İNDİ İMANI OLDUĞU HALDA, GƏLƏCƏKDƏ İMANIN
GETMƏSİNƏ SƏBƏB OLAN ŞEYLƏR QIRX QƏDƏRDİR:
1. Bidət sahibi olmaq. Yəni etiqadı səhv olmaq. [Əhli sünnət alimlərinin bildirdiyi doğru etiqaddan çox az da olsa ayrılan, yolunu azmış müsəlman və ya kafir olar. İnanması zəruri olan şeyə inanmazsa, o an kafir olur. İnanması zəruri olmayan şeyi inkar etmək “Bidət” və ya “Dəlalət”dir. Son nəfəsdə imansız getməyə səbəb olur.]
2. Zəif iman, yəni əməlsiz iman.
3. Doqquz əzasını doğru yoldan çıxarmaq.
4. Böyük günah işləməyə davam etmək.. [Bunun üçün, içki içməməli, müsəlman xanımlar və qızlar başı, saçı, baldır və biləklərini naməhrəm kişilərə göstərməməlidirlər.]
5. Neməti-islama şükür etməmək.
6. Axirətə imansız getməkdən qorxmamaq.
7. Zülm etmək.
8. Sünnət üzrə oxunan azanı-Muhammədiyə qulaq asmamaq. [Bu cür oxunan azana qiymət verməzsə, o an kafir olar.]
9. Ana-ataya asi olmaq. Onların islamiyyətə uyğun olan, mübah olan əmrlərini sərt sözlə rədd etmək.
10. Doğru olsa belə, çox and içmək.
11. Namazda, rükuda, qövmədə, yəni rükudan qalxdıqdan sonra ayaqda durarkən, iki səcdədə və səcdə arası oturuşda tadili-ərkana əməl etməmək. Tadili-ərkan, tumaninət ilə, yəni heç hərəkət etmədən sübhanallah deyəcək qədər durmaqdır.
12. Namazı əhəmiyyətsiz sayıb, öyrənməyə və övladlarına öyrətməyə dəyər verməmək və namaz qılanlara mane olmaq.
13. Şərab və çoxu sərxoş edən hər içkini az da olsa içmək. [Pivə içmək də haramdır.]
14. Möminlərə əziyyət vermək.
15. Yalan yerə övliya kimi görünüb, din bilgiləri satmaq. Əhli sünnət bilgilərini öyrənməyib, özünü din adamı, xətib olaraq tanıtmaq. [Belə yalançıların yazdıqları uydurma din kitablarını oxumaq, nitqlərini və xütbələrini dinləmək olmaz.]
16. Günahını unutmaq, ona əhəmiyyət verməmək.
17. Kibirli olmaq, yəni özünü bəyənmək.
18. Ucb - özündən razılıq, yəni elmim və əməlim çoxdur, demək.
19. Münafiqlik, ikiüzlülük.
20. Həsəd etmək, din qardaşını gözü götürməmək.
21. Hökumətin və ustadının islamiyyətə müxalif olmayan sözünə əməl etməmək. Müxalif olan əmrlərinə qarşı çıxmaq.
22. Bir şəxsi sınaqdan keçirmədən, ona yaxşı demək.
23. Yalanda israr etmək.
24. Din alimlərindən qaçmaq. [Əhli sünnət alimlərinin kitablarını oxumamaq.]
25. Bığlarını sünnət miqdarından artıq uzatmaq.
26. Kişilərin ipək geyinməsi. Süni ipək və arğacı ipək, ərişi pambıq olan parça caizdir.
27. Qeybət etməkdə israr etmək.
28. Kafir də olsa, qonşusuna əziyyət vermək.
29. Dünya işləri üçün çox qəzəblənmək.
30. Riba, faiz almaq və vermək.
31. Öyünmək üçün paltarının qollarını və ətəklərini çox uzatmaq.
