Allahu təala məalən buyuracaq ki, “Ey Muhamməd, başını səcdədən qaldır! Söylə, dinləniləcək. Şəfaət et, qəbul ediləcək”. Cavab olaraq Peyğəmbər (sallallahu əleyhi və səlləm): “Ya Rəbb! Qulların arasından yaxşıları və pisləri ayır ki, vaxtları xeyli uzandı. Hər biri günahları ilə ərəsət meydanında rəzil və rüsvay oldular” deyəcək.
Bir nida gələcək: “Bəli, ey Muhamməd” (sallallahu əleyhi və səlləm) deyilər. Cənabı-Haqq Cənnətə əmr edər ki, hər növ zinətlə bəzənib, ərəsət meydanına gətirilsin. O qədər gözəl ətri var ki, beş yüz illik məsafədən hiss olunur. Bundan qəlblər fərəhlənər, ruhlar dirilər. [Lakin kafirlər, mürtədlər və müsəlmanlarla lağ edənlər, Qurani-kərimi təhqir edənlər, gəncləri aldadaraq imanlarını oğurlayanlar və] əməlləri xəbis və pis olanlar, Cənnətin qoxusunu hiss edə bilməyəcəklər.
Cənnət Ərşi-əlanin sağ tərəfinə qoyulacaq. Bundan sonra Cənabı-Haqq Cəhənnəmi gətirməyi əmr edər. Cəhənnəmi qorxu bürüyər, fəryad edər. Ona göndərilən mələklərə: “Allahu təala mənə əzab etmək üçün bir məxluq yaratdı və onunla mənə əzabmı edəcək” deyər. Mələklər də: “Allahu təalanın izzəti, cəlalı və cəbərütü haqqı üçün Rəbbin səninlə asilərdən, islam düşmənlərindən intiqam almaq üçün bizi sənə göndərdi. Sən də bunun üçün yaradıldın” deyərlər. Cəhənnəmi dörd tərəfdən çəkərək gətirərlər. Yetmiş min iplə çəkərlər, hansı ki, hər ipdə yetmiş min halqa var. Dünyadakı dəmirlərin hamısı yığılsa onun bir halqası etməz. Hər halqada zəbani adlanan əzab mələklərindən yetmiş min mələk vardır, hansı ki, yalnız birinə dünyadakı dağları qoparmaq əmr edilsə, parça-parça edər. O zaman Cəhənnəmin bağırması, gurultusu, atəş saçması və elə şiddətli dumanı vardır ki, bütün göy üzünü qapqara edər. Məhşər yerinə min illik məsafə qaldıqda mələklərin əlindən qurtular.
Gurultusu, dəhşəti və hərarəti dözülməz dərəcədədir. Məhşərdəkilər bundan çox qorxuya düşərlər. Bu nədir deyə soruşarlar. Cəhənnəm, zəbanilərin əlindən xilas olub sizə yaxınlaşır, onun gurultusudur, deyərlər. Beləliklə, hər kəs diz üstə çökər. Hətta Peyğəmbərlər və Rəsullar da özlərini tuta bilməzlər. Həzrəti İbrahim, həzrəti Musa, həzrəti İsa ərşi-aləyə sarılar. İbrahim əleyhissəlam qurban etdiyi İsmayıl əleyhissəlamı unudar. Musa əleyhissəlam qardaşı Harun əleyhissəlamı və İsa əleyhissəlam anası həzrəti Məryəmi unudarlar. Hər biri, “Ya Rəbbi! Bu gün nəfsimdən başqa bir şey istəmirəm” deyər. O zaman Muhamməd əleyhissəlam isə: “Ümmətimə salamatlıq və nicat ver, ya Rəbb” deyər.
Orada buna dözə biləcək bir kimsə qalmaz. Belə ki, Allahu təala bu vəziyyəti Casiyə surəsinin 28-ci ayəsində məalən, “Hər ümməti cənab Haqqın qorxusundan dizləri üstə çökmüş vəziyyətdə görərsən. Hər biri dünyada işlədikləri əməllərin kitabına dəvət olunarlar” buyurmuşdur. Cəhənnəmin belə qurtulub nərildəməsinə qarşılıq hər kəs boğulma dərəcəsində və kədərlərindən üzü üstə çökərlər. Bu da Allahu təalanın Furqan surəsinin 12-ci ayəsində məalən buyurması ilə sabitdir: “Nar, əhli-məhşəri uzaqdan gördüyü zaman, nas, ondan boğuq, çirkin və çox gur səs eşidərlər” buyurmuşdur.
