Hakikat Books
English

Chapter 48 / 73

Namazın əhəmiyyəti

Questions answered in this chapter (10)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Namazın əhəmiyyəti hansı kitabda və necə bildirilir? draft Report an error
  2. Namaza niyə “salat” deyilir və namazda nələr edilir? draft Report an error
  3. Namazın əhəmiyyəti haqqında hansı hədisi-şəriflər nəql edilir? draft Report an error
  4. Qızı və qadını tayına (küfvünə) vermək nə deməkdir və niyə lazımdır? draft Report an error
  5. Namazı vaxtında qılmağın Allah yanındakı dəyəri haqqında hansı hədis vardır? draft Report an error
  6. Namazı vaxtın əvvəlində qılmaq məzhəblərə görə necədir? draft Report an error
  7. “Əməllərin ən fəzilətlisi namazı ilk vaxtında qılmaqdır” hədisi nəyi bildirir? draft Report an error
  8. Nafilə namazlar və sünnətlər haqqında Əhli-sünnət alimləri nə bildirir? draft Report an error
  9. Fərzlərin yanında nafilə ibadətlərin dəyəri nədir? draft Report an error
  10. Beş vaxt namazın sünnətləri nafilədirmi? draft Report an error

“Əşiat-ül-ləməat” kitabında namazın əhəmiyyətini bildirən müxtəlif Hədisi-şəriflər vardır. Bu kitab “Mişkat-ül Məsabih” hədis kitabının farsca şərhidir. Hindistandakı islam alimlərinin böyüklərindən olan Abdülhak ibn Seyfüddin Dəhləvi (rahiməhullahu təala) yazmışdır. 1384-cü (miladi 1964) ildə Lüknov şəhərində doqquzuncu dəfə çap olunmuşdur. Dörd cilddir. “Məsabih” kitabını Muhyissünnə Hüseyn Bəqavi (rahiməhullahu təala) yazmışdır. Muhamməd Vəliyyüddin (rahiməhullahu təala) bu kitabı şərh edərək “Mişkat-ül Məsabih” adını vermişdir. Abdülhak Dəhləvi 1052-ci (miladi 1642) ildə Dehlidə vəfat etmişdir.

Ərəbcə namaza “Salət” deyilir. Salət əslində dua, rəhmət və istiğfar deməkdir. Namazda bu üç mənanın hamısı olduğu üçün namaza salət deyilmişdir.

1-Əbu Hürəyrə (radıyallahu anh) bildirir. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurmuşdur: “Beş vaxt namaz və Cümə namazı gələcək Cüməyə qədər, Ramazan orucu gələcək Ramazana qədər edilən günahlara kəffarədirlər. Böyük günah işləməkdən çəkinənlərin kiçik günahlarının əfvinə səbəb olurlar.” Arada işlənmiş olan kiçik günahlardan qul haqqı olmayanları yox edirlər. Kiçik günahları əfv edilərək bitmiş olanların böyük günahları üçün olan əzablarının zəifləməsinə səbəb olurlar. Böyük günahların əfv edilməsi üçün tövbə etmək də lazımdır. Böyük günahı olmayanın dərəcəsinin yüksəlməsinə səbəb olurlar. Bu Hədisi-şərif “Müslim”də yazılmışdır. Beş vaxt namazı qüsurlu olanların əfv olmasına Cümə namazları səbəb olur. Cümə namazları da qüsurludursa, Ramazan orucları səbəb olur.

2-Yenə Əbu Hürəyrə (radıyallahu anh) bildirir. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurmuşdur: “Qapısının önündə axar su olan bir şəxs bu suda hər gün beş dəfə yuyunsa, bədənində kir qalarmı?” Əshab-ı kiram cavab verərək, xeyr, heç kir qalmaz, ya Rəsulallah, dedilər. “Beş vaxt namaz da belədir. Beş vaxt namaz qılanların kiçik günahlarını Allahu təala yox edər.” buyurdu. Bu Hədisi-şərif “Buxari” və “Müslim”də yazılmışdır.