32. Sehirbazlıq, cadu etmək.
33. Müsəlman və saleh olan məhrəm qohumlarını ziyarət etməmək.
34. Allahın sevdiyi bir insanı sevməmək və islamiyyəti yıxmaq üçün çalışanları sevmək.
35. Mömin qardaşına üç gündən artıq kin tutmaq.
36. Zinaya davam etmək.
37. Livata edib, tövbə etməmək. Livata, zəkəri başqasının dübürünə, yəni arxa ədəb yerinə daxil etməkdir. Kişilərin cinsi orqanlarına zəkər, qadınların cinsi orqanlarına fərc deyilir.
38. Azanı fiqh kitablarının bildirdikləri vaxtlarda, sünnətə uyğun oxumamaq və sünnətə uyğun oxunan azanı eşitdikdə, hörmət etməmək.
39. Münkəri, yəni haram işləyəni görüb, gücü yetdiyi halda şirin dil ilə mane olmamaq.
40. Xanımın, qızının və nəsihət vermək haqqına sahib olduğu qadınların başı, qolları, ayaqları açıq, bəzəkli, ətirli çölə çıxmasına və pis insanlarla görüşməsinə razı olmaq.
Peyğəmbərlərin Allahu əzimüşşandan gətirdiyi şeyləri dil ilə qəbul və qəlb ilə təsdiq etməyə “İman” deyilir. Muhamməd əleyhissəlama iman etməyə və bildirdiklərinə əməl etməyə “İslamiyyət” deyilir.
Din və Millət, ikisi birdir. Peyğəmbərlərin Allahu əzimüşşandan etiqada, yəni inanmağa aid gətirdiyi şeylərə din və millət deyilir.
Peyğəmbərimizin (sallallahu təala əleyhi və səlləm) Haqq təaladan əmələ, işə aid gətirdiyi şeylərə “İslamiyyət” və ya “Əhkami islamiyyə” deyilir.
İmanı icmali, yəni qısaca inanmaq kafidir. Təfsil etmək, yəni imanı ətraflı bilmək mütləq deyildir. Müqəllidin, (inanılması lazım olan şeyləri araşdırmadan, anasından, atasından eşidərək iman edənin), yəni başa düşmədən inananın imanı səhihdir. Lakin bəzi yerlərdə təfsil də lazımdır.
İman üç cürdür: İmanı təqlidi, İmanı istidlali, İmanı həqiqi.
İmanı təqlidi - fərzi, vacibi, sünnəti, müstəhəbi bilməz, ata-anasından eşitdiyi kimi inanar və gördüyü kimi ibadət edər. Bu kimi insanların imanından qorxulur.
İmanı istidlali, fərzi, vacibi, sünnəti, müstəhəbi və haramı bilir, islamiyyətə uyur. İnanılacaq şeyləri həm bilir, həm bildirir. Ustaddan, elmihal kitabından öyrənmiş, bunun kimi insanların imanı qüvvətlidir.
İmanı həqiqi. Cümlə aləm bir yerə gəlsə, Rəbbi inkar etsələr, o etməz. Və qəlbinə əsla şəkk-şübhə gəlməz. Onun imanı ənbiya (Peyğəmbərlər) imanı kimidir. Belə iman digər iki imandan daha üstündür.
İslamiyyət əhkamı əmələ aiddir. İmana aid deyildir. Yalnız iman ilə Cənnətə girmək olar. Lakin yalnız əməl ilə Cənnətə girmək olmaz. Əməlsiz iman məqbuldur. Amma imansız əməl məqbul deyildir. İmanı olmayanların etdikləri ibadətlər, xeyirli işlər, sədəqələr qiyamətdə heç bir işə yaramaz. İman başqasına hədiyyə verilə bilməz, amma əməlin savabı verilər. İman vəsiyyət edilməz. Amma özü üçün müəyyən əməllərin edilməsi vəsiyyət edilər. Əməli tərk edən kafir olmaz, lakin imanı tərk edən və əmələ qiymət verməyən kafir olar. Üzrlü səbəbi olandan, aciz olandan əməl əfv olunur. İman heç kimdən əfv olunmur.
Cəmi Nəbilərin ümmətlərinə bildirdikləri iman birdir. Ancaq əhkamlarında, dinlərində, əməllərində ixtilaf, fərq vardır.
