Hakikat Books
Türkçe

Bölüm 13 / 59

Nəfs mühasibəsi

Bu bölümde cevaplanan sorular (10)

Soru editör tarafından eklenmiştir; cevap kitabın metnidir, değiştirilmemiştir.

  1. İmam Qəzali (rahmətullahi əleyh) kimdir və nə vaxt yaşamışdır? taslak Hata bildir
  2. Qiyamət günü tərəzi qurulduqda heç kimə zülm edilərmi? taslak Hata bildir
  3. Nəfs mühasibəsində birinci iş olan şirkət qurmaq nədir? taslak Hata bildir
  4. İkinci iş olan mürakəbə nədir? taslak Hata bildir
  5. Hər gün yatarkən nəfs necə hesaba çəkilməlidir? taslak Hata bildir
  6. Nəfsə cəza vermək və mücahidə nə deməkdir? taslak Hata bildir
  7. Nəfsi qınamaq, danlamaq nə deməkdir? taslak Hata bildir
  8. Günah işləyib “Allah məni əfv edər” deyən nəfsə nə cavab verilməlidir? taslak Hata bildir
  9. Tövbəni sonraya buraxan nəfsə nə cavab verilməlidir? taslak Hata bildir
  10. Dünyaya sarılan nəfsə nə söylənməlidir? taslak Hata bildir

Böyük islam alimi imam Muhamməd Qəzali (rahmətullahi əleyh) hicri 450-ci ildə Tus şəhərində dünyaya gəlmiş və 505-ci [miladi 1111] ildə yenə orada vəfat etmişdir. Yazdığı yüzlərlə kitablardan sonuncusu olan “Kimyayı-səadət” adlı kitabının 4-cü rüknünün 6-cı əslində farsca buyurur ki:

Ənbiya surəsi, 47-ci ayəsində məalən, “Qiyamət günü tərəzi quracağam. O gün heç kimə zülm edilməyəcək. Hər kəsin dünyada etmiş olduğu zərrə yaxşılıq və yamanlığı meydana çıxarıb, tərəziyə qoyacağam. Hər kəsin hesabını görməyə qüdrətim var” buyurdu. Bu xəbəri deməkdə məqsəd, hər kəs öz hesabını dünyada görsün. Peyğəmbərimiz əleyhissəlam buyurdu ki: “Ağıllı insan o şəxsdir ki, günü dördə ayırar. Birincisində etdiklərini və edəcəklərini hesab edər. İkincisində Allahu təalaya münacat edər və yalvarar. Üçüncüsündə bir peşə və ya ticarətlə məşğul olub halal pul qazanar. Dördüncüsündə istirahət edər və mübah olan şeylərlə özünü əyləndirər, haram şeyləri etməz və onlara getməz”. İkinci xəlifə Ömər-ül-Faruq (radıyallahu anh) [hicri 23-cü ildə Mədinəyi-münəvvərədə vəfat etmişdir. Məzarı-şərifi Hücrəyi-səadətdədir] buyurdu ki, hesabınız görülmədən əvvəl özünüzü hesaba çəkin! Allahu təala məalən buyurur ki: “Şəhvətlərinizi [yəni nəfsin arzularını] haramdan almamağa çalışın və bu cihadda səbat edin, dözün”. Buna görə də din böyükləri bu dünyanın bir bazar yeri kimi olduğunu və burada nəfslə alış-verişdə olduqlarını anlamışdırlar. Bu ticarətin qazancı Cənnət, ziyanı da Cəhənnəmdir. Yəni qazancı əbədi səadət, ziyanı da sonsuz fəlakətdir. O böyüklər nəfslərini ticarətdə ortaq yerinə qoymuşlar. Ortaqla əvvəlcə şərt kəsilir, razılaşılır. Sonra işlərinə, sözündə durub-durmamasına nəzarət edilir. Nəhayət hesablaşıb, xəyanət edilibsə məhkəməyə verilir. Onlar da nəfsləri ilə bir ortaq kimi sıra ilə bu işləri görürlər: Şirkət qurmaq, ona nəzarət edib yoxlamaq, mühasibə, yəni hesablaşmaq, muaqəbət, yəni cəzalandırmaq, mücahidə, yəni onunla məşğul olmaq, muatəbət, yəni onu danlamaq:

1- Birinci iş- şirkət qurmaqdır. Ticarət ortağı şəxsin pul qazanmaqda ortaq olduğu kimi, bəzən də xəyanət etdikdə düşməni olur.

