Evlənməkdə çox fayda vardır. Əvvəla, evlənmiş olan dinini qorumuş olar. Təbiəti, xasiyyəti gözəl olar. Qazancında bərəkət olar. Həm də sünnətə uyğun hərəkət etmiş olar. Belə ki, Peyğəmbərimiz “aleyhissalətü vəssəlam” buyurur: “Evlənin, çox övladınız olsun. Çünki mən qiyamətdə ümmətimin çoxluğu ilə digər ümmətlərə qarşı fəxr edəcəyəm.”
Ər və arvadın bir-birinə qarşı olan haqlarına riayət etməsi lazımdır.
Bir şəxs, evlənəcəyi zaman, araşdırıb, saleh, yəni dinində sağlam, möhkəm olan və məhrəm olmayan bir xanım tapıb almalıdır. Zinadan hamilə qalan qadınla nikahlanmaq caizdir. Zina edən başqasıdırsa, uşaq olmadan əvvəl əlaqəyə girmək caiz olmaz. (Feyziyyə).
Bir qızı malına və gözəlliyinə görə almaq olmaz. Belə ki, sonra zəlil olar. Peyğəmbərimiz (sallallahu təala əleyhi və səlləm) buyurmuşdur: “Kimsə malına və ya gözəlliyinə görə bir qız alsa, onun malından və gözəlliyindən məhrum olar.”
Kimsə dininə, əxlaqına görə qız alsa, Haqq təala onun malını və gözəlliyini artırar.
Qadın ərindən dörd şeydə aşağı olmalıdır: yaşı, boyu, yaxın qohumu, əqrəbası. Dörd şeydə qadın ərindən artıq olmalıdır: gözəllikdə, ədəbdə, gözəl xasiyyətdə, haramdan və şübhəli şeylərdən çəkinməkdə. Qadın saçı, başı, qolları, ayaqları açıq olaraq yad kişilərə görünməməlidir.
Gənc qızları yaşlı adama ərə vermək fəsada səbəb olur.
Nikah üçün söz kəsilməzdən əvvəl qohum olacaq ailələr haqqında və evlənəcək gənclər haqqında yaxşı araşdırma aparılması həm sünnətdir, həm də aralarındakı münasibətin davamlı olmasına səbəb olar. Bunda üç fayda olduğu bəyan edilmişdir: iki gəncin arasında ölənə qədər məhəbbət kəsilməz, ruzilərində bərəkət olar, sünnət ilə əməl etmiş olarlar.
Bundan sonra, ilk növbədə VVAQ orqanında evliliklə bağlı məsələləri həyata keçirmək lazımdır. Sünnətə uyğun nikah etməmək böyük günah olduğu kimi, dövlət orqanında da evliliklə bağlı qeydiyyatdan keçməmək qanuna ziddir.
Sünnətə uyğun nikahdan sonra, oğlan tərəfinin qız tərəfinə gözəl və qiymətli şeylər göndərməsi məhəbbətə səbəb olar.
Ərin qarşısında qadının hər cür bəzək və kosmetika istifadə etməsi caizdir və çox savabdır.
Zifaf gecəsi, ziyafət vermək sünnətdir. [Şam namazından sonra yemək, İşanı qıldıqdan sonra oğlanı qız evinə aparıb, duadan sonra dərhal getmək (dağılışmaq) lazımdır.]
Birinci gecə oğlanın gəlinin ayağını yuması, suyunu isə evin dörd tərəfinə səpməsi sünnətdir. Sonra iki rükət nafilə namaz qılıb dua etmək lazımdır. O gecə hər nə dua edilsə, qəbul olar. Bəyi görənlər ona bunu xatırladar və “Bərəkəllahü lək və bərəkəllahü aleyha və cəməa bəynəkümə bilhayri” deyərlər. Yəni, Allahu təala sənə mübarək eyləsin və zövcənə mübarək olsun, ikinizin arasını xeyrlə birləşdirsin!
Bəzilərinin söylədikləri kimi “Xoşbəxt olun, oğullu qızlı olun”, demək cahillərin sözüdür, heç bir faydası yoxdur. O vaxta məxsus duaları oxumaq sünnətdir.
Əsas olan, dinin əmrlərini bilmək və övrətinə öyrətməkdir. Belə ki, axirətdə sual olunacaq. Bilmirəm demək üzrlü səbəb deyil. [Fərzləri, haramları, Əhli sünnət etiqadını öyrənmək və zövcəsinə, uşaqlarına öyrətmək fərzdir. Sünnətləri öyrənmək və öyrətmək sünnətdir.]
