Mövlana Xalidi Bağdadi (qaddəsallahu təala sirrəhul-aziz), kitabına başlamazdan əvvəl İmam Rabbani Əhməd Faruqi Sərhəndinin (rahmətullahi əleyh) “Məktubat” kitabının üçüncü cildinin on yeddinci məktubunu yazaraq, kitabına zinət və bərəkət vermək istəmişdir.
İmam Rabbani (quddisə sirruh)1 bu məktubunda buyurur ki: Məktubuma Bəsmələ ilə başlayıram. Bizlərə hər neməti göndərən, ən böyük nemət olaraq, müsəlman etməklə şərəfləndirən və Muhamməd əleyhissəlama ümmət etməklə qiymətləndirən Allahu təalaya həmd və şükürlər olsun!
Çox yaxşı düşünmək və anlamaq lazımdır ki, hər kəsə hər neməti göndərən yalnız Allahu təaladır. Hər şeyi var edən ancaq Odur. Hər varlığı hər an varlıqda saxlayan daim Odur. Qullardakı üstün və yaxşı sifətlər Onun lütfü və ehsanıdır. Həyatımız, ağlımız, elmimiz, gücümüz, görməyimiz, eşitməyimiz, danışa bilməyimiz də hamısı Ondandır. Saymaqla bitməyən müxtəlif nemətləri və yaxşılıqları göndərən yalnız Odur. İnsanları çətinliklərdən, sıxıntılardan xilas edən, duaları qəbul edən, dərdləri və bəlaları yox edən hər zaman Odur. Ruziləri yaradan və yetirən yalnız Odur. Ehsanı o qədər boldur ki, günah işləyənlərin ruzisini kəsmir. Günahları örtməsi o qədər çoxdur ki, əmrinə tabe olmayan, qadağalarından çəkinməyən azğınları hamının gözündə rəzil və rüsvay etmir, namus pərdələrini yırtmır. Əfvi və mərhəməti o qədər çoxdur ki, cəzaya və əzaba layiq olanlara əzab verməkdə tələsmir. Nemətlərini, ehsanlarını dostlarına və düşmənlərinə verir. Heç kimdən bir şey əsirgəmir. Bütün nemətlərinin ən üstünü, ən qiymətlisi olaraq da doğru yolu, səadət və xilas yolunu göstərir. Yoldan azmamaq və Cənnətə girmək üçün təşviq edir. Cənnətdəki əbədi nemətlərə, bitməz, tükənməz zövqlərə və öz rizasına, sevgisinə qovuşa bilməyimiz üçün sevgili Peyğəmbərinə (sallallahu təala əleyhi və səlləm) tabe olmağımızı əmr edir. Budur, Allahu təalanın nemətləri günəş kimi meydandadır. Başqalarından gələn yaxşılıqlar yenə Ondan gəlməkdədir. Başqalarını vasitə edən, onlara yaxşılıq etmək istəyini verən, onlara yaxşılıq edə biləcək gücü və qüvvəti verən, yenə Odur. Bunun üçün hər yerdən, hər kəsdən gələn nemətləri göndərən hər zaman Odur. Ondan başqasından yaxşılıq və ehsan gözləmək, əmanətçidən əmanət olaraq bir şey istəməyə və yoxsuldan sədəqə istəməyə bənzəyər. Bu sözlərimizin yerində və doğru olduğunu cahil olanlar da alimlər kimi, küt ağıllılar da zəkalı, iti görüşlü olanlar kimi bilir. Çünki izah olunanlar açıq-aşkar, düşünməyə belə lüzum olmayan məlumatlardır.