Halbuki dünyada qazanılan şeylər müvəqqətidir. Ağlı olan bunlara dəyər verməz. Hətta bəziləri, “Keçici olan xeyir, sonsuz qalan şərdən daha qiymətsizdir” dedilər. İnsanın hər bir nəfəsi qiymətli bir cövhər kimidir, hansı ki, bunlardan bir xəzinə qurula bilər. Əslində bunu hesab etmək lazımdır. Ağlı olan insan hər gün sübh namazından sonra xatirinə heç bir şey gətirməyib ortağı olan nəfsinə deməlidir ki, “Mənim sərmayəm yalnız ömrümdür. Başqa heç bir şeyim yoxdur. Bu sərmayə o qədər qiymətlidir ki, hər çıxan nəfəs heç bir şeylə təkrar geri gəlməz və nəfəslər sayılıdır, azalmaqdadır. Ömür bitdikdə ticarət sona çatacaq. Ticarətə sarılaq ki, vaxtımız azdır və axirət nə qədər uzun olsa da orada ticarət və mənfəət yoxdur. Bu dünya günləri o qədər qiymətlidir ki, əcəl gəldikdə bir gün icazə istənilsə, izn verilməz. Bu gün bu nemət əlimizdədir. Amandır nəfsim, çox diqqətli ol ki, bu böyük sərmayəni əldən qaçırma. Sonra ağlamaq, sızlamaq fayda verməz. Bu gün əcəlin gəldiyini, daha bir gün vermələri üçün yalvardığını, sızladığını və sənə bir gün bağışlandığını zənn et və həmin o günü bu gün bil. O halda bu günü əldən qaçırmaqdan, bununla səadətə qovuşmamaqdan daha böyük ziyan ola bilərmi? Sabah öləcəksənmiş kimi dilini, gözlərini və yeddi əzanı haramdan qoru”.

Cəhənnəmin yeddi qapısı vardır, demişlər. Bu qapılar sənin yeddi üzvündür. Bu üzvləri haramdan qorumasan və bu gün ibadət etməsən, səni cəzalandıraram! Nəfs asi, əmrləri yerinə yetirmək istəmirsə də, nəsihət dinləyər və riyazət çəkmək, yəni istədiklərini verməmək ona təsir edər. Nəfs mühasibəsi də elə budur. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki: “Ağıllı insan, ölmədən əvvəl hesabını görən, ölümdən sonra özünə lazım olacaq şeyləri edən şəxsdir”. Bir dəfə də buyurdu ki: “Edəcəyin hər işi əvvəlcə düşün, Allahu təalanın razı olduğu, izn verdiyi bir işdirsə, onu et! Elə deyilsə o işdən qaç”. Bax beləcə hər gün nəfslə belə şərt kəsilməlidir.

2- İkinci iş muraqəbədir. Yəni nəfsə nəzarət etmək, ondan qafil olmamaqdır. Ondan qafil olsan, öz şəhvətlərinə və tənbəlliyinə dönər. Allahu təalanın hər etdiyimizi, hər düşündüyümüzü bildiyini unutmamalıyıq. İnsanlar bir-birinin zahirini görür. Allahu təala isə həm daxilini, həm də zahirini görür. Bunu bilən bir insanın işləri və düşüncələri ədəbli olur. Buna inanmayan kafirdir. İnanıb müxalif olmaq isə böyük cəsarətdir. Allahu təala məalən buyurur ki: “Ey insan, səni hər an gördüyümü bilmirsənmi?”. Bir həbəş Rəsulullah (sallallahu əleyhi və səlləm) əfəndimizin hüzuruna gəlib, “Çox günah işlədim, tövbəm qəbul olarmı?” dedikdə, “Bəli, olar” buyurdu.

