Facirin, yəni kafirin ruhu sərt və şiddətli şəkildə alınır və üzü Əbu Cəhl qarpızı kimi olur. Mələklər ona xitab edərək, “Ey xəbis ruh! Xəbis olan cəsəddən çıx” deyərlər. O da uzunqulaq kimi bağırar. Ruhu çıxdıqda, Əzrayıl əleyhissəlam onu üzü çox çirkin, qara paltarlı və pis qoxulu zəbanilərə (yəni əzab edən mələklərə) təslim edər, hansı ki, əllərində yundan, köhnə kilim parçası kimi bir bez vardır. O ruhu bu bezə sarıyarlar. Bu zaman çəyirtkə boyda insan şəklinə çevrilər. Bunun səbəbi kafirin cəsədinin axirətdə möminin cismindən böyük olmasıdır. Hədisi-şərifdə, “Cəhənnəmdə kafirin bir azı dişi Uhud dağı boyda olacaq” buyuruldu.
Cəbrayıl əleyhissəlam bu pis ruhu yüksəldib, dünya səmasına çatarlar. Sən kimsən deyərlər. Mən Cəbrayılam, deyər. Yanındakı kimdir, deyilər. Filankəs oğlu filankəs, pis, çirkin və dünyada sevmədiyi adlarıyla onu təqdim edər. Onun üçün göy və səma qapısı açılmaz və dəvə iynə deşiyindən keçmədikcə, bunun kimi şəxslər Cənnətə girməz, deyilər.
Cəbrayıl əleyhissəlam bu sözü eşidən kimi onu əlindən buraxar. Külək onu uzaqlara sürükləyər. Bu vəziyyət Həcc surəsinin, “Allahu təalaya ortaq qoşan şəxs ona bənzər ki, göydən düşüb, onu ya quşlar qapar. Yaxud külək onu uzaq bir yerə atar, orada da həlak olar” 31-ci ayəti-kəriməsinin məali-şərifidir. O şəxs yerə düşdükdə, bir zəbani onu alıb siccinə aparar. Siccin yerin altında və ya Cəhənnəmin dibində böyük bir daşdır, hansı ki, kafir və fasiqlərin ruhu oraya aparılır.
Yəhudi ilə nasaranın ruhları kürsidən qəbirlərinə geri qaytarılar. Əgər onlar öz dinləri üzrə olublarsa, (pozulmamış yəhudilik və xristianlıq) özlərinin yuyulmalarını və dəfn olmalarını seyr edərlər.
Müşrik, yəni dinlərə inanmayanlar bunlardan bir şey seyr edə bilməzlər. Belə ki, onlar dünya səmasından həqir kimi atılıblar.
Münafiq, ikincilər kimi, yəni müşrik kimi Allahu təalanın qəhrinə məruz qalmış və rədd olunmuş halda məzarlarına geri qaytarılır.
Möminlərdən qulluqda qüsur edənlər müxtəlifdir. Bəzilərini qıldığı namazı geri qaytarır. Belə ki, bir şəxs namazını xoruzun yem yediyi kimi cəld qılarsa, namazından oğurluq etmiş sayılır. Onun namazı köhnə əski parçası kimi yığılıb üzünə çırpılır. Sonra yüksəlir və sən məni zay etdiyin kimi Allahu təala da səni zay etsin, deyər.
Bəzilərini zəkatı geri qaytarır. Çünki o şəxs, zəkatını filankəs təsəddüq edir, zəkatını verir, desinlər deyə verirdi. Bir çox hallarda qadınların məhəbbətini qazanmaq üçün zəkatını onlara verirdi. Biz bunları gördük, bunları müşahidə etdik. Halal olan şeylərlə Allahu təala hər kəsə afiyət versin.
Bəzilərini də orucu geri qaytarır. Çünki o şəxs yeməkdən oruc tutmuş, lakin malayəni sözlərdən, qeybətdən və günah işləməkdən çəkinməmişdi. Bu oruc fəhşa və hüsrandır. Bu şəkildə oruc tutarkən Ramazan ayı çıxar. Zahirdə oruc tutmuş, həqiqətdə isə oruc tutmamış olur.
Bəzi şəxsləri də həcci geri qaytarır. Çünki o şəxs həccə gedib desinlər deyə və ya haram malla həcc etmişdir.
