15 – Pis əxlaqın on beşincisi həsəddir. Həsəd, qısqanmaq, gözü götürməməkdir. Allahu təalanın ehsan etdiyi nemətin ondan çıxmasını istəməkdir. Faydalı olmayan, zərərli olan bir şeyin ondan ayrılmasını istəmək həsəd olmaz, “Qeyrət” olur. Elmini mal, vəzifə ələ keçirmək, günah işləmək üçün sərf edən din adamından elmin getməsini istəmək qeyrət olur. Malını haramda, zülmdə, İslamiyyəti yıxmaqda, bidətləri və günahları yaymaqda işlədənin malının yox olmasını istəmək də həsəd olmaz, din qeyrəti olur. Bir kimsənin qəlbində həsəd olar, özü buna üzülər, bunu istəməzsə, bu günah olmaz. Qəlbdə olan xatirə, düşüncə günah sayılmaz. Xatirənin qəlbə gəlməsi insanın əlində deyildir. Qəlbində həsəd olmasından üzülməzsə və ya öz istəyi ilə həsəd edərsə, günah olar, haram olar. Bu həsədini sözləri ilə, hərəkətləri ilə bəlli edərsə, günahı daha çox olur. Hədisi-şərifdə, “İnsan üç şeydən qurtula bilməz: Sui-zənn, tayərə, həsəd. Sui-zənn etdikdə, buna uyğun hərəkət etməyin. Uğursuz zənn etdiyiniz şeyi Allaha təvəkkül edərək həyata keçirin. Həsəd etdiyiniz kimsəni heç incitməyin!” buyuruldu. Tayərə, uğursuzluğa inanmaqdır. Sui-zənn, bir kimsəni pis zənn etməkdir. Bu hədisi-şərifdən aydın olur ki, qəlbdə həsəd hasil olması haram deyildir. Bundan razı olmaq, davamını istəmək haram olur. “Hadiqa”da deyilir ki, “Qəlbə gələn düşüncə beş dərəcədir: Birincisi, qəlbdə durmaz, dəf edilir. Buna “Hacis” deyilir. İkincisi qəlbdə bir müddət qalır. Buna “Xatir” deyilir. Üçüncüsü, etmək ilə etməmək arasında tərəddüd olunur. Buna “Hədis-ün-nəfs” deyilir. Dördüncü dərəcədə həyata keçirilməsi tərcih edilir. Buna “Həmm” deyilir. Beşinci dərəcədə bu tərcih güclənib, qərar verilir. Buna “əzm” və “cəzm” deyilir. İlk üç dərəcəni mələklər yazmaz. Həmm, həsənə (yaxşı) isə yazılır. Seyyiə (pis) isə, tərk edilərsə, savab yazılır. Əzm olarsa, bir günah yazılır”. İşlənməzsə bu da əfv olur. Hədisi-şərifdə, “Qəlbə gələn pis şey söylənmədikcə və buna uyğun hərəkət edilmədikcə əfv olur” buyuruldu. İnsanın qəlbinə küfr və ya bidət etiqadı olan bir düşüncə gəldikdə bundan üzülər və dərhal rədd edərsə, bu qısa düşüncə küfr olmaz. Lakin illər sonra kafir olmağa qərar verərsə, hətta bunu bir şərtə bağlasa da qərar verdiyi anda kafir olur. İllər sonra bir kafir ilə evlənməyə niyyət edən qadın da belədir.
[Haramı işləməyin günahı, işləməyə qərar verməkdən daha böyükdür. “Haram”, Allahu təalanın qadağan etdiyi şey deməkdir. Günah, “ism” deməkdir. Yəni, haram işləyənə qarşı veriləcək cəza deməkdir. Günah işləmək demək, cəza və əzab edilməsinə səbəb olacaq bir şey etmək, yəni haram işləmək deməkdir. “Savab”, yaxşılıq və ibadət edənə axirətdə veriləcək yaxşı qarşılıq, mükafat deməkdir. Allahu təala dünyada yaxşılıq və ibadət edənlərə axirətdə savab verəcəyini vəd etmişdir. Yaxşılıq və ibadət edənə axirətdə savab verilməsi vacib və lazım deyildir. Allahu təala lütf edərək, mərhəmət edərək bunlara axirətdə savab verəcəyini vəd etmişdir. Allahu təala vədindən dönməz, mütləq edər.]