“O günahları işləyərkən, O görürdümü?” soruşdu. “Bəli” dedikdə, həbəş bir ah çəkdi və yıxılıb can verdi. İman və həya belə olur. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buyurdu ki, “Allahu təalanı görür kimi ibadət edin. Siz Onu görməsəniz də O sizi görür”. Onun gördüyünə inanan Onun bəyənmədiyi bir şeyi edərmi? Böyüklərdən biri bir tələbəsini başqalarından daha çox sevərdi. O biri tələbələr buna məyus olurdular. Hər birinə bir quş verib, “Bunu heç kimin görmədiyi bir yerdə kəsib gətirin” dedi. Hamısı gizli bir yerdə kəsib gətirdi. O tələbə isə kəsmədən gətirdi. “Niyə sözümü dinləmədin, canlı gətirdin?” buyurduqda, “Heç kimin görmədiyi bir yer tapa bilmədim. O hər yeri görür” dedi. Digərləri onun müşahidə dərəcəsində olduğunu anladılar. Misir maliyə nazirinin xanımı olan Züleyxa Yusif əleyhissəlamı yanına çağırdıqda, əvvəlcə durub böyük zənn etdiyi bir heykəlin üzünü örtdü. “Bunun üzünü niyə örtdün?” soruşduqda, ondan utandığım üçün, dedi. “Sən bir daş parçasından utanırsan, mən isə yerləri və yeddi qat göyləri yaradan Rəbbimin görməsindən utanmayımmı?” deyə buyurdu. Bir nəfər Cüneyd Bağdadini1 (qüddisə sirruh) görüb, “Küçədə qadınlara, qızlara baxmaqdan özümü saxlaya bilmirəm. Bu günahdan qurtulmaq üçün nə edim?” soruşduqda, “Allahu təalanın səni, sənin o qadını görməyindən daha çox gördüyünü düşün” buyurdu. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buyurdu ki: “Allahu təala Adn adlı Cənnəti o insanlar üçün hazırladı ki, günah işləyəcəkləri zaman Onun böyüklüyünü düşünüb, Ondan həya edərək günahdan çəkinirlər”.

[Qadınların saçları, qolları, ayaqları açıq vəziyyətdə küçəyə çıxmaları haramdır. İmanı olan qadınlar Allahu təalanın gördüyünü düşünməli, yad kişilərə çılpaq görünməməlidir.] Abdullah ibn Dinar (radıyallahu anh) deyir ki, Ömər (radıyallahu anh) ilə Məkkəyi-mükərrəməyə gedirdik. Bir çoban sürüsünü dağdan endirirdi. Xəlifə (radıyallahu anh) buyurdu ki, bu qoyunlardan birini mənə sat. Mən köləyəm, bu qoyunlar mənim deyil, dedi. Əfəndin nə biləcək, canavar apardı deyərsən. O bilməsə də, Allahu təala bilir, dedikdə, Ömər (radıyallahu anh) ağladı və əfəndisini tapıb bu köləni satın aldı və azad etdi və “Bu sözün səni bu dünyada azad etdiyi kimi, o dünyada da azad edər” buyurdu.

3- Üçüncü iş, əməllərdən sonra edilməli olan mühasibədir. Hər gün yatarkən, o gün gördüyü işlər üçün nəfsi hesaba çəkmək, sərmayəni qazancdan və zərərdən ayırmaq lazımdır. Sərmayə fərzlərdir, qazanc da sünnətlər və nafilələrdir. Ziyan isə günahlardır.

İnsan ortağına aldanmamaq üçün onunla hesablaşdığı kimi nəfsə qarşı daha oyaq davranmalıdır. Çünki nəfs çox hiyləgər və yalançıdır. Öz arzularını sənə yaxşı, faydalı göstərir. Hər mübahı belə soruşmaq, niyə etdin demək lazımdır. Zərərli bir şey etdisə, təzminat etdirmək, ödətdirmək lazımdır. İbnissaməd böyüklərdən idi. Altmış hicri illik həyatının hesabını etdi. 21500 gün oldu. Ah! Hər gün ən az bir günah etmişəmsə, 21500 günahdan necə qurtulacağam? Halbuki elə günlərim oldu ki, yüzlərlə günah işlədim, deyə düşünərək, bir fəryad edib, yıxıldı. Baxdılar ki, ruhunu təslim edib.

Lakin, insanlar özlərini hesaba çəkmirlər. Əgər hər günah işlədikdən sonra otağına bir qum dənəsi qoysa, bir neçə ildən sonra otağı qumla dolar. Əgər çiyinlərimizdəki katib mələklər hər günahı yazmaq üçün bir qəpik istəsəydilər, mal və mülkümüzün hamısını verməli olardıq. Halbuki, qəflətlə, müxtəlif düşüncələrlə bir neçə sübhanəllah desək, təsbehi əlimizə alıb, sayıb, yüz dəfə dedim deyirik, amma hər gün nə qədər boş sözlər sərf edirik, bunları saymırıq. Saymış olsaq hər gün minlərlə olar. Sonra da tərəzidə savab gözünün ağır olacağını ümid edirik. Bu necə məntiqdir? Ona görə də Ömər (radıyallahu anh) buyurdu ki, “Əməlləriniz ölçülmədən əvvəl özünüzü ölçün”. Ömər (radıyallahu anh) hər axşam qamçı ilə ayaqlarına vurub, bu gün niyə belə etdin, deyərdi. İbn Səlam (rahmətullahi əleyh) odun yükü daşıyırdı. Sən hambalsanmı, dedikləri zaman, nəfsimi təcrübə edirəm, görək necə olacaq, dedi. Ənəs (radıyallahu anh) [hicri 91-ci ildə vəfat etmişdir] dedi ki, Öməri gördüm (radıyallahu təala anh) öz-özünə deyirdi ki, “Əfsuslar olsun sənə ey nəfsim, ki, sənə əmir-əl-möminin deyirlər. Ya Allahdan qorx və ya Onun əzabına hazırlaş”.