Allahu təala, Mülk surəsinin 8-ci ayəsində məalən, “Qəzəb və şiddətinin çoxluğundan, Nar, sanki iki yerə ayrılacaq kimi olar” buyurur. Bundan sonra Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) ortaya çıxıb Cəhənnəmi durdurar. Buyurar ki, “Əhlin sənə toplu halda gələnə qədər həqir və zəlil ol və geriyə dön!”. Cəhənnəm də “Ey Muhamməd, mənə icazə ver! Çünki sən mənə haramsan” deyər. Ərşdən nida gələr: “Ey Cəhənnəm, Muhamməd əleyhissəlamın sözünü dinlə və ona itaət et” deyər. Sonra Rəsulullah (sallallahu əleyhi və səlləm) Cəhənnəmi çəkib, Ərşi-əlanin sol tərəfində bir yerə yerləşdirər. Məhşərdəkilər Peyğəmbər əfəndimizin bu mərhəmətli hərəkətini bir-birlərinə müjdələyərlər. Qorxuları bir miqdar azalar. Ənbiya surəsinin 107-ci ayəti-kəriməsinin “Səni aləmlərə rəhmət olaraq göndərdik” məali-şərifi zahir olar.
Bu zaman necə olduğu bilinməyən mizan qurular. Mizanın iki kəfəsi, yəni iki gözü var. Biri nurdan, digəri zülmətdən, yəni qaranlıqdandır.
Bundan sonra Allahu təala zamandan, məkandan, cisimdən münəzzəh və uzaq olduğu halda, qüdrətini izhar etməsilə, insanlar Ona təzim edərək səcdəyə qapanarlar. Lakin kafirlər, mürtədlər səcdə edə bilməzlər. Çünki onların belləri dəmir kimi olacaq, səcdə edə bilməyəcəklər. Bu vəziyyət Nun surəsinin 42-ci ayəti-cəlili-ilahiyyəsinin, “Gözlərdən pərdə qaldırılıb sıxıntıların artdığı zamanda səcdə etməyə çağırılarlar. Lakin səcdə edə bilməzlər” məali-şərifidir.
İmam Buxarinin (rahmətullahi əleyh)1 bu ayəti-kərimənin təfsirində Peyğəmbərimizə (sallallahu təala əleyhi və səlləm) qədər sənədini, yəni ravilərini zikr edərək bildirdiyi hədisi-şərifdə buyuruldu ki, “Allahu təala qiyamət günündə baldırından kəşf edəcək. [Balağlar qatlanar. Yəni çox çətin və əziyyətli bir vəziyyət olacaq. Səcdə edin, deyiləcək.] Bütün möminlər səcdə edəcək”. Mən bu hədisi-şərifin təvilindən qorxdum. Məsəldir, deyənlərin sözünü də bəyənmədim. Mizan, yəni tərəzi də mələkütə məxsus olan bilinməyən şeylərdəndir, dünya tərəzilərinə bənzəməz. Çünki yaxşılıqlar və pisliklər, maddə və cisim deyildir. Araz, yəni sifətdirlər. Arazları, xüsusiyyətləri bildiyimiz tərəzilərlə maddələri ölçdüyümüz kimi vəzn etmək səhih olmaz. Ancaq bilinməyən tərəzi ilə ölçmək səhih olar.
Möminlər səcdədə ikən Allahu təala nida edər, yaxından və uzaqdan eşidilər. İmam Buxarinin rəvayət etdiyi kimi, cənab Haqq [hədisi-qüdsidə], “Mən, əzimüşşan hər kəsə qarşılıq verən Dəyyanam. Mənə heç bir zalımın zülmü təcavüz etməz. Əgər təcavüz edərsə, Mən zalım olaram” buyurur.
Bundan sonra heyvanat aləmi arasında hökm edər. Buynuzlu qoyundan buynuzsuz qoyunun haqqını alar. Dağ heyvanları ilə quşlar arasındakı haqlar ödənilər. Sonra da onlara, “Torpaq olun” deyər. Dərhal heyvanlar torpaq olarlar. Kafirlər bu vəziyyəti gördükdə hər biri, Nəbə surəsi 40-cı ayəsinin məalində xəbər verildiyi kimi “Nə olardı, kaş torpaq olaydım” deyərlər.
Sonra Allahu təala tərəfindən nida olunub, “Lövhi-məhfuz haradadır?” buyurular. Bu səs hər kəs tərəfindən heyrətləndirici şəkildə eşidilər. Allahu təala, “Ey Lövh! Tövrat, İncil və Qurani-əzimüşşandan səndə yazdığım şey haradadır?” deyər. Lövhi-məhfuz deyər ki: “Ya Rəbbəl aləmin! Bunu Cəbrayıl əleyhissəlamdan soruş!”.
