Cümə namazının düzgün olması üçün yeddi şərt var:
1-Namaz qılınacaq yer, şəhər deyiləcək qədər böyük olmalıdır.
2-Xütbə oxunmalıdır.
3-Xütbə namazdan əvvəl oxunmalıdır.
4-Orada imam (dövlət başçısı) və ya dövlət başçısının izin verdiyi naibi olmalıdır.
5-Zöhr namazının vaxtında qılınmalıdır.
6-Camaat olmalıdır. İmam Azama və imam Muhammədə görə (rahiməhumullahu təala) həddi-buluğa çatmış, ağıllı olan kişi imamdan başqa, üç adam, imam Əbu Yusifə görə (rahiməhullahu təala), imamdan başqa iki adam olmalıdır. Doğru olan, imam Azamla, imam Muhammədin ictihadıdır.
7-Namaza hər kəsin gəlməsi sərbəst olmalıdır.
“Hindiyyə” fitvasında deyilir ki: “Azad, sağlam və səfərdə olmayan kişilərin Cümə namazı qılmaları fərzi ayndır. (fərzi ayn-hər müsəlmanın yerinə yetirməli olduğu fərzə deyilir.) Səfərdə olana, xəstəyə və qadınlara Cümə namazı qılmaq fərz deyildir. Şiddətli yağmur zamanı və hökumət adamının zülmündən qorxanlara da fərz olmur. Komandir, rəis və işə götürən, əmri altında olana Cümə namazına getməyi qadağan edə bilməz. Lakin o qədər müddətin maaşını kəsə bilər. Açıq günah işləyən biri Cümə namazı qıldırarsa, ona mane ola bilməyən ona uymalı, Cümə namazını tərk etməməlidir. Başqa namazlarda saleh imamın qıldırdığı məscidə getməli, günah işləyən imamın arxasında qılmamalıdır. Hər qadının hər hansı bir namazı camaat ilə qılmaq üçün məscidə getməsi məkruhdur.”
Bir şəxs, imama Cümə namazının ikinci rükətinin rükusunda çatsa, imam Muhammədə görə (rahiməhullahu təala) zöhr namazını qılmalıdır. İmam Azama və imam Əbu Yusifə görə “rahimə-hümallahü təala” təşəhhüddə də çatsa, Cüməni qılar. Xətib xütbə oxuyarkən kimsə nafilə namazı qılarsa, iki rükət qılar, artıq qılmaz. Cümənin sünnətini qılırsa, iki rükət qılıb salam verməsi və ya dörd rükəti tamamlaması barəsində fikir ayrılığı var. Doğru olan dörd rükəti tamamlamasıdır.
Cümənin vacibi beşdir:
1-Azan vaxtında hər şeyi tərk etmək.
2-Məscidə səy edərək (tələsərək) getmək.
3- Xətib xütbə oxuyarkən nafilə qılmamaq.
4-Dünya kəlamı söyləməmək.
5-Sükut eyləmək.
Cümənin müstəhəbi altıdır:
1-Rayihai tayyibə (gözəl ətir vurmaq)
2-Misvak.
3-Təmiz paltar.
4-Təbkir. [Təbkir, məscidə Cümə namazı üçün erkən getməyə deyilir. Asrı-səadətdə (Peyğəmbər əfəndimizin zamanında) Əshabı kiram (radıyallahu təala anhum əcmain) sübh namazından sonra getməyib, Cümə namazından sonra dağılışardılar. Bu ümmətdən ilk tərk edilən şey təbkir sünnətidir.]
5-Qüsl almaq.
6-Salavat oxumaq.
Cümənin məkruhu beşdir:
1-Xətib xütbə oxuyarkən salam vermək.
2-Qurani-kərim oxumaq.
3-Asqıran birinə “Yərhamükəllah” demək.
4-Yemək və içmək.
5-Məkruh olan istənilən əməli etmək. [Xətibin xütbəni uzatması da məkruhdur.]
Minarədə oxunan birinci Cümə azanından sonra xətib minbərin yanında Cümənin ilk sünnətini qılır. Sonra minbərin önünə gəlib, ayaq üstə, üzü qibləyə qısa dua edib minbərə çıxır və üzü camaata oturub ikinci azanı dinləyir. Sonra ayaq üstə xütbəyə başlayır.