Kişi xanımını islamiyyətin icazə vermədiyi yerlərə aparmamalı və buraxmamalıdır! Küçəyə açıq çıxmasına yol verməməlidir. Çünki Peyğəmbərimiz (əleyhissəlam): “Bir qadın gözəl ətirlərlə, namaz qılmaq üçün məscidə gəlsə, o qadının namazı, evinə gedib, cünubluqdan qüsl aldığı kimi qüsl almayınca qəbul olmaz”, buyurdu. Onlara, xoş ətirlərlə məscidə getmək caiz olmadığı halda, başqa yerlərə gedib camaata görünmək günahının necə böyük olduğunu təsəvvür etmək olar. Ona görə bunları müqayisə etmək və çəkiləcək əzab barədə yaxşıca düşünmək lazımdır.
Peyğəmbərimiz (əleyhissəlam) bir Hədisi-şərifində buyurmuşdur: “Cənnət əhlinin çoxu kasıblar, Cəhənnəm əhlinin çoxu qadınlardır.” Bununla əlaqədar, həzrət Aişə “radıyallahu anha” soruşdu: “Qadınların çoxunun Cəhənnəmdə olmasına səbəb nədir?” Rəsul-i əkrəm (sallallahu əleyhi və səlləm) buyurdu: “Onlar bəlaya səbr etməz, on yaxşılıq gördükləri adamdan bir pislik gördükləri zaman, o on yaxşılığı dərhal unudub, bir pisliyi daim söylərlər. Dünya zinətlərini həddən artıq sevər, axirət üçün çalışmaz və çox qeybət edərlər.”
Kişi və qadınlardan hər kim bu xüsusiyyətlərlə xarakterizə olunarsa, əhli Cəhənnəmdir.
Həzrəti Əlidən (kərrəmallahü təala vəchəh) rəvayət olunur ki, bir gün Rəsuli əkrəmin (sallallahu təala əleyhi və səlləm) hüzuruna bir qadın gəlib: “Ya Rəsulallah! Bir nəfərə ərə getmək istəyirəm, nə buyurursunuz?”, dedi. Səadətlə buyurdu ki, “Kişinin qadın üzərində haqqı çoxdur. Öhdəsindən gələ biləcəksən?” O qadın: “Ya Rəsulallah! Kişinin haqqı nədir?”, soruşdu. Peyğəmbərimiz (əleyhissəlam) buyurdu: “Sən onu incitsən, Allaha asi olarsan və namazın qəbul olunmaz.” Qadın soruşdu: “Başqa hansı haqqı var?” Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu: “Hansı qadın ərindən icazəsiz evdən bayıra çıxsa, hər addımına günah yazılar.” Qadın dedi: “Yenə var?” Rəsul-i əkrəm (sallallahu təala əleyhi və səlləm) buyurdu: “Ərinə pis söz deyənin, qiyamətdə dilini ənsəsindən çıxararlar.” Qadın soruşdu: “Başqa hansı haqq var?” Rəsuli əkrəm buyurdu: “Hansı qadın, malı olduğu halda ərinin ehtiyacını ödəməsə, axirətdə o qadının üzü qara olar.” Qadın, başqa hansı haqqın olduğunu soruşdu. Rəsul-i əkrəm buyurdu: “Hansı qadın, ərinin malından oğurlayıb, başqasına versə və əri ilə halallaşmasa, Allahu əzimüşşan, o qadının zəkat və sədəqəsini qəbul etməz.” Qadın soruşdu: “Başqa haqq da var?” Rəsul-i əkrəm buyurdu: “Hansı qadın, ərini söysə və ya ona qarşı çıxsa, Cəhənnəmdə dilindən asarlar; hansı qadın, rəqs və çalğı dinləməyə getsə, pul versə, kiçik yaşlarından bəri qazandığı savabları məhv olar. Üzərindəki libasları da şikayətçi olub, bizi mübarək günlərdə və halalı üçün geyinmədi, haram yerlərə getdi, dedikdə, Haqq təala buyurar ki, belə qadınları gərək min il yandırım.” [Kinonun, radio və televizorun pis cəhətlərini buradan da anlamaq olar.] O qadın, bu cavabları eşitdikdə, “Ya Rəsulallah! Bu vaxta qədər ərə getməmişəm, bundan sonra da getmərəm”, dedi.