Hədisi-şərifdə, “İnsan haram işləməyi qəlbindən keçirər, Allahdan qorxaraq etməzsə, heç günah yazılmaz. Haramı işlədikdə bir günah yazılır” buyuruldu.
Kafir [Allaha düşmən] olmağa və bidət sahibi olmağa niyyət etmək haramdır. O anda elə olur. Çünki bu iki niyyətin özləri pisdir, özləri haramdır. Haram işləmək düşüncəsi isə harama səbəb olduğu üçün pisdir. Düşüncənin özü pis deyildir, bunu işləmək, etmək pisdir. Pisliyi işləmədikcə haramlığın və günahın qalxması Allahu təalanın mərhəmətindəndir və Muhamməd əleyhissəlam hörmətinə bu rahməti-ilahiyyə onun ümmətinə məxsusdur.
İnsan bir başqasında olan nemətin ondan getməsini istəməyib, özündə də olmasını istərsə, həsəd olmaz. Buna “Qibtə” deyilir. Qibtə gözəl bir xüsusiyyətdir. İslamiyyətin əhkamına, yəni fərzləri etməyə və haramlardan çəkinməyə riayət edən saleh kimsəyə qibtə edilməsi vacibdir. Dünya nemətləri üçün qibtə etmək tənzihən məkruh olar.
Hədisi-şərifdə, “Allahu təala mömin quluna qeyrət edər. Mömin də möminə qeyrət edər” buyuruldu. Allahu təala qeyrətindən dolayı fuhşu haram etmişdir. Allahu təala, “Ey Adəm oğulları! Sizi özüm üçün yaratdım. Hər şeyi də sizin üçün yaratdım. Sənin üçün yaratdıqlarım səni özüm üçün yaradılmış olduğundan qafil, məşğul etməsin və uzaqlaşdırmasın” buyurmuşdur. Başqa bir hədisi-qüdsidə, “Səni özüm üçün yaratdım. Başqa şeylərlə məşğul olma! Ruzinə zaminəm, özünü üzmə!” buyurmuşdur. Yusif əleyhissəlamın, “Sultanın yanında mənim adımı söylə!” deməsi qeyrəti-ilahiyyəyə toxunaraq illərlə zindanda qalmasına səbəb oldu. İbrahim əleyhissəlamın oğlu İsmayılın dünyaya gəlməsinə sevinməsi qeyrəti-ilahiyyəyə toxunaraq onu qurban etməsi əmr olundu. Allahu təalanın çox sevdiklərinə, bəzi Övliyaya belə qeyrət etməsi çox vaqe olmuşdur. “Qeyrət”, bir kimsədə olan haqqına onun başqasını ortaq etməsini istəməməkdir. Allahu təalanın qeyrət etməsi, qulunun pis, çirkin şeylər etməsinə razı olmamasıdır. Qulun vəzifəsi dilədiyini etmək deyildir. Ona qulluq etməkdir. Onun əmrlərinə və qadağalarına tabe olmaqdır. Hər dilədiyini etmək Allahu təalaya məxsusdur. Yalnız Onun haqqıdır. Qulun öz dilədiyini etməsi, günah işləməsi Allahu təalanın haqqına ortaq olmaqdır. Mömin günah işləməkdə özünə qeyrət etməlidir. Bu da günah işləyərkən həyəcanlanması, qəlbinin çırpıntısı, sıxılması ilə olur. Möminin qəlbi Allahu təalanın evidir və gözəl əxlaqların yeridir. Qəlbində pis, çirkin düşüncələrə yer vermək çirkinləri gözəllərə ortaq