Bəzi insanı da ana-atasına asi olmaq kimi günahı geri qaytarır. Bu halları sirlər aləmindən xəbəri olanlar və Allahu təalanın rızası üçün elm öyrənən alimlər bilir.
Bura qədər bəhs etdiyimiz xüsuslar haqqında Peyğəmbərimizdən (sallallahu təala əleyhi və səlləm) hədislər, Əshabı-kiramdan və tabiindən də xəbərlər gəlmişdir. Muaz ibn Cəbəlin (radıyallahu anh) rəvayətində bildirildiyi kimi, əməllərin geri qaytarılması və bundan başqa xüsuslarda çox xəbərlər gəlmişdir. Mən bu məsələni ixtisarla izah etmək istədim. Əgər qısaltmasaydım, çox kitab yazılardı. Əhli-sünnət etiqadında olan, yəni doğru etiqad və imana sahib olanlar, övladlarını tanıdıqları kimi bu dediklərimizin doğru olduğunu bilirlər.
Ruh cəsədə geri gəldiyi zaman cəsədinin yuyulmasını görür və baş tərəfində yuyulması bitənə qədər durur. Allahu təala yaxşılığını istədiyi şəxsin gözündən pərdəni qaldırır və o şəxs ölünün ruhunu dünyadakı insan surətində görür. Bir şəxs oğlunu yuyarkən baş tərəfində olduğunu gördü. Ona bir qorxu gəldi və gördüyü tərəfdən başqa tərəfə keçdi. Kəfənə bürüyənə qədər bu vəziyyəti gördü. Kəfənə bürüdükdə, o şəxsin şəklindəki ruh kəfənə geri döndü. Meyid tabut içinə qoyulduğu zaman ruhu görənlər oldu. Belə ki, saleh şəxslərin çoxundan rəvayət olundu ki, tabutda ikən, filankəs haradadır, ruh haradadır, deyə səs eşidildi. Kəfən sinə hissəsindən iki yaxud üç dəfə hərəkət etdi.
Rəbi ibn Heysəmdən (rahiməhullah) rəvayət edildi ki, bir nəfər yuyanın əlində hərəkət etmişdi. Bir dəfə də Əbu Bəkr Siddiqin (radıyallahu anh) dövründə bir ölünün tabutda danışdığı görüldü. Əbu Bəkr və Ömərin (radıyallahu anhümə) fəzilətlərindən danışırdı.
Ölünün bu vəziyyətini görənlər mələklər aləmini seyr edən Vəlilərdir. Allahu təala dilədiyi şəxsin gözündən və qulağından pərdəni qaldırır, o da bu halı görür və bilir.
Ölü kəfənə sarıldığı zaman ruh kənardan sinəyə yaxın gəlir. Bu zaman o ölü bağırır və inləyir. Deyir ki, məni Rəbbimin rəhmətinə cəld aparın. Əgər mənə ehsan olunan nemətləri bilsəydiniz, məni aparmaqda tələsərdiniz.
Əgər şəqavətlə qorxudulmuşdursa, o zaman deyər ki, amandır, mənə ilahi əzabdan bir müddət verib, ağır aparın. Əgər bilsəydiniz, əlbəttə, məni çiyinlərdə daşımazdınız. Buna görə Rəsulullah (sallallahu təala əleyhi və səlləm) bir cənazə gördükdə dərhal ayağa qalxar, qırx addım birlikdə gedərdi.
Səhih hədisdə bildirildi ki, Peyğəmbərimizin (sallallahu təala əleyhi və səlləm) önündən bir cənazə aparırdılar. Hörmət üçün Peyğəmbərimiz ayağa qalxdı. Əshabı-kiram (aleyhimürrıdvan) “Ya Rəsulallah, bu cənazə yəhudi cənazəsidir” dedilər. Peyğəmbərimiz (sallallahu təala əleyhi və səlləm) “Nəfs deyildirmi?” deyə buyurdu. Yəni insan deyildirmi? Peyğəmbər Əfəndimizin belə etmələrinin səbəbi mübarək şəxsinə mələklər aləmi kəşf olunmuş, göstərilmişdir. Buna görə də cənazə gördüyü vaxt sevincli olurdu.
