NAMAZI POZAN ŞEYLƏR: Bilərəkdən və ya səhvən namazı pozan şeylər Hənəfi məzhəbində 55-ə qədər bəyan olunur:
1. Dünya kəlamı söyləmək.
2. Özü eşidəcək qədər gülmək.
3. Əməli kəsir deyilən şeyi etmək. (Əməli kəsir, namaz qılarkən bir rükndə namazdan sayılmayan və bir üzvlə ard-arda edilən üç hərəkət və ya iki əl ilə edilən bir hərəkətdir.)
4. Fərzlərdən birini üzrsüz tərk etmək.
5. İxtiyarsız fərzin birini tərk etmək.
6. Dünya işi üçün yüksək səslə ağlamaq.
7. Üzrsüz boğazını arıtlamaq, öskürmək.
8. Saqqız çeynəmək.
9. Bir rükndə üç dəfə bir yerini qaşımaq, yaxud əlini qaldıraraq bir-birinə vurmaq.
10. Əllə görüşmək.
11. Özü eşidəcək qədər səslə iftitah təkbirini almamaq.
12. Özü eşidəcək qədər oxumamaq.
13. Biri çağırdıqda, “Lə havlə vələ quvvətə illə billahil-aliyyilazım”, və ya “Sübhanallah”, “La ilahə illallah” demək. Namazda olduğunu bildirmək üçün söylənsə, namaz pozulmaz. Soruşana cavab məqsədi ilə söylənsə, pozular.
14. Qəsdlə salam almaq.
15. Ağızda olan şəkər kimi şeylərin dadını duyub, suyunun boğaza qaçması.
16. Açıq havada namaz qılarkən, ağzını havaya açdıqda yağan yağışın və ya dolunun boğaza qaçması.
17. Heyvanın cilovunu (yedək, xalta) üç dəfə dartmaq.
18. Üç dəfə əlini qaldırmaq, yaxud üç dəfə əzərək bit, birə və bənzərlərini öldürmək.
19. Bir rükndə üç qıl qoparmaq.
20. Üç hərf olaraq yuf, püf kimi sözlər demək.
21. At üstündə islamiyyətə uyğun olaraq namaz qılarkən, bir ayağı ilə üç dəfə üzəngini dürtmək.
22. İki ayağı ilə bir dəfə üzəngini dürtmək.
23. İmamdan irəlidə durmaq.
24. Üzrsüz olaraq bir səf qədər yürümək.
25. Saçını və saqqalını daramaq.
26. İmam kişiylə qadın üçün imamətə niyyət etdikdə, kişi və qadının bir sırada durub imama uyaraq yan-yana namaz qılması. (Eyni səfdə, yəni yan-yana olmazlarsa və ya aralarında pərdə varsa caizdir. Qadınların və qızların məscidə getmək üçün və ya hər hansı bir səbəbdən başları, qolları, bir sözlə övrət yerləri açıq şəkildə küçəyə çıxmaları haramdır. Bu halda etdikləri ibadətlər savab deyil, böyük günah olar.)
27. Öz imamından başqasına fəth etmək, yəni imam qiraətdə dursa, oxumasına yardım etmək.
28. Bir qadın heç kəs olmayan yerdə imama uyarsa, sonradan gələn camaatın təşkil etdikləri səflər o qadının olduğu yerə qədər yayılsa, onun sağında, solunda və arxasında namazda olan üç nəfərin namazı pozulur.
29. Uşağını qucaqlamaq.
30. Bir şey yemək və ya içmək.
31. Dişin arasında qalan noxud boyda şeyi udmaq.
32. İki əllə paltarın yaxasını birləşdirmək, başdakı örtüyü əllə çıxarmaq, yaxud çıxarıb geyinmək.
33. Bir müsibət eşitdikdə, “İnnə lillah və innə ileyhi raci-un”, demək.
34. Bir xoş xəbər eşitdikdə, “Əlhamdülilləh” demək.
35. Bir qavlə görə, kimsə namaz içində asqırıb “Əlhamdülilləh” deyərsə.
36. Yanındakının asqırmağına “Yərhamükəllah” demək.
37. Başqası asqıranda “Yəhdikümüllah” demək.
38. Ərin namaz qılan xanımını öpməsi.
39. Namaz içində dua edərkən qızıl, gümüş və digər dünya sərvətlərinə aid bir şey istəmək.
40. Sinəni qiblədən döndərmək. Qiblə cəhətini iki yolla bilmək olur: 1. Qiblə bucağı ilə. 2.Qiblə saatı ilə. 1-Xəritə üzərində bir şəhər ilə Məkkə arasında bir xətt çəkilsə, onun istiqaməti “Qiblə xətti” olur. Onun cənubdan fərqi “Qiblə yönü” olur. 2-Təqvimdə yazılmış “qiblə saatı” vaxtında günəşə tərəf dönən, qibləyə dönmüş olur. Kədusi haşiyəsində deyir ki: “Rübi-dairədə müri ayarlandıqdan sonra qiblə qövsünə gətirildikdə, xeytin qövsi-irtifa üzərində göstərdiyi dərəcənin təmamisi İstanbulda qiblə vaxtının fəzli-dair dərəcəsi olur”. Bir saatı üzü səmaya doğru, saat əqrəbini günəşə doğru tutduqda, saat əqrəbi ilə 12 arasındakı bucağın orta xətti cənubu göstərir.
