Hakikat Books
Türkçe

Bölüm 9 / 59

Səkkizinci fəsil: Hər kəs qəbrinin üstünə çıxar, həşr başlayar

Bu bölümde cevaplanan sorular (14)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. Hər kəs qəbrinin üstünə çıxdıqda hansı hallarda olur? taslak Hata bildir
  2. Məhşərdə kafirlərin halı və nurları necə olur? taslak Hata bildir
  3. Kafirlər məhşərdə necə yeridilir? taslak Hata bildir
  4. Çalğı çalanlar və şərab içənlər məhşərdə necə həşr olunurlar? taslak Hata bildir
  5. Zülm edilərək ölənlər məhşərdə necə həşr olunurlar? taslak Hata bildir
  6. Mələklər məhşərdə xalqı necə əhatə edirlər? taslak Hata bildir
  7. Məhşərdə insanlar günahlarına görə necə tərləyirlər? taslak Hata bildir
  8. Ərəsat meydanında məxluqat necə bir halda olur? taslak Hata bildir
  9. Məhşərin hərarətindən hansı şəxslər kölgədə qorunur? taslak Hata bildir
  10. Məhşərdə insanlar şəfaət üçün əvvəlcə hansı Peyğəmbərə gedirlər və Adəm əleyhissəlam nə cavab verir? taslak Hata bildir
  11. Məhşərdə insanlar Adəm əleyhissəlamdan sonra şəfaət üçün sırası ilə kimlərə gedirlər və ən sonda kimə gəlirlər? taslak Hata bildir
  12. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) şəfaət üçün nə buyurur və nə edir? taslak Hata bildir
  13. Əkin zəkatını verməyənlərin halı necə olur? taslak Hata bildir
  14. Dünyada faizli mal yeyənlərin məhşərdəki halı necə olur? taslak Hata bildir

Hər kəs qəbrinin üstünə çıxıb, bəzisi çılpaq, bəzisi qara, bəzisi ağ paltarda, bəzisi də nur saçan bir halda oturar. Hər biri başlarını əymiş vəziyyətdə, nə edəcəyini bilməyərək, min il eləcə durarlar. Sonra məğribdən bir atəş peyda olar, hansı ki, onun gurultusu ilə xalq məhşərə sövq olunar. Bu vaxt hər məxluq dəhşətə düşər. İnsan, cin, yaxud vəhşi heyvanlardan olsun, hər birini öz əməli götürüb, qalx məhşərə get, deyər.

Əməli gözəl olan şəxslərin əməli uzunqulaq, bəzisinin də qatır surətində görünər. Əməl sahibini üstünə mindirib məhşərə aparar. Bəzisinin də əməli, qoç şəklində görünər, hansı ki, bəzən əməl sahibini üzərinə mindirər, bəzən də düşürər. O zamankı qaranlığın içərisində, hər möminin önündən və sağ tərəfindən hər tərəfi aydınladan bir nuru olacaq.

Sol tərəflərində nur olmur. Əksinə, qaranlıqda heç kim heç nəyi görə bilməz. O qaranlıqda kafirlər heyrət içində qalacaqlar. İmanlarında şəkk və şübhə edənlər [və bidət əhli, məzhəbsizlər] çaşacaqlar. Əhli-sünnət alimlərinin (rahmətullahi əleyhim əcməin) bildirdiklərinə uyğun, doğru inanmış [Sünni] möminlər isə onların zülmət və tərəddüdlərinə baxıb, Allahu təalanın onlara hidayət nuru verdiyinə həmd edəcəklər. Çünki Cənabı-Haqq möminlər üçün əzab görən şəqilərin vəziyyətlərini meydana çıxaracaq ki, bunda bəzi faydalar vardır. Belə ki, Cənnət əhli və Cəhənnəm əhli nə etmişlərsə, hamısı bəlli olacaq. Onun üçün Allahu təala məalən, “Yoldaşına baxdı, onu Cəhənnəm atəşində gördü” buyurdu. Əraf surəsinin 47-ci ayəsində də məalən: “Cəhənnəm əhlinə baxdıqları zaman Cənnət əhli: Ey Rəbbimiz! Bizi zalım qövmlərə qatma” buyurdu. Çünki dörd şey vardır ki, qədrini, qiymətini ancaq dörd şəxs bilər:

Həyatın qədrini ancaq ölü, nemətin qədrini əzab çəkən, sərvətin qədrini yoxsul bilər. (Burada dördüncüsü yazılmamış. Lakin, Cənnət əhlinin qədrini Cəhənnəm əhli bilər, deməkdir).

