Bu “ETİQADNAMƏ” kitabında Rəsulullahın (sallallahu əleyhi və səlləm) “İmanı və islamı” bildirən bir hədisi-şərifi açıqlanacaqdır. Bu hədisi-şərifin bərəkəti ilə müsəlmanların etiqadlarının tamamlanacağını [güclənəcəyini], beləliklə, fəzilət və səadətə qovuşacaqlarını və qəbahəti, günahı çox olan bu Xalidin də (quddisə sirruh) qurtulmasına səbəb olacağını ümid edirəm.
Heç bir şeyə möhtac olmayan, kərəmi, ehsanı bol olan və qullarına çox rəhm edən Allahu təalaya gözəl etiqadım belədir ki, sərmayəsi az, qəlbi qara olan bu fəqir Xalidin yersiz sözlərini bağışlasın və qüsurlu ibadətlərini qəbul etsin! Yalançı və aldadan şeytanın pisliklərindən [və islam düşmənlərinin yalan-yanlış sözlərinə və yazılarına aldanmaqdan] qoruyaraq şad etsin. Mərhəmətlilərin ən mərhəmətlisi və ehsan sahiblərinin ən səxavətlisi ancaq Allahu təaladır.
İslam alimləri buyurdu ki, “Mükəlləf” olan, yəni aqil və büluğ olan hər bir qadın və kişi müsəlman [Allahu təalanı tanımalı, bilməli, yəni] Allahu təalanın sifəti-zatiyyəsini və sifəti-sübutiyyəsini doğru bilməli və inanmalıdır. Hər kəsə ilk fərz olan şey budur, bilməmək üzr deyil, günahdır. Əhməd oğlu Xalidi Bağdadinin bu kitabı yazması, başqalarından üstün olmaq və onlara bilgi satmaq, şöhrət sahibi olmaq üçün deyil, bir yadigar, bir xidmət qoymaq üçündür. Allahu təala bu aciz olan Xalidə1 və bütün müsəlmanlara öz gücü ilə və Rəsulunun mübarək ruhunun yardımı ilə imdad etsin, Amin!
[Allahu təalanın “Sifəti-zatiyyə”si altıdır. Bunlar: Vücud, Qıdəm, Bəqa, Vəhdaniyyət, Müxalifətün lil-havadis və Qiyamü bi-nəfsihidir. Vücud, öz-özünə var olmaqdır. Qıdəm, varlığının əvvəli, başlanğıcı olmamaqdır. Bəqa, varlığı əbədi olmaqdır, heç yox olmamaqdır. Vəhdaniyyət, heç bir cəhətdən şəriki, naziri və bənzəri olmamaqdır. Müxalifətün lil-havadis, heç bir şeydə, heç bir məxluqa, heç bir cəhətdən bənzəməməkdir. Qiyamü bi-nəfsihi, varlığı özündəndir, daima var olması üçün heç bir şeyə möhtac deyildir, deməkdir. Bu altı sifətin heç biri məxluqların heç birində yoxdur. Bunların məxluqlara heç bir surətdə əlaqələri və bağlılıqları da yoxdur. Bəzi alimlər Vəhdaniyyət və Müxalifətün lil-havadisin eyni olduqlarını deyərək, “sifəti-zatiyyə beşdir” demişdirlər].
Allahu təaladan başqa olan hər şeyə, “Ma-siva” və ya “Aləm” deyilir. Dövrümüzdə “Təbiət” deyirlər. Aləmlərin hamısı yox idi, hamısını Allahu təala yaratdı. Aləmlərin hamısı mümkündür və hədisdir. Yəni, yox ikən var ola bilər, var ikən yox ola bilər və yox ikən var olmuşdurlar. “Allahu təala var idi, heç bir şey yox idi” hədisi-şərifi bunu bildirir.
Aləmin hədis olduğunu göstərən ikinci bir dəlil də aləmin hər zaman pozularaq dəyişməsidir. Hər şey dəyişməkdədir. Qədim olan şey isə əsla dəyişməz. Allahu təalanın zatı [yəni özü] və sifətləri belədir, bunlar heç vaxt dəyişməz. [Halbuki aləmdə, fiziki hadisələrdə, maddələrin hal dəyişdirməsi olur. Kimyəvi reaksiyalarda maddələrin əsası, quruluşu dəyişir. Cisimlərin yox olaraq başqa cisimlərə çevrildiyini görürük. Müasir dövrdə yeni bilinən atom dəyişmələrində və nüvə reaksiyalarında maddə və element də yox olaraq, enerjiyə çevrilir]. Aləmlərin belə dəyişməsi, bir-birindən əmələ gəlməsi sonsuzdan gələ bilməz. Bir başlanğıcı olması, yoxdan var edilmiş olan ilk maddələrdən, elementlərdən hasil olması lazımdır.
Aləmin mümkün olduğuna, yəni yox ikən var ola biləcəyinə başqa bir dəlil də, aləmin hədis olmasıdır. Yəni, hər şeyin yox ikən var olmasıdır. [Vücud, var olmaq deməkdir. Üç cür vücud vardır: Birincisi “Vacibül-vücud”dur. Yəni, varlığı lazım olan vücuddur, daim vardır. Əvvəllərdə və sonsuz sonralarda heç vaxt yox ola bilməz. Yalnız Allahu təala vacibül-vücuddur. İkincisi, “Mümtəniül-vücud”dur. Yəni, var ola bilməz. Daim yox olması lazımdır. Şəriki-bari belədir. Yəni, Allahu təalaya ortaq, Allahu təala kimi ikinci bir tanrı var ola bilməz. Üçüncüsü, “Mümkünül-vücud”dur. Yəni, var ola da bilər, yox ola da bilər. Bütün aləmlərin və məxluqların hamısı belədir. “Vücud” sözünün əksi “Adəm” sözüdür. Adəm yoxluq deməkdir. Aləmlər, yəni hər şey var olmadan əvvəl adəmdə idi, yəni yox idilər].
