Dünyada və axirətdə səadətə qovuşmaq üçün “Əhli-sünnət etiqadı”nı öyrənib, imanı buna uyğun düzəltmək, bundan sonra fiqh biliklərini öyrənib, onunla əməl etmək və cənab Haqqın dostlarını, sevgili qullarını sevmək və islam dininin düşmənlərini tanıyıb onlara aldanmamaq lazımdır. Əhli-sünnət etiqadını, fərzlərdən və haramlardan lazım olanları öyrənmək hər müsəlmana fərzi-ayndir. Bu məlumatları öyrənməmək cinayətdir, böyük günahdır. Öyrənilməsi zəruri olan bu biliklər doğru və açıq şəkildə “TAM ELMİHAL SƏADƏTİ-ƏBƏDİYYƏ” və “İslam Əxlaqı” kitablarında yazılmışdır. Hər müsəlman Əhli-sünnət alimlərinin kitablarından toplanaraq hazırlanmış bir elmihal kitabı alıb, ailəsinə, yoldaşlarına və sevdiklərinə oxutmalıdır.
Dünyaya və axirətə faydası olmayan, hətta zərərli olan, dini və əxlaqı pozan, bölücü qəzet, jurnal və kitabları oxumamaq, lüzumlu və faydalı kitabları oxuyub öyrənmək lazımdır. Lüzumlu kitablardan çox qiymətlisi İmam Qəzalinin kitabları ilə İmam Rabbaninin (quddisə sirruhüma)1 “Məktubat” adlı kitabıdır. Bu ikisinin tərcümeyi-halları “Səadəti Əbədiyyə” və digər kitablarımızda yazılmışdır. Hədisi-şərifdə, “Övliyanın anıldığı yerə rəhmət enər” buyuruldu. Bu hədisi-şərif Övliyanı sevərək xatırlayanın feyz və bərəkətə qovuşacağını və dualarının qəbul olacağını xəbər verir. Hər kəs sevgisi qədər o böyüklərin feyzlərindən və nurlarından istifadə edir. Onların baxışları dəva, söhbətləri xəstə və ölü qəlblərə şəfadır. Onları görən Allahu təalanı xatırlayır. Müasir dövrdə onları tapmaq, görmək mümkün olmasa da, kitablarını oxuyub, yüksək, seçilmiş olduqlarına inanan və bunun üçün onları sevən insan, onların ruhlarından feyz alar, faydalanar. Bu barədə “Müsəlmana nəsihət” kitabında geniş məlumat vardır. Peyğəmbərlər (əleyhimüssəlam) qulları Allahu təalaya yaxınlaşdıran vəsitə və sağlam ipdirlər. Hədisi-şərifdə Övliyanın, yəni “Əhkamı-islamiyyəti yaxşı öyrənib, bildiyi ilə əməl edən alimlərin, Peyğəmbərlərin varisləri olduğu” bildirildi. Buna görədir ki, Övliya da (aleyhimürrahmə) insanı Allahu təalanın rızasına və mərhəmətinə qovuşduran vəsitə və ipdir. Qurani-kərimdə, “Allahu təalaya yaxınlaşmaq üçün vəsilə axtarın” buyurulur. Bu vəsilələrin ən böyüklərindən biri Peyğəmbərlər (saləvatullahi aleyhim əcmain) və onların varisləri olan alimlərdir (rahmətullahi əleyhim əcməin). Hüccət-ül islam imam Muhamməd Qəzali və imam Əhməd Rabbani mücəddidi və münəvviri əlfi sani Faruqi Sərhəndi (rahmətullahi aleyhimə) bu varislərdəndir.
Peyğəmbər əfəndimizin (sallallahu təala əleyhi və səlləm) varisi olan və Onun mübarək qəlbindəki nurlarını və mərifətlərini götürüb təmiz qəlblərə çatdıran bu iki böyük şəxsi vəsilə edərək səadətə qovuşmaq çox asandır. Çünki onların əsərlərini, tərcümeyi-hallarını oxuyaraq onları tanımaq və sevmək heç çətin deyil. Övliyanı sevənlər məğfirət olunmaqla müjdələnmişdirlər.
Eşqin bağında açan güllərə bülbül olan,
İslamın həsrətlə gözlədiyi qəhrəman,
Məşuqunun eşqindən yanıb-yanıb kül olan,
Ağlasa yeri vardır, səni görməyən zaman.
Elmi ilə, irfanı ilə sahib olan “Sıla”ya,
İki təməl bilgini vəsl edən bir araya,
Dalıb ucsuz-bucaqsız o müəzzəm dəryaya,
Bu Zikr dəryasından ən böyük pay alan!
Kimi sahilə gedər və bu mənə yetər deyər,
Kimi uzaqdan görər, məst olar, başı dönər;
Kimi yalnız seyr edər, kimi qətrə içər,
Bir sənsən, bu dəryadan içib-içib doyan.
Qurandan, hədislərdən sonra gəlir əsərin,
Ruhlara şəfa olan o mübarək sözlərin,
Baş komandanısan sən vəlilərin ərlərin,
Və “Mücəddidi-əlfi-sani” adını alan.
Bizə səni duyuran, fitrətən dostun olan,
Və cahanda bir təkdir, sənin izində qalan,
“Seyyid Abdülhakim” o sənin eşqinlə yanan,
Hörmətinə nəsib et, bizə şəfaətindən!
Əsərinlə cahanı yenidən nurlandıran,
Sehrli bir qüvvəylə bizi özünə çəkən,
On dördüncü əsrin zülmətini aparan,
“Arvas”ın işığıdır, gerisi xəyal, yalan!
Biz onun tələbəsi, o sizin talibiniz,
Mütləq ki, əks edər o nurlu qəlbləriniz,
Bəllidir, bir-birinizə aşiqsiniz ikiniz,
Və sizə aşiq oldu “Məktubat”ı anlayan!
Dipnotlar
- İmam Əhməd Rabbani 1034-cü [miladi 1624] ildə Sərhənd şəhərində vəfat etmişdir. ↑