Bəzisinin nuru iki ayağında və barmaqlarının ucunda görünər. Bəzisinin nuru gah parlayar, gah sönər. Onların nurları imanları qədərdir. Qəbirlərindən qalxdıqları zaman hərəkətləri də əməllərinin miqdarı qədərdir.

Səhih olan bir hədisi-şərifdə Peyğəmbər əfəndimizə (sallallahu əleyhi və səlləm), “Ya Rəsulallah! Biz necə həşr olunacağıq?” sual verdikdə, cavab olaraq, “İki nəfər bir dəvə üstündə, beş nəfər və on nəfər bir dəvə üstündə həşr olunarsınız” buyurdu.

Allahu təala bilir, bu hədisi-şərifin mənası; “Bir qövm islamda bir-birinə yardım etsələr, dini, imanı, halalı, haramı bir-birlərinə öyrətsələr, Allahu təala onlara rəhmət edər. Onların əməlindən dəvə yaradar, onun üstünə minərlər. Beləcə həşr olunarlar” deməkdir. Bu isə əməlin zəif olmasındandır. Çünki onların öz əməlləri bir dəvə olmadığına görə, ancaq bir neçəsinin əməli bir dəvə olub və o dəvəyə müştərək minərlər.

Bunlar o şəxslərə bənzəyərlər ki, səfərə çıxıblar. Lakin heç kimin bir heyvanı satın almağa vaxtı olmadığından heyvan alıb gedəcəkləri yerə gedə bilmirlər. Onlardan iki və ya üç nəfər bir heyvan alıb yolda ona müştərək minirlər. Bu yolda bəzən bir dəvəyə on nəfər minər. Bu acizlik əməllərindəndir. Bunun mənası odur ki, mal verməkdə əlini qısmaqdır, yəni xəsis olmaqdır. Buna baxmayaraq salamatlığa çıxarlar. Elə isə, elə bir əməl işlə ki, o əməl səbəbilə Allahu təala sənə minik heyvanı nəsib etsin.

Bunu yaxşı bilmək lazımdır ki, bu şəxslər axirət ticarətində fayda görüb, qazanc əldə edənlərdir. Beləliklə də Allahu təaladan qorxanlar, Allahu təalanın dinini yayanlar, minənlərdir. Ona görə də Allahu təala Məryəm surəsinin 85-ci ayəsində məalən, “Allahu təaladan qorxanlar o gün Rəblərinin nemətlərinə müştərək olaraq gedərlər” buyurdu.

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bir gün Əshabına buyurdular ki: “Bəni-İsraildə bir nəfər var idi. Çox xeyir işlər görərdi. Hətta o şəxs sizinlə həşr olunacaq”. Əshabı-kiram dedilər ki: “Ya Rəsulallah! Bu şəxs nə xeyir iş görərdi?” Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki: “Ona atasından çox mal qalmışdı. Onunla bir bostan satın alıb, onu kasıblara vəqf etdi. Rəbbimin hüzuruna çıxdığım zaman bu mənim bostanım olar, dedi. Yenə bir çox qızıl ayırıb, onu kasıb və zəif şəxslərə verdi. Bununla da cənab Haqdan cariyə və kölə satın alaram, dedi. Yenə bir çox kölə azad etdi. Onlar da Allahu təalanın hüzurunda mənim xidmətçilərim olar, dedi. Bir gün bir kora rast gəldi. Gördü ki, gah gedir, gah yıxılır. Ona bir minik heyvanı alıb verdi, bu da Allahu təalanın hüzurunda mənim minik heyvanımdır, dedi”.

