ÖVRƏT YERLƏRİ VƏ QADINLARIN ÖRTÜNMƏLƏRİ
“Eşiat-ül-ləməat” kitabında, Nikah mövzusunda deyilir:
1-Əbu Hüreyrə (radıyallahu anh) xəbər verir. Rəsulullahın (sallallahu əleyhi və səlləm) yanına biri gəlib: “Ənsardan bir qız ilə evlənmək istəyirəm”, dedi. “Qızı [bir dəfə] gör! Çünki Ənsar qəbiləsinin gözlərində bir şey vardır”, buyurdu. Bu Hədisi-şərif “Müslim” kitabında yazılmışdır. Evləniləcək qızı əvvəlcədən bir dəfə görmək sünnətdir.
2-Abdullah ibn Məsud (radıyallahu anh) xəbər verir. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu: “Qadınlar, görüşdükləri qadınların gözəlliklərini, yaxşılıqlarını, ərlərinə danışmasınlar. Ərləri, o qadını görmüş kimi olurlar.” Bu Hədisi-şərif “Buxari” və “Müslim”də yazılmışdır.
3-Əbu Saidi Hudri (radıyallahu anh) xəbər verir. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu: “Kişi kişinin, qadın qadının övrət yerinə baxmasın!” Göründüyü kimi, kişilərin qadınlara və qadınların kişilərin övrət yerinə baxması haram olduğu kimi, kişilərin kişinin övrət yerinə, qadınların qadının övrət yerinə baxması da haramdır. Kişinin kişi üçün və qadın üçün övrət yeri, dizlə göbək arasıdır. Qadının qadın üçün övrət yeri də belədir. Qadının yad kişi üçün övrət yeri isə, əllərindən və üzündən başqa bütün bədənidir. Buna görə, qadınlara övrət deyilir. İstər müsəlman olsun, istər kafir olsun, yad qadının üzünə şəhvət ilə baxmaq, övrət yerinə isə şəhvətsiz də baxmaq haramdır.
4-Cabir ibn Abdullah (radıyallahu anh) xəbər verir. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu: “Yad qadının evində gecələməyin!”
5-Akabə ibn Amir (radıyallahu anh) xəbər verir. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu: “Yad qadın ilə bir otaqda tək qalmayın! Qadın ərinin qardaşı və ya onun oğlu ilə tək qalarsa, ölümə qədər sürüklənər.” Yəni fitnəyə səbəb olar. Bundan çox çəkinmək lazımdır. Bu Hədisi-şərif, “Buxari” və “Müslim” kitablarında yazılmışdır.
6-Abdullah ibn Məsud (radıyallahu anh) xəbər verir. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu: “Qadının bədəni övrətdir.” Yəni örtünməsi lazımdır. “Qadın küçəyə çıxdıqda, şeytan həmişə ona baxar.” Yəni kişiləri aldatmaq, onları günaha batırmaq üçün qadını tələ edər.
7-Büreydə (radıyallahu anh) xəbər verir. Rəsulullah (sallallahu əleyhi və səlləm) həzrət Əliyə dedi: “Ya Əli! Bir qadını görsən, üzünü ondan çevir. Ona yenidən baxma! Ani görmək günah olmasa da, təkrar baxmaq günahdır.” Əbu Davud və Darimi bildirdilər.
8-Əli (radıyallahu anh) xəbər verir. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu: “Ya Əli! Budunu açma, ölü və ya diri, heç kimin buduna baxma!” Bu Hədisi-şərifi, Əbu Davud və İbn Macə xəbər veriblər. Buradan aydın olur ki, ölünün övrət yerinə baxmaq, dirininkinə baxmaq kimidir. [İdmançıların və dənizdə üzənlərin övrət yerinə baxmaqdan çox çəkinmək lazımdır.]
