Dinimizin təməli hubbu fillah, buğdu fillahdır. Bu, Allahu təalanın dostlarına dost, düşmənlərinə düşmən olmaqdır ki, imanın əsas şərtidir. Başda bütün Əshabı-kiram həzrətləri olmaqla müsəlmanları sevmək Əhli-sünnət etiqadının ən mühüm xüsusiyyətidir.
Allahu təala Özünə qarşı işlənən təqsirləri, günahları əfv edər. Amma Həbibini (sallallahu əleyhi və səlləm) incidənə, Ona hörmətsizlik edənə cəzasını verər. Bu baxımdan “Hubbu fillah və buğdu fillah” bu dinin əsası olmuşdur. Bir qəlbdə sevgili Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) sevgisi ilə Onun düşmənlərinin sevgisi bir yerdə ola bilməz. Aşiqlər sevgililərinin divanəsi olub, onlara zidd bir şey edə bilməzlər. Zidd gedənlərlə uyuşa bilməzlər. İki zidd şeyin məhəbbəti bir qəlbdə bir yerdə yerləşə bilməz. İki ziddən birini sevmək o birinə düşmənçiliyi tələb edir. Çünki dostluğun şərti budur: sənin sevdiklərini sevərəm, sevmədiklərini sevmərəm. Səni sevənləri sevərəm, səni sevməyənləri sevmərəm. “Mən Allahımı çox sevirəm, amma Allahın düşmənləri ilə dostam” deyirsənsə, bu necə sevgidir?
Baxın, Cənabi-Haqq İsa əleyhissəlama belə buyurur: “Əgər yerlərdə və göylərdə olan bütün məxluqların ibadətlərini etsən belə, dostlarımı sevmədikcə və düşmənlərimə düşmənlik etmədikcə, heç faydası olmaz.”
Allahu təalanın rızasına, sevgisinə buğz və ədavət qədər yaxınlaşdıran bir əməl, bir ibadət yoxdur. Buna görə də buğdu fillah hubbu fillahdan öncə gəlir. Ən böyük düşmən hər kəsin öz nəfsidir. Bir kimsənin qəlbində nəfsinə, müşriklərə və dinə qarşı olanlara duyduğu nifrət hissi nə qədər çox olarsa, Cənabi-Haqqa o qədər yaxın olunar. İnsan Cənabi-Haqqın bəyənmədiyi, pis dediyi şeylərə nə qədər yaxınlaşarsa, Cənabi-Haqdan o qədər uzaqlaşar.
İmam Rabbani həzrətləri “Məktubat”da buyurur ki:
“Allahu təalanın rızasına qovuşduran minlərlə yol var. Bunların içərisində Allahu təalanın rızasına, sevgisinə qovuşduran ən qısa, ən qiymətli yol buğdu fillahdır. Hubbu fillah deyil, buğdu fillahdır.” Əvvəla düşmənə düşməncəsinə davranmaq, onu sevməmək Cənabi-Haqqın rızasına daha tez səbəb olur. Düşməncəsinə davranmaq qəlbən sevməmək, lakin hər kəsə gülər üzlə davranmaq deməkdir. Necə ki, Seyid Abdülhakim Əfəndi həzrətləri: “Ya Rəbbi! Sənə layiq bir ibadət edə bilmədim. Məni əfv et! Amma şahid ol ki, mən Sənin sevmədiklərini heç sevmədim. Mən Sənin sevdiklərini sevdim. Məni buna bağışla” buyurmuşdur.
Hilmi ibn Səid həzrətləri buyurur ki: “Əhli-sünnət müsəlmanların üzünə baxmaq, onları sevmək hubbu fillahdır. Allah üçün xidmətə qoşanları sevmək hubbu fillahdır. Bəs buğdu fillah nədir? Allahu təalaya düşmən olanları, Peyğəmbər əfəndimizi inkar edənləri, bidət əhli olanları sevməməkdir. Lakin bu hubbu fillah, buğdu fillah dava etmək, mübahisə etmək mənasında deyildir. Sevgi gizlidir. Mübahisə etmək haramdır. Dostla da haramdır, düşmənlə də haramdır. Qəlb qırmaq haramdır.” Yəni buğdu fillah edəcəyəm deyə qəlb qırmaq qadağandır. Gülər üzlü, şirin dilli olmaq hər müsəlmanın şüarıdır. Müsəlman belə olmalıdır.