Peyğəmbər əfəndimiz bu hekayəni danışdıqdan sonra da, “Nəfsim, qüdrəti əlində olan Allahu təalaya and olsun ki, bu heyvanı onun üçün yəhərlənmiş və yüyən taxılmış hazır vəziyyətdə görürəm. Bu şəxs ona minər və məhşərə beləcə gələr” buyurdu.

“Sıratı-müstəqim üzrə gedənlə, gözləri kor olub, üzü üstə getdiyi yolu bilməyən müsavidirmi” məalindəki Mülk surəsinin 22-ci ayəti-kəriməsinin təfsirində buyuruldu ki, Allahu təala qiyamət günü üçün möminlərin həşr olunması ilə kafirlərin həşrinə bu ayəti-kəriməni misal çəkdi.

Belə ki, Məryəm surəsi, 86-cı ayəti-kəriməsində məalən, “Kafirləri üzü üstə sürünərək Cəhənnəmə göndərərik” buyurdu. Bunun mənası, bəzən yeriyərlər, bəzən də sürünərlər deməkdir. Çünki cənab Haqq başqa bir ayəti-kərimədə, “Yeriyərlər” buyurur. Nur surəsi, 24-cü ayəsində məalən, “Və etdiklərini dilləri, əlləri və ayaqları xəbər verər” buyurdu. Bunun kimi ayəti-kərimədəki “Kor olaraq” mənası da kafirlər möminlərin önündə və sağ tərəfində parlayan nurdan məhrum olarlar deməkdir. Tamamilə kor olarlar demək deyildir. Yəni qaranlıqda qalar, görə bilməzlər, deməkdir. Çünki bilirik ki, kafirlər səmaya baxarlar, səmanın bulud ilə yarılmış olduğunu, mələklərin endiyini, dağların hərəkət etdiyini, ulduzların töküldüyünü görəcəklər.

Qiyamət gününün qorxuları məalı, “Bu Qurani-kərim sehirdirmi? Yaxud siz onu görə bilmirsiniz?” olan Tur surəsinin 15-ci ayəti-kəriməsinin təfsiridir. Buna görə qiyamətdə olan korluqdan məqsəd, qaranlığa qərq olmaqdır və Allahu təalanın cəmalı-ilahisini görməkdən məhrum qalmaqdır. Çünki Allahu təalanın nuru ilə məhşər yeri aydınlanacaq. Halbuki o zaman onların gözlərinə pərdə gələr və bu nurlardan heç bir şey görə bilməzlər.

Allahu təala onların qulaqlarına da pərdə çəkər, kəlamullahı eşitməzlər. Halbuki mələklər məali-şərifi, “İndi sizə qorxu yoxdur. Siz məhzun da olmazsınız. Siz və zövcələriniz Cənnətə sevinclə daxil oldunuz” olan Əraf surəsi, 49-cu və Zuhruf surəsinin 70-ci ayələri ilə nida edərlər. Möminlər bu deyiləni eşidər, kafirlər eşitməzlər.

Kafirlər danışmaqdan da məhrum olarlar, onlar lal kimidirlər. Bu da, Allahu təalanın məalı, “Bu bir zamandır ki, onlar söyləməzlər və söyləməyə izn belə verilməz” olan Mürsəlat surəsinin 35 və 36-cı ayəti-kərimələrindən məlum olur.

İnsanlar dünyadakı işlərinə görə həşr olunar. Bəziləri çalğı çalmaqla və dinləməklə məşğul olmuşdur. [Hər növ çalğı nəzərdə tutulur. İbadətləri, Qurani-kərim və zikr oxumağı çalğı ilə etmək də buna daxildir. Çünki heç bir çalğıda Allahu təalanın rızası yoxdur.] Həyatlarında çalğı çalmağa və dinləməyə davam edənlər, qəbirlərindən qalxdığı zaman sağ əliylə onu alıb atar. O çalğıya deyər ki, “Lənət olsun sənə! Məni Allahu təalanın zikrindən uzaqlaşdırdın”.