Bir dəfə Rəsul-i əkrəm (sallallahu əleyhi və səlləm) səadətlə buyurdu: “Ya xatun! Ərə getməyin savabını da xəbər verim, dinlə! Hansı qadına, əri, Allah səndən razı olsun desə, altmış il ibadət etməkdən daha üstündür. Ərinə bir içim su versə, bir il oruc tutmaqdan daha dəyərlidir. Ərinin döşəyindən qalxdığı zaman qüsl alsa, bir qurban kəsmiş kimi savab qazanar. Ərinə hiylə etməzsə, onun üçün göylərdə mələklər təsbeh edərlər. Əri ilə əylənərsə, altmış qul azad etməkdən xeyirlidir. Ərinin ruzisini mühafizə etsə, onun qohumlarına mərhəmət etsə, beş vaxt namazını qılıb, orucunu tutsa, min dəfə Kəbəyə getməkdən daha üstündür.” Fatimə-i Zəhra “radıyallahu anha”, bir qadın ərini incitsə, halı necə olar, deyə soruşduqda, “Bir qadın ərinə asi olsa, onunla halallaşmayınca, Allahu təalanın lənəti onun üzərində olar. Ərinin döşəyindən qaçsa, bütün savabları gedər. Ərinə qarşı təkəbbürlənsə, Haqq təala ona qəzəblənər. Ərinə, məgər sən mənim ağamsan və səndən nə gördüm ki, desə, Allahu təala ona nemətini haram edər. Ərinin qanını dili ilə yalasa belə, yenə də onun haqqını ödəmiş olmaz. Qadın ərinin izni ilə küçəyə açıq-saçıq çıxsa, ona izn verdiyi üçün ərinin əməl dəftərinə min günah yazılar”, buyurdu. İcazəsiz çıxıb gedən qadının halının necə olacağını buradan anlamaq olar.
Rəsuli əkrəm (sallallahu əleyhi və səlləm) buyurdu: “Ya Fatimə! Allahu təala bir qulun bir qula səcdə etməsini əmr buyursaydı, mən də, qadının ərinə səcdə etməsini buyurardım.”
Həzrəti Aişə “radıyallahu anha” “Rəsulallaha, mənə vəsiyyət eylə!”, dedim. Rəsul-i əkrəm: “Ya Aişə! Mən sənə vəsiyyət edərəm, sən də ümmətimin qadınlarına vəsiyyət eylə! Qiyamət günü, ilk öncə imandan, ikincisi, dəstəmaz və namazdan, üçüncüsü, ər haqqında sual veriləcək. Hansı kişi, xanımının yaramazlıqlarına səbr etsə, Allahu təala ona Eyyub Peyğəmbər savabı verər. Bir qadın, ərinin yaramazlıqlarına səbr etsə, Aişəi Sıddıqa dərəcəsinə çatar.” “Bir kişi, xanımını döysə, qiyamətdə mən ondan şikayətçi olacağam”, buyurdu.
Kişinin üç halda xanımını açıq ovucla və ya düyünsüz parça ilə vurması caizdir: namazı və qüslü tərk etdiyinə görə, döşəyinə gəlmədiyinə görə və icazəsiz bayıra çıxdığına görə. Çubuqla, yumruqla, təpiklə, düyünlü parça ilə vurmaq və başına, bədəninə vurmaq heç vaxt caiz deyil. Başqa qəbahətlərdə heç vurulmaz. Bir neçə dəfə xəbərdarlıq etmək lazımdır. Əgər islah olmazsa, əzabda olmamaq üçün onu buraxmaq lazımdır.