İnsanın bu nemətləri göndərən Allahu təalaya gücü çatdığı qədər şükür etməsi insanlıq vəzifəsidir. Ağlın əmr etdiyi bir vəzifə, bir borcdur. Ancaq Allahu təalaya edilməli olan bu şükrü yerinə yetirə bilmək asan bir iş deyildir. Çünki insanlar yox ikən sonradan yaradılmış, zəif, möhtac, eyibli və qüsurludurlar. Allahu təala isə daima var və əbədi olaraq vardır. Eyiblərdən və qüsurlardan uzaqdır. Bütün üstünlüklərin sahibidir. İnsanların Allahu təalaya heç bir cəhətdən bənzərlikləri, oxşarlıqları yoxdur. Belə zəlil qullar elə bir uca Allahın şanına yaraşan bir şükür edə bilərlər məgər? Çünki çox şey vardır ki, insanlar onları gözəl və qiymətli zənn edir. Ancaq Allahu təala bunları pislik hesab edir və bəyənməz. Hörmət və şükür hesab etdiyimiz şeylər, bəyənilməyən və xoş olmayan şeylər ola bilər. Buna görədir ki, insanlar öz qüsurlu ağılları, dar düşüncələri ilə Allahu təalaya qarşı şükür, hörmət ola biləcək şeyləri tapa bilməzlər. Şükür və hörmət etməyə yarayan vəzifələr Allahu təala tərəfindən bildirilmədikcə, tərifləmək zənn edilən şeylər pisləmək ola bilər.
Beləliklə, insanların Allahu təalaya qarşı qəlblə, dillə, bədənlə etmələri və inanmaları lazım olan şükür borcu, qulluq vəzifələri Allahu təala tərəfindən bildirilmiş və Onun sevgili Peyğəmbəri (sallallahu təala əleyhi və səlləm) tərəfindən ortaya qoyulmuşdur. Allahu təalanın göstərdiyi və əmr etdiyi qulluq vəzifələrinə İslamiyyət deyilir. Allahu təalaya şükür Onun Peyğəmbərinin göstərdiyi yola tabe olmaqla olar. Bu yola tabe olmayan, bunun xaricində qalan heç bir şükrü, heç bir ibadəti Allahu təala qəbul etməz və bəyənməz. Çünki insanların yaxşı, gözəl zənn etdikləri çox şey vardır ki, islamiyyət bunları bəyənməməkdə və çirkin olduqlarını bildirməkdədir.
Deməli, ağlı olan kimsələrin Allahu təalaya şükür etməsi üçün Muhamməd əleyhissəlama tabe olmaları lazımdır. Onun yoluna “İslamiyyət” deyilir. Muhamməd əleyhissəlama tabe olan hər kəsə “Müsəlman” deyilir. Allahu təalaya şükür etməyə, yəni Muhamməd əleyhissəlama tabe olmağa “İbadət etmək” deyilir. İslam bilgiləri iki cürdür: Din bilgiləri və fənn bilgiləri. Dində reformistlər dini bilgilərə “Skolastik bilgilər”, fənn bilgilərinə “Rasional bilgilər” deyirlər. Din bilgiləri də iki yerə ayrılır:
1 - Qəlb ilə etiqad edilməsi, yəni inanılması lazım olan bilgilərdir. Bu elmlərə “Üsuli din” və ya “İman” bilgiləri deyilir. Qısacası, “İman” - Muhamməd əleyhissəlamın bildirdiyi altı şeyə inanmaq, islamiyyəti qəbul etmək, küfr əlaməti olan şeyləri deməkdən və istifadə etməkdən çəkinməkdir. Hər müsəlman küfr əlaməti olan şeyləri öyrənməli və bunlardan uzaq durmalıdır. İmanı olan insana “Müsəlman” deyilir.
2 - Bədən ilə və ya qəlb ilə ediləcək və çəkiniləcək ibadət bilgiləridir. Əmr edilən bilgilərə “Fərz”, qadağan olanlara “Haram” deyilir. Bunlara “Fürü-din” və ya “Əhkami-islamiyyə” yaxud “İslamiyyət” bilgiləri deyilir.
[Hər kəsə ilk lazım olan şey, “Kəlimeyi-tövhid” söyləmək və bunun mənasına inanmaqdır. Kəlimeyi-tövhid, “La ilahə illallah Muhammədun rəsulullah”dır. Bunun mənası, “Allah vardır və birdir. Muhamməd əleyhissəlam Onun Peyğəmbəridir” deməkdir. Buna inanmağa “İman etmək” və “Müsəlman olmaq” deyilir. İnanan şəxsə “Mömin” və “Müsəlman” deyilir. İman davamlı olmalıdır. Buna görə də küfrə səbəb olan əməllərdən və küfr əlaməti olan şeyləri istifadə etməkdən çəkinmək lazımdır.