[Vəhhabilər Əhli sünnət məzhəbində deyillər, məzhəbsizdirlər. Bunlara vəhhabi və ya nəcdi deyilir. Vəhhabiliyi ingilislər, Abdülvəhhab oğlu Muhamməd adındakı nəcdli soysuz, cahil bir din adamı vasitəsi ilə qurdular. Kitablarında vəhhabi olmayan müsəlmanlara müşrik, kafir deyirlər. Bunları öldürməyin, qadınlarını, qızlarını, mallarını qənimət götürməyin caiz olduğunu yazırlar. Çoxlu pul verərək topladıqları məzhəbsiz, cahil din adamlarını vəhhabi edərək hər ölkədə açdıqları “Rabıta-tül aləm-il-islami” adlı vəhhabi mərkəzlərinə göndərirlər. Onların islama uymayan yazılarını “Dünya islam alimləri birliyinin fitvası” adıyla bütün islam ölkələrinə yayırlar. Hər il hacılara pulsuz paylayırlar. Bu yazılardan birində “Qadınların Cümə namazı qılması fərzdir” deyilir. Qadınları, qızları zorla Cümə namazına göndərirlər. Qadın, kişi qarışıq namaz qılırlar. Başqa bir yazılarında deyilir: “Cümə və bayram xütbələri camaatın anladığı dildə oxunmalı, ərəbcə oxunmamalıdır.” Bu cür fitvalarına islam ölkələrindəki həqiqi din alimləri sübutlarla cavab verirlər. Bu doğru cavablardan biri Hindistanın müxtəlif yerlərindəki Əhli sünnət alimlərinin fitvalarıdır. Məsələn: Madras müftisi allamə hibrünnihrir vəl-fəhhamə sahibüt-təqrir vəttahrir mövlana Muhamməd Təmim ibn Muhamməd Madrasi “nəvvərallahü mərkadəhu” buyurur:
Xütbənin hamısını ərəbcədən başqa dillə oxumaq və ya həm ərəbcə, həm də tərcüməsi ilə birlikdə oxumaq məkruhdur. Xütbənin hamısını ərəbcə oxumaq vacibdir. Çünki Rəsulullah (sallallahu əleyhi və səlləm) hər xütbəsini yalnız ərəbcə oxumuşdur. “Bahrür-raiq” kitabında bayram namazından danışılarkən deyilir: “Təravih və Küsuf1 namazlarından başqa nafilə namazlar camaatla qılınmır. Bayram namazları həmişə camaatla qılındığı üçün nafilə olmadıqları, vacib olduqları anlaşılır.” Göründüyü kimi Rəsulullahın (sallallahu əleyhi və səlləm) davamlı olaraq etdiyi ibadətin vacib olduğu anlaşılır. Allamə Zəbidi (rahiməhullahu təala) “İhya” şərhində deyir: “Rəsulullahın (sallallahu əleyhi və səlləm) davamlı etdiyi ibadət vacib olur. Fərz olduğunu göstərməz.” Allamə müfti Əbüssüud (rahiməhullahu təala) “Fəth-ullah-il-muin” kitabında deyir: “Rəsulullahın (sallallahu əleyhi və səlləm) davamlı olaraq yerinə yetirməsi, bunun vacib olduğunu göstərir.” [İbn Abidin (rahiməhullahu təala) dəstəmazın sünnətlərində buyurur: “Rəsulullahın (sallallahu əleyhi və səlləm) davamlı etdiyi ibadət, heç tərk etməmişdirsə, Sünnəti müəkkədə olur. Sünnəti müəkkədə, Peyğəmbər əfəndimizin davamlı etdiyi, çox az tərk etdiyi işlər və ibadətlərdir. Tərk etməməklə yanaşı, tərk edəni inkar etmişdirsə, vacib olur. Çünki inkar etməmək hökmən tərk etmək olur. Buna görə də Əbüssüud əfəndi, heç tərk etmədən davam etdiyi şeyin vacib olduğunu demişdir.” Hər ikisini də üzrsüz tərk etməyin tahrimən məkruh (harama yaxın əməl) olduğunu namazın məkruhlarının sonunda bildirməkdədir.] Rəsulullahın (sallallahu əleyhi və səlləm) xütbələri davamlı olaraq yalnız ərəbcə oxuması, ərəbcə oxumağın vacib olduğunu göstərir. Buna görə də xütbələri ərəbcədən başqa dildə oxumaq və ya həm ərəbcə, həm də tərcüməsini oxumaq tahrimən