Hənəfi məzhəbində təyəmmüm vaxt girmədən də səhih olur. Digər üç məzhəbdə olmaz. Dəstəmaz almaq üçün lazım olan təyəmmüm ilə qüsl almaq üçün lazım olan təyəmmüm eynidir. Yalnız niyyətləri fərqlənir. Buna görə də bu iki təyəmmümdən biri digərinin yerinə işlənə bilməz. Təyəmmümün fərzi üçdür:
1. Niyyət etmək- bu şərtdir.
2. Əlləri pak torpağa vurub, üzə sürtərək məsh etmək.
3. Əlləri bir daha torpağa vurub, öncə sol əl ilə sağ qolun və sonra sağ əl ilə sol qolun hər tərəfini məsh etmək. Bunlar (2-ci və 3-cü) isə rükndür.
Təyəmmümün fərz olduğuna sübut, Nisa surəsinin 43-cü və Maidə surəsinin 6-cı ayələridir. Malikidə və şafidə təyəmmüm namaz vaxtından əvvəl caiz deyildir və bir təyəmmüm ilə birdən artıq fərz qılına bilməz.
Altı şeylə təyəmmüm etmək caiz deyildir. Yalnız bu şeylərin üstündə torpaq tozu olarsa, caizdir. O şeylər bunlardır: dəmir, tunc, qalay, mis, gümüş, qızıl və bütün metallar. İstidən əriyən bu metallardan, istidə yumşalan şüşədən və üzəri şirlənmiş farfordan başqa, hər şeylə təyəmmüm etmək caizdir. Lakin torpaq cinsindən olması şərtdir.
Bir torpaq sidiyə batmış, sonra qurumuşdursa, orada namaz qılmaq olar. Lakin o yerdən təyəmmüm etmək olmaz.
Təyəmmüm edə bilmək üçün suyu axtarmaq, axtarıb tapa bilməmək, bir müsəlman və adil şəxsdən soruşmaq və o şəxsin saleh biri olması şərtdir.
Təyəmmümün şərtləri beşdir:
1. Niyyət etmək.
2. Məsh etmək.
3. Təyəmmüm edilən şeyin torpaq cinsindən olması. Torpaq cinsindən olmazsa, üzərində torpaq tozu olması lazımdır.
4. İstifadə etdiyi torpaq cinsindən olan şeyin və ya tozun pak olması.
5. Sudan istifadə etmək üçün həqiqətən və ya hökmən qüvvətin, gücün olmaması. [Xəstəlikdən sonra qollardakı və ayaqlardakı halsızlıq da üzrlü səbəbdir. Yaşlı adamlardakı halsızlıq da bura aiddir. Bunlar namazlarını oturaraq qılar.]
Təyəmmümün sünnəti yeddidir:
1. Bəsmələ demək.
2. Əlləri pak torpağa vurmaq.
3. Əlləri torpağın olduğu şeyin üzərində bir dəfə irəli və geri çəkmək.
4. Barmaqları açmaq.
5. İki əli bir-birinə vuraraq silkələmək.
6. İlk olaraq üzü məsh etmək.
7. Qolların dirsəklərlə bərabər hər yerini məsh etmək.
Su axtarmağın dörd şərti var:
1. Yaşadığı məkan abad olarsa.
2. Suyun olduğu barədə xəbər verilsə.
3. Suyun olduğuna daha çox ehtimal olarsa.
4. Qorxulu, təhlükəli məkan deyilsə.
Bir şəxs su tapsa, lakin suyun tapıldığı yer bir mildən uzaqdadırsa, təyəmmüm caizdir. Bir mildən azdırsa və namaz vaxtı keçməyəcəksə, təyəmmüm etmək caiz deyil. [Bir mil, dörd min arşın, yəni Hənəfi məzhəbinə görə 0,48 x 4000 = 1920 metr yoldur.]
Bir şəxs, su axtarsa və tapmadıqda təyəmmüm edib namazı qıldıqdan sonra suyu görsə, namazını iadə edərmi? Bu ixtilaflıdır. Doğru olan, qıldığı namazını iadə etməz.
Bir şəxs islansa, amma dəstəmaz almağa su tapmasa, təyəmmüm etməyə də yer tapmasa, bir az palçığı qurudub, onunla təyəmmüm edər. Bir neçə şəxs təyəmmüm etsə, onlardan yalnız biri suyu görsə, hamısının təyəmmümü pozulur.
Bir şəxs bir az su gətirsə, içinizdən biriniz dəstəmaz alsın, desə, hamısının təyəmmümü pozulur. Amma hamınız dəstəmaz alın desə, halbuki gətirilən su yalnız bir nəfərə kifayət etsə, hamısının təyəmmümü səhih olur.
Bir şəxs cünub olsa, heç yerdə su tapmayıb, yalnız məsciddə tapsa, qüsl üçün təyəmmüm edər və sonra suyu gətirmək üçün məscidə girər. Amma məscidə girdikdə su tapmasa, namaz üçün başqa təyəmmüm lazım olar.