Qurani-kərim Allah kəlamıdır. Allahu təala Cəbrayıl əleyhissəlam adlı mələk vasitəsilə Qurani-kərimi Muhamməd əleyhissəlama göndərmişdir. Qurani-kərimin sözləri ərəbcədir, ancaq bu sözləri yan-yana düzən Allahu təaladır. Qurani-kərimdəki ərəbcə sözlər Allahu təala tərəfindən düzülmüş ayələr şəklində hərf və kəlimə kimi gəlmişdir. Bu hərf və kəlimələrin mənası ilahi kəlamı daşıyır. Bu hərflərə və kəlimələrə “Quran” deyilir. İlahi kəlamı göstərən mənalar da Qurandır. Bu ilahi kəlam olan Quran məxluq deyildir, Allahu təalanın başqa sifətləri kimi əzəli və əbədidir. Cəbrayıl əleyhissəlam hər il bir dəfə gəlib, o ana qədər enmiş olan Qurani-kərimi Lövhil-məhfuzdakı sırasına görə oxuyar, Peyğəmbərimiz də təkrar edərdi. Axirətə təşrif edəcəyi il iki dəfə gəlib, hamısını oxudular. Peyğəmbərimiz və Əshabın çoxu Qurani-kərimin hamısını əzbərləmişdilər. Axirətə təşrif etdiyi il xəlifə Əbu Bəkri Siddiq əzbər bilənləri toplayıb, yazılı olanları gətirdərək, bir heyətə bütün Qurani-kərimi yazdırmışdı. Beləliklə, “Mushaf” adlanan bir kitab meydana gəlmişdir. Otuz üç min səhabə bu mushafın hər hərfinin tam yerində olduğuna yekdilliklə qərar vermişdir.
Muhamməd əleyhissəlamın sözlərinə “Hədisi-şərif” deyilir. Bunlardan mənası Allahu təala tərəfindən, sözləri Muhamməd əleyhissəlam tərəfindən olan hədisi-şəriflərə “Hədisi qüdsi” deyilir. Hədis kitabları çoxdur. Bunlardan “Buxari” və “Müslim” kitabları məşhurdur.
Allahu təalanın əmrlərindən inanmaq lazım olan bilgilərə “İman”, əməl etmək lazım olanlara “Fərz”, qadağan olunanlara “Haram” deyilir. Fərzlərə və haramlara “Əhkamı-islamiyyə” deyilir. İslam bilgilərindən birinə belə inanmayana “Kafir” deyilir.
İnsana ikinci lazım olan şey qəlbini təmizləməkdir. Qəlb dedikdə iki şey başa düşülür. Sinəmizdə olan ət parçasına hər kəs qəlb deyir. Ürək adlanan bu qəlb heyvanlarda da vardır. İkinci qəlb ürəkdə olan, görülə bilməyən qəlbdir. Bu qəlbə “könül” deyilir. Din kitablarında yazılı olan qəlb bu könüldür. İslam bilgilərinin yeri bu qəlbdir. İnanan və inanmayan da bu qəlbdir. İnanan qəlb təmizdir, inanmayan qəlb pisdir, ölüdür. Qəlbin təmiz olması üçün çalışmaq bizim birinci vəzifəmizdir. İbadət etmək, xüsusilə də namaz qılmaq və istiğfar etmək qəlbi təmizləyər. Haram iş görmək isə qəlbi qaraldar. Peyğəmbərimiz buyurdu ki, “Çox istiğfar oxuyun! İstiğfar duasını oxumağa davam edəni, Allahu təala xəstəliklərdən və hər bir dərddən qoruyar. Heç ummadığı yerdən ona ruzi yetirər”. İstiğfar “Əstağfirullah” deməkdir. Duaların qəbul olması üçün oxuyan adam, müsəlman olmalı, günahlarına tövbə etməli, mənasını bilərək və inanaraq deməlidir. Qaralmış qəlblə edilən dua qəbul olmaz. Üç dəfə dua oxuyanın və beş vaxt namaza davam edənin qəlbi də təmizlənər və deməyə başlayar. Qəlb demədən yalnız ağız ilə edilən duanın faydası olmaz.
