16 – Hıqd, qəlb xəstəliklərinin on altıncısıdır. Hıqd, başqasına nifrət etmək, qəlbində ona qarşı kin, düşmənlik bəsləməkdir. Özünə nəsihət verənlərə bu cür kin bəsləmək haramdır. Ona hıqd deyil, itaət etmək lazımdır. O, Allahın əmrini yerinə yetirmişdir. Onu sevmək, hörmət etmək lazımdır. Zülm edənə qarşı hıqd haram deyildir. Bir alacaqlı (borc sahibi) ölsə, bunun haqqı varislərinə ödənməzsə, qiyamətdə ödətdirilir. Zalımı əfv etmək əfdaldır, yaxşıdır. Uhud qəzasında Rəsulullahın (sallallahu əleyhi və səlləm) mübarək üzü yaralanıb, mübarək dişi qırıldıqda, Əshabı-kiram (radıyallahu təala anhum əcmain) çox üzüldülər. “Dua et, Allahu təala cəzalarını versin” dedilər. “Lənət etmək üçün göndərilmədim. Xeyir-dua etmək üçün, hər məxluqa mərhəmət etmək üçün göndərildim” və “Ya Rəbb! Bunlara hidayət et. Tanımırlar, bilmirlər” buyurdu. Düşmənlərini əfv etdi. Lənət etmədi.
Hədisi-şərifdə, “Sədəqə verməklə mal azalmaz. Allahu təala əfv edənləri əziz edər. Allah rızası üçün əfv edəni Allahu təala yüksəldər” buyuruldu. Gülabadi deyir ki, bu hədisi-şərifdə bildirilən sədəqə fərz olan sədəqə deməkdir. Yəni, zəkat deməkdir. Təvazökarın itaətlərinə, ibadətlərinə daha çox savab verilir. Günahları daha tez əfv olunur. İnsanın yaradılışında heyvani ruhun və nəfsin arzuları mövcuddur. Malı, pulu sevər. Qəzəb, intiqam, kibr sifətləri görünməyə başlar. Bu hədisi-şərif bu pis xüsusiyyətlərin əlacını bildirir. Sədəqəni, zəkatı əmr edir. Əfv edərək qəzəbi, intiqamı təmizləyir. Hədisi-şərifdə əfv etmək mütləq olaraq, şərtsiz olaraq bildirilir. Mütləq olan əmr müqayyədi göstərməz. Yəni, bir şərtə bağlamaz. Mütləq olan əmr ümumidir. Bir neçə şeyə məxsus deyildir. Haqqını almaq mümkün deyilsə də, əfv etmək yaxşıdır. Mümkündürsə, daha yaxşıdır. Çünki haqqını geri almağa qüdrəti var ikən əfv etmək nəfsə daha çətin gəlir. Zülm edəni əfv etmək, hilmin, mərhəmətin və şücaətin ən üstün dərəcəsidir. Özünə yaxşılıq etməyənə hədiyyə vermək də ehsanın ən üstün dərəcəsidir. Pislik edənə ehsan etmək insanlığın ən yüksək dərəcəsidir. Bu sifətlər düşməni dost edər. İsa əleyhissəlam buyurdu ki, “Diş qıranın dişi qırılır. Burun, qulaq kəsənin burnu, qulağı kəsilir demişdim. İndi isə pislik edənə qarşı pislik etməyin. Sağ yanağınıza vurana sol yanağınızı çevirin, deyirəm”. Şeyx İbn-ül Arabi (qaddəsallahu təala sirrəhul-əziz)1 deyir ki, “Pislik edənə yaxşılıq edən nemətlərin şükrünü etmiş olar. Yaxşılıq edənə pislik edən kimsə küfranı nemət (nankorluq) etmiş olar”. Haqqını alandan