Bir şəxs məsciddə oturarkən ihtilam (yatarkən yuxuda cünub olmaq) olsa, təyəmmüm edər və sonra məsciddən çıxar.
Bir şəxsin əlləri kəsik olsa, o, təyəmmüm edə bilər. Lakin o şəxsin istinca1 edəcək kimsəsi vardırsa, o, istincadan azad olmur. Əgər yoxdursa, istincadan azad olur.
Həm əlləri, həm ayaqları kəsik olan iki imama (imam Azam ilə tələbəsi imam Muhammədə) görə namazdan azad olur. İmam Əbu Yusifə görə namazını qılmalıdır.
Cümə namazında təyəmmüm caiz deyildir. Yəni dəstəmaz almaq üçün vaxt az olub, Cümə namazı qaçırıla bilər deyə, tez təyəmmüm etmək caiz deyildir. [Çünki Cümə namazının əvəzi zöhr namazıdır.] Nəbiz2 deyilən xurma suyu ilə dəstəmaz almağın caiz olmadığı “Dürr-ül-muxtar”da yazılmışdır.
Bir şəxs yolda ihtilam olsa, təyəmmüm edib sübh namazını qılar, zöhr namazına qədər gedər, əsrin vaxtı yaxınlaşıb, zöhrün vaxtı çıxmaq üzrə olduğu zaman təyəmmüm edərək zöhrü qılar. Bu şəxs əsrdən sonra su tapsa, sübh və zöhr namazlarını yenidən qılarmı? Bu məsələdə alimlərin fikir ayrılığı mövcuddur. Bəzilərinə görə təzədən qılar, bəzilərinə görə isə qılmaz. Bu məsələnin tərtib sahibinə görə olması ehtimal edilir.
Bir şəxsin mindiyi heyvanda su olsa, o heyvanı itirsə, təyəmmüm edib namazını qılar. Namaz qılarkən heyvanın səsini eşitsə, dəstəmazı pozular.
Bir şəxs heyvan üzərində olsa, düşdüyündə yoldaşları onu gözləməsə, atın üzərində ikən təyəmmüm edər və namazını ima ilə qılar.
Yol qorxuludursa və ya hava soyuq olsa, qüsl alarkən, xəstələnmək ehtimalı çoxdursa, təyəmmümlə namaz qılmaq olar.
Yola çıxanın çantasında bir kirəmit və ya kərpic saxlaması lazımdır. Belə ki, təyəmmüm etməli olsa, ətrafda hər yer yaşdırsa, o zaman kərpiclə təyəmmüm edib, namazını qılar.
Bir şəxs bayram namazına durduqda dəstəmazı pozulsa, əgər yenidən dəstəmaz alarsa bayram namazına çatmayacağını bilsə, yaxud çox izdiham olmasından qorxsa, təyəmmüm edərək namaza dura bilər. Bu qavl İmam Azama görədir. Digər iki imama (İmam Əbu Yusif və İmam Muhamməd) görə isə dəstəmaz almaq lazımdır.
[“Mərak-il-fəlah”ın Tahtavi haşiyəsində deyilir: “Xəstəlik, təyəmmüm etmək üçün üzrlü səbəbdir. Sağlam adamın, dəstəmaz alarsa xəstələnəcəyindən qorxması üzrlü səbəb deyil. Sağlam insan oruc tutduqda xəstə olacağından qorxarsa, qəzaya buraxması caizdir, deyən alimlər, xəstə olmaqdan qorxanın təyəmmüm etməsi caizdir, dedilər. Xəstəlik dörd növdür: su zərər verərsə, hərəkət etmək zərər verərsə, insan özü sudan istifadə edə bilməzsə, təyəmmüm edə bilməzsə. Zərər vermək insanın özünün çox zənn etməsi ilə və ya müsəlman, ədalətli və mütəxəssis bir həkimin söyləməsi ilə aydın olur. Ədalətli biri olmadıqda, günah işlədiyi açıq bəlli olmayan təbibin sözü də qəbul edilir. Özü suyu işlədə bilməyən, dəstəmaz aldıracaq adam tapmazsa, təyəmmüm edə bilər. Uşağı, xidmətçisi və ya başqa dəstəmaz aldıracaq adamı varsa, bunlar dəstəmaz aldırmalıdır. Belə adamı yoxdursa, təyəmmüm edə bilər. İmam azama görə, pulla adam tutması lazım deyil. Təyəmmüm də edə bilməyən namazını qəzaya buraxar. Ər və arvad bir-birlərinin dəstəmazına, namazına yardım etməyə məcbur deyillərsə də, ərin zövcəsindən yardım istəməsi lazımdır. Şəhər, kənd xaricində olub isti su tapa bilməyən şəxs, soyuq su ilə qüsl alarkən xəstələnəcəyindən qorxarsa, təyəmmüm edər. Şəhər içində də belə olduğuna fitva verildi. Dəstəmaz və qüsl əzasının