4 – Qəlb xəstəliklərinin dördüncüsü, insanların tənqidlərinə, dedi-qodu etmələrinə, ayıblamalarına üzülməkdir. Küfri cühudiyə səbəb olan şeylərin üçüncüsü insanlardan utanmaq və başqalarının tənqidlərindən, ayıblamalarından qorxmaqdır. Əbu Talibin kafir olmasının səbəbi budur. Əbu Talib həzrəti Əlinin radıyallahu anh atasıdır. Rəsulullahın (sallallahu əleyhi və səlləm) əmisidir. Rəsulullahın Peyğəmbər olduğunu bilirdi. İnsanların pisləyəcəklərindən qorxaraq və ayıblayacaqlarını düşünərək iman etmədi. Əbu Talib ölüm yatağında ikən Rəsulullah (sallallahu əleyhi və səlləm) onun yanına gələrək, “Ey əmim! Sənə şəfaət edə bilməyim üçün La ilahə illallah söylə!” buyurdu. Cavabında, “Ey qardaşımın oğlu, doğru söylədiyini bilirəm. Lakin ölüm qorxusu ilə imana gəldi deyilməsini istəmirəm” dedi. Beyzavi təfsirində Qəsəs surəsinin “Sevdiklərini hidayətə gətirmək sənin əlində deyildir” mənasındakı əlli altıncı ayəti-kəriməsinin bu zaman nazil olduğu bildirilmişdir. Bir rəvayətə görə, Qüreyş kafirlərinin öndə gələnləri Əbu Talibin yanına gəldilər. “Sən bizim əmirimizsən, sözlərin başımız üstündədir. Lakin səndən sonra Muhamməd (əleyhissəlatu vəssəlam) ilə aramızda düşmənçiliyin davam edəcəyindən qorxuruq. Ona söylə! Dinimizi pisləməsin” dedilər. Əbu Talib Rəsulullahı (sallallahu əleyhi və səlləm) yanına çağırdı. Eşitdiklərini söylədi. Rəsulullahın onlarla sülh etməyəcəyini anladıqda, müsəlman olacağı anlaşılan bəzi şeylər söylədi. Rəsulullah bunları eşitdikdə əmisinin iman etməsini istədi. Əbu Talib, “Eşidənlərin mənə dil uzadacaqlarından qorxmasaydım, iman edərdim. Səni sevindirərdim” dedi. Öləcəyi zaman bir şeylər söylədi. Bunları eşidə bilmək üçün Abbas radıyallahu anh onun yanına yaxınlaşdı. “İman etdiyini bildirir” dedi. Əbu Talibin iman etməsi şübhəlidir. Əhli-sünnət alimlərinə görə iman etmədi. İmam Əzəm Əbu Hənifə (rahiməhullahu təala) “Əbu Talib kafir olaraq öldü” demişdir. Həzrəti Əli radıyallahu anh Rəsulullaha (sallallahu əleyhi və səlləm) gələrək, “Zəlalətdə olan əmin öldü” dedikdə, “Yu, kəfənə bük və dəfn et! Qadağan olunana qədər onun üçün dua edərik” buyurdu. Bir neçə gün evindən çıxmayaraq onun üçün çox dua etdi. Əshabı-kiramdan bəziləri bunu eşitdikdə, onlar da kafir olaraq ölmüş qohumları üçün dua etməyə başladılar. Bunun üzərinə Tövbə surəsinin “Peyğəmbər və iman edənlər, qohumları olsalar da, müşriklər üçün istiğfar etməməlidirlər” mənasındakı yüz on üçüncü ayəti-kəriməsi nazil oldu. Bir hədisi-şərifdə, “Qiyamət günü kafirlərdən əzabı ən yüngül olanı Əbu Talibdir. Ayaqlarında atəşdən nalın olacaq, bunların istiliyindən beyni qaynayacaqdır” buyuruldu.
İnsanların tənqidlərindən və ayıblamalarından qorxmağa qarşı əlac olaraq belə düşünmək lazımdır: Tənqidləri doğrudursa eyblərimi mənə bildirmiş olurlar. Bunları etməməyə qərar verdim demək, belə tənqidlərdən rahatlıq duymaq, onlara təşəkkür etmək lazımdır. Həsəni Bəsriyə (rahiməhullahu təala), birisinin onu qeybət etdiyini xəbər verdilər. Ona bir qab halva göndərib, “Savablarını mənə hədiyyə etdiyini eşitdim. Qarşılığında bu şirniyyatı göndərirəm” dedi. İmam Əzəm Əbu Hanifəyə (rahiməhullahu təala), birisinin onu qeybət etdiyini söylədilər. Ona bir kisə qızıl göndərib, “Bizə verdiyi savabları artırarsa biz də qarşılığını artırarıq” dedi. Edilən pisləmə yalan isə, iftira isə, zərəri söyləyənə olur. Onun savabları mənə verilir. Mənim günahlarım ona yüklənir, demək lazımdır. İftira etmək, nəmmamlıq etmək (söz gəzdirmək) qeybət etməkdən daha pisdir. Nəmimə, müsəlmanlar arasında söz gəzdirməkdir. [“Məktubatı-Məsumiyyə” ikinci cild, 123-cü məktubuna baxın!]