Bu zaman Cəbrayıl əleyhissəlam titrəyərək gətirilər. Heyrətindən diz üstə çökər. Cənabı-Haqq buyurur ki: “Ya Cəbrayıl! Bu Lövh deyir ki, sən mənim kəlamımı və vəhyimi qullarıma nəql etmişsən, doğrudurmu?”. Cəbrayıl əleyhissəlam, “Ya Rəbb, doğrudur” deyər. Allahu təala, “Onu necə etdin?” buyurar. Cəbrayıl əleyhissəlam, “Ya Rəbb, Tövratı Musa əleyhissəlama, İncili İsa əleyhissəlama, Quranı-kərimi Muhamməd əleyhissəlama inzal, hər bir Rəsulə risaləti və hər bir suhuf sahibi Peyğəmbərə də səhifələrini çatdırdım” deyər.
Bir nida gələr ki, “Ey Nuh!”, Nuh əleyhissəlam gətirilər. Titrək şəkildə huzuri-ilahiyə gələr. Ona deyilər: “Ey Nuh! Cəbrayıl əleyhissəlam deyir ki, sən Rəsullardansan”. “Bəli, doğrudur, ya Rəbb” deyər.
Yenə buyurular ki, “Qövmünlə nə iş gördün?”. Nuh əleyhissəlam, “Ya Rəbb! Onları gecə-gündüz imana dəvət etdim. Mənim dəvətim onlara bir fayda vermədi, məndən qaçdılar”. O zaman yenə nida olunaraq, “Ey Nuh qövmü!” deyilər. Onlar da bir firqə olaraq gətirilər. Onlara deyilər ki, “Bu qardaşınız Nuh əleyhissəlam deyir ki, sizə mənim risalətimi təbliğ etmişdir”. Onlar, “Ey bizim Rəbbimiz, yalan deyir. Bizə heç bir şey təbliğ etmədi” deyərlər. Risaləti inkar edərlər.
Allahu təala, “Ya Nuh! Sənin şahidin varmı?” buyurar. Nuh əleyhissəlam, “Ya Rəbb, mənim şahidim Muhamməd əleyhissəlam və ümmətidir” deyər.
Allahu təala, “Ya Muhamməd (əleyhissəlam). Bu Nuh (əleyhissəlam) risaləti təbliğ etdiyinə səni şahid qılır” buyurar. Peyğəmbərimiz əleyhissəlam Nuh əleyhissəlamın risaləti təbliğ etdiyinə şahid olub, Hud surəsinin 25-ci ayəti-kəriməsini oxuyar. Bu ayəti-kərimədə məalən, “Biz Nuhu insanlara Peyğəmbər olaraq göndərdik. Onları Allahu təalanın əzabı ilə qorxutdu, Allahu təaladan başqa şeylərə ibadət etməyin, dedi” buyurulmuşdur. Cənabı-Haqq Nuh əleyhissəlamın qövmünə: “Sizin üzərinizə əzab haqq oldu. Çünki əzab kafirlərə layiqdir” buyurur.
Beləliklə, hamısı Cəhənnəmə atılar. Nə əməlləri ölçülər, nə də hesaba çəkilərlər.
Bundan sonra, “Ad qövmü haradadır?” deyə nida olunar. Nuh əleyhissəlamın qövmünə qarşı rəftar edildiyi kimi Hud əleyhissəlamla qövmü olan Ad qövmü arasında hadisələr cərəyan edər. Peyğəmbərimiz əleyhissəlamla ümmətinin xeyirliləri şəhadət edərlər. Peyğəmbərimiz Şüəra surəsinin 123-cü ayəti-kəriməsini oxuyar. Bu qövm də Cəhənnəmə atılar.
Bundan sonra “Ya Saleh və ya Səmud” deyə bir nida gələr. Saleh əleyhissəlam və qövmü gələr. Qövmünün inkarına qarşılıq həzrəti Peyğəmbərdən şəhadət tələb olunar. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Şüəra surəsinin 141-ci ayəti-kəriməsini oxuyar. Onlar da əvvəlkilər kimi Cəhənnəmə atılar.
Qurani-əzimüşşanın xəbər verdiyi kimi ümmətlər, bir-birinin ardınca Allahu təalanın hüzuruna gələrlər. Furqan surəsinin 38-ci və İbrahim surəsinin 9-cu ayəti-kərimələri bunu xəbər verir. Burada qeyd olunub ki, bu qövmlər asi və azğın qövmlərdir. “Barih, Marih, Duha, Əsra” qövmləri və bunlar kimi kafirlərdir. Onlardan sonra nida Əshabi-rəs, tübba və İbrahim əleyhissəlamın qövmünə gələr.