yalnız haqqını geri almaq, artığını almamaq “İntisar” olur. Əfv etmək ədalətin yüksək dərəcəsi, intisar isə aşağı dərəcəsidir. Ədalət salehlərin ən yüksək dərəcəsidir. Əfv etmək bəzən zalımlara qarşı acizliyi göstərə bilər. Zülmün artmasına səbəb ola bilər. İntisar hər zaman zülmün azalmasına, hətta yox olmasına səbəb olur. Belə zamanlarda intisar etmək əfv etməkdən daha əfdal, daha savabdır. Haqqından artığını geri almaq “Cevr”, zülm olur. Cövr edənlərə əzab veriləcəyi bildirilmişdir. Zalımı əfv edən Allahu təalanın sevgisinə qovuşar. Zalımdan haqqı qədər geri almaq ədalətdir. Kafirlərə qarşı ədalət edilir. Lakin gücü çatdığı halda əfv etmək gözəl əxlaqdır. Rəsulullah (sallallahu əleyhi və səlləm) bir kimsənin zalıma bəddua etdiyini gördükdə, “İntisar eylədin!” buyurdu. Əfv etsəydi daha yaxşı olardı. “Bəriqa” birinci cildin sonundakı hədisi-şərifdə, “Üç şeyə sahib olan Cənnətə istədiyi qapıdan girəcəkdir: Qul haqqını ödəyən, hər namazdan sonra on bir dəfə ixlas surəsini oxuyan, qatilini əfv edərək ölən” buyurulmuşdur. Zülqərneynin Peyğəmbər olmadığını deyən alimlər demişdir ki, lakin ona Peyğəmbərlərdə olan sifətlərdən dördü verilmişdi. Bunlar: gücü var ikən əfv edərdi, vəd etdiyini yerinə yetirərdi, həmişə doğru söyləyərdi, ruzisini bir gün əvvəldən hazırlamazdı. Zülmün çoxluğu qədər əfvin savabı çox olur.
Hıqddan hasil olan pisliklər on birdir: Həsəd, şəmatət, hicr, istisğar [aşağı görmək], yalan, qeybət, sirri ifşa etmək, ələ salmaq, əziyyət vermək, haqqı ödəməmək və məğfirətə mane olmaq.
Hıqd edən iftira, yalan, yalançı şahidlik, qeybət, sirri ifşa etmək, ələ salmaq, haqsız olaraq incitmək, haqqını yemək və ziyarəti kəsmək günahlarına düçar olur. “Əməlində üç şey olmayanın bütün günahlarının əfv və məğfirət olunması umulur: Şirkə, küfrə düşmədən ölmək, sehr etməmək və din qardaşına hıqd etməmək” hədisi-şərifi sehr etməyin İslamiyyətdə yeri olmadığını göstərir.
Sehr, cadu [ofsun] etmək olub haramdır. Sehr edənə farsca “Cadu” deyilir. Sehr vasitəsilə hər istədiyini edəcəyinə inanan kafir olar. Sehrin təsirinə inanmayan da kafir olar. Sehrin digər dərmanlar kimi Allahu təala istərsə təsir edə biləcəyinə inanmaq lazımdır. Hər dilədiyini Allahu təalanın yaradacağına inanmaq küfr olmasa da böyük günahdır. Sehrin müalicəsi “Səadəti Əbədiyyə”də ətraflı yazılmışdır.
Hədisi-şərifdə, “Allahu təala, Şabanın on beşinci gecəsi bütün qullarına mərhəmət edər. Yalnız müşriki və müşahini əfv etməz” buyuruldu. Müşahin bidət sahibi, məzhəbsiz deməkdir.