İman iki növdür: İmanı hılki, İmanı kəsbi.
İmanı hılki, əhdi misaq vaxtında qulların “BƏLİ” deməsidir. (Allahu təala, Adəm əleyhissəlamı yaradarkən, qiyamətə qədər bütün nəslini zərrələr halında onun belindən çıxarıb, “Mən sizin Rəbbiniz deyiləmmi?”, buyurduğunda, onlar: “Bəli! Sən Rəbbimizsən!”, deyə söz verdilər. Buna Əhdi-misaq deyilir.)
İmanı kəsbi, həddi-buluğa çatdıqdan sonra edilən imandır. Bütün möminlərin imanı birdir, əməlləri bir deyildir.
İman, fərzi daimdir (həmişə fərzdir). Əməl isə, vaxtı gəldikdə fərz olur. İman, kafirə və müsəlmana fərzdir, əməlsə, yalnız müsəlmana fərzdir.
Bundan başqa, iman səkkiz növdür:
İmanı mətbu- mələklərin imanıdır.
İmanı məsum- Nəbilərin imanıdır.
İmanı məqbul- möminlərin imanıdır.
İmanı məvkuf- əhli bidətin yanlış imanıdır.
İmanı mərdud- münafiqlərin göstərdikləri yalan imandır.
İmanı təqlidi- ata-anasından eşidib, ustaddan öyrənməmiş şəxsin imanıdır. Bunun kimi insanların imanından qorxulur.
İmanı istidlali- Mövlayi-mütəalı, yəni Allahu təalanı dəlil ilə anlayaraq biləndir. Onun imanı qüvvətlidir.
İmanı həqiqi- hər kəs Rəbbini inkar etsə, o inkar etməz və qəlbinə əsla şübhə gəlməz. Bunun hamısından üstün olduğunu yuxarıda bildirmişdik.
İmanın hökmü üçdür. İmanı olanın:
1-Boynu qılıncdan qurtular;
2-Malı cizyədən və xəracdan1 qurtular;
3-Cəsədi Cəhənnəmdə davamlı olaraq yanmaqdan qurtular.
“Aməntü billahi...”, buna sıfatı iman və mumənun bih və zatı iman, əsli iman da deyilir. Bu, onun böyüklüyünə və şərəfinə görədir.
İman etmənin lazım olduğu vaxt ikidir: ağıllı olmaq və həddi-buluğa çatmaq.
İmanın səbəbi ikidir: Aləmin yaradılması və Qurani əzimüşşanın enməsi.
Dəlil ikidir: dəlili ağıl, yəni ağla, təcrübəyə əsaslanan dəlillər və dəlili nəql, yəni dini dəlillər.
İmanın rüknü, yəni əsası ikidir: ikrarün bil-lisan, yəni dil ilə qəbul etmək və tasdiqun bil-cenan, yəni qəlblə təsdiq etmək. Bunların da iki şərti var, belə ki, qəlbdə şəkk olmamalı, dil isə nə söylədiyini bilməlidir.
İman məxluqdurmu? Allahu əzimüşşanın hidayəti olması baxımından, qeyri məxluqdur. Amma qulun təsdiq və qəbul etməsi baxımından məxluqdur.
İman cəmi, yəni bir bütündürmü, yoxsa, təfriq, yəni dağınıqdırmı? Qəlbdə cəmdir, əzada dağınıqdır.
Yəqin, Allahu əzimüşşanın zatını kəmalı ilə bilməkdir.
Havf, Allahu əzimüşşandan qorxmaqdır.
Rəca, Allahu əzimüşşanın rəhmətindən ümidini kəsməməkdir.
Muhabbətullah, Allahı və Rəsulunu (sallallahu təala əleyhi və səlləm), dini islamı və möminləri sevməkdir.
Həya, Allahdan və Rəsulundan (sallallahu təala əleyhi və səlləm) utanmaqdır.