etməkdir. Qəlbin buna razı olmaması, çırpınaraq mane olması qeyrət olur. Ənsarın rəisi olan Sad ibn Ubadə (radıyallahu təala anh), “Ya Rəsulallah (sallallahu təala əleyhi və səlləm)! Zövcəmi yad kişiylə bir yataqda görsəm, dörd şahid görmədən öldürə bilmərəm?” dedikdə, “Bəli, öldürə bilməzsən” buyurdu. Sad buna cavab olaraq, “dörd şahid lazımdırsa da, tab gətirə bilmərəm. Dərhal öldürərəm” dedikdə, Rəsulullah (sallallahu əleyhi və səlləm), “Rəisinizin sözünü eşidin! O çox qeyrətlidir. Mən ondan daha çox qeyrətliyəm. Allahu təala məndən daha çox qeyrətlidir” buyurdu. Yəni, belə qeyrət olmaz. Mən ondan daha qeyrətli olduğum halda İslamiyyətdən kənara çıxmaram. Allahu təala ən çox qeyrətli olduğu halda, bu fuhşun cəzasını dərhal verməz, demək istədi. Sadın haqlı olan cəzanı verməkdə tələsməsinin doğru olmadığına işarə buyurdu. Haram işlənərkən görən hər müsəlmanın tazir cəzası etməsi lazımdır. Görənlərin işləndikdən sonra etmələri caiz deyildir. Bu zaman ancaq hökumətin və hakimin tazir etməsi lazımdır. Zina edərkən görüb öldürənin məhkəmədə dörd şahid göstərməsi lazımdır. Yalnız and içməsi qəbul olunmaz. Dörd şahid gətirə bilməzsə, qatil hakim tərəfindən məhkum edilir.
Qadının ortağına qeyrət göstərməsi caiz deyildir. Rəsulullah (sallallahu əleyhi və səlləm) bir gecə həzrəti Aişənin otağından çıxdı. Həzrəti Aişə (radıyallahu təala anha), zövcələrindən birinin yanına getdiyini zənn edərək qeyrət etdi. Rəsulullah (sallallahu əleyhi və səlləm) gəldikdə üzüldüyünü anlayıb, “Qeyrət etdin?” buyurdu. “Mənim kimi bir zavallı, sənin kimi varlıqların ən şərəflisi, məxluqların ən mərhəmətlisi bir şəxs üçün qeyrət etməzmi?”, dedi. Buna cavab olaraq, “Şeytanının vəsvəsəsinə uymusan” buyurdu. “Mənim yanımda şeytan var? Ya Rəsulallah!” dedikdə, “Bəli var” buyurdu. “Ey Allahın Rəsulu! Sənin yanında da var?” dedikdə, “Bəli, mənim yanımda da var. Lakin Allahu təala məni onun vəsvəsələrindən mühafizə edir” buyurdu. Yəni, mənim şeytanım müsəlman olmuşdur. Mənə xeyirli şeyləri xatırladır. Bir hədisi-şərifdə, “Allahu təala heç kimə ehsan etmədiyi iki nemətini mənə ehsan etdi: Şeytanım kafir idi, onu müsəlman etdi. İslamiyyəti yaymaqda bütün zövcələrimi mənə yardımçı etdi” buyuruldu. Adəm əleyhissəlamın şeytanı kafir idi. Zövcəsi həzrəti Həvva Cənnətdə şeytanın and içməsinə aldanaraq Adəm əleyhissəlamın xəta etməsinə səbəb oldu.
İnsanların Allahu təalaya qeyrət etmələri haram işlənməsini istəməməklə olur.
