Bəsmələylə başlayaq kitaba!
Allah adı ən yaxşı bir sığınaqdır.
Nemətləri sığmaz ölçü, hesaba,
Çox acıyan, əfvi sevən bir Haqdır!
Allahu təala dünyada bütün insanlara rəhm edir. Möhtac olduqları nemətləri yaradıb hər kəsə göndərir. Dünyada və axirətdə səadətə qovuşmaq üçün bu nemətlərdən necə istifadə ediləcəyini də bildirir. İslamiyyəti heç eşitməmiş olan kafirlərin Cəhənnəmə atılmayacaqlarını, bunların hesabdan sonra heyvanlar kimi yox olacaqlarını İmam Rabbani 259-cu məktubunda bildirmişdir. Eşitdikdən sonra düşünüb iman edənləri Cənnətə qoyacaqdır. Düşünmək üçün insanlara bir ömür boyu zaman vermişdir. Nəfslərinə, pis dostlara, zərərli kitablara və əcnəbi radiolara aldanaraq küfr və zəlalət yoluna düşənlərdən imana gələnləri əfv edir. Onları əbədi fəlakətdən qurtarır. Azğın, zalım olanlara hidayətini ehsan etmir. Onları bəyəndikləri, istədikləri, içinə düşdükləri inkar bataqlığında buraxır. Axirətdə Cəhənnəmə getməli olan möminlərdən istədiklərini Cəhənnəmdə günahları bitənə qədər yandırdıqdan sonra Cənnətə qovuşduracaqdır. Hər canlını yaradan, hər varı hər an varlıqda durduran, hamısını qorxu və dəhşətdən qoruyan yalnız Odur.
Hər hansı bir şəxs hər hansı bir zamanda hər hansı bir yerdə hər hansı bir kimsəyə hər hansı bir səbəbdən ötrü hər hansı bir yolla həmd və şükür edərsə, bu mədhü-sənaların və təşəkkürlərin hamısı Allahu təalaya məxsusdur. Çünki hər neməti [yaxşılığı] yaradan, göndərən yalnız Odur. O xatırlatmazsa, qüvvət və asanlıq verməzsə heç kim heç kimə yaxşılıq və pislik edə bilməz. Həmişə Onun istədiyi olur. Onun istəmədiyini kimsə edə bilməz. [Hədisi-qüdsidə: “İnsanları məni tanımaqla şərəflənmələri üçün yaratdım” buyuruldu. Bunu eşitdikdə “Kafirlər dünyada Allahu təalaya inanmırlar. Bu hədisi-şərifin həqiqəti hasil olmur” demək doğru deyildir. Çünki alimlər, vəlilər bəlli bir dərəcəyə yüksəldikdə, bəlli bir yaşa gəldikdə Allahu təalanı tanımağa başlayırlar. Kafirlər də axirətə getdikdə tanıyacaqlar. Tanımayan qalmayacaqdır.]
Həmd, bütün nemətləri Allahu təalanın yaratdığına, göndərdiyinə inanmaq və söyləmək deməkdir. Şükür bütün nemətlərdən əhkami-islamiyyəyə uyğun istifadə etmək deməkdir. Nemət faydalı şey deməkdir. Nemətlər Əhli-sünnət alimlərinin kitablarında yazılmışdır. Əhli-sünnət alimləri məşhur dörd məzhəbin alimləridir.
Onun sevgili Peyğəmbəri, insanların hər baxımdan ən gözəli, ən üstünü olan Muhamməd əleyhissəlama və onun gözəl əxlaq və elm saçan alinə, yəni əqrabasına və Əshabının hamısına (rıdvanullahi təala aleyhim əcmain) bizdən dualar və salamlar olsun.
Müsəlmanların öyrənməli olduqları bilgilərə “İslam elmləri” deyilir. İslam elmləri iki yerə ayrılır: din bilgiləri və fənn bilgiləri. Fənn bilgilərinə “Hikmət” deyilir. Dində reformçular fənn bilgilərinə rasional bilgilər, din bilgilərinə skolastik bilgilər deyir. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): “Hikmət, müsəlmanın qeyb olmuş malı kimidir. Onu harda taparsa alsın!” buyurdu. Bu hədisi-şərif fənn bilgilərini öyrənməyi əmr etməkdədir. Din bilgilərinin əsası iyirmi elmdir. Bunlardan səkkizi yüksək elmlər, on ikisi də köməkçi elmlərdir. Yüksək elmlərdən biri “Əxlaq elmləri”dir.