məkruhdur. Çünki birinci halda ərəbcə oxumaq tərk edilir, ikinci halda xütbənin yalnız ərəbcə oxunması tərk edilmişdir. Hər ikisində də Rəsulullahın (sallallahu əleyhi və səlləm) davamlı etdiyi şey tərk edilmiş olur. Namaza başlayarkən, təkbiri ərəbcə söyləmək və bunlar arasında “Allahu əkbər” demək müxtəlif şeylərdir. İkisindən birini tərk etmək tahrimən məkruhdur. Çünki Rəsulullah (sallallahu əleyhi və səlləm) həmişə Allahu əkbər dediyi üçün bunu söyləmək vacib olmuş, tərk etmək də tahrimən məkruh olmuşdur. İbn Abidin (rahiməhullahu təala) “Rədd-ül-muxtar”da buyurur: “Məkruh, vacibin və ya sünnətin tərk edilməsidir. Birincisi tahrimən, ikincisi isə tənzihən məkruhdur.” “Haləbi-yi kəbir”də deyilir: “Sünnəti tərk etmək tənzihən məkruh, vacibi tərk etmək tahrimən məkruhdur.” “Fətava-yi Siraciyyə”də deyilir: “Xütbəni farsca oxumaq caizdir.” Bu sözü rəhbər tutaraq, xütbəni ərəbcədən başqa dildə oxumağın caiz olub, tahrimən və tənzihən məkruh olmadığını deyərək fitva vermək batildir. Çünki Siraciyyənin “caizdir” sözü, “səhihdir” deməkdir. Bu isə məkruh olmadığını bildirmir. İbn Abidin (rahiməhullahu təala) “Rədd-ül muxtar”da buyurur: “Səhih olduğunu demək, məkruh olmadığını göstərməz.” Muhamməd Abdülhayy Luknəvi (rahiməhullahu təala) “Umdət-ür-riayə” kitabında deyir: “Xütbənin ərəbcə oxunması şərt deyil, farsca və ya başqa dildə də oxumaq olar, sözü namazın caiz olacağını bildirir. Yəni Cümə namazının səhih olması üçün xütbə oxumaq şərti yerinə yetirilmiş olur deməkdir. Xütbənin məkruh olmadığı anlamına gəlmir. Çünki Rəsulullah (sallallahu əleyhi və səlləm) və Əshabı-kiramın hamısı “radıyallahu anhum” xütbəni həmişə yalnız ərəbcə oxumuşdular. Onlara qarşı çıxmaq tahrimən məkruhdur.” Əshabı-kiramdan sonra gələn şərəfli nəsil, Əshabı-kiramı görüb, onların söhbətlərində iştirak edənlər (Tabiin və onlardan sonra gələn təbei-tabiin) “rahiməhumullahu təala” də xütbəni həmişə, hər yerdə yalnız ərəbcə oxumuşdurlar. Ərəbcədən başqa dildə oxumadıqları kimi, ərəbcə və tərcüməsini birlikdə oxuyan da heç olmadı. [Halbuki Asiyada və Afrikada onların xütbələrini dinləyənlərin heç biri ərəbcə bilmirdi, xütbədə söylənilənləri anlamırdılar. Onların anlamaları üçün tərcümələrini də söyləməli, yeni müsəlman olanlara islamiyyəti öyrətməli olduqları halda xütbələri ərəbcədən başqa dildə oxumağı caiz görmədilər. İslamiyyəti onlara xütbədən ayrı öyrətdilər. Xütbələri də anlamaları və islamiyyəti yaxşı öyrənmələri üçün onların ərəbcə öyrənmələrini əmr etdilər. Biz də bu alimlər kimi etməliyik.]
Bunlara qarşı çıxaraq xütbələri ərəbcədən başqa dildə oxumaq bidətdir, tahrimən məkruhdur. Birincisinə tahrimən, ikincisinə tənzihən məkruh demək batildir. Çünki tənzihən məkruh sünnəti tərk etməyə deyilir. Rəsulullah (sallallahu əleyhi və səlləm) xütbənin hamısını həmişə ərəbcə oxuduğu üçün xütbəni yalnız ərəbcə oxumaq vacibdir. Bu vacibi tərk etmək necə tənzihi ola bilər?! Tahrimən məkruh olan şeyi tərk etmək vacibdir. Mövlana Bahr-ul-ulum (rahiməhullahu təala) “Ərkan-ül-ərbəa”da deyir: “Tahrimən məkruh olan şeyi tərk etmək vacibdir. Bu məkruhu işləmək bu vacibi tərk etmək olur.”