[Əhli-sünnət vəl-camaat etiqadında olmayan kimsəyə “Bidət sahibi” deyilir. Dörd məzhəbdən birində olmayan kimsə Əhli-sünnət firqəsindən ayrılmış olur. Əhli-sünnət etiqadında olmayan da ya kafir olur, ya da bidət sahibi olur. Kafirlərin çeşidləri çoxdur. Bunların ən pisi müşrikdir. Müşrik, Allahu təalaya və axirət gününə inanmayan kimsə deməkdir. Ateist, mason, kommunist də müşrik deməkdir. Bidət sahibləri kafir deyildir. Lakin azğın etiqadlarında həddi aşanların Qurani-Kərimdə və hədisi-şəriflərdə açıq bildirilmiş olan bir şeyi inkar etdikləri zaman kafir olduqlarını İslam alimləri bildirmişdirlər. Qurani-Kərimdə və hədisi-şəriflərdə müşrik kəlməsi, kafir kəlməsi yerinə işlədilmişdir. Məsələn, “müşriki əfv etmərəm” buyurulmuşdur ki, kafirlərin heç bir növünü əfv etmərəm deməkdir. Bidət sahiblərindən həddi aşmayıb, kafir olmayanları müsəlmandır. “Əhli qiblə”dirlər. Lakin bunların İslam dininə zərərləri kafirlərin zərərlərindən daha çoxdur. Məzhəbsiz din adamları, Mövdudiçilər, sələfi deyilən İbn Teymiyyəçilər, Seyyid Qutbçular belədirlər. Hindistan alimlərindən müfti Mahmud ibn Abdülqayyur Pişavüri (rahiməhullahu təala) 1264-cü [m. 1848] ildə nəşr etdirdiyi “Huccət-ül-İslam” adlı kitabında, “Tuhfət-ül-arabi vəl-acəm” risaləsindən götürərək fars dilində deyir ki, müsəlmanların müctəhidləri təqlid etmələri vacibdir. Çünki Nəhl surəsinin qırx üçüncü və Ənbiya surəsinin yeddinci ayələrində məalən, “Alimlərdən soruşub öyrənin!” və Tövbə surəsinin yüzüncü ayəsində məalən, “İlk Muhacirlərdən, Ənsardan və bunlara tabe olanlardan Allah razıdır” buyurulmuşdur. Bu ayələr təqlid etməyi əmr buyurmaqdadır. Muaz ibn Cəbəl (radıyallahu təala anh) Yəmənə hakim olduqda, “Kitabda və hədisi-şəriflərdə tapa bilmədiyim zaman ictihad edər, anladığıma görə əmr edərəm” dedi. Rəsulullah (sallallahu təala əleyhi və səlləm) də bu cavabı bəyənərək Allahu təalaya həmd eylədi. Misirdəki maliki alimlərindən Əhməd Şihabüddin Qarafi (rahiməhullahu təala) 684-cü [m. 1285] ildə vəfat etmişdir. Bu böyük alimin “Yeni müsəlman olanın dilədiyi bir alimi təqlid etməsi lazım olduğunda icma hasil olmuşdur” dediyini, Cəlalüddini Süyuti (rahiməhullahu təala) “Cəzil-ül-məvahib” kitabında bildirməkdədir. Hədis İmamının səhih dediyi bir hədisə müsəlmanların səhih demələri caiz olduğu kimi, fiqh İmamının səhih dediyi bir hökmə səhih demələri də caiz olur. Nisa surəsinin əlli doqquzuncu ayəsində məalən, “İxtilaf etdiyiniz din işlərində kitaba və sünnətə müraciət edin!” buyurulmuşdur. Bu əmr müctəhid olan alimə əmrdir. İbn Hazmın və dində reformçuların “Diri və ya ölü, heç kəsi təqlid etmək halal deyildir. Hər kəsin ictihad etməsi lazımdır” sözlərinin qiyməti yoxdur. Çünki bunlar Əhli-sünnət deyildir. [İbn Hazmın məzhəbsiz olduğu, azğın olduğu “Əşədd-ül-cihad” kitabımızın sonunda yazılmışdır.] Müftinin müctəhid olması vacibdir. Mütləq müctəhid olmayan müftinin fətva verməsi haramdır. Bunun müctəhidlərin fətvalarını nəql etməsi caizdir. Müctəhid olmayan müftidən yeni bir fətva istəmək caiz deyildir. “Kifayə”də oruc bəhsində deyilir ki, “Müctəhid olmayanın eşitdiyi bir hədisə uyması caiz deyildir. Bu hədis mənsuh (qüvvədən düşmüş) və ya təvilli ola bilər. Fətva belə deyildir. “Taqrir”də də belə yazılmışdır.” “Tuhfə”dən tərcümə tamamlandı.]
Hıqdın səbəblərindən biri qəzəbdir. Qəzəblənən, hirslənən kimsə intiqam ala bilmədikdə qəzəbi hıqd halını alar. Qəzəb qanın hərəkətinin artmasından [təzyiqin artmasından] meydana gəlir. Allah üçün qəzəbə gəlmək yaxşıdır. Dinə olan qeyrətindəndir.
Rəsulullah gündüz olurdu saim,
Gecə də namaza olurdu qaim.
Ümmət isən ol Müctəbaya,
Sünnətə, məkruha diqqət et daim.
Notes
- Muhyiddin ibn Arabi 638-ci [m. 1240] ildə Şamda vəfat etdi. ↑