9-Abdullah ibn Ömər (radıyallahu anhuma) xəbər verir. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu: “Övrət yerinizi açmayın! [Yəni tək olarkən də açmayın.] Çünki yanınızdan heç ayrılmayan kimsələr var. Onlardan utanın və onlara hörmət edin!” Bunlar, Hafazə adlanan mələklərdir ki, insanı cinin zərərindən qoruyurlar və insandan ancaq ayaq yolunda və cinsi əlaqə zamanı ayrılırlar.
10-Ümmi Sələmə “radıyallahu anha” deyir ki, Meymünə “radıyallahu anha” ilə birlikdə Rəsulullahın (sallallahu əleyhi və səlləm) yanında idik. İbn Ümmi Məktum (radıyallahu anh) icazə istəyib içəri girdi. Rəsulullah (sallallahu əleyhi və səlləm) bizə: “Pərdə arxasına keçin!” buyurdu. “Məgər o kor deyilmi? Bizi görməz”, dedim. “Siz də korsunuz? Onu görmürsüz?”, buyurdu. Yəni o kor olsa da, siz ki, kor deyilsiniz, buyurdu. Bu Hədisi-şərifi, imam Əhməd, Tirmizi və Əbu Davud (rahiməhumullahu təala) bildirdilər. Bu Hədisi-şərifə görə, kişinin yad qadına baxması haram olduğu kimi, qadının da yad kişiyə baxması caiz deyil. Məzhəb imamlarımız (rahiməhumullahu təala), digər Hədisi-şərifləri də düşünərək, demişdirlər: “Qadının yad kişilərin başına, saçına baxmaması çətindir. Yerinə yetirilməsi çətin olan əmrlərə “Azimət” deyilir. Kişinin qadın üçün övrət yeri diz ilə göbək arasıdır. Bura baxmamaq asandır. Asan olan əmrlərə “Ruhsat” deyilir.”
[Göründüyü kimi, Ezvac-ı tahirat “radıyallahu təala anhünnə”, yəni Peyğəmbərimizin mübarək xanımları və Əshab-ı kiram “radıyallahu anhum” azimət ilə əməl edər, ruhsatlardan da çəkinərdilər. İslamiyyəti içəridən yıxmağa çalışan ingilislərin və zındıqların, “Peyğəmbər zamanında qadınlar örtünməzdilər. İndi gördüyümüz qadınların qorxunc şəkildə örtünmələri o vaxtlar yox idi. Həzrəti Aişə başı açıq gəzərdi. İndiki örtünməyi, sonradan mövhumatçılar və fiqhçilər uydurdular” kimi sözləri çirkin iftiradır. Düzdür, əvvəllər örtünmək əmr olunmamışdır. Lakin hicrətin üçüncü və beşinci illərində qadınların örtünmələri əmr olundu. Babanzadə Əhməd Naim bəy, hicab ayələrinin üç dəfəyə nazil olduğunu “Təcridi sarih tərcüməsi” kitabının 118-ci səhifəsində yazmışdır.
11-Tabiinin böyük alimlərindən olan Bəhz ibn Hakim atasından və babasından xəbər verir. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu: “Övrət yerlərini ört! Zövcəndən və cariyəndən başqasına göstərmə! Yalnız olarkən də, Allahdan həya edin!” Bu Hədisi-şərifi Tirmüzi, Əbu Davud və İbn Macə (rahiməhumullahu təala) bildiriblər. Cariyəyə “Mülki yemin” deyilir ki, mənası sağ əlin mülkü deməkdir. Çünki satın alarkən, sağ əl ilə müayinə olunur və sağ əl ilə pulu ödənilir.
12-Ömər-ül-Faruk (radıyallahu anh) xəbər verir. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu: “Bir kişi, yad qadın ilə xəlvət qalarsa, üçüncüləri şeytan olar.” Bu Hədisi-şərifi Tirmüzi bildirmişdir. [Yad bir və ya bir neçə qadınla qapalı bir yerdə xəlvət qalmaq (yəni tək qalmaq) haramdır. İbn Abidin imamlıqdan danışarkən deyir ki, “Başqa bir kişi də varsa, və ya məhrəm bir qadın da varsa, xəlvət olmaz.”]