[Gözəl əxlaq sahibi olan və zamanının fənn bilgilərini yaxşı öyrənmiş müsəlmana “Mədəni”, yəni ziyalı, qabaqcıl deyilir. Fənn bilgilərini öyrənərək ağır sənaye qurmuş, lakin əxlaqı pis olan kimsəyə “Zalım”, yəni “irticaçı” (mürtəce), quldur və diktator deyilir. Fənn və sənətdə geri və əxlaqı pis olanlara “Vəhşi”, yəni alçaq deyilir. “Mədəniyyət”, təmiri bilad və tərfihi ibaddır. Yəni, şəhərlər tikmək və insanlara xidmətdir. Bu da fənn, sənət və gözəl əxlaq ilə olur. Qısacası, fənn və sənətin gözəl əxlaq ilə birlikdə olmasına “Mədəniyyət” deyilir. Mədəni insan, fənn və sənəti insanların xidmətində istifadə edir. Zalımlar isə insanlara işgəncə etmək üçün istifadə edir. Göründüyü kimi həqiqi müsəlman mütərəqqi, qabaqcıl bir insandır. Xristian, yəhudi və kommunist [yəni dinsiz] isə mürtəce, quldur və zavallı bir kimsədir. Göründüyü kimi mədəniyyət şəhərlər, binalar tikməkdir. Bu da fənn və sənət ilə əmələ gəlir. Təkmili sinaat, təlahuqi əfkar ilədir. İnsanların rifah içində yaşamaları da İslam əxlaqı ilə olur.]
Hər müsəlmanın İslam bilgilərini lazımi qədər öyrənməsi fərzdir. Bunun üçün İslam alimləri bir çox kitab yazmışdırlar. Əxlaq kitablarından Nəsirüddini Muhamməd Tusinin yazdığı “Əxlaqı nasıri”, Cəlalüddini Muhamməd Dəvaninin yazdığı “Əxlaqı Cəlali” və Hiratlı Hüseyn Vaizi Kaşifinin yazdığı “Əxlaqı muhsini” kitabları məşhurdur. Kitabımızın birinci qismi Muhamməd Hadiminin (rahiməhullahu təala) “Bəriqa” kitabından tərcümə edilmişdir. Bu qisimdə İslamiyyətin bəyənmədiyi əxlaqı və bunlardan qorunma və qurtulma çarələrini bildirəcəyik. Bu pis əxlaq qəlbi və ruhu əbədi ölümə düçar edən qəlbin xəstəlikləridir. Başqa kitablardan götürərək edilən əlavələr, böyük mötərizə [] içində yazılmışdır. Kitabımızın ikinci qismində, 979-cu [m. 1572] ildə Ədirnədə vəfat etmiş olan, Əli ibn Əmrullahın (rahiməhullahu təala) yazdığı türkcə “Əxlaqı alai” kitabının baş hissəsini yazaraq, əxlaqın tərifini və növlərini açıqlayacağıq.
Bu kitabımızı oxuyan təmiz gənclər babalarının sağlam vücudlu, gözəl əxlaqlı, çalışqan, mədəni, ziyalı olduqlarını anlayacaq, İslam düşmənlərinin yalanlarına, iftiralarına aldanmaqdan qurtulacaqdır.
Nəsirüddini Tusinin adı Muhamməd ibn Fəxrəddindir. Hicri 597-ci ildə Tusda, yəni Məşhəd şəhərində təvəllüd, 672-ci [m. 1273] ildə Bağdadda vəfat etdi. Şiə idi. Hülakünün Bağdadı yandırıb dağıtmasına, yüz minlərlə müsəlmanı öldürməsinə səbəb olanlardan biridir. Hülakünün vəziri oldu. Dörd yüz min kitabı olan bir kitabxana və Rəsədxana, bir akademiya tikdirdi. Çox kitab yazdı. “Faydalı bilgilər” kitabına baxın!