İslam dininin bildirdiyi din bilgiləri “Əhli-sünnət” alimlərinin kitablarında yazılmış bilgilərdir. Əhli-sünnət alimlərinin bildirdikləri iman və islam bilgiləri arasında mənaları açıq olan “nasslar”dan, yəni ayəti-kərimələrdən və hədisi-şəriflərdən birinə inanmayan insan “Kafir” olar. İnanmadığını gizləyən insan, “Münafiq”dir. Həm gizləyib, həm də müsəlman görünərək müsəlmanları aldatmağa çalışan insan “Zındıq”dır. Mənası açıq olmayan nassları yanlış təvil edərək, səhv inanan, kafir olmaz. Ancaq Əhli-sünnətin doğru yolundan ayrıldığı üçün Cəhənnəmə girəcəkdir. Bu şəxs, mənası açıq olan nasslara inandığı üçün əzabda əbədi qalmayacaq, Cəhənnəmdən çıxarılacaq və Cənnətə salınacaqdır. Bunlara “Bidət əhli” və ya “Dəlalət firqələri” deyilir. Yetmiş iki cür dəlalət firqəsi vardır. Bunların, kafirlərin və mürtədlərin etdikləri ibadətlərin, insanlara etdikləri yaxşılıqların və xidmətlərin heç biri qəbul edilməyəcək və axirətdə işə yaramayacaqdır. Etiqadı doğru olan müsəlmanlara “Əhli-sünnət vəl-camaat” və ya “Sünni” deyilir. Sünni olanlar ibadət etməkdə dörd məzhəbə ayrılmışdır. Bu dörd məzhəbdə olanlar bir-birlərinin Əhli-sünnət olduqlarını bilir və bir-birlərini sevirlər. Dörd məzhəbdən birində olmayan kəs Əhli-sünnət deyil. Əhli-sünnət olmayanın da kafir və ya bidət əhli olacağı İmam Rabbaninin məktublarında, xüsusilə də birinci cildin 286-cı məktubunda və “Dürrül-muxtar”ın Təhtavi haşiyəsinin “Zəbayih” hissəsində və “Əl-bəsair li-münkirit-təvəssüli bi-əhlil-məqabir” kitabında dəlillərlə yazılmışdır. Bu iki kitab ərəbcədir. İkincisi, Hindistanda yazılıb və çap olunmuş, 1395-ci [m. 1975] ildə və daha sonra İstanbulda Hakikat Kitabevi tərəfindən ofset üsulu ilə bir çox nəşri həyata keçirilmişdir.
Dörd məzhəbdən birinə uyğun ibadət edənlər günah iş görsələr və ya ibadətlərində qüsur etsələr, sonra da tövbə etsələr, günahları bağışlanar. Tövbə etməsələr, Allahu təala onları istərsə bağışlayar, Cəhənnəmə heç salmaz. İstərsə, günahları qədər əzab etsə də, yenə əzabdan qurtulacaqlar. Dində zəruri məlum olan, yəni cahillərin belə eşitmiş olduğu, açıq bilgilərdən birinə belə inanmayanlar Cəhənnəmdə əbədi əzab görəcəklər. Bunlara “Kafir” və “Mürtəd” deyilir.
Kafirlər kitablı və kitabsız olmaqla iki hissəyə ayrılırlar. Müsəlman övladı ikən, sonradan dindən çıxaraq kafir olana “Mürtəd” deyilir. İbn Abidin (rahiməhullahu təala) şirk səbəbi ilə nikahı haram olanları bildirərkən buyurur ki, “Mürtəd, mülhid, zındıq, məcusi, bütpərəst, qədim Yunan fəlsəfəçiləri, münafiq, yetmiş iki firqədən həddi aşıb kafir olanlar, [Brahman, Buddist], batini, ibahi və dürzi deyilən şəxslərin hamısı kitabsız kafirdirlər”. Kommunistlərlə masonlar da belədir. Xristianların və yəhudilərin, səmadan enən və sonradan dəyişdirilib pozulan “Tövrat” və “İncil” kitablarına inananları kitablı kafirdir. Bunlar hər hansı bir məxluqda “Uluhiyyət sifəti” olduğuna inanarsa, “Müşrik” olurlar. Allahu təalanın “Sifəti zatiyyə”sinə və “Sifəti sübutiyyə”sinə “Uluhiyyət sifətləri” deyilir.