13-Cabir ibn Abdullah (radıyallahu anh) xəbər verir. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu: “Əri uzaqda olan qadınların yanlarına getməyin! Çünki şeytan, qan kimi damarlarınızda dolaşır.” “Sizin də damarınızda dolaşır?”, deyə soruşduqda, “Məndə də dolaşır. Lakin Allahu təala ona qarşı mənə yardım etdi. Onu müsəlman etdi, mənə təslim oldu”, buyurdu. Bu Hədisi-şərifi Tirmüzi (rahiməhullahu təala) bildirdi.
14-Ümmi Sələmə “radıyallahu anha” deyir: “Rəsulullah (sallallahu əleyhi və səlləm) yanımda idi. Qardaşım Abdullah ibn əbi Üməyyənin köləsi də otaqda idi. Bu kölə müxənnəs1 idi. Rəsulullah (sallallahu əleyhi və səlləm) onu gördükdə və səsini eşitdikdə, “Bunun kimiləri evinizə buraxmayın!”, buyurdu. Bu Hədisi-şərif, “Buxari”də və “Müslim”də yazılmışdır. “Müxənnəs”, əxlaqını, hərəkətlərini, sözlərini və görünüşünü qadınlara bənzədən şəxs deməkdir. Belə edənlər məlundur, yəni lənətlənmişdir. Bunlar üçün Hədisi-şərifdə, “Özlərini qadınlara bənzədən kişilərə və kişilərə bənzədən qadınlara Allah lənət etsin!”, buyruldu. Zərurət olmadan kişi kimi geyinən, təraş olunan, kişilərə məxsus işlər görən qadınlar və qadın kimi saçlarını uzadan, bəzənən kişilər bu Hədisi-şərifə daxil olmaqdadırlar.
15-Misvər ibn Mahrəmə (radıyallahu anh) hicrətin ikinci ilində doğulmuşdur. Abdürrəhman ibn Avfın həmşirəzadəsidir (bacısı oğlu) “radıyallahu anhuma”. Deyir ki, böyük bir daş aparırdım. Yolda paltarım aşağı düşdü, yuxarı qaldıra bilmədim. Rəsulullah (sallallahu əleyhi və səlləm) məni bu halda gördü. “Paltarını yuxarı qaldır! Çılpaq olaraq küçəyə çıxmayın!”, buyurdu. Bu Hədisi-şərif “Müslim”də yazılmışdır. Bu Hədisi-şərif küçələrdə, çimərliklərdə və idman meydançalarında kişilərin də, qadınların da açıq gəzmələrini qadağan edir.
16-Əbu Ümamə “radıyallahu anh” xəbər verir. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu: “Bir qızın gözəlliyini görən kimsə, gözünü ondan dərhal çəksə, Allahu təala ona, yeni bir ibadət savabı ehsan edər ki, bu ibadətin ləzzətini o anda duyar.” Bu Hədisi-şərifi imam Əhməd ibn Hanbəl (rahiməhullahu təala) bildirdi.
17-Həsəni Bəsri “rahmətullahi əleyh” mürsəl olaraq xəbər verir. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu: “Övrət yerini açana və başqasının övrət yerinə baxana Allah lənət etsin!” Bu Hədisi-şərif, imam Beyhəkinin (rahiməhullahu təala) “Şuabül iman” kitabında yazılmışdır.
18-Abdullah ibn Ömər “radıyallahu anhuma” xəbər verir. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu: “Özünü bir qövmə bənzədən, onlardan olur!” Bu Hədisi-şərifi imam Əhməd və Əbu Davud (rahiməhumullahu təala) bildiriblər. Deməli, əxlaqını, işlərini və ya geyimini islam düşmənlərinə bənzədən, onlardan olar. [Dəbə, kafirlərin pis adətlərinə uyanlar, haramlara gözəl sənət adı verənlər və haram işləyənlərə sənətkar, mütərəqqi deyənlər, bu Hədisi-şərifdən ibrət almalıdırlar.]