[“Haləbi”də deyilir ki, önündən cənazə keçən şəxs, cənazə üçün ayağa qalxıb ayaqda durmamalıdır. Cənazəni daşımaq və arxasından getmək üçün qalxmaq lazımdır. Rəsulullah (sallallahu təala əleyhi və səlləm) Əfəndimizin cənazə gördüyü zaman ayağa qalxdığı, keçdikdən sonra oturduğu və siz də belə edin deyə əmr buyurduğu bildirilsə də, bu əmr nəsx edilmişdir. Yəni bir müddət sonra bu əmrini dəyişdirdi. “Məraq-ıl-fəlah” və “Dürr-ül-Muxtar”da cənazəni görənin hörmət əlaməti olaraq ayağa qalxmasının caiz olmadığı yazılıdır.]
Ölü qəbrə qoyulduğu zaman, üstü torpaqla örtüldükdə, qəbir meyidə deyər ki, mənim üstümdə şən idin, indi isə altımda kədərlisən. Mənim üstümdə yeməklər yeyirdin, indi isə səni mənim altımda qurdlar yeyəcək. Qəbir torpaqla tam örtülənə qədər belə acı sözlər söylənəcək.
İbn Məsuddan (radıyallahu anh) rəvayət olundu ki, Ya Rəsulallah, ölü qəbrə qoyulduğu zaman, ilk qarşılaşdığı şey nədir, deyə soruşdu. Peyğəmbərimiz (sallallahu təala əleyhi və səlləm) buyurdu ki, “Ey İbn Məsud! Bunu məndən səndən başqa heç kim soruşmadı, ancaq sən soruşdun. Ölü qəbrə qoyulduğu zaman əvvəlcə bir mələk səslənir. O mələyin adı “Ruman”dır. Qəbirlərin arasına girər. Deyər ki, Ey Abdəllah! Əməlini yaz! O şəxs də deyər ki, mənim burada nə kağızım, nə qələmim var, nə yazım? O mələk də deyər ki; Bu sözün qəbul edilmir. Sənin kəfənin kağız, tüpürcəyin mürəkkəbdir. Barmaqların qələmindir. Mələk kəfənindən bir parça kəsib ona verər. O qul dünyada hər nə qədər yazı yazmağı bilməsə də, orada savabını və günahını, sanki bir gündə işləmiş kimi yazar. Bundan sonra mələk o yazdığı kəfən parçasını büküb, o ölünün boynuna asar”. Bundan sonra Rəsulullah (sallallahu təala əleyhi və səlləm) Əfəndimiz, “Hər insanın etdiyi işləri göstərən səhifələrini biz boynunda qıldıq” məalindəki İsra surəsinin 13-cü ayəti-kəriməsini oxudular.
Sonra son dərəcə qorxunc, insan şəklində iki mələk gələr. Üzləri çox qara olub, dişlərilə yeri yararlar. Başlarının tükləri yer üzünə sallanmış kimi görünür. Sözləri göy guruldaması, gözləri şimşək çaxması kimidir. Nəfəsləri də şiddətli şəkildə əsən külək kimidir. Hər birində dəmir qamçılar vardır, hansı ki, insanlar və cinlər birləşsələr, yerdən qaldıra bilməzlər. O qamçılar dağlardan daha böyük və ağırdır. Bir kərə kiməsə vursalar, mazallah, parça-parça edər. Ruh bu mələkləri gördükdə dərhal qaçar. Mələklər ölünün burnundan sinəsinə girərlər. Sinəsindən yuxarısı dirilər. Öləcəyi zamandakı halı kimi olar. Hərəkət edə bilməz. Lakin nə deyilərsə, eşidər və görər. Bu mələklər ölüdən şiddətli şəkildə sual soruşarlar, əziyyət edərək onu incidərlər. Torpaq ona su kimi olacaq, nə vaxt qımıldasa, yer açılar və bir boşluq əmələ gələr.
Bu iki mələk, “Rəbbin kimdir? Dinin nədir? Peyğəmbərin kimdir? Qiblən haradır?” deyə suallar verərlər. Allahu təala kimi müvəffəq edər və kimin qəlbinə haqq sözü yerləşdirərsə, deyər ki, “Sizi vəkil edərək mənə kim göndərdisə, Rəbbim odur. Mənim Rəbbim Allah, Peyğəmbərim Muhamməd əleyhissəlam, dinim İslam dinidir”. Bu şəkildə cavabı ancaq elmi ilə amil olan xeyirli alimlər verir.