3-Abdullah ibn Məsud (radıyallahu anh) deyir ki, biri yad bir qadını öpmüşdür. Yəni Ənsardan biri xurma satırdı. Bir qadın xurma almaq üçün gəlmişdi. Qadına qarşı heyvani hissləri oyandı. Evdə daha yaxşısı var, gəl ondan verim, dedi. Evə gəldikdə qadını qucaqlayıb, öpdü. Qadın: “Nə edirsən, Allahdan qorx!” dedi. O da peşman oldu. Rəsulullahın yanına gəlib, etdiklərini söylədi. Rəsulullah (sallallahu əleyhi və səlləm) ona cavab vermədi, Allahu təaladan vəhy gözlədi. Sonra o şəxs namaz qıldı. Allahu təala Hud surəsinin 114-cü ayəsini göndərdi. Bu ayəti kərimədə buyruldu: “Günün iki tərəfində və günəş batarkən namaz qıl! Yaxşılıqlar pislikləri əlbəttə yox edər.” Günün iki tərəfi zöhrdən əvvəl və sonra deməkdir. Yəni sübh, zöhr və əsr namazlarıdır. Gündüzə yaxın olan gecə namazı da şam və İşa namazlarıdır. Bu ayəti kərimədə hər gün beş vaxt namazın günahların əfv edilməsinə səbəb olduğu bildirilir. Bu şəxs “Ya Rəsulallah! Bu müjdə yalnız mənim üçündür, yoxsa bütün ümmət Bu Hədisi-şərif iki Səhihdə də yazılmışdır. “Bütün ümmətim üçündür.” buyurdu.

4-Ənəs ibn Malik (radıyallahu anh) deyir ki, bir şəxs Rəsulullahın (sallallahu əleyhi və səlləm) yanına gəlib, dedi: “Had cəzası veriləcək bir günah işlədim. Mənə had cəzası vur!” Rəsulullah ondan nə günah işlədiyini soruşmadı. Namaz vaxtı gəldi, birlikdə qıldıq. Rəsulullah (sallallahu əleyhi və səlləm) namazını bitirdikdə o şəxs ayağa qalxıb yenə dedi: “Ya Rəsulallah (sallallahu əleyhi və səlləm)! Mən had cəzası veriləcək bir günah işlədim. Allahu təalanın kitabında əmr olunan cəzanı mənə ver!” Rəsulullah (sallallahu əleyhi və səlləm): “Sən bizimlə birlikdə namaz qılmadınmı?” buyurdu. “Bəli, qıldım” dedi. “Üzülmə, Allahu təala günahını əfv eylədi!” buyurdu. Bu Hədis iki səhih kitabda yazılmışdır. Bu şəxs had lazım olan böyük günah işlədiyini zənn etmişdi. Namaz qılarkən əfv olması bunun kiçik günah olmasını göstərir. Yaxud had deyərkən, kiçik günahların qarşılığı olan “Tazir” cəzasını nəzərdə tuturdu. İkinci sualında “Mənə had cəzası vur!” deməməsi də bunun belə olduğunu göstərir. Tazir cəzası qəbahətə və şəxsə görə dəyişən tənbeh, xəbərdarlıq, danlamaq və döymək kimi cəzalara deyilir.

5- Abdullah ibn Məsud (radıyallahu anh) deyir ki, Allahu təalanın ən çox hansı əməli sevdiyini Rəsulullahdan (sallallahu əleyhi və səlləm) soruşduqda “Vaxtında qılınan namaz” buyurdu. Bəzi Hədisi-şəriflərdə “Vaxtın əvvəlində qılınan namazı çox sevər” buyrulmuşdur. Ondan sonra hansını çox sevdiyini soruşduqda “Anaya-ataya yaxşılıq etməyi”, sonra “Allah yolunda cihad etməyi” buyurdu. Başqa bir Hədisi-şərifdə “Əməllərin ən yaxşısı yemək yedirməkdir”, “Salam verməyi yaymaqdır”, “Gecə hər kəs yatarkən namaz qılmaqdır”, “Ən qiymətli əməl əlindən və dilindən kimsənin inciməməsidir”, “Ən qiymətli əməl cihaddır”, “Ən qiymətli əməl həcci-məbrurdur (yəni heç günah işləmədən edilən həccdir)”, “Allahı zikr etməkdir”, “Davamlı olan əməldir” deyə buyurduğu hədisi-şərifləri də vardır. Sualı soruşanların hallarına uyğun, yaxud zamana uyğun müxtəlif cavablar verilmişdir. Məsələn, islamın başlanğıcında əməllərin ən yaxşısı, ən qiymətlisi cihad idi. [İndiki zamanda əməllərin ən yaxşısı yazı ilə, nəşriyyat ilə kafirlərə, məzhəbsizlərə cavab vermək, Əhli sünnət etiqadını yaymaqdır. Belə cihad edənlərə pul ilə, mal ilə, bədən ilə yardım edənlər də onların qazandıqları savaba ortaq olurlar. Ayəti kərimələr, Hədisi-şəriflər namazın zəkatdan, sədəqədən daha qiymətli olduğunu göstərir. Lakin ölüm ayağında olan şəxsə bir şey verib ölümdən qurtarmaq namaz qılmaqdan daha qiymətli olar.]

