Namaza dörd şeylə girilir: fərz, vacib, sünnət və müstəhəb. Hənəfi məzhəbində əlləri qulaq səviyyəsinə qaldırmaq, əllərin içini qibləyə yönəltmək sünnət; kişilərin baş barmağını qulağın yumşaq yerinə toxundurması, qadınların əllərini çiyinlərinə qaldırması müstəhəb; “Allahu əkbər” demək isə fərzdir. Təkbir gətirdikdən sonra əlləri bağlamaq, sağ əli sol əlin üstünə qoymaq, kişilərin əllərini göbəkdən aşağı, qadınların isə sinəsinə qoyması sünnətdir. Kişilərin sol əlin biləyini tutması müstəhəbdir.
Namazda istər imam, istər imama uyan, istərsə də tək qılanın “Sübhanəkə” duasını oxuması sünnətdir. Həm imam olanın, həm də yalnız qılanın Əuzü oxuması, Bəsmələ oxuması sünnət, Fatihəi şərifə oxuması vacib, Fatihədən sonra üç ayə, yaxud üç ayə qədər uzun bir ayə oxuması vacib, sünnətlərin və vitrin hər rükətində, tək qıldıqda fərzlərin iki rükətində ayaq üstə Qurani-kərimdən bir ayə oxumaq fərzdir.
Rükuda belini əymək fərz, üç dəfə “Sübhanəllah” deyəcək qədər gözləmək vacib, üç dəfə “Sübhanə rabbiyəl azım” demək sünnət, beş və ya yeddi dəfə demək müstəhəbdir. Rükudan qiyama durduqda və iki səcdə arasında oturduqda bir dəfə “Sübhanəllah” deyəcək qədər gözləmək İmam Əbu Yusifə görə fərz, imam Azama və imam Muhammədə görə vacibdir. Bəziləri sünnət desələr də, doğru olan vacibdir.
Səcdədə başı səcdəyə qoymaq fərz, üç dəfə “Sübhanəllah” deyəcək qədər gözləmək vacib, üç dəfə “Sübhanə rabbiyəl alə” demək sünnət, beş və ya yeddi dəfə demək müstəhəbdir. İbn Abidin (rahiməhullahu təala) deyir ki: “Səcdə edərkən əvvəlcə iki diz, sonra iki əl, sonra burun, sonra alın yerə qoyulur. Baş barmaqlar qulaqlar hizasında olur. Şafidə əllər çiyin hizasına qoyulur. Hər ayağın ən azı bir barmağını yerə qoymaq fərzdir. Yer sərt olmalı, baş içəri girməməlidir. Yerə sərilmiş xalça, həsir, buğda və arpa sərtdir. Yerdə duran masa, divan, maşın da yer sayılır. Heyvanın üstü və heyvan üstündə olan yəhər və bənzərləri yer sayılmır. Yelləncək və ağaclara, dirəklərə bağlanaraq havada duran parça, xalça, həsir də yer sayılmır. Düyü, darı, kətan toxumu kimi sürüşkən şeylər üzərinə səcdə səhih olmaz. Çuval içində olsalar səhih olar. Səcdə yeri dizlərin qoyulduğu yerdən yarım arşın, yəni 12 barmaq eni (25sm) yüksək olduqda namaz səhih olsa da, məkruhdur. Səcdədə dirsəklər bədəndən, qarın da budlardan aralı tutulur. Ayaq barmaqlarının ucları Qibləyə doğru qoyulur. Rükuya əyilərkən topuq sümüklərini bir-birinə yapışdırmaq sünnətdir və səcdədə də bitişik tutulur.