Həsədin ziddi “Nəsihət” etməkdir. Allahu təalanın bir kimsəyə verdiyi nemətin onda qalaraq dininə və dünyasına faydalı olmasını istəmək deməkdir. Nəsihət etmək bütün müsəlmanlara vacibdir. Hədisi-şərifdə, “Xeyrə səbəb olana bunu edənin əcri qədər savab verilir”, və “Özü üçün istədiyini din qardaşı üçün də istəməyən iman etmiş olmaz” və “Dinin təməli nəsihətdir” buyuruldu. Nəsihət vermək Allahu təalanın var olduğunu, bir olduğunu, bütün kəmal və cəmal sifətlərinin Onda olduğunu, Ona layiq olmayan sifətlərin, eyblərin, qüsurların Onda olmadığını, xalis niyyət ilə Ona ibadət etmək lazım olduğunu, gücü yetdiyi qədər Onun rızasını almağa çalışılmasını, Ona üsyan edilməməsini, Onun dostlarına məhəbbət, düşmənlərinə müxalifət edilməsini, Ona itaət edənləri sevməyi və üsyan edənləri sevməməyi, nemətlərini saymağı və bunlara şükr etməyi, bütün məxluqlarına şəfqət və mərhəmət etməyi, Onda olmayan sifətləri Ona söyləməməyi bildirmək Allahu təala üçün nəsihət etməkdir. Şükr etmək Allahu təalanın göndərdiyi nemətləri İslamiyyətə uyğun şəkildə işlətmək deməkdir. Qurani-Kərimdə bildirilənlərə inanmağı, əmr edilənləri etməyi, öz ağlı ilə, düşüncəsi ilə uydurma tərcümələr etməməyi, Onu çox və doğru olaraq oxumağı, Ona dəstəmazsız əl vurmağın caiz olmadığını insanlara bildirmək Qurani-Kərim üçün nəsihət etməkdir. Muhamməd əleyhissəlamın bildirdiklərinin hamısına inanmaq lazım olduğunu, Ona və adına hörmət etməyi, Onun sünnətlərinə riayət etməyi və yaymağı, Onun gözəl əxlaqı ilə əxlaqlanmağı, Alini, Əshabını və ümmətini sevməyi bildirmək Rəsulullah (sallallahu təala əleyhi və səlləm) üçün nəsihət etməkdir. Ona hörmət edən, Onun dinini mühafizə edən, Onun dininə tabe olmaqda, ibadət etməkdə insanlara hürriyyət verən hökumətlərə yardım etmək, onlara doğrunu bildirmək, müsəlmanların haqqına riayət etmələrini bildirmək, onlara üsyan etməmək, qanunlarına qarşı çıxmamaq, onların İslamiyyətə və insanlara xidmət etmələri üçün dua etmək, arxalarında namaz qılmaq, kafirlərlə cihadlarında mal ilə, can ilə və dua ilə yardım etmək, zəkat və vergiləri ödəmək, silah ilə kimsəyə hücum etməmək, zülm və haqsızlıq etdiklərində də üsyan etməyib, xoşluqla onları doğru yola, ədalətə gətirmək, onlara yaltaqlıq etməmək, doğru yoldan ayrılmalarına səbəb olmamaq, hökumət adamlarına qarşı çıxmamaq lazım olduğunu hər kəsə bildirmək və Əhli-sünnət alimlərinin (rahmətullahi təala əleyhim əcməin) fiqh kitablarına, elmihal kitablarına və əxlaq kitablarına tabe olmaq lazım olduğunu bildirmək dövlət üçün nəsihət etməkdir. İnsanlara dünyada və axirətdə faydalı olan şeyləri etmək və zərərli olan şeyləri etməmək lazım olduğunu və kimsəyə əziyyət etməməyi, qəlb qırmamağı, bilmədiklərini öyrətməyi, qüsurlarını örtməyi, fərzləri əmr etməyi, haramlardan nəhy etməyi, bunların hamısını xoşluqla, ürəyi yanaraq bildirməyi, kiçiklərə mərhəmət, böyüklərə hörmət edilməsini, özlərinə edilməsini istədiklərini başqalarına da etmələrini, özlərinə edilməsini istəmədiklərini başqalarına da etməmələrini, onlara bədənləri ilə, malları ilə yardım edilməsini bildirmək də bütün insanlar üçün nəsihət etməkdir.
Hədisi-şərifdə, “Müsəlmanlara yardım etməyən, onların yaxşılıqları və rahatlıqları üçün çalışmayan onlardan deyildir. Gecə və gündüz Allah üçün, Qurani-Kərim üçün, Rəsulullah üçün, dövlət rəhbəri üçün və bütün müsəlmanlar üçün nəsihət etməyən kimsə də bunlardan deyildir” buyuruldu.
