Məsh, sürtmək, sığallamaq deməkdir. İki cür məsh vardır:
1. MƏST ÜZƏRİNƏ MƏSH:
Məst, ayağın yuyulması fərz olan yerini örtən su keçirməz ayaqqabı deməkdir. Məst böyük olarsa, barmaqlar məstin ucuna qədər getməz və məsh boş yer üzərinə edilərsə, caiz olmaz. Məstin bir saat yol yeriyincə, ayaqdan çıxmayacaq şəkildə sağlam və ayağa uyğun olması lazımdır.
Dabanı ilə ayağın üstü və ya yalnız dabanı dəri örtülmüş corab üstünə məsh etmək caizdir.
Möhkəm olan və yeriyərkən aşağı düşməyən corab üzərinə məsh etmək caizdir.
Məstlər dəstəmazın pozulmasının ayaqlara keçməsinə mane olurlar. Ayaqları yuduqdan sonra məstləri geyinmək və bundan sonra dəstəmaz almaq caizdir.
Məsh məstlərin üstünə edilir. Məstlərin altına, yəni dabanına məsh edilməz.
Sünnət üzrə məsh etmək üçün sağ əlin yaş beş barmağı, sağ məst üzərinə, sol əlin barmaqları da sol məst üzərinə boylu boyunca yapışdırılıb, məstin ucundan yuxarıya doğru çəkilir. Əl ovucları məstə dəyməz. Məshin üç əl barmağı enində və boyunda olması fərzdir.
Məsh əlin çöl tərəfi ilə caiz isə də, iç tərəfi ilə etmək sünnətdir.
Yaş ot üstündə yeriyərək və ya yağış ilə məstlərin üzəri islanarsa məsh yerinə keçər.
Məst üzərinə məsh müddəti müqim (səfərdə olmayan) olan üçün 24 saatdır. Müsafir üçün üç gün üç gecə, yəni 72 saatdır. Bu müddət məsti geyindiyi zaman deyil, məsti geyindikdən sonra dəstəmazın pozulduğu zaman başlayar. Məstli kimsə dəstəmazı pozulduqdan sonra 24 saat keçmədən səfərə çıxsa, bu məstlərə üç gün və gecə məsh edə bilər. Müsafir ikən müqim olsa, 24 saat keçmiş isə, məstləri çıxarıb ayaqlarını yuyaraq dəstəmaz alar.
Ayağın üç barmağı sığacaq qədər yırtığı olan məst üzərinə məsh etmək caiz deyildir. Yırtıq bundan az isə, məsh caiz olar. Bir məstin bir neçə yerində kiçik yırtıqlar varsa, bunlar toplanaraq üç barmaq qədər olarsa, buna məsh etmək caiz olmaz. Bir məstdə iki barmaq, digər məstdə də iki və ya bir barmaq görünəcək qədər yırtıq varsa, bunlara məsh edilə bilər. Məsh caiz olmayan yırtıq üç barmağın ucu deyil, üç barmağın bütünü görünəcək qədərdir.
2. YARA VƏ SARĞI ÜZƏRİNƏ MƏSH:
Yaranın, çibanın, dəridəki çatlaq və yarıqların üzərinə və ya içinə qoyulan məlhəm, pambıq, fitil, cuna, plastır, sarğı bağı kimi şeylərin açılması, çıxarılması yaraya zərər verərsə, üzərinə məsh edilir.
Üzr sahibi olan istədiyi zaman dəstəmaz alar. Alınan dəstəmaz ilə istədiyi qədər fərz və nafilə qılar və Qurani-Kərim oxuyar. Namaz vaxtı çıxınca dəstəmazı pozulmuş olar. Hər namaz vaxtı girdikdən sonra, yeni dəstəmaz alıb bu vaxt çıxana qədər hər ibadəti edər.
Üzr sahibi ola bilmək üçün dəstəmazı pozan şeyin davamlı olaraq mövcud olması lazımdır. Yəni hər hansı bir namaz vaxtı içində dəstəmaz alıb yalnız fərzi qılacaq qədər bir zaman dəstəmazlı qala bilməyən kimsə üzr sahibi olar. Üzr sahibinin üzrü sonrakı hər namaz vaxtında bir dəfə, bir az axarsa, üzrü davam edir sayılır.