Qadın namaza durarkən əllərini çiyinlərinə qədər qaldırır. Əllərini paltarının qolundan çölə çıxarmır. Sağ ovucu sol əli üzərində olaraq sinəsi üstünə qoyur. Rükuda az əyilir. Belini başı ilə düz tutmur. Rükuda və səcdədə barmaqlarını açmır, bir-birinə bitişik tutur. Əllərini dizləri üzərinə qoyur. Dizlərini bükür, onları tutmur. Səcdədə qollarını qarnına yaxın olaraq yerə sərir. Qarnını budlarına bitişdirir. Təşəhhüddə ayaqlarını sağa çıxararaq yerə oturur. Əl barmaqlarının ucu dizlərinə uzanır. (Kişilər də dizlərini tutmaz). Barmaqları bir-birinə yapışıq olur. Öz aralarında və ya kişilərin camaatı arasında imam ilə qılmaları məkruhdur. Cümə və bayram namazı qılması fərz deyildir. Qurban bayramında fərz namazlardan sonra “Təkbiri təşrik”i səssiz oxuyurlar. Sübh namazını gec qılması müstəhəb deyil. Namazlarda yüksək səslə oxumazlar.” İbn Abidindən tərcümə tamamlandı. Haməvi (rahiməhullahu təala) “Eşbah” şərhində deyir ki: “Qadınların başlarındakı saçlarını qırxmaqla və ya kəsməklə, yaxud da dərmanla yox etmələri tahrimən məkruhdur. (Kişilərə bənzətməmək şərti ilə saçlarını qulaqlara qədər qısaltmalarının caiz olduğu anlaşılır). Qadının azan və iqamə oxuması məkruhdur. Zövcü və ya məhrəmi yanında olmadan səfərə çıxa bilməz. Həcdə başını açmaz. Safa ilə Mərvə arasında üzrlü ikən də “səy” (yeddi dəfə gedib-gəlmək) edər. Təvafı Kəbədən uzaq olaraq yerinə yetirər. Xütbə oxumaz. Çünki səsinin övrət olması səhihdir. Həcdə məst geyər. Qadın cənazə daşımaz. Mürtəd olarsa, öldürülməz. Hədd və qisas davalarında şahidliyi qəbul edilməz. Məsciddə itikaf (bir yerə çəkilib yalnız ibadət etmək) etməz. Əlləri və ayaqlarını xına ilə boyaması caizdir. [Dırnaq boyasından istifadə etməz.] Mirasda, şahidlikdə və kasıb qohuma nəfəqə (yaşayış üçün ehtiyac) verməkdə kişinin yarısıdır. Muhsinə (ədəb və əxlaqlı) qadın məhkəməyə çağrılmaz. Hakim və ya vəkili onun evinə gedər. Gənc qadın yad kişiyə salam, başsağlığı verməz, asqırana bir şey söyləməz və özünə söyləndikdə cavab verməz. Yad kişiylə bir otaqda tək qalmaz”. Haməvidən tərcümə tamamlandı.
Namazda birinci oturuş (kadəi ülə) vacib, ikinci oturuş (kadəi axirə) fərzdir. Son oturuşda təhiyyat oxumaq vacibdir.
Fərzlərin, vaciblərin, zöhr namazının ilk sünnətlərinin, Cümə namazının ilk və son sünnətinin ikinci (son) oturuşunda, digər namazların hər oturuşunda (əsr və İşa namazlarının dörd rükət sünnətləri kimi) salavat dualarını oxumaq sünnətdir. Salam vermək vacib, salamlarda iki çiyinə baxmaq sünnət, diqqətlə baxmaq müstəhəbdir.
Namazın kamil dərəcədə qəbul olunmasının şərti haramlardan uzaq olmaq, huşu, təqva, mala-yanini tərk etmək, tərki-kəsəl və ibdaddır. Huşu – Allahu əzimüşşandan qorxmaq; təqva - doqquz əzasını haramdan və məkruhdan qorumaq; malayanini tərk demək, dünyasına və axirətinə yaramayan söhbəti və işi tərk etmək; tərki-kəsəl - namaz hərəkətlərini yerinə gətirməkdə tənbəllik etməyi tərk etmək; ibdad – azanı-Muhammədi oxunduğu zaman hər işi təxirə salıb camaata qoşulmağa deyilir.
Namazda riayət edilməsi çox əhəmiyyətli olan altı şey vardır: ixlas, təfəkkür, havf, rəca, rüyəti-təqsir, mücahədə.
İxlas - əməllərini yalnız Allah rızası üçün yerinə yetirməyə; təfəkkür - namazda düşünülməli şeyləri düşünməyə; havf - Allahu əzimüşşandan qorxmağa; rəca - Allahu əzimüşşanın rəhmətini ummağa; rüyəti təqsir – özünü qüsurlu bilməyə; mücahədə - nəfslə və şeytanla savaşmağa deyilir.
Azanı-Muhammədi oxunan zaman İsrafil (əleyhissəlam) sanki suru üfürür, dəstəmaza qalxarkən qəbirdən qalxdığını, məscidə gedərkən məhşər yerinə getdiyini, müəzzin iqamə deyib camaat sıralara düzüldüyündə bu insanların məhşər yerində 120 sıra olub, 80 sıra bizim Peyğəmbərimizin və 40 sıra digər Peyğəmbərlərin ümmətləri olacaqlarını, imama uyduqdan sonra imam Fatihəi-şərifəni oxuyarkən sağda Cənnət, solda Cəhənnəm, ənsədə Əzrayıl (əleyhissəlam), qarşıda Beytullah, önündə qəbir və ayağının altında sırat olduğunu düşünmək; sualının asan olub-olmayacağını, etdiyin ibadətlərin axirətdə başına tac, yanına yoldaş, qəbrində çıraq olacağını və ya qəbul olmayıb, köhnə parça kimi üzünə vurulacağını düşünmək lazımdır.