Onların heç birinə mizan qurulmaz və hesab soruşulmaz. Onlar o gün Rəblərindən məhcubdurlar. Allahu təalanın kəlamını onlara bir tərcüməçi söyləyər. Çünki bir şəxs nəzər və kəlamı-ilahiyə məzhər olarsa, o şəxs əzab olunmaz.
Bundan sonra Musa əleyhissəlam çağrılar. Şiddətli küləkdə yarpaqlar necə titrəyirsə, o şəkildə titrəyərək gələr. Cənabı-Haqq ona buyurar: “Ey Musa! Cəbrayıl sənə risalətini və Tövratı qövmünə təbliğ etdiyinə şəhadət edir”. Musa əleyhissəlam, “Bəli, ya Rəbb” deyər. “Elə isə minbərə çıx, sənə vəhy olunan şeyləri oxu!” buyurular. Musa əleyhissəlam minbərə çıxar və oxuyar. Hər kəs öz yerində sükut edər. Tövratı yeni nazil olunmuş kimi oxuyar. Yəhudi alimləri sanki bundan əvvəl Tövratı heç görməmiş, bilməmiş kimi olarlar.
Sonra da Davud əleyhissəlam çağrılar. O da sanki şiddətli küləkdə yarpaq titrər kimi titrəyərək gələr.
Allahu təala: “Ey Davud! Cibril (əleyhissəlam) Zəburu ümmətinə təbliğ etdiyinə şəhadət edir” dedikdə, Davud əleyhissəlam, “Bəli, ya Rəbb!” deyər. Cənabı-Haqq, “Minbərinə çıx və sənə vəhy olunan şeyləri tilavət et!” buyurar. Davud əleyhissəlam minbərə çıxar. Gözəl bir səslə Zəburu-şərifi oxuyar. Hədisi-şərifdə bildirildi ki, Davud əleyhissəlam Cənnət əhlinin carçısıdır. [Davud əleyhissəlamın səsi çox gözəl və gur idi]. Nida etdikdə səsini tabutu-səkinənin imamı eşidər və camaatı yararaq Davud əleyhissəlamın yanına gələr, ona sarılar. Deyər ki: “Sənə Zəbur nəsihət etmədimi ki, mənim üçün yanlış niyyət etdin?”. Həzrəti Davud çox utanar və sıxılar, cavab verə bilməz. Ərəsət təşviş içində olar. İnsanlar Davud əleyhissəlamın vəziyyətini gördükdə çox kədərlənərlər. Bundan sonra Davud əleyhissəlama sarılıb hüzuri-Mövlaya çıxarar. Üstlərinə pərdə örtülər. Tabutun imamı deyər ki: “Ya Rəbb! Davud əleyhissəlamın hörmətinə mənə rəhm et ki, o məni savaşa göndərdi və orda öldürüldüm. Nikah etmək istədiyim qadını özünə almaq istədi. Halbuki o zaman o qadından başqa 99 xanımı var idi”. Allahu təala Davud əleyhissəlamdan soruşar ki, “Ey Davud! Düz deyirmi?”. Davud əleyhissəlam utandığından və Allahu təalanın əzabı qorxusundan məğfirət vədini rica edərək başını aşağı əyər. Çünki insan bir şeydən qorxub məhcub olarsa başını önə əyər. Bir şey umub rica edərsə başını yuxarı qaldırar. Bu zaman Allahu təala tabutun imamı olan şəxsə buyurar ki: “Mən buna qarşılıq sənə imarət və bu sayda vildan verdim. Razı qaldınmı?”. O şəxs də “Razıyam ya Rəbb” deyər.
Bundan sonra Davud əleyhissəlama: “Sən də ey Davud, get səni də əfv etdim” buyurar.2
Bundan sonra Davud əleyhissəlama: “Minbərinə qayıt, Zəburun davamını oxu” buyurar. O da, Allahu təalanın əmrini yerinə yetirər. Bu vaxt, Bəni İsrailə iki hissəyə bölünmələri əmr olunar. Bir qismi möminlərlə, bir qismi də, kafirlərlə birlikdə olar.
Sonra bir səs eşidilər: İsa əleyhissəlam haradadır?
İsa əleyhissəlam gətirilər. Allahu təala ona xitab edərək Maidə surəsinin 116-cı ayəti-kəriməsinin məali-şərifi olan, “Ey İsa! Sən insanlara Allahdan başqa Məni və anamı ilah qəbul edin dedinmi?” buyurar.