Təvəkkül, bütün işlərini Allahu təalaya tapşırmaqdır. Bir işə başlarkən, Ona güvənməkdir.
İman, islam və ihsan nə deməkdir?
İman, Muhamməd əleyhissəlamın bildirdiklərinə inanmağa deyilir.
İslam, Allahu əzimüşşanın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməyə deyilir.
İhsan, Allahu əzimüşşanı görürmüş kimi ibadət etməyə deyilir.
İman, hərfi mənada mütləq təsdiq etməyə, islamiyyətdə isə altı şeyi təsdiq edib inanmağa deyilir.
Mərifət, Allahu əzimüşşanı kəmal xüsusiyyətləri ilə vəsf etmək və nöqsan sifətlərdən təmiz bilməkdir.
Təvhid, Allahu əzimüşşanın birliyini qəbul etmək və Ona heç kimi şərik qoşmamaqdır.
İslamiyyət (Əhkami islamiyyə), Allahu əzimüşşanın əmrləri və qadağaları deməkdir.
Din və millət, inanılması lazım olan şeylərdə ölənə qədər səbat etməkdir.
İman beş qalanın içində qorunur:
1-Yəqin;
2-İxlas.
3- Fərzləri yerinə yetirmək və haramlardan çəkinmək;
4- Sünnətə sarılmaq;
5- Ədəbə riayət etmək.
Hər kim bu beş şeyi qorusa, imanını qorumuş olar. Bunlardan hətta birini tərk etsə, düşmən qalib olar. İmanın düşməni dörddür: sağda pis dost, solda nəfsin həvəsi (istəkləri), öndə dünyaya düşgün olmaq və arxada şeytan. Bu dörd şey insanın imanını almağa çalışır. Pis dost, təkcə insanın malını, pulunu, dünyasını almağa çalışanlar deyil. Dostların ən pisi, ən zərərlisi, insanın dinini, imanını, ədəbini, həyasını, əxlaqını pozmağa çalışanlar, bu yolla dünyasına və axirətinə, əbədi səadətinə hücum edənlərdir. İmanımızı Allahu təala bu düşmənlərin şərindən və islam düşmənlərinin aldatmasından qorusun!
“Kəlmeyi tövhid”in, yəni La ilahə illallah kəliməsinin mənası, ibadətə layiq olan Allahu əzimüşşandan başqa bir zat yoxdur. Ancaq Allahu əzimüşşandır. O, həmişə vardır və birdir. Şəriki (ortağı) və bənzəri yoxdur. Zamansız və məkansızdır.
“Muhammədün rasulüllah”ın mənası, həzrəti Muhamməd Mustafa (sallallahu təala əleyhi və səlləm) Allahu əzimüşşanın qulu və haqq rəsuludur. Biz Onun ümmətiyik, əlhamdulilləh.
Kəlmeyi tövhidin səkkiz adı var:
1. Kəlmeyi şəhadət.
2. Kəlmeyi tövhid.
3. Kəlmeyi ixlas.
4. Kəlmeyi təqva.
5. Kəlmeyi tayyibə.
6. Davətül haqq.
7. Urvətülvüsqa.
8. Kəlmeyi səmərət-ül-Cənnət.
İxlasın şərti, niyyət etmək və mənasını bilmək, təzim ilə oxumaqdır.
Zikr edən şəxsin dörd şeyə ehtiyacı vardır: təsdiq, təzim, həlavət, hörmət.
Təsdiqi tərk edən, münafiqdir. Təzimi tərk edən, bidət sahibidir. Həlavəti tərk edən riyakardır, göstəriş edər. Hörməti tərk edən, fasiqdir (günahkar). Əgər inkar edərsə, kafir olar.
Zikr üç növdür:
1. Zikri-avam. Bu cahillərin zikridir.
2. Zikri-havas. Bu alimlərin zikridir.
3. Zikri-əhas. Bu ənbiya zikridir.
Zikr edən əzalar üçdür:
1. Dil ilə zikr. Yəni, kəlimeyi-şəhadət söyləmək.
2. Təvhid, təsbih və Qurani-kərim oxumaq.
3. Qəlb ilə zikr.
Qəlbin zikri üç növdür:
1. Allahu əzimüşşanın xüsusiyyətlərinə dəlalət edən dəlilləri, əlamətləri düşünmək, zikr etmək.
2. Əhkami islamiyyənin dəlillərini düşünmək.
