Allahu təala Sur üfürüldükdən sonra qiyamətin qopmasını murad buyurduğu zaman, dağlar uçar, buludlar kimi hərəkət etməyə başlayar. Dənizlərin bəzisi bəzisinə daşar. Günəşin nuru get-gedə qap-qara olar. Dağlar toz halına dönər. Aləmlər bir-birinə girər. Ulduzlar qopub dağılmış incilər kimi dağılar. Göylər gül yağı kimi əriyər və dəyirman kimi dövr edər, şiddətli şəkildə hərəkət edər. Bəzən bir yerə yığılar, bəzən də dümdüz olar. Allahu təala göylərin parça-parça olmasını əmr edər. Yeddi qat yerdə, yeddi qat göydə və kürsidə diri olan kimsə qalmaz. Hər canlı ölmüş və əgər ruhanidirsə ruhu getmiş olar. Hər növ canlı ölər. Yerdə daş daş üstə qalmaz. Göylərdə heç bir canlı qalmaz.
Allahu təala ilahlıq məqamında təcəlli edib, yeddi qat göyləri sağ qüdrəti daxilinə və yeddi qat yeri sol qüdrəti daxilinə alıb deyər ki: “Ey alçaq dünya! Sənin içində rəblik davası edənlər və axmaqların rəbb tanıdıqları acizlər haradadır və sənin gözəl və lətif görünərək aldatdığın və axirəti unutdurduğun şəxslər haradadır?” Bundan sonra qəhri, yoxedici qüvvəti və hikməti ilə iftixar edər. Sonra Mömin surəsində bildirildiyi kimi məalən, “Mülk kimindir?” deyər. Heç kim cavab verməz. Qəhhar olan Allahu təala Özü məalən, “Vahid və Qəhhar olan cənab Allahındır” buyurur.
Bundan sonra əvvəlkindən daha böyük bir iradə və ilahi qüdrət zahir olur. Sonra məalən, “Mən əzimüşşan, Məliki-dəyyanam [Yəni qiyamət gününün tək hakimi və sahibiyəm]. Mənim verdiyim ruzini yeyib, Mənə ortaq qoşanlar və Məndən qeyrisinə, bütlərə ibadət edənlər haradadırlar? Mənim verdiyim ruzi ilə qüvvətlənib Mənə üsyan edən cəbbar və zalımlar haradadırlar? Təkəbbür edənlər və öyünənlər haradadırlar? İndi isə mülk kimindir?” buyurur. Bu suala cavab verəcək heç kim olmaz. Haqq sübhanəhu və təala murad etdiyi qədər gözləyər, səssizlik çökər və o zaman Ərşi-əladən məqamı-əhadiyyətə qədər düşünən və görünən bir canlı olmaz. Çünki cənab Haqq huri və qılmanın da Cənnətlərində ruhlarını qəbz etmişdir.
Bundan sonra Allahu təala, Cəhənnəmin dərəkə və çüxurlarından olan Saqardan bir qapı açar. Oradan od fışqırar. Elə bu od hər şeyi yandırdığı kimi, on dörd dənizi qurudub, yer üzünü qapqara edər və göyləri sarı zeytun yağı, yaxud ərimiş mis kimi bir vəziyyətə gətirər. Sonra atəşin şiddəti göylərə yaxın olduğu zaman Allahu təala elə bir dəhşətlə qarşısını alar ki, tamamilə sönər. Atəşdən heç əsər-əlamət qalmaz.
Bundan sonra Allahu təala Ərşi-əlanin xəzinələrindən birini açar hansı ki, onda həyat dənizi vardır. Bu dəniz Allahu təalanın əmri ilə yer üzərinə şiddətli yağış yağdırar. Yağış o qədər davam edər ki, yer üzünü bürüyüb, qırx arşın hündürlüyündə yüksələr. O zaman torpaq olmuş insanlar və heyvanlar ot kimi bitərlər. Belə ki, hədisi-şərifdə buyuruldu ki: “İnsan büzdüm sümüyündən yaradılmışdır. Sonra yenə ondan yaradılacaqdır”. Digər bir hədisi-şərifdə, “İnsanın hər yeri məhv olub çürüyür. Lakin büzdüm sümüyü çürüməz. İnsan ondan çıxmışdı. Yenə ondan iadə olunar” buyuruldu. [Büzdüm sümüyü onurğanın ən sonuncu sümüyüdür.] Noxud boyda sümükdür, hansı ki, içində ilik yoxdur.