İsa əleyhissəlam Allahu təalaya həmd edər və çox sənalar edər. Sonra məali-şərifi, “Ya Rəbb! Səni nöqsan sifətlərdən tənzih və təqdis edirəm ki, haqqım olmayan şeyi söyləmək mənə yaraşmazdı. Əgər söylədimsə, həqiqətən Sən onu bilirsən. Ya Rəbb, Sən mənim nəfsimdə olanı bilirsən. Mən Sənin zatında olanı bilmirəm. Ya Rəbb, Sən qaibləri bilənsən” olan Maidə surəsinin 116-cı ayəti-kəriməsi ilə cavab verər.
Bundan sonra cənab Haqq cəmal sifətini göstərib və məali-şərifi, “Bu zaman sadiqlərə sidqinin mənfəət verəcəyi zamandır” olan Maidə surəsinin 119-cu ayəti-kəriməsini buyurar və “Ey İsa! Sən doğru dedin. Minbərinə get, Cəbrayılın sənə təbliğ etdiyi İncili tilavət et” deyər. İsa əleyhissəlam “Bəli ya Rəbb” deyib, tilavət etməyə başlayar. Tilavətin təsirindən hər kəsin başı yuxarı qalxar. Çünki İsa əleyhissəlam rəvayət cəhətdən insanların ən hikmətlisidir. Qiraətində o qədər təravət və nəzakət göstərir ki, xristianlar, ruhbanlar özlərini sanki İncildən bir ayə belə bilmədiklərini zənn edərlər.
Bundan sonra nasara da iki qismə bölünür. Pozulanları, yəni xristianlar kafirlərlə, pozulmamış olan möminləri möminlərlə həşr olunacaq.
Bundan sonra bir nida gəlir ki, “Muhamməd (əleyhissəlam) haradadır?”. Peyğəmbərimiz əleyhissəlam gələcək. Cənabı-Haqq buyuracaq ki: “Ey Muhamməd! Cibril sənə Qurani-kərimi təbliğ etdim deyir”. O da, “Bəli, ya Rəbb” deyər. Cənabı-Haqq: “Ey Muhamməd, minbərinə çıx və Qurani-kərimi qiraət et” buyuracaq.
Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Qurani-kərimi tilavət edib, çox gözəl və şirin bir şəkildə oxuyar, möminləri müjdələyər. Onların üzləri gülər və sevinərlər. Qurani-kərimə inanmayanların, bu mübarək kitaba “haşa” çöl qanunu deyənlərin isə üzləri çox çirkin olacaqdır.
Bura qədər bəyan olunan Peyğəmbərlərə olunacaq sorğu-sualı Əraf surəsindəki, “Biz Peyğəmbər göndərdiyimiz qövmü əlbəttə sorğu-sual edərik. Peyğəmbərlərə də sorğu-sual edərik” məalindəki 6-cı ayəti-kəriməsi xəbər verir.
Bəziləri Maidə surəsinin 109-cu “Allahu təala böyük Peyğəmbərləri cəm etdiyi zaman qövmünüz tərəfindən nə şəkildə icabət və qəbul olundunuz?” məalindəki ayəti-kərimə ilə xəbər verilmişdir dedilər. O zaman Peyğəmbərlər: “Ya Rəbb! Səni təsbih edirik ki, bizim üçün heç elm yoxdur. Sən qeybləri ən yaxşı bilənsən” deyərlər. Əvvəlki ayəti-kərimənin xəbər verdiyini söyləyən alimlərin sözü daha doğrudur. “İhya-ül-ulum” adlı kitabımızda da bunu bildirdik. Belə ki, Peyğəmbərlərin dərəcələri vardır. İsa əleyhissəlam isə onların böyüklərindəndir. Belə ki, O “Ruhullah” dır, “Kəlimətullah”dır. Peyğəmbərimiz əleyhissəlam Qurani-kərimi tilavət etdiyi zaman ümməti Onu bu günə qədər heç eşitmədiyini zənn edəcək. Bu barədə həzrəti Əsmaiyə3 dedilər ki: “Sən Qurani-kərimi ən çox əzbərləyənsən. Sən də belə eşitməmiş kimi olacaqsan?” Cavab olaraq, “Bəli, həzrəti Peyğəmbərdən eşitdiyim zaman heç eşitməmiş kimi olacağam” buyurdu.