yarıdan çoxu yaradırsa, təyəmmüm etmək lazımdır. Əzaların yarısı yaradırsa, sağlam yerləri yumaq, yara olan yerləri isə məsh etmək lazımdır. Məsh yaraya zərər verərsə, sarğı üzərinə məsh etmək lazımdır. Bu da zərərli olarsa, heç məsh edilməz. Başında xəstəlik olana məsh zərər verərsə, məshdən azad olur. İki əli və iki ayağının yuyulması fərz olan yerləri kəsik olan şəxsin üzü də yaradırsa, təyəmmüm edə bilməyəcəyinə görə namazı dəstəmazsız qılar və iadə etməz, yəni yenidən qılmaz. Üzü sağlamdırsa, üzünü başqasına yudurtmalıdır. Yardım edəcək adamı yoxdursa, üzünü torpağa sürtməlidir. Sağlam adamın bir əli şikəst, yaralı, kəsik, çolaqdırsa, digər əli ilə dəstəmaz almalıdır. İki əli də belədirsə, əlini, üzünü torpağa sürtməlidir. Yaranın, çibanın, qırığın üstünə, müalicə və zərərdən qorumaq məqsədilə sarılan sarğı və ya taxta, maz, gips açılıb yara yuyula və məsh edilə bilməzsə, bunların səthinin çox hissəsinə və arada qalan sağlam cild üzərinə məsh edilir. İmkan olarsa, bu sarğılar çıxarılaraq yara üzərinə məsh edilməli və sağlam dəri yuyulmalıdır. Bunların dəstəmazlı olaraq sarılması və bəlli müddəti yoxdur. Sağlam ayağı yuyub, digərindəki sarğıya məsh etmək caizdir. Yara sağalmadan üzərindəki sarğı düşərsə, dəstəmaz pozulmaz. Məsh etdikdən sonra məsh edilən şey dəyişdirilsə də, dəstəmaz pozulmaz. Dırnaq qırılsa və ya yara olsa, üzərinə və ya ayaqdakı çatlayan yerə qoyulan mazı qaldırmaq zərərli olarsa, zərurət olduğundan mazın üstü yuyulur. Yumaq zərərli olarsa, məsh edilir. Bu da zərər verərsə, məsh də edilməz. [Digər üç məzhəbdə də belə olduğu üçün, başqa məzhəbi təqlidə imkan yoxdur.] Bu mazın sarğı lövhəsi kimi olduğu İbn Abidində yazılmışdır. Lakin diş plombu və diş örtüyü (koronka) belə deyildir. Çünki malikini və ya şafini təqlid etmək mümkündür. Özü səbəb olmayaraq ağlını və ya huşunu itirən, üstündən altı namaz vaxtı keçərsə, ağlı yerinə gələnə qədər qıla bilmədiyi namazları qəza etməz. Xəstə, ima (eyham) ilə də qıla bilmədiyi namazların, sayı nə qədər olursa olsun, iskatı üçün vəsiyyət etməz. Yaxşılaşarsa, hamısını qəza edər.”]
İbn Abidin (rahmətullahi əleyh) deyir: “Sağlam insanın dəstəmaz üzvlərini başqasının yuması, məsh etməsi məkruhdur. Başqasının dəstəmaz suyu gətirməsi və dəstəmaz alana su tökməsi caizdir. Xəstə paltarını və yatağını daim çirkləndirirsə, yaxud bunları dəyişdirmək çətin olursa, nəcs olduqları halda namazlarını qılar. Sarğı taxtaları, plastırlar, məlhəmlər altlarındakı yara sağaldıqdan sonra düşərlərsə, dəstəmaz pozulur. Yara sağalar, lakin üstündəkilər düşməzsə, zərər vermədən qaldırıla bilərlərsə, dəstəmaz və qüsl yenə pozulur.”
Allah sevdiklərinə, günahlarını bağışlamaq və ya Cənnətdəki nemətlərini artırmaq üçün dərdlər, xəstəliklər verir. İbadətləri zəhmətli, sıxıntılı olur. Bunun qarşılığında, dünya işlərində rahatlıq, yüngüllük və ruzilərinə bərəkət verir. İbadət etməyənlərə rahatlıq, bərəkət vermir. Bunlar zəhmət çəkərək, hiylə və xəyanət edərək çox qazanıb, məmnunluq və səfa içində yaşasalar da, bu məmnunluqları çox çəkməz. Qısa müddətdən sonra xəstəxanalarda, həbsxanalarda sürünərlər. Axirətdəki əzabları da çox şiddətli olar.
Kimsəyə əbədi deyil mülki-dünya sim-ü zər,
Bir xarab olmuş qəlbi təmir etməkdir hünər.
Buna fani dünya deyərlər, durmayıb daim dönər.
Adəm oğlu bir fənərdir, aqibət bir gün sönər!