Kitablı və ya kitabsız hər hansı bir kafir müsəlman olarsa, Cəhənnəmə girməkdən xilas olar. Günahsız, təmiz bir müsəlman olar, ancaq, “Sünni” bir müsəlman olmalıdır. Sünni olmaq, Əhli-sünnət alimlərindən birinin (rahiməhumullahu təala) kitabını oxuyub, öyrənib, imanının, sözlərinin və işlərinin buna uyğun olması deməkdir. Dünyada bir insanın müsəlman olub-olmadığı zərurət olmadan, açıq olaraq dediyi sözlərindən və işlərindən başa düşülür. Bu insanın axirətə imanlı gedib-getmədiyi son nəfəsində məlum olur. Böyük günah işləmiş kişi və ya qadın müsəlman təmiz qəlblə tövbə edərsə, günahları mütləq bağışlanar, günahsız tərtəmiz olar. “Tövbə”nin nə olduğu və tövbənin necə ediləcəyi haqqında elmihal kitablarında, məsələn, türkcə və ərəbcə “İman və İslam” və “Səadəti Əbədiyyə” kitablarında geniş şəkildə bildirilmişdir].
Xəbərdarlıq: Missionerlər xristianlığı yaymağa, yəhudilər Talmudu yaymağa, İstanbuldakı Hakikat Kitabevi islamiyyəti yaymağa, masonlar isə dinləri yox etməyə çalışırlar. Ağlı, elmi və insafı olan bunlardan doğrusunu dərk edər, anlayar. Bunun yayılmasına yardım edərək, bütün insanların dünyada və axirətdə səadətə qovuşmalarına səbəb olar.
Bu gün dünyada olan müsəlmanlar üç firqəyə ayrılmışdır. Birinci firqə Əshabı-kiramın yolunda olan həqiqi müsəlmanlardır. Bunlara “Əhli-sünnət”, “Sünni” və “Firqeyi-naciyə”, yəni Cəhənnəmdən qurtulan firqə deyilir. İkinci firqə Əshabı-kirama düşmən olanlardır. Bunlara “Şiə” və “Firqeyi-zallə”, yəni azğın firqə deyilir. Üçüncüsü sünnilərə və şiələrə düşmən olanlardır. Bunlara “Vəhhabi” və “Nəcdi” deyilir. Çünki bunlar ilk dəfə Ərəbistanın Nəcd şəhərində meydana çıxmışdır. Bunlara “Firqeyi-məlunə” də deyilir. Çünki bunların müsəlmanlara kafir dedikləri “Səadəti Əbədiyyə” və “Qiyamət və Axirət” kitablarımızda yazılmışdır. Peyğəmbərimiz belə deyənlərə lənət etmişdir. Müsəlmanları bu üç firqəyə parçalayanlar yəhudilər və ingilislərdir.
Hər mömin nəfsini təzkiyə üçün, yəni yaradılışında olan cahillikdən və günahlardan təmizlənmək üçün hər zaman “La ilahə illallah” oxumalı və qəlbini təsfiyə üçün, yəni nəfsindən, şeytandan, pis yoldaşlardan və zərərli, yanlış kitablardan gəlmiş olan küfr və günahlardan xilas olmaq üçün, “Əstağfirullah” oxumalıdır. İslamiyyətə riayət edənin və günahlarına tövbə edənin duaları qəbul olar. Namaz qılmayanın, açıq-saçıq qadınlara və övrət yeri açıq olanlara baxanın, haram yeyib-içənin, islamiyyətə riayət etmədiyi aydın olur. Bunların duaları qəbul olmaz.
Dipnotlar
- İmam Rabbani 1034-cü ildə (m. 1624) vəfat etmişdir. ↑