Canlılar və bütün parçaları qəbirlərində yaşıl ot kimi bitər. Hər biri o sümükdən əmələ gələr. Bəziləri bəzilərinə girmiş tor hörgüsü kimi dolaşacaq, birinin başı digərinin çiynində, o birinin əli digərinin belində olaraq insan çoxluğundan dolaşıq olacaqlar. Allahu təala Qaf surəsinin dördüncü ayəsində məalən, “Həqiqətən, Biz bilirik ki, yer onlardan birini əskik etməz. Çünki Bizim qatımızda məhfuz kitab vardır. Yəni Biz yaratdıqlarımızın hamısını bilirik” buyurur.
Bu dirilmə hadisəsi bitdikdə, hesab üzrə, uşaq, qoca, orta yaşda olanlar olduğu kimi dirilərlər.
Cavanlar yenə cavan yaşda olarlar. Yəni Fəna aləmi olan dünyadan Bəqa aləmi olan axirətə keçdikləri zaman, yəni ölərkən nə vəziyyətdə idilərsə, yenə o surətdə diriləcəklər. Allahu təala Ərşi-əlanin altında bir lətif külək əsdirəcək. Bu külək yer üzünü başdan başa bürüyəcək və yer üzü toz kimi incə qum halına gələcək.
Bundan sonra Allahu təala İsrafil əleyhissəlamı dirildər. Qüds şəhərindəki mübarək daşdan sur üfürülər. Sur, nurdan buynuz kimi bir məxluqdur ki, on dörd parçadan ibarətdir. Bir parçasında quruda olan heyvanların miqdarı qədər dəliklər vardır. Quruda olan heyvanatın ruhları onlardan çıxar. Arı səsi kimi səslər gələr. Yerlə göy arasını bürüyər. Sonra hər bir ruh öz cəsədinə girər. Haqq sübhanəhu və təala onlara öz cəsədlərini ilham edər. Hətta dağlarda ölmüş vəhşi heyvanların və quşların yedikləri insanların ruhları öz cəsədlərini tapar. Belə ki, Allahu təala Zümər surəsinin 68-ci ayəsində məalən, “Qiyamətin yox edici surundan sonra, ikinci bir sur üflənəcək. Bu səsə bütün bəşəriyyət tabe olacaq. Bu əmrlə qalxıb hazır olacaqlar” buyurur.
İnsanlar qəbirlərindən və yanıb kül olduqları, çürüdükləri yerlərdən qalxdıqları zaman görəcəklər ki, dağlar didilmiş pambıq kimi olub, dənizlər susuz qalmış, yerdə isə nə yüksəklik, nə də əyrilik var. Yer üzü dümdüz olub, bir kağız vərəği kimi görünər. Bu zaman insanlar qəbirləri üzərinə çılpaq vəziyyətdə oturub, hər tərəfə heyrət və düşüncəli bir şəkildə baxarlar. Belə ki, həzrəti Peyğəmbər (sallallahu əleyhi və səlləm) səhih olan hədisdə: “İnsanlar hər biri paltarsız, hamısı çılpaq və sünnətsiz olduqları vəziyyətdə həşr olunarlar” buyurur. Lakin qürbətdə paltarsız vəfat edənlərə Cənnətdən paltar gətirilər və geydirilər. Şəhidlərin və sünnəti-səniyyəyə [yəni əhkamı-islamiyyətə] riayət edərək vəfat etmiş olanların iynə dəliyi qədər paltarsız yeri qalmaz. Çünki Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): “Ey ümmətim və Əshabım! Siz ölülərinizin kəfənində mübaliğə edin. Çünki mənim ümmətim kəfənləri ilə həşr olunacaqlar. Halbuki digər ümmətlər çılpaq olarlar” buyurdu. Bu hədisi-şərif Əbu Süfyan (radıyallahu anh) rəvayət etmişdir. Yenə Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buyurmuşdur ki: “Ölülər kəfənləri ilə həşr olunacaqlar”.
Bir xəstənin ölüm halına gəldikdə, mənə filan paltarımı geyindirin, dediyini eşitdim. İstədiyini geyindirmədilər, üzərində qısa bir köynəklə vəfat etdi. Başqa kəfən də tapılmadı. Bir neçə gün sonra yuxuda görüldü, qəmli idi. “Sənə nə oldu?” deyə soruşduqda, “Məni istədiyim paltardan məhrum etdiniz. Məni bu qısa köynəklə həşr olunmağa tərk etdiniz” dedi.