3. Məxluqların sirrini düşünmək.
Təfsir alimləri Bəqərə surəsinin 152-ci ayəti-kəriməsini təfsir edərək deyirlər: Allahu əzimüşşan buyurur: “Qullarım! Siz məni itaətlə zikr etsəniz, mən də sizi rəhmətlə zikr edərəm. Və əgər siz məni dua ilə zikr etsəniz, mən də sizi icabətlə zikr edərəm. Və əgər siz məni itaət ilə zikr etsəniz, mən də sizi naimim [Cənnətim] ilə zikr edərəm. Və əgər siz məni tənhalarda zikr etsəniz, mən də sizi cəmiyyəti kübrada [məhşərdə] zikr edərəm. Və əgər siz məni yoxluqda zikr etsəniz, mən də sizi yardımımla zikr edərəm. Və əgər siz məni icabətlə zikr etsəniz, mən də sizi hidayətlə zikr edərəm. Və əgər siz məni sidq və ixlas ilə zikr etsəniz, mən də sizi xilas və nicat [qurtulmaq] ilə zikr edərəm. Və əgər siz məni fatihəi-şərifə ilə və fatihəi-şərifənin içindəki rübubiyyət2 ilə zikr etsəniz, mən də sizi rəhmətimlə zikr edərəm.”
Zikr etməyin yüzə qədər faydası olduğunu alimlər bildirmişdir. Bunların bəzisini qeyd edək:
Zikr edəndən Allahu əzimüşşan razı olur. Mələklər razı olar. Şeytan qəmlənər. Qəlbi yumşaq olar. İbadətə səy göstərər. Qəlbindən qəm yox olar. Qəlbi genişlənər. Üzü nurlu olar. Şücaət, cəsurluq sahibi olar. Allah sevgisinə nail olar. Ona mərifətullahdan bir qapı açılar. Övliyadan feyz alar. Səksənə qədər gözəl əxlaqı cəm etmiş olar.
“Əşhədü ənnə Muhammədən abdühü və Rasulüh” kəlməsinin məna şərifi odur ki, axır zaman Peyğəmbəri Muhamməd Mustafa (sallallahu təala əleyhi və səlləm) həzrətləri Allahu əzimüşşanın həm qulu, həm Rəsuludur.
Peyğəmbər yeyərdi, içərdi. Xanımlarla nikah bağlardı. Oğulları və qızları olmuşdur. Hamısı həzrəti Xədicədən (radıyallahu anhə) olmuşdur. Yalnız İbrahim, Mariya adlı cariyədən olmuşdur. Süddən kəsilmədən vəfat etmişdir. Fatimədən (radıyallahu anhə) başqa digər bütün övladları özündən əvvəl vəfat etmişdir. Onu həzrəti Əli (kərrəmallahü vəchəh) ilə evləndirmişdir. Həzrəti Həsən və həzrəti Hüseyn, həzrəti Əlinin və həzrəti Fatimənin (radıyallahu anhum) uşaqlarıdır. Bütün qızlarının içində həzrəti Fatimə daha fəzilətlidir. Və Rəsulullah (sallallahu təala əleyhi və səlləm) həzrətlərinin sevimlisidir.
Rəsuli əkrəmin (sallallahu təala əleyhi və səlləm) on bir xanımı vardı: həzrəti Xədicə, Səvdə, Aişə, Hafsa, Ümmi Sələmə, Ümmi Habibə, Zeynəb binti Cahş, Zeynəb binti Huzeymə, Məymunə, Cüveyriyyə, Safiyyə “radıyallahu anhünnə”.
İnsana və cinlərə, haqqı və batili, haram və halalı, dünyanın fani və axirətin əbədi olduğunu, dinin elmihalını təlim etmək üçün gəlmiş haqq Peyğəmbərdir (sallallahu təala əleyhi və səlləm).