4- Dördüncü iş, nəfsə cəza verməkdir. Nəfslə hesablaşıb, qüsurlarını görüb, cəza verilməzsə, cəsarətə gəlib ərköyünləşər, öhdəsindən gəlmək olmaz. Şübhəli bir şey yeyilmişsə, ac saxlamaq, yad qadınlara baxılmışsa, gözəl mübah şeylərə də baxdırmamaq lazımdır. Hər əzaya bu şəkildə cəza verilməlidir. Cüneydi Bağdadi (rahmətullahi əleyh) (298-ci [miladi 910-cu] ildə Bağdadda vəfat etmişdir) deyir ki, “İbnil Keziti (rahiməhullahu təala) bir gecə cünub olmuşdu. Qüsl etməyə qalxarkən nəfsi tənbəllik etdi və hava soyuqdur, xəstələnərsən, səbir et, sabah hamama gedərsən, dedi. Paltarı ilə qüsl etməyə and içdi. O cür də etdi və Allahu təalanın əmrində tənbəllik edən nəfsin cəzası budur, dedi”.

Bir nəfər bir qıza baxmışdı, sonra peşman oldu. Cəza olaraq sərin su içməməyə and içdi və heç içmədi. Əbu Talha (radıyallahu təala anh) bağında namaz qılırdı. Gözəl bir quş yanına qondu. Fikri quşda qaldı və neçə rükət namaz qıldığını unutdu. Nəfsinə cəza olaraq bağı kasıblara sədəqə verdi. [Əbu Talha Zeyd ibn Səhli Ənsari bütün döyüşlərdə iştirak etmişdi. 34-cü ildə 74 yaşında vəfat etmişdir]. Malik ibn Abdullah Hesami (rahiməhullahu təala) deyir ki, Rəbahül Qaysi (rahiməhullahu təala) gəlib atamı soruşdu, yatır dedim. Əsr namazından sonra yatmaqmı olar dedi və getdi. Arxasınca getdim, öz-özünə, “Ay boşboğaz, sənin nəyinə lazımdır ki, başqasının yatmağına qarışırsan. Əhdim olsun ki, bir il başını yastığa qoymayacaqsan”, deyirdi. Təmimi Dari (radıyallahu təala anh) yuxuya gedib, axşam namazını ötürmüşdü. Nəfsinə cəza olaraq bir il yatmamağa əhd etdi. [Təmimi Dari Əshabı-kiramdan idi]. Məcma (rahiməhullahu təala) böyüklərdən idi. Bir pəncərəyə baxarkən orada bir qız gördü. Bir daha yuxarı baxmamağa əhd etdi.

5- Beşinci iş mücahidədir ki, bəzi böyüklər nəfsləri qəbahət etdikdə, cəza olaraq çox ibadət edərdilər. Abdullah ibn Ömər (radıyallahu anhümə) bir namazda camaata çatmasaydı bir gecə yatmazdı. Ömər (radıyallahu anh) bir camaat namazına çatmadığı zaman 200 min dirhəm dəyərindəki bir malı sədəqə vermişdi. Abdullah ibn Ömər (radıyallahu anhümə) bir axşam namazını gecikdirmişdi. Hava qaralıb iki ulduz görünmüşdü. Bu qədər gecikdirdiyi üçün iki kölə azad etdi. Belə edənlər çoxdur. Nəfsinə ibadətləri sevərək etdirə bilməyən şəxsə ən yaxşı əlac saleh bir şəxsin yanında olmaqdır. Onun ibadətləri zövqlə etdiyini görərək özü də alışar. Bir nəfər deyir ki, ibadət etmək üçün nəfsimdə tənbəllik gördüyüm zaman Muhamməd ibn Vasi (rahiməhullahu təala)2 ilə söhbət edirəm. Onunla birlikdə olmaqla nəfsimin bir həftə içində ibadətlərimi sevərək etdiyini görürəm. Bir Allah adamını tapa bilməyənlər daha əvvəllər yaşamış saleh insanların həyatlarını oxumalıdır. Əhməd ibn Zerin (rahiməhullahu təala) bir tərəfə baxmazdı. Səbəbini soruşdular. Allahu təala gözləri dünyadakı nizama, hər şeydəki incəliklərə və Onun qüdrət və əzəmətinə ibrətlə baxmaq üçün yaratdı. İbrət almadan, bəhrələnmədən baxmaq xətadır, dedi. Əbüddərda (radıyallahu təala anh) deyir ki, dünyada üç şey üçün yaşamaq istərəm: uzun gecələrdə namaz qılmaq, uzun gündüzlərdə oruc tutmaq və saleh şəxslərin yanında oturmaq üçün.

