəfi (rahiməhullahu təala), kafirin nikahı bəhsinin sonunda deyir ki, “Nikahlı müsəlman bir qız həddi büluğa çatdığı zaman müsəlmanlığı bilməsə, nikahı pozular. [Yəni mürtəd olar.] Allahu təalanın sifətlərinin ona bildirilməsi lazımdır. O da, təkrar etməli və bunlara inandım deməlidir”. İbn Abidin bunu izah edərkən deyir ki, “Qız kiçik ikən, anasına və atasına tabe olaraq müsəlmandır. Həddi büluğa çatdıqda ana və atasının dininə tabe olması davam etməz. İslamiyyəti bilmədən büluğ olduqda mürtəd olur. İman ediləcək altı şeyi öyrənib, inanmadıqca və islamiyyətə riayət etməyin lazım olduğuna inanmadıqca, “Kəlimeyi-tövhid” desə, yəni “La ilahə illallah, Muhammədun rəsulullah” desə də, müsəlmanlığı davam etməz. “Aməntu billahi...”də yer alan altı şeyi öyrənib, bunlara inanması və Allahu təalanın əmrlərini və qadağalarını qəbul etdim deməsi lazımdır”. İbn Abidinin bu sözündən aydın olur ki, bir kafir Kəlimeyi-tövhid dedikdə və bunun mənasına qısa şəkildə inandığı anda müsəlman olar. Ancaq, hər müsəlman kimi o da, imkan tapdıqca, “Aməntu billahi və Məlaikətihi və kutubihi və rusulihi vəl yəvmil-axıri və bil qadəri xayrihi və şərrihi minallahi təala vəl-bəasu bəadəlməvti haqqun, əşhədü ən la ilahə illallah və əşhədü ənnə Muhammədən abduhu və rəsuluhu” deyə Aməntunun əsaslarını əzbərləyib, mənasını və islam bilgilərindən özünə lazım olanları yaxşı öyrənməlidir. Bir müsəlman övladı da bu altı şeyi və islam bilgilərini öyrənməzsə və inandığını deməzsə, aqil və büluğ olduğu zaman mürtəd olar. İman etdikdən sonra, “İslam bilgiləri”ni, yəni fərzləri, haramları, dəstamazı, qüslü, namazın qılınma qaydasını və övrət yerini örtməyi vaxt itirmədən soruşub öyrənməsi də fərzdir. Soruşduğu şəxsin öyrətməsi və ya həqiqi din kitabı bildirməsi də fərzdir. Soruşacaq kimsəsi yoxdursa və ya kitabı tapa bilməzsə axtarması fərzdir, axtarmasa kafir olar. Tapana qədər bilməməsi üzr sayılır. Fərzləri vaxtında yerinə yetirməyən və haram iş görən Cəhənnəmdə əzab görəcəkdir. İmanın altı əsası haqqında bu kitabımızda geniş məlumat vardır. Hər müsəlman bu kitabı yaxşı oxumalı, uşaqlarının və bütün tanışlarının oxumaları üçün cəhd göstərməlidir.
Kitabımızda ayəti-kərimələrin mənalarını yazarkən, “Məalən buyuruldu” şəklində yazılmaqdadır. “Məalən”, “təfsir alimlərinin bildirdiklərinə görə” deməkdir. Çünki, ayəti-kərimələrin mənalarını yalnız Rəsulullah (sallallahu əleyhi və səlləm) anlamış və Əshabına bildirmişdir. Təfsir alimləri bu hədisi-şərifləri münafiqlərin və ingilis kafirlərinə satılmış olan zındıqların, yəni məzhəbsiz din adamlarının uydurduqları hədislərdən ayırmış, tapa bilmədikləri hədisi-şəriflər üçün təfsir elminə müraciət edərək, ayəti-kərimələrə özləri məna vermişlər. Ərəbcə bilən, ancaq təfsir elmindən xəbəri olmayan din cahillərinin anladıqlarına “Quran təfsiri” deyilməz. Buna görə də, hədisi-şərifdə, “Qurani-kərimə öz başa düşdüyünə görə məna verən kafir olar” buyurulmuşdur.
Allahu təala hamımızı Əhli-sünnət alimlərinin bildirdiyi doğru yolda tutsun! İslam cahillərinin və böyük islam alimi kimi adlar daşıyan məzhəbsizlərin, münafiqlərin qulağa xoş gələn, hiyləli yalanlarına aldanmaqdan qorusun! Amin.
Hakikat Kitabevinin nəşr etdiyi bütün kitablar hər dildə internet vasitəsi ilə bütün dünyaya yayılmaqdadır.