Dəstəmazı pozan şeyin bədəndən çıxması davamlı olarsa, buna “Üzr” deyilir. Sidik, ishal, yel qaçırtmaq, burun qanaması və yaradan qan, sarı su axması, ağrıdan, şişə görə göz yaşı axması bir namaz vaxtı içində davamlı olarsa, bu kimsə və istihaza qanı axan qadın üzr sahibi olarlar. Tıxamaqla, dərman ilə və ya namazı oturaraq yaxud ima ilə qılaraq bunları dayandırmaq lazımdır. Sidik qaçıran kişi sidik yoluna arpa qədər bitki mənşəli pambıq soxar. Fitil az olan sidiyi əmərək çölə damcılamasına mane olar. Beləcə, dəstəmaz pozulmaz. Sidiyə gedərkən fitil öz-özünə çölə çıxar, gedər. Sidiyi çox qaçırsa, artığı fitildən keçərək çölə sızar və dəstəmazı pozulur. Sızan sidik paltarı kirlətməməlidir. Qadınlar önlərinə həmişə “Kürsüf” deyilən parça qoymalıdır. Axıntını dayandıra bilməzlərsə, hər namaz vaxtında dəstəmaz alıb namazı eləcə qılar. Üzr sahibi olan kimsə bir dəstəmaz ilə vaxt çıxana qədər fərz, qəza və nafilə qıla bilərlər. Qurani-Kərimi əldə tuta bilərlər. Namaz vaxtı çıxınca dəstəmazı pozulur. Vaxt çıxmadan əvvəl də üzr olan şeydən başqa bir səbəb ilə dəstəmazı yenə pozulur. Məsələn, burun dəliklərinin birindən qan gələn vaxtı dəstəmaz alıb sonra digər dəlikdən də qan axmağa başlasa, dəstəmazı pozulur. Üzr sahibi olmaq üçün dəstəmazı pozan şeyin bir namaz vaxtında davamlı axması lazımdır. Dəstəmaz alıb, o vaxtın fərzini qılacaq qədər bir zaman ərzində axmazsa, üzr sahibi olmaz. Malikinin bir qavlinə görə, bir damcı axınca, üzr sahibi olar. Bir kimsə üzr sahibi olunca, sonrakı namaz vaxtlarında bir dəfə bir damcı gəlsə, üzr sahibi olması o vaxtlarda da davam edər. Bir namaz vaxtında heç gəlməzsə, üzr sahibi olması sona çatar. Üzrə səbəb olan nəcasət paltara dirhəm miqdarından artıq bulaşsa, təkrar bulaşmasına mane olmaq mümkündürsə, bulaşmış yeri yumaq lazım olar.
Qüsl alınca xəstə olmaqdan və ya xəstəliyinin şiddətlənməsindən yaxud uzanmasından qorxan təyəmmüm edər. Bu qorxu öz təcrübələri ilə, yaxud müsəlman, adil həkimin söyləməsi ilə məlum olar. Fisqi, günah işləməsi dillərə düşmüş olmayan həkimin sözü də qəbul edilir. Soyuq olub, sığınacaq yer, suyu qızdıracaq şey, şəhərdə hamam pulu tapmamaq xəstəliyə səbəb ola bilər. Hənəfidə bir təyəmmüm ilə istədiyi qədər fərz qıla bilər. Şafiidə və malikidə hər fərz namaz üçün yenidən təyəmmüm edər.
Dəstəmazda bədən üzvlərinin yarısında yara olan təyəmmüm edər. Yara yarıdan az isə, sağlamını yuyub, yaranı məsh edər. Qüsldə bütün bədən bir üzv sayıldığı üçün bütün bədənin yarısı yara isə təyəmmüm edər. Yaralı yer yarıdan az isə, sağlamını yuyub yaraları məsh edər. Yaraya məsh zərər verərsə, sarğıya məsh edər. Bu da zərər verərsə, məshi tərk edər. Dəstəmazda və qüsldə başa məsh zərər verərsə, başı məsh etməz. Əli çolaq (ekzema-dəri xəstəliyi, yara) olub sudan istifadə edə bilməyən təyəmmüm edər. Üzünü, qollarını yerə (əhəngli, torpaqlı, daşlı divara) sürtər. Əlləri və ayaqları kəsik olanın üzü də yara isə, namazı dəstəmazsız qılar. Dəstəmaz aldırması üçün kimsəni tapa bilməyən təyəmmüm edər. Uşağı, köləsi, maaş ilə tutduğu kimsə kömək etməyə məcburdurlar. Başqalarından da kömək istəyə bilər. Lakin onlar kömək etməyə məcbur deyildirlər. Qadın və ər də bir-birlərinə dəstəmaz aldırmağa məcbur deyildirlər.
Qan aldıran, zəli istifadə edən, yarası, çibanı olan, sümüyü qırılan və ya burxulan və buna görə sarğı (pambıq, bint üzərinə plastır, məlhəm) qoyan, o hissəsini soyuq, isti su ilə yumağa və ya məsh etməyə qadir ola bilməzsə, dəstəmazda və qüsldə bunların yarıdan artığı üstünə bir dəfə məsh edər. Sarğını açmaq zərər verərsə, altındakı sağlam yerlər yuyulmaz. Sarğı aralarında görünən sağlam dəri qismləri məsh edilir. Sarğını dəstəmazlı olaraq sarımaq lazım deyildir. Məshdən sonra sarğı dəyişdirilərsə, üstünə başqası da sarılarsa, yenisinə məsh lazım olmaz.