Tahrimən məkruh olan şeyi hər zaman edən şəxs adil deyildir. İbn Abidin (rahiməhullahu təala) “Rədd-ül-muxtar”da namazın vaciblərinə başlarkən İbn Nüceymdən (rahiməhullahu təala) nəql edərək deyir: “Tahrimən məkruh işləmək kiçik günahdır. Kiçik günaha davam etmək ədaləti yox edir.” Xütbələrin tərcümələrini də oxuyan xətiblərin ədalətləri yox olaraq fasiq olurlar. Arxalarında namaz qılmaq tahrimən məkruh olur. “Nur-ul-izah”da və “İbn Abidin”də deyilir: “Kölə, kəndli, nikahsız doğulan şəxs cahildirlərsə, onların imam olması məkruhdur. Açıq günah işləyənlə bidət əhli alim olsalar belə, onların imam olması məkruhdur. Onları imam etmək günahdır.” Allamə İbrahim Hələbi (rahiməhullahu təala) “Haləbi-yi Kəbir”də deyir: “Açıq günah işləyəni imam edən günah işləmiş olur. Çünki onları imam etmək tahrimən məkruhdur.” “Mərak-ıl-fəlah”da deyilir: “Açıq günah işləyən kimsə alim olsa da onu imam etmək məkruhdur. Çünki islama uymaqda zəiflik göstərir. Ona hörmətsizlik göstərmək vacibdir. Onu imam etmək ona hörmət etmək olur. İmam olmasına mane ola bilmədikdə Cüməni və hər namazı başqa məsciddə qılmaq lazımdır.” Allamə Tahtavi (rahiməhullahu təala) bunu açıqlayarkən deyir: “Açıq günah işləyənin imam edilməsi tahrimən məkruhdur.”
Xətibin xütbəni ərəbcədən başqa dildə oxumağına səbəb olmaq olmaz. Buna səbəb olmaq günahdır. Çünki günah işləməyə yardım etmək də günahdır. İbn Abidin (rahiməhullahu təala) “Rədd-ül-muxtar”da deyir: “Fasiq, yəni açıq günah işləyən imamın arxasında namaz qılmaq olmaz. Fasiq olmayan imamı axtarmaq lazımdır. Cümə namazı belə deyildir. Şəhərdə bir neçə məsciddə Cümə namazı qılınırsa, Cümə namazını da fasiq imam arxasında qılmaq məkruh olur. Çünki başqa imam arxasında qılmaq mümkündür. “Fəth-ül-qədir”də də belə yazılıdır.” Buna görə də hər kəs ərəbcədən başqa dildə tərcüməni də oxuyan imamın arxasında namaz qılmamalı, xütbəni yalnız ərəbcə oxuyan imamı axtarmalı, Cüməni onun arxasında qılmalıdır. Əlavə məlumat almaq üçün “Ət-təhqiqat-üs səniyyə fi kərahətil-xütbəti bi-qayril arabiyyə və kiraətiha bil arabiyyəti maa tərcəmətiha bi-qayr-il arabiyyəti” kitabını oxuyun! Allamə Muhamməd Təmim Madrasinin yazısının tərcüməsi burada tamam oldu.
Yuxarıdakı yazı 1349-cu [m. 1931] ildə Hindistanda ərəbcə yazılmış, Hindistanın ən böyük 13 alimi tərəfindən təsdiq edilmişdir. Bu tarixi fitva ilə birlikdə Hindistandakı “Diyobənd”, “Baqıyat-üs-salihat”, “Madras” və “Haydar-abad” alimlərinin ərəbcə fitvaları 1396-cı [m. 1976] ildə İstanbulda nəşr edilmişdir. Osmanlı dövlətindəki dünyaca şöhrət sahibi olmuş minlərlə böyük alim və Şeyx-ul-islamlar (rahiməhumullahu təala) millətin xütbələri anlaması üçün çarə axtarmışdırlar. Xütbələrdə türkcə tərcümələrin də oxunması üçün icazə tapa bilməyib, buna izin verə bilməmişdilər. Camaata xütbənin mənasını anlatmaq üçün hər məsciddə namazlardan sonra Cümə söhbətləri aparılmış, altı yüz il xütbələr millətə bu yolla öyrədilmiş, bununla da islamdan kənara çıxmağın qarşısı alınmışdır.]
Bayram namazının “Zəvaid təkbirləri” doqquzdur: bunlardan biri fərz, biri sünnət, yeddisi vacibdir. İftitah təkbiri fərz, əvvəlki rüku təkbiri sünnət, zəvaid təkbirləri vacibdir. İkinci rükətin rüku təkbiri vacib təkbirlərə bitişik olduğu üçün vacib olur.
Dipnotlar
- Küsuf namazı-günəş tutulması zamanı ən az iki rükət olaraq camaatla qılınan namaz. ↑