“ƏDİLLƏİ-ŞƏRİYYƏ” dörddür: Kitab, Sünnət, İcmai ümmət, Qiyasi müctəhid. Alimlər din bilgilərini bu dörd mənbədən almışdır. Kitab, Allahu əzimüşşanın kəlamına deyilir. Sünnət, qavli Rəsul, yəni Peyğəmbərin sözü, feli Rəsul, yəni Peyğəmbərin əməli, təqriri Rəsul, yəni Peyğəmbərin gördüyü və etiraz etməyib susaraq təsdiq etdikləridir. İcmai-ümmət, bir əsrdə yaşamış müctəhidlərin, məsələn Əshabı-kiramın (radıyallahu təala anhum) və ya dörd məzhəbin bir mövzuda söz birliyi ilə razılaşmasıdır. Qiyas, müctəhidlərin bir şeyi başqa bir şeyə bənzətməsinə deyilir.
Məzhəb hərfi mənada yol deməkdir. Bizim iki yolumuz vardır: biri etiqad yolu, digəri əməl (iş) yolu.
Etiqad yolunda imamımız, yəni bələdçimiz Əbu Mənsur Matürididir (rahiməhullahu təala). Onun yoluna “Əhli sünnət” deyilir. Əməl yolunda bələdçimiz imam azam Əbu Hənifədir (rahiməhullahu təala). Onun yoluna “Hənəfi məzhəbi” deyilir.
Əbu Mansur Matüridinin adı Muhamməd, atasının adı Muhamməd, babasının adı Muhamməd və müəlliminin adı Əbu Nasri İyadidir (rahiməhumullahu təala).
Əbu Nasri İyadinin müəllimi Əbu Bəkri Cürcani, onun müəllimi Əbu Süleyman Cürcani, onun da müəllimi Əbu Yusif və imam Muhamməd Şeybanidir. Bu ikisinin müəllimi imam azam Əbu Hənifədir (rahiməhullahu təala). Göründüyü kimi həm etiqadda məzhəbimizin, həm də əməldə məzhəbimizin başı İmam azamdır.
Bütün insanların üç imamı vardır ki, bunları bilmək fərzdir. Əmrləri və qadağaları verən imamımız Qurani əzimüşşandır. Bunları, yəni islamiyyəti bildirən imamımız Rəsulullah (sallallahu əleyhi və səlləm) həzrətləridir. Bunları zor gücü ilə etdirən imamımız, Rəsulullahı təmsil edən müsəlman dövlət rəisidir.
İmamı Azamın müəllimi Hammad, Hammadın müəllimi İbrahim Nəhai, onun müəllimi Əlkamə ibn Qeys və dayısıdır. Onun da müəllimi Abdullah ibn Məsuddur (rahiməhumullahu təala). O isə Rəsulullahdan (sallallahu əleyhi və səlləm) öyrənmişdir.
Rəsulullah əleyhissəlam Cəbrail əleyhissəlamdan bilgi almışdır. Cəbrail əleyhissəlama Allahu sübhanəhü və təala həzrətləri əmr etmişdir.
Allahu əzimüşşan Adəm oğluna dörd cövhər vermişdir: Ağıl, İman, Həya və Fel, yəni əməli saleh.
Duaların və hər hansı bir əməlin qəbul olunmasının şərti və səbəbi beşdir: İman, Elm, Niyyət, Hülus, yəni ixlas və Qul haqqının olmaması. İlk öncə Əhli sünnət etiqadında olmaq, sonra ediləcək ibadətin doğru olmasının şərtlərini bilmək lazımdır.