41. Səcdədə iki ayağı yerdən qaldırmaq.
42. Quranı mənası pozulacaq qədər səhv oxumaq.
43. Qadının uşağını əmizdirməsi.
44. Başqasının sözü ilə yerini dəyişdirmək.
45. Heyvana üç qamçı vurmaq.
46. Bağlı qapını açmaq.
47. Üç hərfə qədər yazı yazmaq.
48. Üst geyimi geymək.
49. Qəza namazı altıdan az olduqda, bunları namaz içində xatırlamaq.
50. Gəmidə, vaqonda və heyvan üzərində üzrlü olaraq fərz namazı qılarkən qiblədən başqa yerə dönmək.
51. Heyvanın üzərinə yük qoymaq.
52. Qəlbən mürtəd olmaq.
53. Cünub olmaq və ya qadının adət halında olması.
54. İmam dəstəmazının pozulduğunu zənn edərək yerinə başqasını keçirsə.
55. Mənanı pozacaq dərəcədə hərfləri dəyişdirməklə Qurani-kərim oxumaq. (İbn Abidin (rahiməhullahu təala) namazın sünnətlərini anlatmağa başlayarkən deyir ki, “Namaz xaricindəkinə uyaraq qılınan namaz səhih olmaz. İmamın və müəzzinin camaata eşitdirəcək miqdardan artıq səs çıxarmaları məkruhdur. İmam və müəzzin namaza durmaq üçün təkbir alarkən, namaza başlamağa niyyət etməlidir. Yalnız camaata eşitdirməyi niyyət etsələr, namazları səhih olmaz. Onlara uyanların da namazları səhih olmaz. İmamın səsi çatdığı halda müəzzinin də namaz içindəki təkbirləri söyləməsi məkruhdur və çirkin bidətdir. Ehtiyac olduqda söyləməsi müstəhəb olsa da, təğənni etməyi düşünərsə, namazı pozular”. Buradan da aydın olur ki, imamın və müəzzinin səs gücləndirici ilə camaata səslərini eşitdirmələri həm camaatın namazını pozar, namazları səhih olmaz, həm də çirkin bidət olar. Bidət işləmək böyük günahdır. Başqa yerdə namaz qıldırarkən televizorda görülən və səsi də eşidilən imama uymağın səhih olmadığı Hindistan alimlərinin Malappuram şəhərində çıxardıqları “Əlmuallim” məcmuəsinin Rəbbiul-əvvəl 1406 və Dessembr (dekabr) 1985 tarixli, on iki saylı nüsxəsində dəlillərlə yazılmışdır.)
NAMAZI POZMAYANLAR: Öndə boş səf olduqda, bir və ya iki addım yürüyərək o yerə çatmaq mümkün olarsa; başqasına cavab olmaması məqsədilə amin demək; qaşla və ya gözlə kiminsə salamını almaq; birisi gəlib neçə rükət qılındığını soruşduqda, ona barmaqlarla işarə etmək.
Salət, lüğətdə Allahu əzimüşşandan rəhmət, mələklərdən istiğfar və möminlərdən dua etməyə deyilir. Termin olaraq mənası, əfali-məlumə (bəlli işlər) və ərkani-məxsusə (xüsusi rüknlər) deməkdir ki, buna da dilimizdə namaz qılmaq deyilir. Əfali malumə, namazın xaricində etdiyimiz əməllərə, ərkanı mahsusa, namaz içində olan rüknlərə deyilir ki, ancaq namaza məxsusdur.
Bir gün Rəsulullah (sallallahu əleyhi və səlləm) Həzrət Əli (kərrəmallahü vəchəhü və radıyallahu anh) həzrətlərinə səadətlə: “Ya Əli! Sənin namazın fərzinə, vacibinə, sünnətinə, müstəhabına riayət etmən gərəkdir” buyurduqlarında, ənsardan bir zat dedi ki, “Ya Rəsulallah! Həzrət Əli bunların hamısını bilir. Bizə bir namazın fərzinə, vacibinə, sünnətinə, müstəhabına riayət etməyin fəzilətini bəyan buyur. Biz də ona uyğun əməl edək”. Rəsulullah (sallallahu əleyhi və səlləm) həzrətləri buyurdu ki: “Ey mənim ümmətim və Əshabım! Namaz, Allahu əzimüşşanın xoşladığıdır. Mələklərin sevdiyidir. Peyğəmbərlərin sünnətidir. Mərifətin nurudur. Əməlin ən yaxşısıdır. Bədənin qüvvətidir. Ruzinin bərəkətidir. Canın nurudur. Duanın qəbuludur. Ölüm mələyinə şəfaətcidir. Qəbirdə çıraqdır. Münkər və Nəkir həzrətlərinə cavabdır. Qiyamət günündə üzərinizə kölgədir. Cəhənnəm ilə aranızda pərdədir. Sıratı ildırım sürətiylə keçirəndir. Cənnətdə başınıza tacdır. Cənnətin açarıdır.”
İnsanın şərəfi elm və ədəblədir.
Sanma ki, şərəf, mal və nəsəblədir!