[Əbüddərda (radıyallahu təala anh) Əshabı-kiramdandır. Xəzrəc qəbiləsindəndir. Şamda ilk vali idi. 33-cü ildə vəfat etdi]. Alqama ibn Qays (rahiməhullahu təala) nəfsi ilə çox mücahidə edərdi. Nəfsinə niyə bu qədər əziyyət verirsən, deyə soruşanlara, onu çox sevdiyim üçün, onu Cəhənnəmdən qorumaq üçün, deyərdi. Sənə bu qədər əziyyət əmr olunmadı dedikləri zaman, sabah başımı döyüb, niyə etmədim deməmək üçün cavabını verdi. [Alqama Tabiinin böyüklərindəndir. İbn Məsudun (radıyallahu təala anh) tələbəsidir. 61-ci ildə vəfat etmişdir].

6- Altıncı iş nəfsi tənqid etmək, danlamaqdır.

Nəfs yaradılış baxımından yaxşı işlərdən qaçmaq, pis işlərə can atmaq, daima tənbəllik etmək və ehtiraslarına qovuşmaq istər. Allahu təala bizlərə nəfslərimizə bu cür əxlaqdan əl çəkdirməyi, yanlış yoldan doğru yola çevirməyi əmr edir. Bu vəzifəmizin öhdəsindən gəlmək üçün onu bəzən oxşamaq, bəzən məcbur etmək və bəzən sözlə, bəzən də işlə idarə etmək lazımdır. Çünki nəfs elə yaradılmışdır ki, ona xoş gələn şeylərə can atar və buna qovuşmaq üçün qarşısına çıxan çətinliklərə səbir edər. Nəfsin səadətə qovuşmasına mane olan ən böyük pərdə qəfləti və cəhalətidir. Qəflətdən oyandırılıb, səadətin nələrdə olduğu göstərilsə qəbul edər. Buna görədir ki, Allahu təala Zariyat surəsində məalən, “Onlara nəsihət et! Nəsihət möminlərə əlbəttə fayda verər” buyurdu. Sənin nəfsin də hər kəsin nəfsi kimidir. Nəsihət ona təsir edər. O halda əvvəlcə öz nəfsinə nəsihət et və onu danla. Hətta onu danlamaqdan heç vaxt geri qalma. Ona de ki: Ey nəfsim! Ağıllı olduğunu iddia edirsən və sənə axmaq deyənlərə hirslənirsən. Halbuki səndən daha axmaq kim var ki, ömrünü boş şeylərlə, gülüb əylənməklə keçirirsən. Sənin vəziyyətin bu qatilə bənzəyir ki, polislərin onu axtardıqlarını və tutduqda edam edəcəklərini bildiyi halda vaxtını əyləncə ilə keçirir. Ondan daha axmaq adam olarmı? Ey nəfsim! Əcəl sənə yaxınlaşmaqda, Cənnət və Cəhənnəmdən biri səni gözləməkdədir. Əcəlin bu gün gəlməyəcəyi nə məlumdur? Bu gün gəlməsə, bir gün əlbəttə gələcək. Başına gələcək şeyi sən indidən gəldi bil! Çünki ölüm heç kimə vaxt təyin etməmiş, gecə və ya gündüz, tez və ya gec, yayda və ya qışda gələrəm deməmişdir. Hər kəsə qəfildən və heç ummadığı vaxt gəlir. Bax ona hazırlanmadınsa, bundan daha böyük axmaqlıq olarmı? O zaman əfsuslar olsun sənə, ey nəfsim!