6-Cabir ibn Abdullah xəbər verir: Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki, “İnsan ilə küfr arasındakı sərhəd namazı tərk etməkdir.” Çünki namaz insanı küfr etməkdən qoruyan pərdədir. Bu pərdə aradan qalxdıqda qul küfrə yönəlir. Bu Hədisi-şərif “Müslim”də yazılmışdır və namazı tərk etməyin çox pis olduğunu göstərir. Əshabı-kiramdan çox adam namazı üzrsüz tərk edənin kafir olacağını demişlər. Şafii və Maliki məzhəblərində kafir olmasa da, öldürülməsi vacibdir. Hənəfi məzhəbində namaz qılana qədər həbs olunur və döyülür.

7-Übadə ibn Samit (radıyallahu anh) xəbər verir: Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki, “Allahu əzimüşşan beş vaxt namaz qılmağı əmr etdi. Bir şəxs gözəl dəstəmaz alıb, namazları vaxtında qılarsa və rükularını, huşularını tam yerinə yetirərsə, Allahu təala onu əfv edəcəyinə söz vermişdir. Bunları etməyənlər üçün isə söz verməmişdir. Etməyənləri istərsə əfv edər, istərsə də əzab verər.” Bu Hədisi-şərifi İmam Əhməd, Əbu Davud və Nəsai bildirmişdir. Göründüyü kimi namazın şərtlərinə, rüku və səcdələrinə diqqət etmək lazımdır. Allah sözündən dönməz. Doğru-dürüst namaz qılanları mütləq əfv edər.

8-Əbu Əmaməi Bahili (radıyallahu anh) xəbər verir: Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki, “Beş vaxt namazınızı qılın! Bir ayınızı da oruc tutun! Mallarınızın zəkatını verin! Başınızda olan rəhbərlərə itaət edin! Rəbbinizin Cənnətinə girin!” Göründüyü kimi hər gün beş vaxt namaz qılan, Ramazan ayında oruc tutan, malının zəkatını verən və Allahu təalanın yer üzündə xəlifəsi olan rəhbərlərin islamiyyətə uyğun əmrlərinə itaət edən bir müsəlman Cənnətə gedəcəkdir. Bu Hədisi-şərifi İmam Əhməd və Tirmüzi bildirmişdir.

9-Əshabı-kiramın məşhurlarından Bürəydəi Əsləmi (radıyallahu anh) xəbər verir: Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki, “Sizinlə aramızda olan əhd namazdır. Namazı tərk edən kafir olar.” Buradan namaz qılanın müsəlman olduğu aydın olur. Namaza əhəmiyyət verməyən, namazı birinci vəzifə qəbul etmədiyi üçün qılmayan kafir olur. Bu Hədisi-şərifi İmam Əhməd, Tirmüzi, Nəsai və İbn Macə bildirdi.

10-Əbu Zəri Ğifari (radıyallahu anh) deyir ki, payız günlərindən birində Rəsulullah (sallallahu əleyhi və səlləm) ilə birlikdə küçəyə çıxdıq. Yarpaqlar tökülürdü. Bir ağacdan iki budaq qopardı. Onların yarpaqları dərhal töküldü. “Ya Əbu Zər! Bir müsəlman Allah rızası üçün namaz qıldıqda bu budaqların yarpaqları töküldüyü kimi günahları tökülər.” buyurdu. Bu Hədisi-şərifi İmam Əhməd xəbər verdi.

11-Zeyd ibn Xalid Cühəmi xəbər verir: Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki, “Bir müsəlman doğru olaraq və huşu ilə iki rükət namaz qıldıqda keçmiş günahları əfv olar.” Yəni kiçik günahlarının hamısı əfv olar. Bu Hədisi-şərifi İmam Əhməd (rahiməhullahu təala) bildirdi.

12-Abdullah ibn Əmr ibn As “radıyallahu təala anhuma” xəbər verir: Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki, “Bir şəxs namazı vaxtında qılarsa, bu namaz qiyamət günü nur və sübut olur, Cəhənnəmdən qurtulmasına səbəb olur. Namazı mühafizə etməzsə, nur və sübut olmaz, qurtuluş tapmaz. Karun, Firon, Haman və Übey ibn Haləf ilə birlikdə olar.” Göründüyü kimi bir şəxs namazı fərzlərinə, vaciblərinə, sünnətlərinə və ədəblərinə uyğun qılarsa, bu namaz qiyamətdə nur içində olmasına səbəb olur. Belə namaz qılmağa davam etməzsə, qiyamət günü adı çəkilən kafirlərlə bərabər olar. Yəni Cəhənnəmdə şiddətli əzab çəkər. Übey ibn Haləf Məkkə kafirlərinin azğınlarından idi. Uhud qəzasında Rəsulullah (sallallahu əleyhi və səlləm) mübarək əli ilə onu Cəhənnəmə göndərdi. Bu Hədisi-şərifi İmam Əhməd, Beyhəki və Darimi bildirmişlər.