O zaman mələklər deyər ki, “Doğru söylədi, dəlilini gətirdi, bizim əlimizdən qurtuldu”. Bundan sonra onun üzərinə qəbrini böyük bir qübbə kimi edərlər. Onun üçün sağ tərəfindən iki qapı açarlar. Sonra da qəbrini gözəl ətirli reyhanlarla döşəyərlər. Cənnət ətirləri o meyidə gələr. Dünyada etdiyi gözəl əməlləri ən sevdiyi dostu surətində gəlib, onu əyləndirər və ona gözəl xəbərlər söyləyər. Qəbri nurla dolar. Qiyamət qopana qədər qəbrində şən və sevincli olar. O şəxsə qiyamətin qopmasından daha sevimli bir şey olmaz.
Elmi və əməli az olan, elmdən, mələkut sirlərindən xəbəri olmayan möminlərin dərəcəsi bundan aşağıdır. Onun yanına Rumandan sonra gözəl surətdə, gözəl ətirli və gözəl paltarlı əməli gələr. “Məni tanımırsanmı?” deyər. O da, “Sən kimsən ki, Allahu təala səni mənim bu qərib olduğum zamanda mənə ehsan etdi?” deyər. O da deyər ki, “Mən sənin saleh işlərinəm. Qorxma, məyus olma! Bir az sonra Münkər və Nəkir mələkləri gəlib sənə suallar verəcəklər. Onlardan qorxma”.
Bundan sonra sual mələklərinə deyəcəyi şeyləri öyrədərkən, Münkər və Nəkir mələkləri gələr. Onu indi deyəcəyimiz şəkildə sıxışdırarlar və onu oturdarlar. Ona, “Mən Rabbükə”, yəni Rəbbin kimdir, deyərlər. O da əvvəl söylədiyi kimi deyər: “Rəbbim Allahdır, Peyğəmbərim Muhamməd əleyhissəlam, İmamım Qurani-kərim, qibləm Kəbəyi-şərif və atam İbrahim əleyhissəlamdır. Onun milləti mənim millətimdir” deyər. Onun dili heç tutulmaz. Onlar da, “Doğru söylədin” deyərlər, əvvəlki mələklər kimi rəftar edərlər. Lakin onun üçün sol tərəfindən Cəhənnəmdən bir qapı açarlar. Cəhənnəmin ilan, əqrəb, zəncir, qaynar su və zəqqumu, bir sözlə nə varsa hamısını görər. O şəxs bunları gördükdə çox fəryad edər.
Ona, “Qorxma, buranın dəhşəti sənə bir zərər verməz. Bu yer sənin Cəhənnəmdəki yerindir. Allahu təala buranı sənin Cənnətdə olan yerinlə dəyişdirdi. Yat, sən səidsən” deyərlər. Sonra onun üzünə Cəhənnəm qapısı bağlanar. Aylarla, illərlə keçən zamanı bilməz, eləcə qalar.
Bir çox insanın ölərkən dili tutulur. Əgər etiqadı yanlışdırsa, [Əhli-sünnət alimlərinin bildirdiklərinə uyğun olaraq inanmadısa, bidət əhlinə tabe oldusa] “Rəbbim Allahdır” deyə bilməz, başqa söz deyər. Mələklər bir kərə vurarlar, qəbri atəşlə dolar, sonra sönər. Bir neçə gün sönük qalar. Sonra yenə qəbirdə onun üzərində atəş əmələ gələr. Qiyamət qopana qədər bu vəziyyət davam edər.
Bir çoxu da, “Dinim islamdır” deyə bilməz. Bu şəxslər ya şübhə edərək vəfat etmişlər, yaxud, vəfat edərkən fitnələrdən bir fitnəyə düşmüşlər. [Əhli-sünnət olmayan şəxslərin sözlərinə, yazılarına aldanmışdılar.] Bu şəxsə bir dəfə vurarlar, qəbri yuxarıda deyildiyi kimi atəşlə dolar.