Muhamməd Cəlalüddini Dəvani (rahiməhullahu təala) 829-cu ildə təvəllüd, 908-ci [m. 1503] ildə Şirazda vəfat etdi. İslam alimlərinin ən böyüklərindəndir. Çox kitab yazdı. “Əxlaqı Cəlali” kitabı farsca olub, 1304-cü [m. 1882] ildə Hindistanda səkkizinci nəşri çıxarılmışdır. İngilis dilinə də tərcümə edilmişdir.
Hüseyn ibn Əli Vaizi Kaşifi (rahiməhullahu təala) Hiratda vaiz idi. Hicri 910-cu [m. 1505] ildə orada vəfat etdi.
Ey təmiz gənclər! Ey ömürlərini İslam dininin gözəl əxlaqını öyrənməkdə və yaymaqda keçirən və canlarını Allahın dinini insanlara yaymaqda fəda edən şəhidlərin nəcib və qiymətli övladları! Şərəfli əcdadımızın sizlərə tam və doğru olaraq gətirdiyi və əmanət etdiyi mübarək İslam dinini və bunun bildirdiyi gözəl əxlaqı yaxşı öyrənin! Gözəl yurdumuza göz dikən, can, mal, din və əxlaq düşmənlərinin hücumlarına qarşı bu müqəddəs əmanəti bütün gücünüzlə müdafiə edin! Hər yerə yayaraq insanları səadətə qovuşdurmağa çalışın! Bilin ki, dinimiz gözəl əxlaqlı olmağımızı, sevişməyimizi, böyüklərə hörmət, kiçiklərə şəfqət etməyi, dinli-dinsiz hər kəsə yaxşılıq etməyi əmr etməkdədir. Hər kəsin haqqını, muzdunu verin! Qanunlara, hökumətin əmrlərinə qarşı çıxmayın! Vergilərinizi vaxtında ödəyin! Allahın doğruların yardımçısı olduğunu heç unutmayın! Sevişək, yardımlaşaq ki, Allahu təala yardımçımız olsun!
İslam alimləri buyururlar ki, “Allahu təala insanda üç şey yaratdı: Ağıl, qəlb və nəfs. Bunların heç biri görünmür. Varlıqlarını əsərləri ilə, etdikləri işlərlə və dinimizin bildirməsi ilə anlayırıq. Ağıl və nəfs beynimizdə, qəlb sinəmizin sol tərəfindəki ürəyimizdədir. Bunlar maddə deyildir. Yer tutmazlar. Buralarda olmaları, elektrikin ampulda, maqnitin induksiya sarğacında olması kimidir. Ağıl fənn bilgilərini anlamağa çalışar, bunları anlayar, İslamiyyətə uyğun olanlarını pislərindən, zərərli olanlarından ayırar. Yaxşıları, pisləri İslamiyyət ayırmaqdadır. İslamiyyəti bilən və tabe olmaq istəyən ağıla “Səlim ağıl” deyilir. Ağlı az olan, həmişə çaşan kimsəyə “Axmaq”, ağlı heç olmayana “Məcnun” deyilir. Səlim olan ağıl İslamiyyətin bildirdiyi yaxşı şeyləri qəlbə bildirir. Qəlb də bunları yerinə yetirməyi iradə edərək beyindən çıxan hərəkət sinirləri vasitəsi ilə əzalara, orqanlara etdirir. Yaxşı və ya pis şeyləri etmək arzusunun qəlbə yerləşməsinə “Əxlaq”, “Xasiyyət” deyilir. Nəfs bədənə xoş gələn şeylərə düşkündür. Bunların yaxşı, pis, faydalı, zərərli olduqlarını düşünməz. Arzuları İslamiyyətin əmrlərinə uyğun olmaz. İslamiyyətin qadağan etdiyi şeyləri etmək nəfsi qüvvətləndirər. Daha betərini etdirmək istər. Pis, zərərli şeyləri yaxşı göstərib qəlbi aldadar. Qəlbə bunları etdirərək istəklərinə qovuşmaq üçün çalışar. Qəlbin nəfsə aldanaraq pis xüsusiyyətli olmaması üçün əhkami-islamiyyəyə uyaraq qəlbi qüvvətləndirmək