O çalğı aləti ona geri gələr. Deyər ki, “Allahu təala aramızda hökm edənə qədər mən sənin yoldaşınam. O vaxta qədər səndən ayrıla bilmərəm”. Beləcə dünyada alkoqollu içki içənlər sərxoş vəziyyətdə həşr olunarlar. Başları, qolları, ayaqları açıq şəkildə küçəyə çıxan qadınlar, qızlar bu açıq yerlərindən qanlar, irinlər axaraq həşr olunarlar. Zurnaçı zurna çalaraq həşr olunar. Hər kim ki, beləcə Allahu təalanın yolundan ayrılarsa, o vəziyyətdə həşr olunar.

Səhih hədisi-şərifdə rəvayət olundu ki: “Şərab içən şəxs, atəşdən şərab qabı boynuna asılmış və qədəhi əlində olaraq yer üzündəki leşlərin hamısından daha pis qoxduğu və yer üzündəki əşyanın hamısı ona lənət etdiyi halda həşr olunar”.

Zülm edilərək ölənlər zülm olunduqları şəkildə həşr olunarlar. Səhih hədisi-şərifdə buyuruldu ki: “Allah yolunda öldürülüb şəhid olanlar qiyamət günündə yaralarının qanı axaraq gələrlər. Rəngi qan və qoxusu müşk qoxusu kimi olar. Hüzuru-Mövlaya həşr olunana qədər bu vəziyyətdə olarlar”.

Həmin vaxt mələklər onları firqə-firqə, camaat-camaat sövq edərlər. Hər birinin altında, onlara zülm edənlər həşr olunarlar. İnsan, cin, şeytan, yırtıcı heyvanlar və quşlar bir yerə yığılarlar. O zaman yer üzü ağ rəngdə və gümüş kimi dümdüz olar.

Mələklər yer üzündəki bütün canlıların ətrafında bir halqa olarlar. Yer üzündə olanlardan on qatdan da çoxdurlar.

Bundan sonra ikinci qat səmadakı mələklər Allahu təalanın əmri ilə birinci qatdakı mələkləri və məxluqatı mühasirəyə alarlar. Bu mələklər də hamısının iyirmi mislindən çoxdurlar.

Sonra üçüncü qatın mələkləri nazil olar və hamısını bir halqa şəklində mühasirəyə alarlar. Onlar da hamısının otuz mislindən çoxdurlar.

Sonra dördüncü qatın mələkləri hamısının ətrafını bir halqa şəklində mühasirəyə alarlar. Onların da sayı hamısının sayının qırx mislindən çoxdur.

Sonra beşinci qat səmanın mələkləri enib, hamısının ətrafını bir halqa şəklində mühasirəyə alarlar. Onların da sayı əlli mislindən çoxdur.

Daha sonra altıncı qatın mələkləri enib, hamısının ətrafını bir halqa şəklində mühasirəyə alarlar. Onların da sayı altmış mislindən çoxdur.

Ən sonda yeddinci qatın mələkləri enib, hamısının ətrafını bir halqa şəklində mühasirəyə alarlar. Onların da sayı yetmiş mislindən çoxdur.

Bu vaxt insanlar bir-birinə çox qarışarlar. İzdihamın çoxluğundan bir-birlərinin ayaqlarını tapdalayarlar. Hər kəs günahına görə tərə qərq olar. Bəzisi qulaqlarına qədər, bəzisi boğazına qədər, bəzisi sinəsinə qədər, bəzisi çiyinlərinə qədər, bəzisi dizlərinə qədər, hamamda tərlədikləri kimi tərə qərq olarlar. Bəziləri də olacaq ki, susuz olan insan su içdiyi zaman necə tərləyirsə, o qədər az tərləyər.

“Əshabı-rəy” - onlar minbər sahibi olanlardır. “Əshabı-rişh” – tərləyənlərdir. “Əshabı-kabeyn”, [yəni topuqlarına qədər tərləyənlər] suda boğularaq vəfat edənlərdir. Mələklər onlara: “Sizin üçün indi qorxu və hüzn yoxdur” deyə bildirərlər.