Həsəd ibadətlərin savabını aparır. Hədisi-şərifdə, “Həsəd etməkdən çəkinin. Bilin ki, atəş odunu yox etdiyi kimi, həsəd də həsənəti (yaxşılıq, yaxşı əməl) yox edər!” buyuruldu. Həsəd edən, həsəd etdiyi adamı qeybət edər, dedi-qodu edər. Onun malına, canına hücum edər. Qiyamət günü bu zülmlərinin qarşılığı olaraq yaxşılıqları alınaraq ona verilər. Həsəd ediləndəki nemətləri gördükdə dünyası əzab içində keçər. Yuxusu qaçar. Xeyir, həsənət işləyənlərə on qat savab verilir. Həsəd bunların doqquzunu yox edər, biri qalar. Küfrdən [Allaha düşmən olmaqdan] başqa heç bir günah həsənətin savablarının hamısını yox etməz. Günah olduğuna inanmayaraq və ya İslamiyyətə əhəmiyyət verməyərək haram işləmək və küfrə, irtidada (mürtəd olmağa) səbəb olan işləri etmək savabların hamısını yox edər. Çünki belə edənlər mürtəd olurlar. Hədisi-şərifdə, “Keçmiş ümmətlərdən iki pislik sizlərə yoluxdu: Həsəd və qazımaq. Bu sözümlə onların başlarını qazıdıqlarını demək istəmirəm. Dinlərinin kökünü qazıyıb yox etdiklərini söyləyirəm. And içərəm ki, imanı olmayan Cənnətə girməyəcəkdir. Bir-biriniz ilə sevişmədikcə imana qovuşa bilməzsiniz. Sevişmək üçün çox salamlaşın!” buyuruldu.
[Salamlaşmağın çox mühüm olduğunu bu hədisi-şərif açıq göstərir. Salamlaşmanı əmr edir. İki müsəlman qarşılaşdıqda birisinin “Salamün aleyküm” deməsi sünnətdir. Digərinin cavab olaraq “və aleyküm salam” deməsi fərzdir. Kafirlərə məxsus kəlmələrlə salamlaşmaq və əl, bədən hərəkətləri ilə salamlaşmaq caiz deyildir. Qarşılaşan iki müsəlman bir-birindən uzaqda gedirlərsə, səsini eşidə bilməyəcəyini anladığı zaman söyləməklə birlikdə sağ əli qaşının kənarına qaldırmağın da caiz olduğu bildirilmişdir. Kafirlərlə başqa kəlmələrlə salamlaşaraq fitnə çıxmasına mane olmaq lazımdır. Fitnəni oyandırmaq haramdır. Bu harama mane olmaq çox savabdır.]
“Müsəlmanlar xeyirli olur. Həsəd etdikdə xeyir qalmaz” buyuruldu. Digər bir hədisi-şərifdə, “Həsəd, nəmimə və kəhanət sahibləri məndən deyildir” buyuruldu. Nəmimə, fitnə çıxarmaq üçün, ara açmaq üçün, insanlar arasında söz gəzdirməkdir. Kəhanət, bilmədiyini söyləyərək bundan hökm, məna çıxarmaqdır. [Bilinməyən şeyləri xəbər verən falçılara “Kahin” deyilir. Kahinə inanmaq olmaz.] Bu hədisi-şərifdən həsəd edənin şəfaətdən məhrum qalacağı aydın olur. Yəni, şəfaət istəməyə haqqı olmayacaqdır.