Kitabların qiraəti bitdikdən sonra bir nida gələcək, “Ey mücrimlər, indi siz ayrılın!” deyiləcək. Bu çağırışdan sonra məvqif, yəni Ərəsət meydanı hərəkətlənər. O zaman hər kəsi böyük qorxu bürüyər, bir-birlərinə qarışarlar. Mələklər cinlərlə, cinlər insanlarla qarışar. Bundan sonra yenə nida gələr ki, “Ey Adəm! Övladından Cəhənnəmə layiq olanlarını göndər!” Adəm əleyhissəlam isə, “Ya Rəbb, nə qədər?” deyə soruşar. Cənabı-Haqq buyurar ki: “Mində doqquz yüz doxsan doqquzu Cəhənnəmə və biri Cənnətə”. Kafirlərdən və Əhli-sünnətdən (rahmətullahi əleyhim əcməin) ayrılmış mülhidlərdən və qafillərdən ayıra-ayıra ancaq Allahu təalanın buyurduğu bir ovuc mömin qalar. Əbu Bəkri Siddiqin (radıyallahu anh) “Rəbbimizin ovuclarından bir ovuc qalar” buyurduğunun mənası budur.
Bundan sonra İblis şeytanları ilə birlikdə gətirilər. Onların tərəzilərindəki pislikləri yaxşılıqlarından ağır gələr. Hər kimə ki, din gəlmişdir, onların savabları ilə günahları mütləq ölçüləcək. Şeytanlar günahları ağır olub, əzab görəcəklərini şəksiz bildikləri zaman: “Bizə Adəm zülm etdi. Zəbani adlanan mələklər saçlarımızdan tutaraq bizi Cəhənnəmə sürüklədi” deyərlər.
Bunun ardından, cənab Haqq tərəfindən Mömin surəsinin 17-ci ayəti-kəriməsinin: “Bu zamanda zülüm yoxdur. Allahu təala hesabda sürətlidir” məalində bir nida gələr. Hər kəs üçün böyük bir kitab çıxarılar hansı ki, şərq və qərb məsafəsi boydadır. Onda məxluqların bütün əməlləri yazılıdır, kiçik və böyük hər şeyi bildirir. Allahü təala, heç kimə zülüm etməz. Məxluqların hər gün etdikləri əməlləri bu kitabla Allahü təalaya məruzə olunacaq. Allahü təalanın əmri ilə Abəsə surəsinin 16-cı ayəti-kəriməsində bildirilən “Kiramün bərərə” mələklərinə, yəni kərim və itaətkar mələklərə o əməlləri yazmağı əmr edəcək. Bu həmin kitabdır. Casiyə surəsinin 29-cu ayəti-kəriməsinin: “Biz etdiyiniz əməllərin hamısını yazdırdıq” məali-şərifi bunu xəbər verir.
Bundan sonra bir carçı hər kəsi ayrı-ayrı çağırar. Hər kəs ayrı-ayrı hesaba çəkilər. Nur surəsi 24-cü ayəsində məalən: “Bütün etdiklərinə o gün dilləri, əlləri və ayaqları şəhadət edəcək” buyuruldu.
Doğru xəbərdə bizə bildirildi ki, bir şəxs Allahu təalanın hüzurunda durdurular. Cənabı-Haqq ona: “Ey pis qul! Sən mücrim və asi oldun” deyər. O qul: “Ya Rəbb, mən etmədim” deyər. “Sənin əleyhinə dəlillər və şahidlər var” deyilər. O şəxsin Həfəzə mələkləri gətirilər. O şəxs: “Onlar mənim haqqımda yalan dedilər” deyər. Bu vəziyyət məali-şərifi: “O gün hər kəs gətiriləcək. Hər kəs öz nəfsi ilə mücadələ edəcək” olan Nəhl surəsinin 111-ci ayəsində bildirilmişdir. Sonra ağzına bir möhür vurular. Bu da Yasini-şərif surəsinin 65-ci ayəsinin “Qiyamət günündə Mən əzimüşşan, mücrimlərin ağızlarını möhürləyəcəyəm. Nə qazanıb kəsb etdilərsə, bizə əlləri söyləyəcək və ayaqları şəhadət edəcək” məali-şərifi ilə bildirilmişdir. Elə isə asilərin əzası şəhadət edər və Cəhənnəmə aparılmaları əmr edilər. Mücrimlər [din düşmənləri, haram işləyənlər, namaza əhəmiyyət verməyənlər] əzalarını qınamağa və bağırmağa başlayarlar. Əzası da deyər ki, “Bu şəhadət bizim ixtiyarımızla deyil. Bizi Allahu təala söylətdi. Hər şeyi söylədən Odur”. Bunlar Fussilət surəsinin 21-ci ayəti-kəriməsində bildirilmişdir.
Hesabdan sonra bütün insanlar Sirat körpüsünə göndəriləcək.