Bəzi Ariflər mənə xəbər verdi ki, onlar “Əvvabun”durlar. Fudayl ibn İyad (rahmətullahi əleyh)1 və qeyriləri onlardandır. Çünki, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) “Günahından tövbə edən, heç günah işləməmiş kimdir” buyurardı. Bu hədisi-şərif mütləqdir, yəni heç bir şərtə bağlı deyil. Bu üç sinif, yəni “əhli-rəy, əhli-rişh, əhli-kab”, “O gün bəzilərinin üzləri ağ, bəzilərinin isə qara olacaq” məalindəki Ali-imran surəsinin 106-cı ayəti-kəriməsinə görə, üzləri ağ olanlardır. Onlardan başqalarının üzləri qara olacaq. İztirab və tərləmə necə olmasın ki, günəş başlarına yaxınlaşmışdır. Hətta biri əlini uzatsa, sanki əli dəyəcək zənn edər. Günəşin hərarəti indiki kimi deyildir. Yetmiş dəfə artıqdır. Bəzi sələf dedi ki, əgər günəş qiyamətdə olduğu kimi indi yer üzünə çıxsa, əlbəttə, yer üzünü yandırıb daşları əridər və çayları qurudar.

Bu zaman məxluqat Ərəsat meydanında, ağ yerdə çox şiddətli bir sıxıntı çəkərlər. Bu ağ yeri Allahu təala məali-şərifi, “O gün Vahid və Qəhhar olaraq yer üzünü başqa şəklə, göyləri də başqa şəklə çevirdiyim zamandır. O gün hər şey Mənə itaət edəcək” olan İbrahim surəsinin 48-ci ayəsində bəyan etmişdir.

O zaman yer üzündə olanlar müxtəlif şəkildə olacaqlar. Dünyada böyük görünənlər, böyüklənənlər məhşərdə zərrə boydadır. Hədisi-şərifdə təkəbbürlənənlərin zərrə kimi olacaqları bildirilmişdir. Onlar həqiqətən zərrə qədər kiçik deyillər. Əksinə, ayaqlar altında qalıb əzildiklərindən, zəlil və həqir olduqlarından zərrə kimidirlər, deyə buyurulmuşdur.

Bunların arasında bir camaat şirin, soyuq və saf su içərlər. Çünki azyaşlılar, kiçik ikən vəfat edən müsəlman uşaqlar, atalarının ətrafında Cənnət çaylarından doldurduqları kasalarla dönərlər və onlara su verərlər.

Sələfi-salehindən bəzilərindən rəvayət olundu ki, bir şəxs, yuxusunda qiyamətin qopduğunu görüb. O şəxs Ərasatda çox susuz vəziyyətdə qalıbmış. Kiçik uşaqların su payladığını görüb. O şəxs onlara deyir ki: “Amandır, mənə də bir qurtum su verin”. Uşaqlardan biri ona deyər ki: “Bizim aramızda sənin uşağın vardırmı?”. Mən, xeyr, dedim. “O zaman Cənnət şərabından sənə nəsib yoxdur” dedi.

Bu hekayədə evlənməyin və övlad sahibi olmağın əfdal olmasına işarə vardır. Su paylayan uşaqların şərtləri “İhya-ül-ulum” kitabımızda bəhs edilmişdir.

Bir qisim insanlar da olacaq ki, başları üzərində kölgə vardır. Məhşərin hərarətindən onları qoruyar. Bu kölgə, onların dünyada verdiyi zəkat və sədəqələrdir.

Bu vəziyyətdə min il durarlar. “İhya-ül-ulum” kitabımızda bəhs edilən Müddəssir surəsindəki məali-şərifi, “Sura üfürüldüyü zaman” olan ayəti-kəriməni eşitdikdə bu vəziyyətdə durarlar. Bu ayəti-kərimə, Qurani-kərimin sirlərindəndir.

Sura üfürməyin dəhşətindən tüklər titrəyər, gözlər hara baxacağını bilməz, mömin və kafirlər sövq olunarlar. Bu qiyamət gününün şiddətini artıran bir əzabdır.

Bu vaxt Ərşi səkkiz mələk yüklənib aparar. Onlardan bir mələk hər addımında iyirmi min illik dünya yolu qət edər.