19-Əmr Şuayb, atasından və babasından xəbər verir. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu: “Allahu təala, quluna verdiyi nemətləri görməyi sevər.” Bu Hədisi-şərifi, Tirmüzi (rahiməhullahu təala) bildirdi. Göründüyü kimi, Allahu təala, geyimin təzə, gözəl və təmiz olmasını sevir. Bunları, neməti göstərmək üçün geyəni sevər, təkəbbürlə geyəni sevməz. Allahu təalanın verdiyi nemətləri gizlətmək caiz deyildir. Elm neməti də belədir.
20-Cabir ibn Abdullah (radıyallahu anh) deyir ki, Rəsulullah (sallallahu əleyhi və səlləm) bizə gəldi. Evdə, saçları dağınıq bir nəfər vardı. Onu gördükdə: “O saçlarını düzəltməyə bir şey tapmayıb?”, buyurdu. Paltarı çirkli birini də gördükdə: “Paltarını yumağa bir şey yoxdur?”, buyurdu.
21-Tabiindən Əbülahvəs, atasından xəbər verir. Rəsulullahın (sallallahu əleyhi və səlləm) yanına getdim. Paltarım köhnəlmişdi. “Malın yoxdur?”, buyurdu. Malımın olduğunu dedim. “Nə cinsdən malın var?”, buyurdu. Hər cinsdən olduğunu dedim. “Allahu təala mal verdikdə, nemətlərinin nişanəsini üzərində görməlidir!”, buyurdu. Bu Hədisi-şərifi, imam Əhməd və Nəsai (rahiməhumullahu təala) bildirmişdir. “Əşiat-ül-ləməat” kitabının üçüncü cildindən tərcümə burada sona çatdı.
22-Yusuf Kardavinin “Əl-halal-ü vəl-haram-ü fil-islam” kitabında deyilir: İslam dini, müsəlman qadının, altı görünəcək dərəcədə nazik örtüklə örtünməsini haram etmişdir. “Müslim” və “Muvatta” kitablarındakı Hədisi-şərifdə, “Örtülü çılpaq və başları dəvə hörgücü kimi yüksəldilmiş qadınlar, Cənnətə girməyəcək. Ətrini belə hiss etməyəcəklər. Halbuki Cənnətin ətri, çox uzaqlardan duyulacaqdır”, buyruldu. Bu Hədisi-şərif, qadınların incə, şəffaf və ya bədənə yapışıq dar paltar, corab, baş örtüyü ilə örtünmələrini və saçlarını, başlarının üstündə topa etmələrini qadağan etməkdədir. Belə örtünmək, çılpaq gəzmək kimidir. Müsəlman xanımları, qızları, incə, dar şeylərlə örtünməməli, saçlarını, yaxud parik taxaraq onun tüklərini dəvə hörgücü kimi başlarının üstündə yığmamalı, saçlarını toppuz etməməlidir. Bunun, Cəhənnəmə aparan günah olduğunu bilməlidirlər.
[Kardavinin məzhəbsiz bir din adamı olduğu əvvəlki səhifələrdə bildirilmişdi. İslam dini, qadınların örtünmələrinin fərz olduğunu və örtüyün xüsusiyyətlərini bildirmişdir. Bu xüsusiyyətləri daşıyan çarşab, geniş, uzun don və manto ilə örtünməyin arasında fərq olduğu heç bildirilməmişdir. Örtünməyin fərz olduğu, örtük və paltar növlərinin isə “Sünnəti zəvaid” olduğu, fiqh kitablarında yazılmışdır. Sünnəti zəvaid, ibadət olmayan, adət olan sünnətlər deməkdir. Buna görə, adət halını almış örtüklərdən istifadə etmək lazımdır. İbadət olmayan şeylərdə adətə uymamaq məkruhdur. Fitnəyə səbəb olarsa, haram olar. “Hindiyyə”də deyilir: “Qalın və geniş parça ilə örtünmüş qadına baxmaq caizdir. İncə, dar örtünmüş qadına baxmaq caiz deyil. Örtülü qadının da üzünə şəhvətlə baxmaq haramdır. Şəhvətsiz olaraq, lüzumsuz baxmaq məkruhdur. Müsəlman olmayan qadınlara da baxmaq belədir. Onların yalnız saçlarına baxmağın caiz olduğu deyilmişdir.”