Sirat körpüsündən keçə bilməyib düşən mücrimlər Cəhənnəm xəzənəsinə, yəni əzab mələklərinə təslim olunacaqlar. Ağlamağa və inləməyə başlayarlar. Xüsusilə mömin və müvəhhidlərin asiləri Cəhənnəmə atılanda çox dəhşətli şəkildə ağlayarlar. Mələklər onları tutub Cəhənnəmə atarkən, “Bax bu, sizə vəd olunan qiyamət günüdür” deyərlər. Bu vəziyyət Ənbiya surəsinin 103-cü ayəti-kəriməsində bildirilmişdir.
Böyük fəryad – Cəhənnəm əhlinin çox fəryad edib ağladıqları dörd yerdən birincisi, sur üfürüldüyü zaman, ikincisi Cəhənnəm, mələklərdən qurtulub, məhşər əhli üzərinə sıçradığı zaman, üçüncüsü Adəmi (əleyhissəlam) Allahu təalaya şəfaətçi göndərmək üçün getdikləri zaman, dördüncüsü, Cəhənnəmdəki əzab mələklərinə təslim olunduqları zamandır.
Cəhənnəmlik olanlar öz yerlərinə gedər, Ərəsət meydanında yalnız Möminlər, Müslimlər, xeyr və ehsan edənlər, Ariflər, Siddiqlər, Vəlilər, Şəhidlər, Salehlər və Rəsullar qalar. İmanlarında şübhələri olanlar, münafiqlər, zındıqlar, bidət sahibləri [yəni Əhli-sünnət etiqadında olmayan möminlər] əvvəldən Cəhənnəmə göndərilmişdir. Allahu təala, “Ey insanlar, Rəbbiniz kimdir?” buyurar. Onlar “Allahdır” deyər. Allahu təala “Siz Onu bilirsinizmi?” buyurar. “Bəli, bilirik Ya Rəbb” deyərlər. O zaman onlara Ərşi-əlanin sol tərəfindən bir mələk görünər. O mələk o qədər əzəmətlidir ki, yeddi dəniz baş barmağının ucuna qoyulsa, onları içinə alar, heç bir damlası görünməz. O mələk məhşərdə olanlara Allahu təalanın əmri ilə imtahan üçün “Ənə Rabbüküm”, yəni mən sizin Rəbbinizəm, deyər. Əhli məhşər, “Səndən Allahu təalaya sığınırıq” deyərlər.
Ərşin sağ tərəfində bir mələk görünər, hansı ki, əgər ayağının ucu ilə bassa, on dörd dəniz görünməz olar. Əhli məhşərə “Ənə Rabbüküm” deyər. Yəni sizin Rəbbinizəm, deyər. Ona da “Səndən Allahu təalaya sığınırıq” deyərlər.
Bundan sonra Allahu təala onlarla istədikləri şəkildə çox mülayim və xoş rəftar edər. Məhşər əhlinin hamısı səcdə edərlər. Cənabı-Haqq onlara “Elə bir yerə gəldiniz ki, sizin üçün yadlıq və qorxu yoxdur” buyurar.
Allahu təala bütün möminləri Sirat körpüsündən keçirər. Möminlər dərəcələrinə görə Cənnətə aparılar. İnsanlar dəstə-dəstə keçərlər. Əvvəlcə Rəsullar, sonra Nəbilər, sonra Siddiqlər, sonra Vəlilər, Ariflər, sonra xeyr və ehsan edənlər, sonra Şəhidlər, sonra digər möminlər aparılar. Müsəlmanlardan günahları əfv edilməyənlər üzü üstə düşmüş, bəziləri də Ərafda məhbus qalarlar.
İmanı zəif olanlardan bəzisi Siratı yüz ildə, bəzisi də min ildə keçərlər. Buna baxmayaraq Cəhənnəmdə yanmazlar.
Bir şəxs ki, Rəbbini görür, o şəxs Cəhənnəmə atılmaz. Müsəlman və muhsin olanların dərəcələrini “İstidrac” adlı kitabımızda izah etdik. Onlar üzü gülənlərdir. Çoxu Siratı şimşək kimi keçər. Çoxu da aclıq və susuzluqla elə gedərlər ki, ciyərləri parça-parça olub, nəfəsləri sanki duman kimi çıxar. Onlar, badələri göydəki ulduzlar qədər və suyu Kövsər çayından və böyüklüyü Qüdsdən Yəmənə qədər və Adəndən Mədinəyi-münəvvərəyə qədər olan Kövsər hovuzundan içərlər. Bu hal Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) “Mənim minbərim hovuzumun üzərindədir”, yəni minbərim Kövsər hovuzunun iki kənarından biri üzərindədir, buyurması ilə sabitdir. Kövsər hovuzundan uzaq qalanlar, qəbahətlərinin çoxluğuna görə Siratda həbs olunarlar.