Mövcud, yəni, var olan şey iki cürdür: Biri “Mümkün”, ikincisi “Vacib”dir. Əgər mövcud yalnız mümkün olsaydı və vacibül-vücud olmasaydı, heç bir şey var ola bilməzdi. [Çünki yox ikən var olmaq bir dəyişiklikdir, bir hadisədir. Fizika elmindən bilindiyi kimi, hər cisimdə bir hadisə olması üçün bu cismə xaricdən bir gücün təsir etməsi, bu güc qaynağının bu cisimdən əvvəl mövcud olması lazımdır]. Buna görədir ki, mümkün olan mövcud öz-özünə var ola bilməz və varlıqda qala bilməz. Ona bir qüvvə təsir etməsəydi, daim yoxluqda qalardı, var ola bilməzdi. Özünü var edə bilməyən bir şey, başqa mümkünləri də, əlbəttə, xəlq edə bilməz, yarada bilməz. Mümkünü yaradan vacibül-vücud olmalıdır. Aləmin var olması, bunu yoxdan var edən bir yaradıcının var olduğunu göstərir. Görünür ki, hədis və mümkün olmayaraq, yəni daim var olaraq, bütün mümkünlərin tək yaradıcısı, ancaq vacibül-vücuddur. O, qədimdir, yəni daima var idi. Vacibül-vücud, vücudu başqasından deyil, ancaq özündəndir. Yəni öz-özünə daima vardır, başqası tərəfindən yaradılmamışdır. Əgər belə olmazsa, mümkün və hədis olması, başqası tərəfindən yaradılması lazım olardı. Bu isə düşünülənin əksinə olan bir nəticədir. Farsca “Xuda” demək, öz-özünə daima var olan, yəni qədim deməkdir.
Aləmlərin heyrətamiz bir nizam içində olduqlarını görürük. Fənn hər il bunların yenilərini kəşf edir. Bu nizamı yaradanın “Hayy” diri, “Alim” bilən, “Qadir” gücü çatan, “Mürid” diləyən, “Səmi” eşidən, “Bəsir” görən, “Mütəkəllim” söyləyən və “Xaliq” yaradan olması lazımdır. Çünki ölmək və cahil olmaq, gücü çatmamaq, bir işi məcburən etmək, karlıq, korluq və danışa bilməmək bir qüsurdur və utanılası şeylərdir. Bu kainatı, bu aləmi bu nizamla yaradanın və yox olmaqdan qoruyanın belə qüsurlu sifətləri ola bilməz.
[Atomdan ulduzlara qədər hər varlıq bir hesabla və qanunla yaradılmışdır. Fizika, kimya, astronomiya və biologiyanın kəşf edilmiş qanunlarında və onlar arasındakı əlaqələrdə olan nizam ağılları heyrətləndirir. Darvin belə, “Gözün quruluşundakı nizamı, incəlikləri düşündükcə, heyrətdən ağlım başımdan çıxır” demək məcburiyyətində qalmışdır. Hava 78% azot, 21% oksigen və 1% nəcib qazların qarışığından ibarətdir. Bunlar birləşmə deyil, qarışıqdır. Oksigen 21%-dən çox olsaydı ciyərlərimizi yandırardı. 21%-dən az olsaydı, qandakı qida maddələrini yandıra bilməzdi, insanlar və heyvanlar yaşaya bilməzdi. Bu 21% miqdar hər yerdə və yağışda dəyişmir. Bu isə böyük bir nemətdir. Allahın varlığını, qüdrətini və mərhəmətini göstərmir məgər? Bu xariqənin yanında gözün quruluşu heç qalır. Fənn bilgilərində öyrənilən bütün qanunları, dəqiq hesabları və formulları yaradan varlıq, heç nöqsan sifətli ola bilərmi məgər?]
Həmçinin, sadalanan kamal sifətlərini məxluqlarda da müşahidə edirik. Bunları məxluqlarında yaratmışdır. Əgər bu sifətlər özündə olmasaydı, məxluqlarda necə yarada bilərdi? Özündə olmasaydı, məxluqları Ondan daha üstün olardı.
Yenə deyirik ki, aləmləri yaradanda bütün kamal, üstün sifətlər olmalı və nöqsan sifətlərdən heç biri olmamalıdır. Çünki nöqsan, qüsurlu olan Xuda, yaradıcı ola bilməz. Ağlın bildirdiyi bu dəlilləri bir tərəfə qoysaq, ayəti-kərimələr və hədisi-şəriflər də Allahu təalanın kamal sifətləri olduğunu açıq şəkildə bildirir. Bunda şübhə etmək caiz deyildir. Şübhə etmək küfrə səbəb olar. Yuxarıda yazılmış səkkiz kamal sifətinə “Sifəti sübutiyyə” deyilir. Yəni, Allahu təalanın səkkiz sifəti-sübutiyyəsi və bütün kamal sifətləri vardır. Onun zatında, sifətlərində və işlərində heç bir qüsur, qarışıqlıq və dəyişiklik yoxdur. “Sifəti-zatiyyə” və “Sifəti-sübutiyyə”yə “Uluhiyyət sifətləri” deyilir. Bir məxluqda uluhiyyət sifəti olduğuna inanan adam “Müşrik” olur.
Dipnotlar
- Xalidi Bağdadi 1242-ci (m. 1826) ildə Şamda vəfat etmişdir. ↑