Hədisi-şərifdə, “Altı şəxs altı şeydən hesaba çəkilib, məhşər yerində əzab gördükdən sonra Cəhənnəmə girəcəkdir: Dövlət rəhbərləri zülmdən, ərəblər qövm qeyrətindən, kənd rəisləri təkəbbürdən, tacir xəyanətdən, kəndlilər cəhalətdən, alimlər həsəddən” buyuruldu. Ticarət ilə məşğul olanın yalan söyləmək, faiz, hiylə və fasid bey (alış-veriş) ilə başqasının malını ələ keçirməyin nə demək olduğunu və bu haramlardan qurtulmağın çarələrini öyrənməsi lazımdır. Kəndlilərin, yəni hər müsəlmanın Əhli-sünnət etiqadını və elmihalını bilməsi lazımdır. Bu hədisi-şərif həsədin din adamlarında daha çox olduğunu xəbər verməkdədir. “Təfsiri-kəbir”də deyilir ki, “Həsəd on qisimdir. Bunların doqquzu din adamlarında olur. Dünya sıxıntıları on növdür. Bunların doqquzu salehlərdə olur. Zillət on qisimdir. Doqquzu yəhudilərdədir. Təvazökarlıq on qisimdir. Doqquzu nasaradadır. Şəhvət on qisimdir. Doqquzu qadınlarda, biri kişilərdədir. Elm on qisimdir. Biri İraqdadır. İman on qisimdir. Doqquzu Yəməndədir. Ağıl on qisimdir, doqquzu kişilərdədir. Yer üzünün bərəkəti on qisimdir, doqquzu Şamdadır”. Fəxrəddini Razi həzrətləri bu təfsirində öz zamanında olanları bildirmişdir. Rəsulullah (sallallahu təala əleyhi və səlləm) dünyaya təşrif etməzdən əvvəl yəhudilər hərb edəcəkləri zaman, “Ya Rəbb! Göndərəcəyini vəd etdiyin və ən çox sevdiyini bildirdiyin o şərəfli Peyğəmbər hörmətinə” deyərək dua edərdilər. Duaları qəbul olub Allahu təala onlara yardım edərdi. Rəsulullah (sallallahu əleyhi və səlləm) insanları müsəlman olmağa dəvət etdikdə, Onun vəd edilən Peyğəmbər olduğunu anladılar. Lakin həsəd edərək, qısqanaraq inkar etdilər. Həsədləri özlərinin və gələcək olan nəsillərinin əbədi olaraq fəlakətə, əzablara sürüklənmələrinə səbəb oldu.
Allahu təala şeytanın şərindən qorunmağımızı əmr etdiyi kimi həsəd edənin şərindən də çəkinməyimizi əmr etdi.
Hədisi-şərifdə, “Nemət sahiblərindən ehtiyaclarınızı gizli olaraq istəyin. Çünki nemət sahiblərinə həsəd edilir” buyuruldu. Ehtiyaclarınızın ödəndiyi meydana çıxdıqda həsəd olunarsınız. Sirrini gizləyən istərsə aşkara çıxarar, istərsə çıxarmaz. Sirrini açıqlayan kimsə çox kərə söylədiyinə peşman olar, üzülər. İnsan söyləmədiyi sözünə hakimdir. İstərsə söylər, istəməzsə söyləməz. Söylədiyinin isə məhkumudur. Kaş ki, söyləməsəydim deyər. Mala, əşyaya əmin olan kimsələrin çoxu əsrara əmin olmazlar. “Zəhəbini, zihabını və məzhəbini gizli tut!” sözü məşhurdur. [Zəhəb-qızıl, zihab-etiqad, məzhəb də işlərdə tutulan yol deməkdir.]
Həsəd etmək Allahu təalanın təqdirini dəyişdirməz. İnsan boş yerə üzülmüş, yorulmuş olar. Qazandığı günahlar da üstəlik olar. Müaviyə (radıyallahu anh) oğluna nəsihət olaraq, “Həsəddən çox çəkin! Həsədin zərərləri səndə düşmənininkindən daha öncə və daha çox hasil olar” dedi. Süfyan Səvri (rahmətullahi təala əleyh) həsəd etməyənin zehni açıq olur, demişdir. Heç bir həsədçi muradına qovuşmamışdır. Kimsədən hörmət görməmişdir. Həsəd əsəbləri pozar. Ömrün azalmasına səbəb olar. Əsmayi deyir ki, bir kəndliyə rast gəldim. Yüz iyirmi yaşında idi. Çox yaşamasının sirrini soruşdum. “Çünki heç həsəd etmədim” dedi. Əbülleysi Səmərqəndi (rahmətullahi təala əleyh) deyir ki, “Üç kimsənin duası qəbul olmaz: Haram yeyənin, qeybət edənin, həsəd edənin”.
Həsəd olunana dünyada və axirətdə bundan heç zərəri olmaz. Hətta faydası olur. Həsəd edənin ömrü üzüntü ilə keçər. Həsəd etdiyi insanda nemətlərin azalmadığını, hətta artdığını görərək əsəb böhranı keçirər. Həsəddən qurtulmaq üçün ona hədiyyə göndərməli, nəsihət verməli, onu mədh etməlidir. Ona qarşı təvazökar olmalıdır. Onun nemətinin artmasına dua etməlidir.