Namaz qılmaq ağıllı olan və həddi-büluğ çağına girən hər kişi və qadın müsəlmana fərzdir. Namazın fərz olması üçün üç şərt vardır:
1- Müsəlman olmaq. 2- Ağıllı olmaq. 3- Həddi-büluğ çağına girmək.
Dinimizdə ağıllı olmayan və yetkinlik çağına girməmiş olan kiçik uşaqlar, namaz qılmaqdan məsul deyillər. Lakin valideynləri uşaqlarına dini məlumatları öyrətməli və ibadət etməyə alışdırmalıdırlar. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buyurdu ki: “Hamınız bir sürünün çobanı kimisiniz! Çoban sürüsünü qoruduğu kimi, siz də evlərinizdə və əmrləriniz altında olanları Cəhənnəmdən qorumalısınız! Onlara müsəlmanlığı öyrətməlisiniz. Öyrətməsəniz, məsul olacaqsınız.” Başqa bir hədisi-şərifdə də, “Bütün uşaqlar müsəlmanlığa uyğun və əlverişli olaraq dünyaya gəlir. Bunları sonra anaları, ataları xristian, yəhudi və dinsiz edər” buyurdu. O halda, hər müsəlmanın birinci vəzifəsi uşaqlarına İslamiyyəti və Qurani-Kərim oxumağı, namaz qılmağı, imanın və islamın şərtlərini öyrətməkdir. Övladının müsəlman olmasını istəyən, dünyada və axirətdə rahata, dincliyə qovuşmasını arzu edən ana və atalar ilk əvvəl bu vəzifəsini yerinə yetirməlidir. Çünki atalarımız, “Ağac yaş ikən əyilər” demişlər. Yaşlanınca əyməyə, bükməyə çalışsan qırılar, zərərli olar.
İslami biliklər və gözəl əxlaq verilməyən uşaq pis yoldakı insanlara tez aldanar. Ana və atasına, dövlətinə, millətinə zərərli olar.