Ayaq üstə dura bilməyən və ya ayaq üstə durarsa, xəstəliyinin uzanacağını çox zənn edən xəstə namazını oturaraq qılıb, rüku üçün bədənini bir az əyər. Sonra dikəlib yerə iki dəfə səcdə edər. Necə asan gəlirsə, elə oturar. Diz çökməsi, bardaş qurması, ihtiba etməsi, yəni ombası üzərinə oturub qollarını dizlərinin ətrafına halqa etməsi caizdir. Baş, diz, göz ağrısı xəstəlik sayılır. Düşmənə görünmək qorxusu da üzrdür. Ayaq üstə orucu, dəstəmazı pozulan da oturaraq qılar. Bir şeyə dayanaraq ayaq üstə dura bilən dayanaraq qılar. Ayaq üstə uzun müddət dura bilməyən, iftitah təkbirini ayaq üstə alıb, ağrı hasil olunca oturaraq davam edər.
Yerə səcdə etməkdən aciz olan ayaq üstə oxuyub, rüku və səcdə üçün oturaraq ima edər. Oturub rüku üçün bir az, səcdə üçün daha çox əyilər. Bədənini əyə bilməyən başını əyər. Bir şey üzərinə səcdə etməsi lazım deyildir. Bir şey üzərinə səcdə edərsə, səcdə üçün rükudan artıq əyilmiş isə namazı səhih olarsa da, məkruhdur. Dayanaraq oturmaq mümkün olarsa, uzanaraq ima caiz olmaz. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bir xəstəni ziyarət etdi. Bunun əli ilə yastığı qaldırıb, üzərinə səcdə etdiyini görüncə, yastığı aldı. Xəstə odunu qaldıraraq bunun üstünə səcdə etdi. Odunu da aldı və “Gücün çatarsa, yerə səcdə et! Yerə əyilə bilməzsən, üzünə bir şey qaldırıb, bunun üzərinə səcdə etmə! İma edərək qıl və səcdədə rükudan daha çox əyil!” buyurdu. “Bahr-ür-raik”də bildirildiyi kimi, Ali İmran surəsinin 191-ci ayəti-kəriməsində məalən, “Namazı gücü yetən ayaq üstə qılar. Aciz olan oturaraq qılar. Bundan da aciz olan yataraq qılar” buyurulur. İmran ibn Husayn xəstə olunca Rəsulullah (sallallahu əleyhi və səlləm) buna, “Ayaq üstə qıl! Gücün yetməzsə, oturaraq qıl! Buna da qüdrətin olmazsa, yan və ya arxası üstə uzanaraq qıl!” buyurdu. Görünür ki, ayaq üstə dura bilməyən xəstə oturaraq qılar. Otura bilməyən uzanaraq qılar. Stulda, kresloda qılmağa icazə verilməmişdir. Xəstənin və avtobusda, təyyarədə gedənin, kresloda, stulda qılması islamiyyətə uyğun deyildir. Camaata gedincə ayaq üstə qıla bilməyən evində ayaq üstə qılar. İyirmi şeydən birinin olması camaata getməmək üçün üzr olar. Yağış, şiddətli isti və soyuq, canına və ya malına təcavüz edə bilən düşmən qorxusu, yoldaşlarının gedib yolda tək qalmaqdan qorxmaq, havanın çox qaranlıq olması, kasıb borclunun tutulub həbs olunmaqdan qorxması, kor olmaq, yeriyə bilməyəcək qədər iflic olması, bir ayağının kəsik olması, xəstə, iflic olmaq, palçıq, yeriyə bilməmək, yeriyə bilməyən yaşlı, nadir tapılan fiqh dərsini buraxmaq, sevdiyi yeməyi qaçırmaq qorxusu, yolçuluğa hərəkət halında olmaq, yerinə buraxacaq kimsə olmayan xəstə baxıcı, gecə şiddətli külək, tualetə getmək üçün sıxışmaq. Xəstəliyinin artmasından və ya uzanmasından qorxan xəstə və xəstəsi baxımsız qalacaq olan xəstə baxıcısı və çox qocalıqdan yeriməsi çətin olmaq, Cümə namazına getməmək üçün üzrdür. Camaata yeriyərək gedib-gəlmək, vasitəyə minərək getməkdən yaxşıdır. Məsciddə stulda, kresloda oturaraq ima ilə qılmaq caiz deyildir. İslamiyyətin bildirmədiyi şəkildə ibadət etmək “Bidət” olar. Bidət işləmənin böyük günah olduğu fiqh kitablarında yazılmışdır.
Bir şeyə dayanaraq otura bilməyən xəstə arxası üstə uzanaraq, arxası üstə uzana bilməzsə, sağ yanına yataraq başı ilə ima edər. Qibləyə dönə bilməyən asan bildiyi cəhətə tərəf qılar. Arxası üstə uzananın başı altına bir şey qoyaraq üzü qibləyə qarşı edilir. Dizlərini dik tutması yaxşı olar. Başı ilə ima edə bilməyənin namazı qəzaya buraxması caiz olar. Namaz ərzində xəstə olan gücü çatdığı şəkildə davam edər. Yerdə oturaraq qılan xəstə namazda yaxşı olarsa ayaq üstə qılaraq davam edər. Ağlı, şüuru gedən namaz qılmaz. Beş vaxt keçmədən yaxşı olarsa, beş vaxtı qəza edər. Altı namaz keçərsə, heç qəza etməz.
İma ilə də olsa, qılınmayan namazı tez bir zamanda qəza etmək fərzdir. Qəza etmədən ölüm halına gələrsə, qılmadığı namazların isqatı üçün buraxdığı maldan fidyə verilməsini vəsiyyət etmək vacib olar. Vəsiyyət etməzsə, vəlisinin, hətta yad birinin öz malından isqat etməsi caiz olar deyilmişdir.