Qalın, geniş, topuğa qədər uzun və qolları biləklərini örtən tünd rəngli manto ilə örtünmək, iki parça çarşabla örtünməkdən daha yaxşıdır. “Hələbi-yi kəbir”də deyilir: “Azad qadının qulaqlarına qədər sallanan saçı söz birliyi ilə övrətdir. Qulaqdan aşağı sallanan hissə, alimlərin çoxuna görə yenə övrətdir. Bəzilərinə görə, sallanan hissə namazda övrət olmaz. Lakin yad kişinin buna baxması da caiz deyil.” Saçların hamısı qalın baş örtüyü ilə örtülməlidir. Bu örtüyün ortasının ön hissəsi alına yapışmalı və qaşlara yaxın enməlidir. İki kənarı iki qaşın kənarından çənəyə endirilərək, çənə üstündə iynə ilə bitişdirilib sinəyə düşməli, ortasının arxa hissəsi isə kürəyi örtməlidir. Fitnə ehtimalı olduqda, yanaqlar da örtülməlidir. Tünd rəngli, qalın corab da geyinilməlidir. Qadının sallanan saçının dörddə biri, bir rükn ərzində açıq olarsa, namazı səhih olmaz. Daha azı açıq olarsa, məkruh olar. Burada qadının gənc və ya yaşlı olmasını heç bir kitab ayırmamışdır. Yaşlı qadının salamına cavab vermək, onunla əllə görüşmək və tək qalmağın caiz olduğu deyilsə də, yaşlı qadının saçını açmasının, onun saçına baxmağın caiz olduğunu deyən olmamışdır. Müsəlman olmayan qadının, saçına baxmağın caiz olduğunu deyən oldu. Lakin yaşlı müsəlman qadının saçına baxmağın caiz olduğunu deyən heç yoxdur. Yaşlı qadının məscidə və qəbir ziyarətinə getməsinin caiz olduğunu deyənlər də, saçı, başı örtülü olmaq şərtini də demişdirlər.
“Əhzab surəsinin 59-cu ayəsində, müsəlman qadınlar “cilbab” ilə örtünsünlər, deyilir. Bu ayə, iki ayrı parça olan çarşabla örtünməyi əmr edir”, demək doğru deyil. Bu ayə, çarşab geyinməyi əmr etsəydi, Rəsulullahın (sallallahu təala əleyhi və səlləm) və Əshabı-kiramın (radıyallahu təala anhum əcmain) zövcələri çarşab geyərdi. Halbuki heç birinin çarşab geydiyi, heç bir kitabda bildirilmədi. Türkcə “Tibyan” təfsiri bunu: “Başlarını örtsünlər”, deyə təfsir edir. “Cəlaleyn” təfsirində: “Qadınların üzlərinə salladıqları baş örtüyüdür”, deyilir. Savi bunu izah edərkən: “Baş örtüyü və köynək üstünə örtülən bezdir”, deyir. “Ruhulbəyan” və “Əbüssüud” təfsirlərində deyilir: “Cilbab, saçların dağılmaması üçün başa sarılan və Himar deyilən örpəyin üstünə örtülən, daha geniş və sinəyə qədər enərək, köynəyin yaxasını örtən baş örtüyüdür. Bu ayədə, qadınların başlarını və bütün bədənlərini örtmələri əmr olunur.” “Zəvacir” və “Əl-Fiqh-ü aləl-məzahibil ərbəa” kitabları, kişilərin də cilbab geydiklərini göstərən Hədisi-şərifi yazır və kişilər üçün cilbabın, uzun köynək olduğunu bildirir. Geniş manto ilə qalın baş örtüyü, yaxud iki parçadan hazırlanmış çarşab, bu ayədəki hicab əmrini yerinə yetirməkdə bərabərdirlər. Qadınlar, yaşadıqları yerin adətinə uyğun şəkildə örtünərək, fitnəyə səbəb olmamalıdırlar. Hicab ayəsinin bir hissəsinin, Zeynəb “radıyallahu anha”nın nikah günündə nazil olduğu, “Buxari” kitabının 6-cı cüz, 26-cı səhifəsində yazılmışdır. Bu nikah üçüncü ildə bağlanmışdır.]