Günahlara qərq olmusan. Allahu təalanın sənin bu vəziyyətini görmədiyini zənn edirsənsə, deməli kafirsən. Əgər gördüyünə inanırsansa, çox cəsarətli və həyasızsan ki, Onun görməsinə əhəmiyyət vermirsən! O halda əfsuslar olsun sənə, ey nəfsim!

Xidmətçin sənə itaət etməsə, ona necə hirslənərsən! O halda Allahu təalanın sənə hirslənməyəcəyindən necə əmin ola bilirsən? Əgər Onun əzabını xəfif görürsənsə, barmağını alova tut! Yaxud qızmar günəşin altında bir saat otur! Yaxud da isti hamamda bir az çox qal ki, yazıqlığını, dözümsüzlüyünü anla! Yox əgər dünyada etdiklərinə cəza verilməyəcək deyə zənn edirsənsə, Qurani-kərimə və 124 mindən çox Peyğəmbərə (əleyhimussaləvatu vəttəslimat) inanmamış olursan və hamısını yalançı hesab edirsən. Çünki Allahu təala Nisa surəsinin 123-cü ayəsində məalən, “Günah işləyən cəzasını çəkəcəkdir” buyurur. Pislik edən pislik görəcək. Elə isə əfsuslar olsun sənə, ey nəfsim!

Günah işlədikdə, O kərimdir, rəhimdir, məni əfv edər deyirsənsə, dünyada yüz minlərlə insana nə üçün əziyyət, aclıq, xəstəlik çəkdirir və tarlasını əkməyənlərə məhsulunu vermir. Ehtiraslarına qovuşmaq üçün hər hiyləyə baş vurursan və o zaman Allahu təala kərimdir, rəhimdir, istədiklərimi zəhmətsiz mənə göndərir demirsən. O zaman əfsuslar olsun sənə, ey nəfsim!

Bəlkə inandığını, lakin çətinliyə dözə bilməyəcəyini deyəcəksən. Çox çətinliyə dözə bilməyənlərin az bir əziyyətlə bu çətinliyin qarşısının alınmasının lazım olduğunu, Cəhənnəm əzabından qurtulmaq üçün dünyada əziyyətə qatlanmağın fərz olduğunu demək ki, bilmirsən. Bu gün dünyanın bir neçə zəhmətinə dözə bilməsən, sabah Cəhənnəm əzabına və axirətdəki zillətə, zəlilliyə və qovulmağa necə dayanacaqsan? O halda əfsuslar olsun sənə, ey nəfsim!

Pul qazanmaq üçün çox əziyyətə, zillətə qatlanırsan və xəstəlikdən qurtulmaq üçün bir yəhudi həkimin sözü ilə bütün ehtiraslarından əl çəkirsən, amma Cəhənnəm əzabının xəstəlikdən və yoxsulluqdan daha əzablı olduğunu və axirətin dünyadan çox uzun olduğunu bilmirsən. O halda əfsuslar olsun sənə, ey nəfsim!

Sonra tövbə edərəm və yaxşı əməllər işləyərəm deyirsən, lakin ölüm daha əvvəl gələ bilər və peşman olub qalarsan. Sabahdan tövbə etməyi, bu gün etməkdən asan hesab edirsənsə, aldanırsan. Çünki tövbə gecikdikcə çətinləşir və ölüm yaxınlaşdıqca heyvana yoxuşda yem verməyə bənzəyir ki, faydası olmaz. Sənin bu vəziyyətin o tələbəyə bənzəyir ki, dərsinə vaxtında hazırlaşmayıb, imtahan günü hamısını öyrənərəm deyə zənn edir və elm öyrənmək üçün uzun vaxt lazım olduğunu bilmir.

Həmçinin, pis nəfsi təmizləmək üçün də uzun müddət mücahidə etmək lazımdır. Ömür boş yerə keçdikdə, bir anda bunu necə edə biləcəksən? Qocalmadan əvvəl gəncliyin, xəstə olmadan əvvəl sağlamlığın, sıxıntı çəkmədən əvvəl rahatlığın və ölmədən əvvəl həyatın qiymətini niyə bilmirsən? O zaman əfsuslar olsun sənə, ey nəfsim!