[“Şirat-ül-islam”da deyilir: “Xanımı yaramazlıq, tərslik edən kişi, qəbahəti özündə axtarmalı, mən yaxşı olsaydım, o da belə etməzdi, deməlidir. Xeyirli, yaxşı xanımı olan kişi təkrar evlənməməlidir. Yaşamaq üçün vəsaitlərində ədalətli davrana bilməyəcək kişinin, ikinci arvad alması caiz deyil. Ədalətli olacağını bilən kişinin, ikinci arvad alması caiz olsa da, almaması daha əfdəldir. Qadın, icazə verilən yerlərə gedərkən, baş örtüyünü və bədənini yaxşı örtməlidir. Qadının ətir vuraraq, zinətlərini göstərərək küçəyə çıxması haramdır. Salihə, yəni xeyirli qadın, dünya nemətlərinin ən qiymətlisidir. Müsəlmana şəfqət göstərmək, onu incitməmək, nafilə ibadətlərdən daha savabdır.” “Rıyad-un-nəsihin”də deyilir: “Nisa surəsinin on doqquzuncu ayəsində: “Xanımlarınıza yaxşı, mülayim davranın!”, buyruldu. Hədisi-şərifdə: “Ya Əbu Bəkr! Zövcəsinə gülərək, mülayim söyləyənə, qul azad etmək savabı verilir”, “Fasiq kişiylə evlənən qadına, Allah mərhəmət etməyəcəkdir”, “Şəfaətimə qovuşmaq istəyən, qızını, fasiqə verməsin!”, “İnsanların ən yaxşısı, insanlara yaxşılıq edəndir. İnsanların ən pisi, insanlara zərər verəndir (onları incidəndir)”, “Bir müsəlmanı haqsız olaraq incitmək, Kəbəni yetmiş dəfə yıxmaqdan daha günahdır”, buyruldu.”
“Dürr-ül-muxtar”da deyilir: “Müsəlman kişinin, səhih nikahla evləndiyi qadının nəfəqəsini təmin etməsi fərzdir. “Nəfəqə”, yeyiləcək, geyiləcək şeylər və qalınacaq evdir. Kişi xanımını öz mülkü olan və ya kirayə tutduğu evdə yerləşdirməlidir. Qadın, evdə kişinin qohumlarından heç birinin qalmamasını istəyə bilər. Kişi də qadının yaxınlarından heç birinin evdə olmamasını istəyə bilər. İkisi də bu haqqa malikdir. Ev, saleh müsəlman qonşular arasında olmalı, müəzzinin öz səsi evdən eşidilməlidir. Həftədə bir dəfə, qadının öz ata-anasıgilə getməsinə mane ola bilməz. Onların da həftədə bir dəfə qızlarını görməyə gəlmələri yaxşı olar. İkisindən biri xəstə olsa və baxacaq adamları olmasa, kişi razı olmasa belə, qadın, gedib xidmət etməlidir. Digər məhrəm qohumların ildə bir dəfə gəlməsinə və qadının onlara getməsinə mane ola bilməz. Bunlardan başqalarına və günah olan yerlərə getməsinə icazə versə, hər ikisi günaha batar. Evində və ya evdən kənar yerdə, başqaları üçün pulla və ya xeyir vermək məqsədilə iş görməsinə, məktəbə, vəzə getməsinə mane olar. Qadın evində ev işləri ilə məşğul olmalı, bekar oturmamalıdır. Ər, xanımını övrət yeri açıq olanların getdiyi hamamlara, çimərliklərə, idmançıların oyunlarını seyr etməyə göndərməməlidir. Bunları göstərən televizorları evinə qoymamalıdır. Qadın, bəzənərək və təzə geyinərək küçəyə çıxmamalıdır.”
Ər xanımını, məhrəm olan, yəni evlənməsi haram olan qohumlarından başqa, haramlardan çəkinən müsəlmanların evinə apara bilər, ancaq qadınlarla kişilər ayrı oturmalıdır. Qadının məhrəm qohumları on səkkiz nəfərdir: atası, babası, oğlu, nəvələri, qardaşı (yalnız atadan və ya yalnız anadan olsa belə), bacı və qardaşının oğulları, əmisi, dayısı. Bu yeddi kişi, süd əmmək və ya zina səbəbi ilə də məhrəm olur. Dörd kişi də nikahla əlaqədar olaraq məhrəm olur: qayınata və onun atası, kürəkən, ögey oğul, ögey ata. Bir kişiyə övladlarının gəlinləri və bir qadına uşaqlarının kürəkənləri məhrəmdir. Məhrəm, nikahla alması haram olan deməkdir. Məsələn, bacı məhrəmdir. Hamıya bacı və qardaşının uşaqları məhrəmdir. Qardaşların arvadları, əmi, dayı, xala, bibi uşaqları və həyat