Bəzi şəxslər, “Əl-Quranu imami”, yəni Qurani-kərim imamımdır, deyə bilməzlər. Çünki onlar Qurani-kərimi oxuyardılar, lakin ondan nəsihət almaz və Qurani-kərimdə olan əmrlərlə əməl etməz və qadağan etdiyi şeylərdən çəkinməzdilər. Onlarla da əvvəlkilər kimi rəftar edərlər.
Bəzi şəxslərin əməli də qorxunc şəkil alar. Onu çəkərlər, qəbrində günahları qədər əzab olunar. Bir xəbərdə deyildi ki, “Bəzi insanların əməli hunut şəklinə çevrilər”. Hunut, donuz balasına deyilir.
Bəziləri də, Peyğəmbərim Muhamməd əleyhissəlamdır, deyə bilməz. Çünki bu şəxslər dünyada sünnəti-nəbəviyyəni (yəni islamiyyətin əmr və qadağalarını) unutmuşdular. Zəmanəyə, dəbə tabe olmuşdular. Övladlarına Qurani-kərim oxutmamış, Allahu təalanın əmrlərini, qadağalarını öyrətməmişdilər.
Bəzi şəxslər, qibləm Kəbəyi-şərifdir, deyə bilməzlər. Çünki namaz qılmaq üçün qibləyə az yönəlmiş, yaxud dəstəmazında fəsad olmuş, yaxud namazında başqa şeylərə rəğbət bəsləyib, dünya işləri ilə məşğul olub, yaxud rükusunda və səcdəsində nöqsanlıq olub, tədili-ərkana riayət etməzmişlər.
Sənə Peyğəmbərimizdən (sallallahu əleyhi və səlləm) rəvayət olunan, “Allahu təala, üzərində qəzaya qalmış namaz borcu olanların və haram paltar [cilbab] geyinən şəxslərin namazını qəbul etməz” hədisi-şərifi kifayət edər. [Buradan məlum olur ki, fərz namazını qəzaya saxlayan şəxslərin sünnətləri və nafilələri qəbul olmaz.] Bəzi şəxslər, “və İbrahimü əbi”, yəni İbrahim əleyhissəlam atamdır, deyə bilməz. Çünki bir gün İbrahim əleyhissəlam yəhudidir, yaxud nasranidir deyə bir söz eşidib və bunun üçün şübhəyə düşmüşdü. [Yaxud, kafir olan Azər, İbrahim əleyhissəlamın atasıdır demişdi.] Ona da əvvəlkilərə etdikləri kimi edərlər. Bunların hamısını “İhya-ül-ulum” kitabımızda geniş bildirdik.
[Yuxarıdakı hədisi-şərif, namazını üzrsüz qılmayan və dərhal qəza etməyən şəxslərin ondan sonra qılacağı namazlarının heç birinin qəbul olmayacağını bildirir. Sonra qıldığı namazlar şərtlərinə uyğun olaraq və doğru, ixlasla qılınarsa, səhih olarlar, yəni namaz qılmaq vəzifəsini yerinə yetirmiş, bu günahlardan qurtulmuş sayılırlar. Bu namazların heç biri qəbul olmaz demək, yəni Allahu təalanın vəd etdiyi savablara qovuşa bilməz və bunların faydasını görə bilməz deməkdir. Beş vaxt namazın sünnətləri savab qazanmaq üçün qılınır. Bu şəxslərin sünnət namazları qəbul olunmayacağı üçün sünnətləri boşuna qılmış olur. Sünnət namazlarının ona faydası olmaz. Bunun üçün fərz namazı üzrsüz qılmayan şəxs bu namazı dərhal qəza etməlidir. Qılmadığı namazların miqdarı çoxdursa, sünnətləri qılarkən o vaxtın qılınmamış namazını qəza etməyə niyyət etmək lazımdır. Beləcə namazını qəza etdiyi üçün bunun böyük əzabından qurtulmuş olur. Qəzaları cəld bitirərək, sünnətlərin savabına da qovuşmağa başlayar. Üzrlə qaçırdığı fərz namazlar belə deyildir. Bu hədisi-şərif üzrsüz olaraq tənbəlliklə qılınmayan namazlar üçündür. Bu xüsusda “Səadəti Əbədiyyə” kitabında qəza namazları bəhsində geniş məlumat vardır.]