Mələklər və buludlar Ərşi-əla durana qədər ağılların dərk edə bilmədiyi təsbehlərlə təsbeh edərlər. Bu şəkildə Ərşi-əla Allahu təala onun üçün yaratdığı ağ yerin üstündə durar. Bu zaman heç bir şeyin taqət gətirə bilməyəcəyi Allahu təalanın əzabından başlar aşağı əyilər. Bütün camaat sıxıntı içində məhbus və çaşqın vəziyyətdə şəfqət axtararlar. Peyğəmbərlərə və alimlərə qorxu gələr. Övliya və şəhidlər (rahmətullahi əleyhim əcməin) heç taqət gətirilə bilməyəcək olan Allahu təalanın əzabından fəryad edərlər. Onlar bu vəziyyətdə ikən günəşin nurundan daha şiddətli bir nura qərq olunarlar. Onsuz da günəşin hərarətinə taqət gətirə bilməyən şəxslər bunu gördükləri zaman bir qarışıqlığa düşərlər. Min il bu şəkildə qalarlar. Allahu təala tərəfindən onlara heç bir xəbər gəlməz.

Bu zaman insanlar ilk Peyğəmbər olan Adəm əleyhissəlama gedərlər. “Ey insanların atası! Halımız çox pisdir”. Kafirlər isə, “Ya Rəbb! Bizə mərhəmət et. Bizi bu şiddətli məşəqqətdən qurtar” deyərlər.

İnsanlar Adəm əleyhissəlama deyərlər ki, “Ey Adəm (əleyhissəlam)! Sən əziz və şərif bir Peyğəmbərsən ki, Allahu təala səni yaratdı, mələkləri sənə səcdə etdirdi, sənə öz ruhundan üflədi. Qəza və hesaba başlanması üçün bizə şəfaət et ki, Allahu təala nə murad edərsə onunla məhkum olunaq. Haraya əmr edərsə, hər kəs ora getsin. Hər şeyin hakimi və maliki olan Allahu təala məxluqlarına dilədiyini etsin” deyə yalvararlar.

Adəm əleyhissəlam buyurar ki: “Mən Allahu təalanın qadağan etdiyi ağacın meyvəsindən yedim. Buna görə də Allahu təaladan utanıram. Lakin siz Rəsulların ilki olan Nuh əleyhissəlama gedin”. Bundan sonra insanlar min il aralarında məsləhətləşərlər.

Sonra Nuh əleyhissəlama gedib, “Sən Rəsulların ilkisən. Heç dözüləcək bir vəziyyətimiz qalmadı. Bizim mühakiməmizin tez olması üçün bizə şəfaət et! Bu məhşər əzabından qurtulaq” deyə yalvararlar.

Nuh əleyhissəlam onlara cavab olaraq deyər ki: “Mən Allahu təalaya dua etdim və yer üzündə nə qədər insan varsa, o dua səbəbilə boğuldu. Buna görə də Allahu təaladan utanıram. Lakin siz İbrahim əleyhissəlama gedin, çünki, o Xəlilullahdır. Allahu təala Həcc surəsinin son ayəsində məalən, “İbrahim (əleyhissəlam) siz dünyaya gəlmədən əvvəl sizə müsəlman adını verdi” buyurdu. Bəlkə o sizə şəfaət edər”.