Müceddidi-əlfi-sani İmam Rabbani (rahmətullahi əleyh) buyurur ki:
Qəlbdə iman olmasının əlaməti küfrdən təbərri etmək, qaçmaq, kafirlikdən, kafirlərə məxsus olan şeylərdən, məsələn, belinə zünnar bağlamaq və bunun kimi kafirlik əlaməti olan şeyləri işlətməkdən çəkinməkdir. Küfrdən təbərri Allahu təalanın düşmənlərini sevməmək deməkdir. Kafirlər güclü, hakim olub zərərlərindən qorxulduğu zaman qəlbi ilə sevməmək, qorxu olmadığı zaman isə həm qəlb ilə, həm də hər vasitə ilə qarşı durmaq lazımdır. Allahu təala Qurani-kərimdə sevgili Peyğəmbərinə kafirləri və münafiqləri sevməməyi, çalışıb onlardan üstün olmağı əmr edir. Çünki Allahu təalanın və Peyğəmbərinin düşmənlərindən uzaq olmadıqca, O və Rəsulu sevilmiş olmaz və “sevirəm” demək doğru olmaz.
Bir kimsə “imanım var” desə, lakin küfrdən təbərri etməsə, həm müsəlmanlığa, həm də dinsizliyə inanmış, iki dinli olmuş olur ki, belələrinə “Mürtəd” deyilir. Bunlara münafiq gözü ilə baxmaq lazımdır. Qəlbdə iman olması üçün küfrdən təbərri əlbəttə lazımdır. Bu təbərrinin ən aşağı dərəcəsi qəlb ilə təbərridir. Ən yüksək, ən yaxşı dərəcəsi isə həm qəlb ilə, həm də qalıb ilə olmasıdır. Yəni qəlbdəki ayrılığı söz ilə, hərəkət ilə bildirməkdir. Farsca misranın tərcüməsi:
İbrahim əleyhissəlamın bu qədər böyük olması, bütün insanlar arasında ikinciliyi qazanması və Peyğəmbərlərin atası olmaqla şərəflənməsi hamısı Allahu təalanın düşmənlərindən təbərri etməsi səbəbi ilə idi. Allahu təala “Mümtəhinə” surəsində mealən belə buyurur: (Ey möminlər! İbrahim əleyhissəlamın göstərdiyi gözəl yolla gedin! Yəni siz də onun kimi və onunla birlikdə olan möminlər kimi olun! Onlar kafirlərə dedilər ki: Bizdən sevgi gözləməyin! Çünki siz Allahu təalanı dinləməyib başqalarına tapınırsınız. O tapındıqlarınızı da sevmirik. Sizin uydurma dininizə inanmırıq. Bu ayrılıq aramızda düşmənçiliyə səbəb oldu. Siz Allahu təalanın bir olduğuna inanmadıqca və əmrlərini qəbul etmədikcə, bu ayrılıq qəlbimizdən silinməyəcək, hər şəkildə özünü göstərəcəkdir.)
Bu fəqirə görə, Allahu təalanın rızasını və sevgisini qazanmaq üçün küfrdən təbərri kimi heç bir əməl və ibadət yoxdur. Kafirlərə və küfrə Allahu təalanın zatı, Özü düşməndir. İnsanların tapındıqları bütün məbudlar və bunlara tapınanlar Allahu təalanın zatının düşmənləridir. Cəhənnəmdə sonsuz yanmaq bu alçaq işin cəzasıdır.