[Bir əməlin, ibadətin səhih olması başqadır, qəbul olması başqadır. İbadətlərin səhih olması üçün özlərinə məxsus şərtləri, fərzləri vardır. Bunlardan biri nöqsan olarsa, o ibadət səhih olmaz. O ibadət yerinə yetirilməmiş olur. Cəzasından, əzabından qurtulmaq olmur. Səhih olan, lakin qəbul olmayan ibadət üçün əzab verilməsə də, o ibadətin savabına qovuşmaq olmur. İbadətin qəbul olması üçün öncə səhih olması, sonra yuxarıda qeyd olunan beş şərtin olması lazımdır. Qul haqqı da bu şərtlərə daxildir]. İmam Rabbani (rahimə-hüllahü təala) ikinci cildin 87-ci məktubunda deyir ki: “Bir şəxs, Peyğəmbərin əməli kimi əməl etsə, lakin üzərində çox az da olsa qul borcu olsa, onu ödəmədikcə Cənnətə girə bilməz”. [Duaları da qəbul olmaz.]
İbn Hacəri Məkki (rahiməhullahu təala) “Zəvacir” kitabında 187-ci günahı izah edərkən deyir ki: Bəqərə surəsinin 188-ci ayəsində mealən “Ey möminlər! Bir-birinizin mallarını batil yoldan yeməyin!” buyruldu. Batil yol, faiz, qumar, qəsb, oğurluq, hiylə, xəyanət, yalançı şahidlik, yalandan and içərək aldatmaqdır. Hədisi-şəriflərdə: “Halal yeyən, fərzlərə əməl edib haramlardan çəkinən və insanlara zərər verməyən bir müsəlman Cənnətə gedəcəkdir”, “Haram ilə bəslənən bədən atəşdə yanar”, “Şərindən, zərərindən əmin olunmayan kimsənin dini, namazları, zəkatları ona fayda verməz”, “Üzərindəki cilbabı haramdan gəlmiş olan adamın namazları qəbul olmaz” buyruldu. [Cilbab, qadınların geniş baş örtüyü deməkdir. Kişilərin uzun köynəklərinə də deyilir. Cilbab, qadınların iki parçadan geydikləri çarşab deməkdir deyənlərə görə, hədisi-şərifdə kişilərin də bu çarşabı geydikləri bildirilmiş olur. Bu cür söyləməyin doğru olmadığı, cahilcə və gülünc bir inanış olduğu meydandadır]. 200-cü günahdakı hədisi-şərifdə: “Hiyləylə mal satan bizdən deyildir. Gedəcəyi yer Cəhənnəmdir” buyruldu. İki yüz onuncu günahdakı hədisdə: “Çox namaz qılan, oruc tutan, sədəqə verən, lakin dili ilə qonşularını incidənin gedəcəyi yer Cəhənnəmdir” buyruldu. Kafir olan qonşusunu da incitməmək, ona da yaxşılıq etmək lazımdır. Üç yüz on üçüncü günahdakı hədisdə: “Sülh zamanı bir kafiri haqsız öldürən Cənnətə girməyəcəkdir”, “İki müsəlman dünya mənfəətləri üçün döyüşəndə, ölən də, öldürən də Cəhənnəmə gedəcəkdir” və üç yüz on yeddinci günahdakı hədisdə: “İnsanlara zülm edən, Qiyamətdə bunun əzabını çəkəcəkdir” buyruldu. Qeyri müsəlmanlara zülm etmək də belədir. Üç yüz əllinci günahdakı hədisdə: “Üç kimsənin duası şübhəsiz qəbul olar: məzlumun, müsafirin və ata-ananın”, “Kafir olsa da, məzlumun bəd duası rədd edilməz”. Dörd yüz ikinci günahdakı hədisdə: “Kafir olan yoldaşını öldürən də bizdən deyildir”, dörd yüz doqquzuncu günahdakı hədisdə: “Günahlar içində əzabı ən tez veriləcək olan, hökumətinə üsyan etməkdir” buyruldu. “Zəvacir”dən tərcümə tamam oldu.