Yenə əvvəlki kimi aralarında min il məsləhətləşərlər. Sonra İbrahim əleyhissəlama gedərlər. “Ey müsəlmanların atası! Sən o şəxssən ki, Allahu təala səni özünə xəlil, dost etdi. Bizə şəfaət et! Allahu təala məxluqatı arasında hökmünü versin” deyərlər. İbrahim əleyhissəlam onlara: “Mən dünyada üç dəfə kinayə söylədim. Bunları söyləyərək din yolunda mübarizə apardım. İndi isə Allahu təaladan bu məqamda şəfaət izni istəməkdən utanıram. Siz Musa əleyhissəlama gedin. Belə ki, Allahu təala onunla söhbət etdi və ona mənəvi yaxınlıq göstərdi. O sizin üçün şəfaət edər” buyurur. Bundan sonra insanlar yenə min il bir-birilə məşvərət edərlər. Lakin bu zamanda vəziyyətləri xeyli çətinləşir. Məhşər yeri isə çox daralır. Sonra Musa əleyhissəlama gəlib deyərlər ki: “Ey İbn İmran! Sən o şəxssən ki, Allahu təala səninlə söhbət etdi. Sənə Tövratı göndərdi. Hesabın başlaması üçün bizə şəfaət et! Çünki burada qalmağımız çox uzandı, izdiham çox artdı. Ayaqlar bir-birinin üstünə çıxmağa başladı”. Musa əleyhissəlam onlara deyər ki: “Mən Allahu təalaya Fironun ailəsinin illərlə xoşlanmadığı şeylərlə cəzalandırılması üçün dua etdim. Sonradan gələnlərə ibrət olması üçün rica etdim. İndi isə şəfaət etməyə utanıram. Lakin Cənabı-Haqq rəhmət, məğfirət sahibidir. Siz İsa əleyhissəlama gedin.

Çünki yəqin cəhətdən Rəsulların ən səhihi, mərifət və zühd cəhətdən ən əfdalı və hikmət cəhətdən ən üstünüdür. Sizə O şəfaət edər” buyurur. Onlar aralarında min il məşvərət edərlər. Halbuki onların sıxıntıları daha da artar.

Sonra İsa əleyhissəlama gələrlər. Ona deyərlər ki: “Sən Allahu təalanın ruhu və kəliməsisən. Allahu təala sənin üçün Ali-İmran surəsinin 45-ci ayəsində məalən, “Dünyada və axirətdə “Vəcih” yəni çox qiymətli” buyurdu. Bizə Rəbbindən şəfaət et”. İsa əleyhissəlam buyurar ki: “Mənim qövmüm məni və anamı Allahdan başqa ilah qəbul etdilər. Necə şəfaət edə bilərəm ki, mənə də ibadət etdilər və mənə oğul, Allahu təalaya ata adını verdilər. Lakin siz heç gördünüz ki, bir nəfərin kisəsi olsun, içində nəfəqəsi olmasın və ağzı da möhürlü olsun. O möhrü açmadan o nəfəqəni necə əldə etsin. Peyğəmbərlərin ən üstünü və sonuncusu olan Muhammədə (sallallahu təala əleyhi və səlləm) gedin. Belə ki, O dəvətini və şəfaətini ümməti üçün hazırladı. Çünki qövmü Ona çox əziyyət etdi, mübarək alnını yardılar, mübarək dişini qırdılar, Ona məcnun adı verdilər. Halbuki o uca Peyğəmbər (sallallahu təala əleyhi və səlləm) onların iftixar cəhətdən ən yaxşısı və şərəf baxımından ən yüksəyi idi. Onların dözülməz əzab və əziyyətlərinə qarşılıq Yusif əleyhissəlamın qardaşlarına dediyi, “İndi sizin başınıza qaxmaq yoxdur. Ərhamürrahimin olan Cənab Allah sizə məğfirət etsin” məalindəki ayəti-kərimə ilə cavab verirdi”. İsa əleyhissəlam Peyğəmbərimizin (sallallahu təala əleyhi və səlləm) fəzilətlərini bildirdikdə, hər kəs Muhamməd əleyhissəlama dərhal qovuşmaq istəyəcək.

Dərhal Muhamməd əleyhissəlamın minbərinə gəlib deyərlər ki: “Sən Həbibullahsan! Həbib isə vəsitələrin ən faydalısıdır. Bizə Rəbbindən şəfaət et! Çünki Peyğəmbərlərin birincisi olan Adəm əleyhissəlama getdik, bizi Nuh əleyhissəlama göndərdi. Nuh əleyhissəlama getdik, İbrahim əleyhissəlama göndərdi. İbrahim əleyhissəlama getdik, Musa əleyhissəlama göndərdi. Musa əleyhissəlama getdik, İsa əleyhissəlama göndərdi. İsa əleyhissəlam isə sizə göndərdi. Ya Rəsulallah (sallallahu əleyhi və səlləm), səndən sonra gedəcək bir yer yoxdur”.