Müsəlman olduğunu deyən bir insan, edəcəyi hər işin islamiyyətə uyğun olub-olmadığını bilməlidir. Bilmirsə, bir Əhli sünnət alimindən soruşaraq və ya bu alimlərin kitablarını oxuyaraq öyrənməlidir. İş, islamiyyətə uyğun deyilsə, günah və ya küfrdən qurtula bilməz. Hər gün həqiqi tövbə etmək lazımdır. Tövbə edilən günah və küfr, şübhəsiz əfv olar. Tövbə edilməzsə, dünyada və Cəhənnəmdə əzabı, yəni cəzası çəkilər. Bu cəzalar, kitabımızın müxtəlif yerlərində yazılmışdır.
Kişilərin və qadınların namazda və hər yerdə örtməli olduqları yerlərinə “Övrət yeri” deyilir. “Övrət yerini açmaq və başqasının övrət yerinə baxmaq haramdır.” Kişilərin namazda ayaqlarını örtməsinin sünnət olduğu, kitabımızın “Namazın sünnətləri” bəhsində yazılmışdır. “Səadəti Əbədiyyə” kitabında yazılmışdır. İslamiyyətdə övrət yerinin olmadığını deyən kafir olur. Övrət yerini örtməyi dinimiz əmr edir. Övrət yeri açıq olan bir kişinin və ya qadının olduğu yerə, çalğı, qumar və spirtli içki, eləcə də qadın səsinin olduğu bir yerə “Günah məclisi” deyilir. Günah məclisinə getmək haramdır. Qəlbin təmiz olması da lazımdır. Qəlbin təmiz olması, gözəl əxlaqlı olmasıdır. Qəlb, islamiyyətə uyaraq təmizlənir. İslamiyyətə uymayanın qəlbi təmiz ola bilməz. İcma ilə, yəni dörd məzhəbdə də övrət olan bir yeri açmağa və başqasının belə övrət yerinə baxmağa halal deyən, əhəmiyyət verməyən, yəni əzabından qorxmayan kafir olur. Qadınların övrət yerini açması, kişilərin yanında mahnı və mövlüd oxuması belədir. Kişilərin diz ilə qasıq arası, yalnız Hanbəli məzhəbində övrət deyildir.
“Mən müsəlmanam” deyən şəxs, imanın və islamın şərtlərini, dörd məzhəbin icması, yəni söz birliyi ilə bildirdiyi fərzləri və haramları öyrənməli, əhəmiyyət verməlidir. Bilməmək üzrlü hal deyil. Yəni bilib də inanmamaq kimidir. “Qadınların üzlərindən və əllərindən başqa yerləri dörd məzhəbdə də övrətdir.” Söz birliyi ilə olmayan, yəni digər üç məzhəbdən birinə görə övrət olmayan bir yeri, əhəmiyyət verməyərək açan, kafir olmasa da, öz məzhəbinə görə böyük günah olur. Kişilərin diz ilə qasıq arasını, yəni budunu açmaları belədir. İnsanın bilmədiyini öyrənməsi fərzdir. Öyrəndikdə də dərhal tövbə etməli və örtməlidir.
Allaha təvəkkül edənin yavəri Haqdır.
Naşad könül, bir gün olar, şad olacaqdır.
Notes
- müxənnəs-qadınlaşmış kişi. ↑