Və kütübihi: Allahu təalanın endirdiyi kitablara inandım deməkdir. Allahu təala bu kitabları bəzi Peyğəmbərlərə Cəbrail adlı mələklə vəhy edərək, yəni oxudaraq, bəzilərinə lövhə üzərində yazılı olaraq, bəzilərinə isə mələksiz eşitdirərək endirdi. Hamısı Allahu təalanın kəlamıdır. Əzəli və əbədidirlər. Məxluq deyildirlər. Hamısı haqdır. Səmavi kitablardan bizə bildirdikləri yüz dörddür. Bunlardan on suhuf Adəm əleyhissəlama, əlli suhuf Şit əleyhissəlama, otuz suhuf İdris əleyhissəlama, on suhuf İbrahim əleyhissəlama, “Tövrat” Musa əleyhissəlama, “Zəbur” Davud əleyhissəlama, “İncil” İsa əleyhissəlama, “Qurani-Kərim” Muhamməd əleyhissəlama enmişdir.
Allahu təala, insanların dünyada dinclik içində yaşaması, axirətdə sonsuz səadətə qovuşmaları üçün ilk insan və ilk Peyğəmbər olan Adəm əleyhissəlamdan son Peyğəmbər Muhamməd əleyhissəlama qədər bir çox Peyğəmbər vasitəsilə kitablar göndərmişdir. Bu kitablarda iman və ibadət əsaslarını açıqlamış, insanların möhtac olduqları hər mövzuda məlumat verilmişdir.
Bunlardan Qurani-Kərim son ilahi kitabdır. Qurani-Kərimin göndərilməsindən sonra digər bütün ilahi kitabların hökmləri qüvvədən düşmüşdür. Cəbrail əleyhissəlam Qurani-Kərimi Muhamməd əleyhissəlama iyirmi üç il ərzində endirmişdir. Qurani-Kərim 114 surə, 6236 ayətdən ibarətdir. Bu rəqəmin bəzi kitablarda dəyişik verilməsi bir uzun ayətin bir neçə ayət sayılmasındandır. Çünki Qurani-Kərim endirildiyindən bəri heç bir dəyişikliyə məruz qalmamış, bundan sonra da qalmayacaq. Qurani-Kərim Allah kəlamıdır. Belə bir kitabın insanlar tərəfindən yazılması mümkün deyil. Bir ayətə belə oxşar bir şey söyləmək mümkün olmamışdır.
Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) axirətə təşrif etdikdən sonra birinci xəlifəsi həzrəti Əbu Bəkri Sıddıq (radıyallahu anh) Qurani-Kərimin ayətlərini bir yerə toplatdı. Beləcə də bir “Mushaf” (kitab) meydana gəldi. Əshabı-kiramın hamısı bu mushafın Allah kəlamı olduğunu söz birliyi ilə bildirdilər. Üçüncü xəlifə Osman (radıyallahu anh), bu mushafdan altı ədəd də yazdırıb bəzi vilayətlərə göndərdi. Qurani-Kərimi əsli ilə oxumaq lazımdır. Başqa hərflərlə yazılmış olanlara Qurani-Kərim deyilməz.
a) Mushafı ələ alarkən dəstəmazlı olmaq, qibləyə tərəf oturmaq, diqqətlə oxumaq lazımdır.
b) Ağır-ağır, huşu ilə oxunmalıdır.
c) Mushafa baxaraq, hər ayətin haqqını verərək oxunmalıdır.
d) Təcvid qaydalarına uyğun oxunmalıdır.
e) Oxuduğunun Allah kəlamı olduğunu düşünməlidir.
f) Qurani-Kərimin əmr və qadağalarına uymalıdır.