İmam Rabbani həzrətləri “Məktubat”ın yüz altmış üçüncü məktubunda da belə buyurur:
Bu məktub əs-Seyyid və nəqib şeyx Fəridə (rahmətullahi təala əleyh) yazılmışdır. İslam ilə küfrün bir-birinin ziddi, əksi olduğunu, İslam düşmənlərini sevməməyi bildirir:
Bizə müxtəlif nemətlər verən, müsəlman etməklə şərəfləndirən və Muhamməd əleyhissəlamın ümmətindən etməklə qiymətləndirən Allahu təalaya həmd olsun! Dünya və axirət səadətlərinə, rahatlıqlarına qovuşmaq ancaq və yalnız dünya və axirətin əfəndisi, məxluqların ən üstünü, ən qiymətlisi olan Muhamməd əleyhissəlama uymaqla, Onun izi ilə getməklə əldə edilə bilər. O uca Peyğəmbərə, Onun təmiz Əhli-beytinə və Əshabının hamısına ən yaxşı dualar və ən üstün salamlar olsun!
Muhamməd əleyhissəlama uymaq əhkami-islamiyyəyə, yəni islamiyyətə uymaq və küfrü, kafirliyi yox etməyə çalışmaq deməkdir. Çünki islam ilə küfr bir-birinin ziddidir, əksidir. Birinin olduğu yerdə o biri ola bilməz, gedər. Bu iki zidd şey bir yerdə ola bilməz. Birinə qiymət vermək o birini alçaltmaq olar. Qurani-kərimdə, Tövbə surəsinin yetmiş üçüncü ayəsində mealən: (Ey uca Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı cihad et! Onlara qarşı sərt davran!) buyuruldu. Xülqi-əzim sahibi olan, çox mərhəmətli olan Peyğəmbərinə [İslam dininə və müsəlmanlara hücum edən] kafirlərlə cihad etməyi, onlara qarşı sərt davranmağı əmr edir.
Bundan anlaşılır ki, İslama hücum edənlərə qarşı sərt davranmaq da xülqi-əzimdir. İslama izzət vermək, qiymətini artırmaq üçün küfrü və kafirləri, yəni İslam dininə və müsəlmanlara hücum edənləri pisləmək, onları aşağı tutmaq lazımdır. Belə kafirlərə qiymət vermək, onları yüksək tutmaq İslamiyyəti və müsəlmanları pisləmək, alçaltmaq olar. Kafirlərə qiymət vermək, onları üstün tutmaq, qarşılarında əyilmək olmaqla bərabər, onlarla birlikdə olmaq, danışmaq, görüşmək də onlara qiymət vermək olar. İslam düşmənlərindən, İslamiyyətə hücum edənlərdən itdən qaçan kimi qaçmaq, onların murdar və alçaq olduqlarını bilmək lazımdır. İslam dininə hücum edən bir mövqe, məqam sahibi olarsa və bir müsəlmanın bu kimsəyə bir işi düşərsə və bu işi mütləq onun görməsi lazım gələrsə, ayaqyoluna gedən kimi, işi bitənə qədər onun yanına gedilir. Lakin yenə də o alçağa qiymət verəcək bir söz deyilməz və belə bir hərəkət edilməz. Kamil bir müsəlman onun üzünü görməmək üçün o işindən belə vaz keçər. Onun zəhərli, zərərli sözlərini eşitməkdən, cəhənnəmlik üzünü görməkdən qurtular. Allahu təala Qurani-kərimdə belə kafirlərin Özünə və sevgili Peyğəmbərinə düşmən olduqlarını bildirir.
Allahu təalanın və Onun Rəsulunun düşmənləri ilə [müsəlmanlara mürtəce deyənlərlə] oturub-durmaq, o alçaqlarla dostluq etmək böyük cinayət, çox çirkin bir günah olar. Bu kimsələrlə görüşmək, dostluq etmək müxtəlif zərərlərə səbəb olar. Bu zərərlərin ən kiçiyi budur ki, insan onların arasında Allahın əmrlərini yerinə yetirə bilməz. Küfrə səbəb olan şeylərdən çəkinə bilməz. Bu vəzifələri etməkdən sıxılar. Dostlarından utanar. Çox kiçik görünən bu zərər, diqqət edilərsə, çox böyükdür. Allahu təalanın dininə hücum edənlərlə dostluq etmək, onlarla görüşmək insanı Allahu təalaya və Onun Peyğəmbərinə (aleyhissalatü vəssəlam) düşmən olmağa qədər sürükləyər.