yoldaşları məhrəm deyil. Xalanın uşaqları və əri naməhrəmdir. Ərin və arvadın bacı-qardaşları naməhrəmdir. Yeznə və qayının məhrəm qohum olmadıqları, yad olduqları, “Neməti islam”da, həccin şərtlərində yazılmışdır. Qadının, bu ikisinə də açıq görünməsi, üzündən başqa hər yeri örtülü olsa belə, bir otaqda yalnız qalması, birlikdə səfərə çıxması haramdır. Kürəkənə, qayınanasının ana və atasının anaları da məhrəmdir. Bir qız məhrəm qohumu ilə evlənə bilməz. Onların yanında örtünməyə bilər, bir otaqda tək qala bilər, birlikdə səfərə çıxa bilər. Məhrəm olmayan qohumu evə gəldikdə, ərinin və ya qohumu olan qadınların yanında üzündən başqa hər yeri örtülü olaraq, xoş gəldiniz, deyər. Çay gətirə bilər. Lakin yanlarında otura bilməz. Müsəlmanlar, adətlərə, ənənələrə deyil, islamiyyətə, elmihal kitablarına uymalıdırlar. Hər müsəlman, xanımına elmihal öyrətməli, özü bilmirsə, saleh xanım müəlliməyə göndərməlidir. İslamiyyətə uyan, haramlardan çəkinən xanım tapa bilməsə, Əhli sünnət alimlərinin (rahiməhumullahu təala) yazdığı doğru elmihal kitabını xanımı ilə birlikdə oxuyub, hər ikisi də dinini, imanını, haramları, fərzləri yaxşı öyrənməlidir. Məzhəbsiz din adamlarının, azğınların yazdıqları pozuq təfsir və din kitablarını evə gətirməməli, onları oxumamalıdır. Dini, əxlaqı pozan verilişlər təqdim edən radioları, televizorları da evə qoymamalıdır. Bunlar, pis dostdan daha betərdirlər, xanımın və uşaqların dinini, əxlaqını pozar. Qadın və qızları ev işləri ilə məşğul olmalı, tarlada, fabrikdə, bankda, ticarət yerlərində və idarələrdə işlədilməməlidirlər. Qadının və qızlarının pul qazanması, atasının, ərinin sənətinə, ticarətinə yardım etməsi lazım deyil. Bunları etmək və ev ehtiyaclarını bazardan alıb gətirmək kişinin vəzifəsidir. Qadın bu işlərə məcbur edilərsə, dini, əxlaqı və səhhəti pozular. Hər ikisinin də dünyaları və axirətləri korlanar. Sonra dizlərini döysələr də faydası olmaz, günahdan, bəladan qurtula bilməzlər. İslamiyyətə uyan, dünyada da, axirətdə də rahatlığa qovuşar. Pis dostların, münafiqlərin gülər üzünə, şirin dillərinə aldanmamaq, elmihal kitablarına uymaq lazımdır. Hər bir valideyn övladını haramlardan qorumalı, oğullarını müsəlman müəllimlərin olduğu məktəblərə göndərməlidir. Qadının mağazalarda, dükanlarda, fabriklərdə, dövlət işlərində, kişilərin arasında işləməsinə ehtiyac yoxdur. Əri yoxdursa və ya xəstədirsə, qadının hər ehtiyacını məhrəm qohumları təmin etməyə məcburdur. Bu qohumlar da kasıbdırsa, dövlət tərəfindən yüksək maaş ödənilməlidir. Allahu təala, islam qadınının hər ehtiyacını ayağına göndərmiş, dolanmaq problemini kişilərə həvalə etmişdir. İşləyib qazanmağa heç ehtiyacı olmadığı halda, mirasdan, kişinin aldığının yarısını da qadına vermişdir. Qadının vəzifəsi evin içindəki işləri görməkdir. Bu işlərin birincisi, uşaqları tərbiyə etməkdir. Uşağın ilk mürşidi, yəni doğru yol göstərəni anasıdır. Anasından din və əxlaq elmlərini öyrənən uşaq, dinsiz müəllimlərə, pis dostlara və islam düşməni olan zındıqların yalanlarına aldanmaz. Anası və atası kimi xalis müsəlman olar. “Tam Elmihal Səadəti Əbədiyyə” kitabının 84-cü və sonrakı nəşrlərində 579-cu səhifəsinə baxın! İslam düşmənliyi edən münafiqlərə “Dönük” deyilir.]
Müsəlmanam deyənlərə,
Beş vaxt namaz gərək olar.
Sabah, qiyamət günündə,
Hullə və tac, Buraq olar.1
Dipnotlar
- hullə-Cənnət geyimi; burak-Cənnətə məxsus olan minik vasitəsi. ↑