Allahu təala Adəm əleyhissəlamı yaratdıqda belini qüdrəti ilə məsh buyurduğu zaman ondan iki ovuc götürdü. Birini sağ tərəfindən, digərini isə sol tərəfindən götürdü. Hər insanın zərrəsini bir-birindən ayırdı. Adəm əleyhissəlam onların zərrələr şəklində olduğunu gördü. Əl-Vaqia surəsindəki bir ayəti-kərimədə məalən, “Bu sağdakılar Cənnət əhlinin əməlini edəcəklərinə görə Cənnətlik olanlardır. Mənə onların əməllərindən bir fayda və zərər yoxdur. Bu soldakılar Cəhənnəm əhlinin əməlini edəcəklərinə görə Cəhənnəmlik olanlardır. Mənə onlardan da bir fayda və zərər yoxdur” buyuruldu.
Adəm əleyhissəlam Allahu təaladan, “Ya Rəbb! Cəhənnəm əhlinin əməli nədir?” deyə soruşdu. Allahu təala da, “Mənə şirk qoşmaq və göndərdiyim Peyğəmbərlərə inanmamaq və ilahi kitablarımda (Peyğəmbərlərə verilən kitablar) olan əmr və qadağalarıma əməl etməyib, Mənə üsyan etməkdir” buyurdu.
Bundan sonra Adəm əleyhissəlam Allahu təalaya dua edərək, “Ya Rəbb, onları özlərinə şahid et. Ümid edilir ki, Cəhənnəm əhlinin əməlini işləməzlər” dedi. Allahu təala da nəfslərini şahid edib, “Mən sizin Rəbbiniz deyiləmmi?” buyurdu. Hamısı, “Rəbbimizsən. Biz şahid olduq” dedilər. Allahu təala mələkləri və Adəm əleyhissəlamı da şahid tutdu ki, onlar Allahu təalanın rübubiyyətini iqrar etdilər. Bu sözləşmədən sonra onları təkrar əvvəlki yerlərinə göndərdi. Çünki onların həyatları yalnız ruhani bir həyat idi, cismani həyat deyildi. Allahu təala onları Adəm əleyhissəlamın onurğasına yerləşdirdi. Ruhlarını alıb, ərşin xəzinələrindən birində saxladı.
Bir atanın mənisi ananın bətnində yer alıb, uşağın cismani surəti tam olduğu zaman hələ ki, ölüdür. Mələkuti bir cövhər olduğuna görə o cəsədin zay olmasının qarşısı alınır. Allahu təala ana bətnində ölü olan bu uşağa ruh verməyi dilədiyi zaman, ərşin xəzinələrində bir müddət gizləyib qoruduğu ruhu o cəsədə geri verir. Uşaq o zaman hərəkət etməyə başlayır. Uşaqların çoxu ana bətnində hərəkət edir. Anası bəzən hiss edir, bəzən hiss etməz. Allahu təalanın ruhlara, “Mən sizin Rəbbiniz deyiləmmi?” deyə soruşduğu misaqdan (sözləşmədən) sonrakı ölüm, yəni ruhunu ərşin xəzinələrinə göndərməsi birinci ölüm və indiki ana bətnindəki həyat, ikinci həyatdır.