İBADƏT NƏDİR?
İbadət bizi və bütün varlıqları yoxdan var edən, hər an varlıqda saxlayan, görünən və görünməz qəzalardan, bəlalardan qoruyan və hər an cürbəcür nemətlər, yaxşılıqlar verərək yetişdirən Allahu təalanın əmr və qadağalarını yerinə yetirməkdir. İbadət Allahu təalanın sevgisinə qovuşmuş olan Peyğəmbərlərə, Övliyaya, alimlərə bənzəməyə çalışmaq, tabe olmaqdır.
İnsanın, ona saysız nemətləri göndərən Allahu təalaya gücü yetdiyi qədər şükür etməsi insanlıq vəzifəsidir. Ağlın əmr etdiyi bir vəzifə, bir borcdur. Amma insanlar öz qüsurlu ağılları, qısa görüşləri ilə Allahu təalaya qarşı şükür, hörmət ola biləcək şeyləri tapa bilməz. Şükür etməyə, hörmət göstərməyə yarayan vəzifələr Allahu təala tərəfindən bildirilmədikcə tərifləmək sanılan şeylər pisləmək ola bilər.
Məhz, insanların Allahu təalaya qarşı qəlb, dil və bədən ilə etmələri və inanmaları lazım olan şükür borcu, qulluq vəzifələri Allahu təala tərəfindən bildirilmiş, Onun sevgili Peyğəmbəri tərəfindən ortaya qoyulmuşdur. Allahu təalanın göstərdiyi və əmr etdiyi qulluq vəzifələrinə “İslamiyyət” deyilir. Allahu təalaya şükür Onun Peyğəmbərinin gətirdiyi yola uymaqla olar. Bu yola tabe olmayan, bunun xaricində qalan heç bir şükürü, heç bir ibadəti Allahu təala qəbul etməz, bəyənməz. Çünki insanların yaxşı, gözəl hesab etdikləri çox şey vardır ki, İslamiyyət bunları bəyənmir, çirkin olduqlarını bildirir.
Demək ki, ağlı olan hər kəsin, Allahu təalaya şükür etmək, ibadət etmək üçün Muhamməd əleyhissəlama tabe olması lazımdır.
Muhamməd əleyhissəlama tabe olan insan müsəlmandır. Allahu təalaya şükür etməyə, yəni Muhamməd əleyhissəlama tabe olmağa da “ibadət etmək” deyilir. İslamiyyət iki qismdir:
1. Qəlb ilə etiqad edilməsi, inanılması lazım olanlar.
2. Bədən və qəlb ilə ediləcək ibadətlər. Bədən ilə edilən ibadətlərin ən üstünü namazdır. Mükəlləf olan hər müsəlmanın gündə beş vaxt namaz qılması fərzdir.