Dinimizdə imandan sonra ən qiymətli ibadət namazdır. Namaz dinin dirəyidir. Namaz ibadətlərin ən üstünüdür. İslamın ikinci şərtidir. Ərəb dilində namaza “Salat” deyilir. Salat, əslində dua, rəhmət və istiğfar (bağışlanma diləmək) deməkdir. Namazda bu üç mənanın hamısı olduğu üçün salat deyilmişdir.
Allahu təalanın ən çox bəyəndiyi və təkrar-təkrar əmr etdiyi şey beş vaxt namazdır. Allahu təalanın müsəlmanlara iman etdikdən sonra ən əhəmiyyətli əmri namaz qılmaqdır. Dinimizdə ilk əmr edilən fərz də namazdır. Qiyamətdə də imandan sonra ilk sual namazdan olacaqdır. Beş vaxt namazın hesabını verən bütün dərd və imtahanlardan qurtulub, sonsuz qurtuluşa qovuşar. Cəhənnəm atəşindən qurtulmaq və Cənnətə qovuşmaq namazı doğru qılmağa bağlıdır. Doğru namaz üçün əvvəlcə qüsursuz bir dəstəmaz almalı, tənbəllik etmədən namaza başlamalıdır. Namazdakı hər hərəkəti ən yaxşı şəkildə yerinə yetirməyə çalışmalıdır.
İbadətlərin hamısını özündə toplayan və insanı Allahu təalaya ən çox yaxınlaşdıran xeyirli əməl namazdır. Sevgili Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buyurdu ki: “Namaz dinin dirəyidir. Namaz qılan dinini qüvvətləndirər. Namaz qılmayan, əlbəttə, dinini yıxar”. Namazı doğru qılmaqla şərəflənən bir kimsə çirkin, pis şeylər etməkdən qorunmuş olar. Ankəbut surəsinin qırx beşinci ayətində “Doğru qılınan namaz, insanı pis, çirkin və qadağan işləri işləməkdən qoruyar” buyuruldu. İnsanı pisliklərdən uzaqlaşdırmayan bir namaz doğru namaz deyildir. Görünüşdə namazdır. Buna baxmayaraq doğrusunu edənə qədər, görünüşü də etməyi əldən qaçırmamalıdır. İslam alimləri, “Bir şeyin hamısı edilə bilməzsə, etdiyini də tərk etməmək lazımdır” buyurdu. Sonsuz ehsan sahibi olan Rəbbimiz görünüşü həqiqət olaraq qəbul edə bilər. Belə qüsurlu namaz qılacağına, heç qılma deməməlidir. Belə səhv qılacağına doğru qıl deməli, yanlış olanları düzəltməlidir. Bu incəliyi yaxşı anlamalıdır.
Namazları camaat ilə qılmalıdır. Camaat ilə qılmaq tək qılmaqdan daha çox savabdır. Namazda hər üzvün təvazökarlıq göstərməsi və qəlbində, Allahu təaladan qorxu olması lazımdır. İnsanı dünyada və axirətdə fəlakətlərdən, dərdlərdən qurtaran ancaq namazdır. Allahu təala Möminun surəsinin başında, “Möminlər hər halda qurtulacaqdır. Onlar namazlarını huşu ilə qılanlardır” buyurdu.
Təhlükə, qorxu olan yerdə edilən ibadətin qiyməti qat-qat daha çox olar. Düşmən hücum etdiyi zaman əsgərin az bir iş görməsi çox qiymətli olar. Gənclərin ibadət etmələri də bunun üçün daha qiymətlidir. Çünki nəfslərinin pis istəklərini qırmaqda və ibadət etməmək istəyinə güc gəlməkdədirlər.
Gənclik çağında insana müsəllət olan üç düşmən ona ibadət etdirmək istəməzlər. Bunlar şeytan, nəfs və pis yoldaşdır. Bütün pisliklərin başlıca səbəbi pis yoldaşdır. Gənc olan kimsə bunlardan gələn pis istəklərə uymayıb namazını qılarsa, ibadətlərini tərk etməzsə, çox qiymətli olar. Yaşlı kimsənin etdiyi ibadətdən qat-qat artıq savab qazanar. Az ibadətinə çox mükafat verilər.