Ey müsəlman! Allahın rızasına qovuşmağı və əməllərinin qəbul olmasını istəyirsənsə, yuxarıda bildirilən Hədisi-şərifləri qəlbinə yaz! İstər müsəlman olsun, istərsə də kafir olsun, heç kəsin malına, canına, namusuna təcavüz etmə! Heç kəsi incitmə! Hər kəsin haqqını ödə! Kişinin boşadığı qadına mehr pulunu ödəməsi də qul haqqıdır. Ödəməzsə, dünyada və axirətdə cəzası çox şiddətli olar. Qul haqqının ən mühümü və əzabı ən çox olanı, əqrabasına və əmri altında olanlara din bilgisi öyrətməyi tərk etməkdir. Onların və bütün insanların din bilgisi öyrənmələrinə və ibadətlərini yerinə yetirmələrinə işgəncə edərək və ya aldadaraq mane olanın kafir olduğu, islam düşməni olduğu anlaşılır. Bidət sahiblərinin, məzhəbsizlərin sözləri, yazıları ilə Əhli sünnət bilgilərini dəyişdirməsi, dini, imanı pozması da belədir. Hökumətə, qanunlara qarşı çıxma! Vergilərini ödə! Hökumət zalım, günahkar olsa belə, hökumətə üsyan etmənin günah olduğu “Bəriqa”da yazılmışdır. Dar-ül-hərbdə, yəni kafir ölkələrində də qanunlara, əmrlərə qarşı çıxma! Fitnə çıxarma! İslama təcavüz edənlərlə, bidət sahibləri ilə və məzhəbsizlərlə dostluq etmə! Onların kitablarını, qəzetlərini oxuma! Radiolarını, televizorlarını evinə salma! Sözünü dinləyənlərə “Əmri maruf” et! Yəni gülər üzlə, şirin dil ilə nəsihət et! Heç kimlə münaqişə etmə! Gözəl əxlaqın ilə islam dininin şanını, şərəfini hər kəsə göstər!
İbn Abidin (rahiməhullahu təala) birinci cilddə deyir ki, “Sev’əteyn (yəni ön və arxa ədəb yeri) dörd məzhəbdə də qəliz övrətdir. Bunları örtmək, söz birliyi ilə fərzdir. Örtməyə əhəmiyyət verməyən kafir olur. Dizi açıq olan kişiyə, onu örtməsi üçün əmri-maruf edilir. Yəni xoş sözlə nəsihət edilir. İnad edərsə, susmaq lazımdır. Bud hissəsi açıq olan inad edərsə, sərt söyləmək lazımdır. Sev’əteyni açıq olan inad edərsə, hakimə söyləyərək, zor gücü ilə [döyərək, həbs edərək] örtdürülür. Başqa kişinin övrət yerinə baxmağın günahı da bu sıra ilə artar”. Qadınların əllərindən və üzlərindən başqa bütün vücudlarını, ayaqlarını, qollarını, saçlarını yad kişilərə və kafir qadınlara göstərməmələri dörd məzhəbdə də fərzdir. Şafidə üzlərini də göstərməmələri fərzdir. Özləri, ataları və ya ərləri buna əhəmiyyət verməzsə, kafir olarlar. Oğlanların baldırları, ayaqları, qızlarınsa, başları, qolları açıq oyun oynamaları və bunları seyr etmək böyük günahdır. Müsəlman sərbəst vaxtlarını oyun ilə, faydasız şeylərlə hədər etməməli, elm öyrənməklə, namaz qılmaqla qiymətləndirməlidir. “Kimyai-səadət”də deyilir ki, “Qadınların, qızların başı, saçı, qolları, ayaqları açıq çölə çıxmaları haram olduğu kimi, incə, bəzəkli, dar, xoş ətirli paltarla örtülü çıxmaları da haramdır. Bu cür çıxmalarına izn verən, razı olan, bəyənən anası, atası, əri və qardaşı da onun günahına və əzabına ortaq olurlar”. Yəni Cəhənnəmdə birlikdə yanacaqlar. Əgər tövbə edərlərsə, əfv olunar, yanmazlar. Allah (cəllə cəlaluhu) tövbə edənləri sevər. Qadınların örtünməsi Hakikat Kitabevinin nəşr etdiyi «Faydalı Bilgilər» kitabının 284-cü səhifəsində ətraflı yazılmışdır.