Elə dəstəmaz alanlar var ki, dəstəmazını doğru və tam etmirlər. Elə namaz qılanlar var ki, soruşulmadığı halda namazlarını başqalarına bildirirlər. Təvazö və huşu ilə qılmazlar. Əgər onları bir qarışqa dişləsə, namazlarını tərk edib o qarışqa ilə məşğul olurlar. Halbuki, Allahu təalanın əzəmət və cəlalətinə agah olanların əllərini və ayaqlarını kəssələr, heç əhəmiyyət verməzlər. Çünki onların ibadətləri Allahu təala üçündür. Allahu təalanın hüzurunda dayanan şəxs Onun (cəllə cələlühü) heybət və əzəmətini bildiyi, təfəkkür etdiyi qədər huşu edər, qorxar. Elə hallar olur ki, padşahlardan birinin hüzurunda bir nəfəri əqrəb sancır, o da səbir edir. Padşaha hörmət üçün heç hərəkət etmir. Bu adamların məxluqla birlikdə olduğu zamandakı vəziyyətidir. Məxluq isə o dərəcə mənfəət və zərərini ayıra bilmir.
O əziz və cəlil olan Allahu təalanın hüzurunda dayananın vəziyyəti necə olar ki, heybət, səltənət, əzəmət, cəbərut və qəhri-qələbəyi-ilahiyyəni bilən bir şəxsin Allahu təalanın hüzurunda dayanması, əlbəttə, daha çox hüzuru və huşunu tələb edir.
İbadətləri etdiyi halda zülüm edən və tövbə etsə də, məzlumu tapa bilməyən, beləliklə də onunla dünyada halallaşmayan bir şəxs haqqında rəvayət olunub ki, Allahu təalanın hüzuruna aparılar. Dünyada halallaşmadığı qul haqları varsa, meydana çıxarılar. Məzlum onun boynuna sarılar. Allahu təala məzluma “Ey məzlum, yuxarı bax” buyurar. O məzlum baxdığı zaman görər ki, çox böyük bir imarət var. Bəzəyi və böyüklüyü heyrətamizdir. O məzlum: “Ya Rəbb, bu nədir?” deyər. Allahü təala: “Bu köşk satılır. Məndən satın alarsanmı?” buyurar. O məzlum isə: “Ya Rəbb! Bunun dəyərini ödəmək üçün mənim heç nəyim yoxdur” deyər. Allahü təala buyurar ki: “Qardaşını əfv edib zülümdən xilas etsən, köşk sənindir”. O qul da: “Ya Rəbb! Əmri-ilahin səbəbilə ondakı haqqımdan imtina etdim” deyər.
Allahu təala tövbə edən zalımlarla bu şəkildə rəftar edər. Belə ki, İsra surəsi 25-ci ayəsində məalən, “Mən əzimüşşan, tövbə edən şəxsləri bağışlayacağam” buyurur. Tövbə edən zülümdən, günahdan ayrılıb əbədi olaraq bir daha o günahı işləməyəndir. Davud əleyhissəlam “Əvvab” ismi ilə adlandırılır. [Halbuki, Davud əleyhissəlam heç günah işləmədi. Ondan “Hilafi-əvla” baş verdi.] Rəsullardan həzrəti Davuddan başqaları üçün də belədir.
Ey könül, yandırdı bədənim o gizli narın sənin,
Fışqırıb çıxdı səmaya ahla zarın sənin!
Çox qərib bir divanəsən, niyə heç uslanmazsan?
Hər kəsin rüsvası oldun, yoxdurmu arın sənin?
Əbədi eşq tələsinə düşdüyün gündən bəri,
Meyvəmi verəcək əcəb, soldu baharın sənin?
Dipnotlar
- Muhamməd Buxari 256-cı [miladi 870] ildə Səmərqənddə vəfat etmişdir. ↑
- Bu qissə Məvahid təfsirində Sad surəsi 23-cü ayəsində daha geniş yazılmışdır. Peyğəmbərlər ən kiçik günah işləməz və günah işləməyi xatirlərinə belə gətirməzlər. Bu təfsirdən oxunduqda həqiqət yaxşı anlaşılır. ↑
- Əbu Səid Əsmai 122-ci ildə Bəsrədə anadan olmuş, 216-cı [miladi 831] ildə Mərvdə vəfat etmişdir. Əsl adı Əbdülməlikdir (rahiməhullahu təala). ↑