Namaz Allahu təalanın əmridir. Allahu təala, Qurani-Kərimdə yüzdən çox yerdə “Namaz qılın!” buyurur. Ağıllı olan və həddi-büluğ çağına girən hər müsəlmanın hər gün beş dəfə namaz qılması, Qurani-Kərimdə və hədisi-şəriflərdə əmr edilmişdir. Rum surəsi on yeddinci və on səkkizinci ayəti-kərimələrində: “Axşam və sabah vaxtlarında Allahı təsbeh edin. Göylərdə və yer üzündə olanların etdikləri və əsr və günorta vaxtlarında edilən həmdlər Allahu təala üçündür” buyuruldu. Bəqara surəsi iki yüz otuz səkkizinci ayətində, “Namazları və əsr namazını qoruyun! (Yəni namazları davamlı qılın!)” buyuruldu. Ayəti-kərimədə keçən təsbeh və həmdin, namaz demək olduğu təfsir kitablarında bildirilmişdir. Hud surəsi yüz on dördüncü ayətində, “Gündüzün iki tərəfində [zöhr və əsr vaxtlarında] və gecəyə yaxın üç vaxtda [şam, işa və sübh vaxtlarında] şərtlərinə uyğun namaz qıl! Doğrusu bu hasənat, [beş vaxt namazın savabı, kiçik] günahları məhv edər. Bu, ibrətlə düşünənlərə bir nəsihətdir” buyurulur.
Peyğəmbərimiz Muhamməd əleyhissəlam buyurdu ki: “Allahu təala qullarına hər gün beş dəfə namaz qılmağı fərz etdi. Gözəl dəstəmaz alıb, bu beş namazı vaxtında qılan, rüku və səcdələrini yaxşı edənləri, Allahu təala əfv və məğfirət edər”.
Beş vaxt namaz qırx rəkət edər. Bunlardan on yeddi rəkəti fərzdir. Üç rəkəti vacibdir. İyirmi rəkəti də sünnətdir. Belə ki;
1- Sübh namazı: Dörd rəkətdir. Öncə, iki rəkət sünnəti, sonra iki rəkət də fərzi qılınır. Bu sünnət, çox qüvvətlidir. Vacib deyənlər də vardır.
2- Zöhr namazı: On rəkətdir. Öncə, dörd rəkət ilk sünnəti, sonra dörd rəkət fərzi, fərzdən sonra da iki rəkət son sünnəti qılınır.
3- Əsr namazı: Səkkiz rəkətdir. Öncə, dörd rəkət sünnəti, sonra dörd rəkət fərzi qılınır.
4- Şam namazı: Beş rəkətdir. Öncə üç rəkət fərzi, sonra iki rəkət sünnəti qılınır.
5- İşa namazı: On üç rəkətdir. Öncə, dörd rəkət sünnəti, sonra dörd rəkət fərzi, sonra iki rəkət son sünnəti, bundan sonra da üç rəkət “Vitr namazı” qılınır.
Əsr və İşanın ilk sünnətləri “Qeyri-müəkkədə”dir. Bunların ikinci rəkətlərində oturarkən, “Əttəhiyyatü”dən sonra “Allahümmə salli” və sonra “Allahümmə barik” duaları sonuna qədər oxunur. Ayağa qalxınca üçüncü rəkətdə, əvvəlcə Bəsmələ çəkmədən, “Sübhanəkə” oxunur. Halbuki Zöhr namazının ilk sünnəti “Müəkkəd”dir. Yəni, qüvvətlə əmr olunmuşdur. Savabı daha çoxdur. Birinci oturuşda, fərzlərdə olduğu kimi, yalnız “Əttəhiyyatu” oxunub, sonra üçüncü rəkət üçün dərhal ayağa qalxılır. Qalxdıqdan sonra əvvəlcə Bəsmələ çəkib, “Fatihə” oxunur.
Zöhrün və İşanın fərzindən sonra dörd rəkət və Şamın fərzindən sonra altı rəkət daha qılmaq müstəhəbdir, çox savabdır. Hamısını bir salam ilə və ya iki rəkətdə bir salam ilə qılmaq olar. Hər iki şəkildə də, ilk iki rəkətləri, son sünnətlər yerinə sayılır. Bu müstəhəb namazları, son sünnətlərdən sonra ayrıca qılmaq da olar.
Birinci rəkət namaza durunca, digər rəkətlər ayağa qalxınca başlayar və təkrar ayağa qalxana qədər davam edər. Son rəkət isə salam verənə qədər davam edər. Cüt rəkətlərdə ikinci səcdədən sonra oturulur.
Hər bir rəkətdə namazın fərzləri, vacibləri, sünnətləri, müfsidləri və məkruhları vardır. Sonrakı səhifələrdə bunları “HƏNƏFİ” məzhəbinə görə bildirəcəyik.