Rəsulullah (sallallahu əleyhi və səlləm) əfəndimiz: “Allahu təala izn versə və razı olarsa, şəfaət edərəm” buyurar.

“Suradiqati-cəlal”, yəni cəlal pərdəsinə gələr, Allahu təaladan şəfaət üçün izn istər. Ona izn verilər, pərdələr qalxar. Ərşi-əlayə girər, səcdəyə qapanar. Min il səcdədə qalar. Bundan sonra cənab Haqqı bir həmdlə həmd edər ki, aləm yaradıldığından bəri heç kim Allahu təalanı belə mədh etməmişdi.

Bəzi ariflər dedi ki, “Allahu təala aləmləri yaratdıqda özünü belə həmdlərlə mədh və səna buyurmuşdu”. Ərşi-əla Cənabı-Haqqa təzimən hərəkət etməkdədir. Bu müddət ərzində vəziyyətləri çox ağırlaşar, məşəqqət və zəhmətləri artar. İnsanlardan hər biri dünyada sıx yığdıqları malları boyunlarına keçirəcəklər. Dəvə zəkatını verməyənlərin boynuna dəvə yüklənər. Elə bağırar və ağırlaşar ki, böyük dağlar kimi olar. Qaramal, qoyun zəkatı verməyənlər də belə olar. Onların fəryadı göy gurultusu kimi olar.

Əkin zəkatını, yəni uşrunu verməyənlərin boynuna əkin yığınları yüklənər, hansı ki, dünyada həmin növ əkinin zəkatını verməmişdi, o növdən olan yığınlar dolmuşdur. Əgər buğdadırsa buğda, arpadırsa arpa dolmuşdur ki, ağırlığından “vaveyla”, “vasəbura”2 deyə bağırar. Qızıl, gümüş, [kağız] pul və digər ticarət malı zəkatını verməyənlərə də dəhşətli elə bir ilan yüklənər ki, o ilanın başında yalnız iki kələf vardır. Quyruğu burnuna girmişdir. Boynu ilə halqalanmış, boynuna yüklənmiş, hətta dəyirman daşı kimi ağırlığı var. Bağırarlar, bu nədir, deyərlər. Mələklər onlara: “Bunlar dünyada zəkatını vermədiyiniz mallarınızdır” deyərlər. Bu dəhşətli vəziyyət Ali-İmran surəsinin məali-şərifi, “Dünyada əsirgədikləri qiyamət günü boyunlarına taxılacaq” olan 180-ci ayəti-kəriməsi ilə bildirilmişdir.

Digər bir firqənin isə övrət yerləri çox böyüyüb, çirk və irin axar. Onların pis iylərindən ətrafdakılar çox narahat olarlar. Onlar zina edənlər və başları, saçları, qolları, ayaqları açıq küçəyə çıxan qadınlardır.

Digər bir firqə də vardır ki, ağac budaqlarından asılarlar. Onlar dünyada livata edənlərdir.

Digər bir firqənin də dilləri ağızlarından çıxmış və sinələrinə sallanmış, çox çirkin, elə bir vəziyyətdədirlər ki, insan görmək istəməz. Bunlar yalan danışan və iftira edənlərdir.

Bir firqənin də qarınları yüksək dağlar qədər böyümüş olacaq. Onlar dünyada zərurət olmadan və müamilə etmədən faizlə mal və pul alıb-verənlərdir. Bunun kimi haram iş görənlərin günahları pis şəkildə aşkar ediləcək. [Faiz üçün zərurətin nə olduğu və müamilə ilə satış edərək faiz almaq mövzusu “Səadəti Əbədiyyə” kitabında bildirilmişdir.]

Dipnotlar

  1. Fudayl ibn İyad 187-ci [m.803] ildə Məkkədə vəfat etmişdir. ↑
  2. “Veyl” əzab kəliməsidir. İnsan əzaba taqət gətirmədiyi zaman belə bağırar. “Səbur” da həlak olacağı zamana deyilir. ↑

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)English

Paylaş

WhatsApp Telegram X Facebook E-posta