Qışda möhtac olacağın şeylərin hamısını niyə yaydan hazırlayıb heç gecikdirmirsən və bunları əldə etmək üçün Allahu təalanın mərhəmətinə, ehsanına güvənmirsən? Halbuki, Cəhənnəmin zəmhəriri, qışın soyuğundan az deyildir və alovunun hərarəti iyul günəşindən az deyildir. Bunların hazırlığında heç qüsur etmirsən, lakin axirət işlərində tənbəl davranırsan. Bunun səbəbi nədir? Yoxsa axirət və qiyamət gününə inanmırsanmı və qəlbindəki bu küfrü özündənmi gizlədirsən? Bu isə əbədi fəlakətin səbəbidir. O halda əfsuslar olsun sənə, ey nəfsim!

Mərifət nurunun himayəsinə sığınmayıb, öldükdən sonra ehtiras alovunun canını yandırmasından Allahu təalanın lütfü və mərhəməti ilə qurtulacağını zənn edən bir şəxs, qalın paltarın himayəsinə girmədən qışın soyuğunun Allahu təalanın lütfü ilə onu üşütməyəcəyini zənn edən şəxsə bənzəyir. Bu şəxs anlaya bilmir ki, Allahu təala bir çox faydalara səbəb olmaq üçün qışı yaratsa da, lütf və mərhəmət edərək paltar hazırlamaq üçün bəzi şeyləri də yaratmış və insanlara paltar hazırlamaq üçün ağıl və idrak vermişdir. Yəni, Onun ehsanı paltar təminatını asanlaşdırmaqdadır, paltarsız üşüməmək şəklində deyildir. O halda əfsuslar olsun sənə, ey nəfsim!

Günahların Allahu təalanı qəzəbləndirdiyi üçün əzab çəkəcəyini zənn etmə və günahlarımın Ona nə zərəri vardır ki, mənə qəzəblənir demə! Zənn etdiyin kimi deyil. Səni yandıracaq Cəhənnəm əzabı sənin içindədir və ehtiraslarından meydana gəlmişdir. Belə ki, insanın xəstəliyi yediyi zəhərdən və daxilinə düşən zərərli şeylərdən əmələ gəlir, həkimin sözlərini dinləmədiyi üçün onun hirslənməsindən əmələ gəlmir. O halda əfsuslar olsun sənə, ey nəfsim!

Ey nəfsim! Anladım ki, dünyanın nemətlərinə, ləzzətlərinə alışmısan və özünü onlara qərq etmisən. Cənnətə və Cəhənnəmə inanmırsansa, heç olmasa ölümü inkar etmə! Bu nemət və ləzzətlərin hamısını səndən alacaqlar və bunların ayrılıq alovu ilə yanacaqsan. Bunları istədiyin qədər sev, istədiyin qədər bunlara sıx bağlan ki, ayrılıq alovu sevgin qədər çox olacaq. O halda əfsuslar olsun sənə, ey nəfsim!

Dünyaya nə üçün sarılırsan? Bütün dünya sənin olsa və dünyadakı insanların hamısı sənə səcdə etsə, bir müddət sonra sən də, onlar da torpaq olacaqsınız. İsimləriniz unudulacaq, yaddaşlardan silinəcək. Keçmiş padşahları xatırlayan varmı? Halbuki sənə dünyadan az bir şey verilmiş, o da hər zaman xarab olur və dəyişilir. Bunlar üçün sonsuz Cənnət nemətlərini fəda edirsən. O halda əfsuslar olsun sənə, ey nəfsim!

Bir insan dəyərli və həmişə möhkəm olan bir cəvahiri verib, onunla qırıq bir saxsı parçasını satın alsa, ona necə gülərsən? Bax bu dünya saxsı parçası kimidir. Onu qırılmış bil, əbədi cəvahirin əlindən çıxdığını, sənə peşmanlıq və əzabın qaldığını bil!

Bunlarla və bunlar kimi sözlərlə hər kəs nəfsini danlayaraq öz haqqını ödəməli və nəsihət etməyə özündən başlamalıdır! Allahu təala doğru yolda gedənlərə salamatlıq ehsan etsin! Amin!

Elmsiz bir şey olmaz, elm hər şeyə başdır,

Qaranlıq yollarda o, ən əziz yoldaşdır.

Ondan sadiq dost yoxdur, ondan vəfalı yar,

Hər şeydə zərər olsa, onda əsla yox zərər.

Elm ucsuz-bucaqsız bir ümmanı andırır,

Elmdən başqa hər şey insanı usandırır.

Necə qiymətli olmaz ki, Allah onu tərifləyir,

Bax! Nəbiyi-möhtərəm bir hədisdə nə deyir:

Axtar hər yerdə elmi, o yer istər Çin olsun!