və nəfsi zəiflətmək lazımdır. Ağlı qüvvətləndirmək İslam bilgilərini oxuyub öyrənməklə olduğu kimi, qəlbin qüvvətlənməsi, yəni təmizlənməsi də əhkami-islamiyyəyə tabe olmaqla olur. İslamiyyətə tabe olmaq üçün ixlas lazımdır. “İxlas”, işləri, ibadətləri Allahu təala əmr etdiyi üçün etmək, başqa heç bir mənfəət düşünməməkdir. Qəlbdə ixlas hasil olması qəlbin zikr etməsi ilə, yəni Allah adını çox söyləməsi ilə olur. Zikrin əhəmiyyəti “Qiyamət və Axirət” kitabının 284-cü səhifəsindən başlayaraq geniş bildirilmişdir. Zikrin necə ediləcəyini mürşidi-kamildən öyrənmək və ağılda olan və hiss orqanlarından gələn dünya düşüncələrini qəlbdən çıxarmaq şərtdir. Dünya düşüncəsi heç qalmazsa, qəlb öz-özünə zikr etməyə başlayar. Şüşədəki su boşaldıqda havanın şüşəyə öz-özünə dərhal girməsi kimidir. Zikrin necə ediləcəyi “Tam İlmihal”ın 921-ci səhifəsində yazılmışdır. Qəlbi dünya düşüncələrindən qorumaq, qəlbin mürşidi-kamilin qəlbindən feyz (nur) alması ilə olur. Qəlbdən qəlbə “Feyz” məhəbbət yolu ilə axar. Mürşidin başqa ölkədə olması və ya vəfat etmiş olması feyz gəlməsinə mane olmaz. “Mürşid” İslam bilgilərini yaxşı bilən və İslamiyyətə tam tabe olan ixlas sahibi, Əhli-sünnət alimidir. İslamiyyətə tabe olmaq qəlbi qüvvətləndirdiyi kimi nəfsi zəiflədir. Bu səbəblə “Nəfs” qəlbin İslamiyyətə itaət etməsini, mürşidi-kamilin söhbətində iştirak etməyi, kitablarını oxumağı istəməz. Dinsiz, imansız olmasını istəyər. Ağıllarına deyil, nəfslərinə tabe olan kimsələr bunun üçün dinsiz olmaqdadır. Nəfs ölməz, lakin gücü, qüvvəti qalmadıqda qəlbi aldada bilməz.”
Bu gün yer üzündə olan müsəlmanlar üç firqəyə ayrılmışdır. Birinci firqə Əshabı-kiramın yolunda olan həqiqi müsəlmanlardır. Bunlara “Əhli-sünnət”, “Sünni” və “Fırkayi-naciyyə”, Cəhənnəmdən qurtulan firqə deyilir. İkinci firqə Əshabı-kirama düşmən olanlardır. Bunlara “Şiə” və ya “Firqeyi-dallə”, azğın firqə deyilir. Üçüncüsü, sünnilərə və şiələrə düşmən olanlardır. Bunlara “Vəhhabi” və “Nəcdi” deyilir. Çünki bunlar ilk olaraq Ərəbistanın Nəcd şəhərində meydana çıxmışdır. Bunlara “Fırkayi-məlunə” də deyilir. Çünki bunların müsəlmanlara müşrik dedikləri “Qiyamət və Axirət” və “Səadəti Əbədiyyə” kitablarımızda yazılmışdır. Müsəlmanlara kafir deyənə Peyğəmbərimiz lənət etmişdir. Şiə firqəsini yəhudilər, vəhhabi firqəsini ingilislər qurdu. Əhli-sünnət firqəsini türklər qorudu.
Hansı firqədən olursa olsun nəfsinə tabe olan və qəlbi korlanmış olan Cəhənnəmə gedəcəkdir. Onun üçün hər mömin nəfsini tərbiyə üçün hər zaman çox “La ilahə illallah” və qəlbini təmizləmək üçün “Əstəğfirullah” oxumalıdır. Əhkami-islamiyyəyə tabe olanın duası mütləq qəbul olar. Namaz qılmayanın, açıq gəzən qadınlara baxanın və haram yeyib-içənin əhkami-islamiyyəyə əməl etmədiyi aydın olur. Bunların duaları qəbul olmaz.