Elm öyrənmək fərzdir, hər mömin üçün olsun.

Bax! Əliyül-mürtəza, nə deyir dinləsənə,

“Kölə olaram mənə bir hərf öyrədənə”.

Alimlər dini-islamı yıxılmaqdan qurtarır,

Alimlər yer üzündə zılli-sıfatullahdır.

Mürəkkəbi-uləma, əzizdir hətta bundan:

Fi səbilillah axan şəhidlərin qanından.

Çünki cihadı-əkbər ancaq elmlə olur,

Dareyndə elmilə amil olan qurtulur.

Alim zahiddən üstün, zühd elmin altındadır,

Alimlər axirətdə nəbilər yanındadır.

Demə, cahanda alim qalmadı, bəlkə vardır,

Aç gözünü, qəlbindən zülmət pərdəsin qaldır!

Bu dinin alimləri hədislə tərifləndi,

Bəni-İsraildəki nəbilər kimidirlər.

Alimlərin bir sözü illərlə baki qalır,

İnsanı ən alçaqdan yüksəklərə qaldırır.

İndi alim tapmaq çətin, o halda nə etməli?

Əsəri-uləmanı durmadan oxumalı.

Kitab, qızıl bir qəfəs, elm içində quşdur,

Qəfəsi satın alan, quşa malik olmuşdur.

Sarıl kitablara ki, qəlbin nurla dolsun,

Öncə oxuyacağın Qurani-kərim olsun!

Sonra qiymətli əsər Buxari və Müslimdir,

Badəhu Məktubatı İmamı Rabbanidir.

Təsəvvüf ilə fiqh burada vəsl olmuşdur,

Elə bir alimdir ki, hədislə təriflənmişdir.

Xariqələr mənbəyi, heç duyulmayan sözlər,

Əsrlərlə çözülməz, müəmma məsələlər.

Hamısı Məktubatda və tərcüməsində vardır,

Onsuz qurtuluş çətin, onsuz elm nöqsandır.

Əshabı-kiram risaləsi də gör nə yaxşı,

Oxu, gözəl anla ki, təqdir et Əshabı.

Məktubat tərcüməsi əbədi səadətdir,

Lə-hül-hamd hər yerdə var, tamamı bil üç cilddir.

İbn Abidinə bax, bir dərya ki, sonsuzdur!

Hənəfidə ən böyük fiqh kitabı budur.

Gör İhya-ül-ulumu, Kimyayı-səadəti,

Qəzalini yadından çıxarmazsan əbədi.

Riyadunnasihini oxuduqda anlarsan,

Muhamməd Rebhamiyə nə böyük alim deyərsən.

Şeyxül-əkbər, Qeylani, öyrən Bəhaəddini,

Belə şəxslər qoruyub yıxılmaqdan bu dini.

Məvahib, hər əsərdə adı keçən kitabdır,

Rəsuli-müctəbayı uzun-uzun anladır.

Mənqibələr bulağı, Çiharı-yarı-güzin,

Ehtiyacı çox ona qaralan qəlbimizin.

Mərakıl-fəlah və Məvkufat qiymətlidir,

Məcmuayı-zühdiyyə sənə çox şey öyrədir.

Mərifətnaməni gör, İbrahim Haqqını bil,

Çox oxu Birgivini, sanma faydalı deyil.

Tərcümeyi-halları tanınmış Övliyanın,

İçində anladılmış Rəşəhat, Nəfəhatın.

Bərəkatı-Əhmədi, Mücizat-ül-ənbiya,

Nə gözəl yazılmışdır, Hadiqa-tül-Övliya.

Dürri-yəktanı da gör, həm Umdətül-islamı,

Miftahul-Cənnəti ey oğul elmihalını.

Rabitə risaləsi, təsəvvüfü bildirir,

Musannifi “əsseyyid Vəli Abdulhakim”dir.

Daha neçə kitab var, dənizdə inci bunlar,

Rəhməti Haqda olsun, hər birini yazanlar.

Bizlərdən salam et, ya Rəbb, sən onlara,

Asanlıq ver onların yolunda olanlara!.

Dipnotlar

  1. Cüneyd Bağdadi hicri 207-298-ci [miladi 910] illərdə Bağdadda yaşamışdır. ↑
  2. Muhamməd ibn Vasi 112-ci [miladi 721] ildə vəfat etmişdir. ↑

Bu bölümü başka dilde oku

Türkçe中文(普通话)English

Paylaş

WhatsApp Telegram X Facebook E-posta