13-Tabiinin (Səhabələri görən və onlardan dərs alan alimlər) böyüklərindən, Abdullah ibn Şakik (rahiməhullahu təala) deyir ki: “Əshabı-kiram (radıyallahu anhum), ibadətlər içində yalnız namazı tərk etməyin küfr olduğunu söyləmişlər.” Bunu Tirmüzi bildirdi. Abdullah ibn Şakik Ömərdən, Əlidən, Osmandan və Aişədən (radıyallahu anhum) Hədisi-şəriflər rəvayət etmişdir. Hicrətin 108-ci ilində vəfat etmişdir.

14-Əbüddərda (radıyallahu anh) deyir ki, çox sevdiyim mənə dedi ki, “Parça-parça parçalansan, atəşdə yandırılsan belə Allahu təalaya heç bir şeyi şərik qoşma! Fərz namazları tərk etmə! Fərz namazları bilə-bilə tərk edən müsəlmanlıqdan çıxar. Şərab içmə! Şərab bütün pisliklərin açarıdır.” Göründüyü kimi, fərz namazlara əhəmiyyət verməyib tərk edən kafir olur. Tənbəlliklə tərk edən kafir olmasa da, böyük günah olar. İslamiyyətin bildirdiyi beş üzrlü səbəbdən biri ilə qaçırmaq günah deyildir. Şərab və spirtli içkilərin hamısı ağlı aparır. Ağlı olmayan hər pisliyə əl ata bilər.

15-Əli (radıyallahu anh) xəbər verir. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki: “Ey Əli! Üç şeyi etməyi gecikdirmə: Vaxtı gəldikdə namazı dərhal qıl! Cənazə hazırlandıqda namazını dərhal qıl! Bir qızın küfvünü tapdıqda dərhal evləndir!” Bu Hədisi-şərifi Tirmüzi (rahiməhullahu təala) bildirdi. Cənazə namazını gecikdirməmək üçün məkruh olan üç vaxtda da qılmaq lazımdır.

[[Göründüyü kimi, qadını, qızı küfvünə, yəni tayına vermək lazımdır. Küfv demək zəngin olmaq, gəliri çox olmaq demək deyildir. Küfv olmaq, kişinin saleh müsəlman olması, Əhli sünnət etiqadında olması, namaz qılması, içki içməməsi, yəni islamiyyətə uyması və nəfəqə qazanacaq qədər iş sahibi olması deməkdir. Kişinin yalnız varlı olmasını, imarət sahibi olmasını istəyənlər qızlarını fəlakətə sürükləmiş, Cəhənnəmə atmış olurlar. Qız namaz qılmalı, başı, qolu açıq küçəyə çıxmamalı, məhrəm olmayan qohumları ilə belə yalnız qalmamalıdır.]]

16-Abdullah ibn Ömər “radıyallahu anhümə” xəbər verir. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki: “Namazlarını vaxtları gəldikdə dərhal qılanlardan Allahu təala razı olur. Vaxtlarının sonunda qılanları da əfv edər”. Bu Hədisi-şərifi Tirmüzi (rahiməhullahu təala) bildirdi.

Şafii və hənbəlidə hər namazı vaxtının əvvəlində qılmaq əfzəldir. Maliki məzhəbi də buna yaxındır. Ancaq çox isti olduqda, yalnız qılanın zöhr namazını gecikdirməsi əfzəl olur. Hənəfi məzhəbində sübh və işa namazlarını gecikdirmək və isti vaxtlarda zöhrü hava sərinləşdikdə qılmaq əfzəldir. [[Lakin zöhrü imameynin qövlünə görə əsr vaxtı girmədən, əsr və işanı da İmam Əzəmə görə vaxtı girən kimi qılmaq yaxşı olur, ehtiyatlı olur. Təqva əhli olanlar hər işlərində ehtiyatlı davranırlar.]]

17-Ümmi Fərvə “radıyallahu anha” xəbər verir. Rəsulullahdan (sallallahu əleyhi və səlləm) hansı əməlin daha yaxşı olduğu soruşuldu: “Əməllərin ən yaxşısı vaxtının əvvəlində qılınan namazdır”, buyurdu. Bu Hədisi-şərifi imam Əhməd, Tirmüzi və Əbu Davud (rahiməhumullahu təala) bildirdilər. Namaz ibadətlərin ən üstünüdür. Vaxtı girən kimi qıldıqda daha üstün olur.

18-Aişə “radıyallahu anha” deyir ki, Rəsulullahın (sallallahu əleyhi və səlləm) namazını axır vaxtında qıldığını ikinci dəfə görmədim.

19-Ümmi Həbibə “radıyallahu anha” xəbər verir. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki: “Bir müsəlman qul hər gün fərz namazlardan başqa 12 rükət tetavvu olaraq namaz qılarsa, Allahu təala ona Cənnətdə bir köşk tikər.” Bu Hədisi-şərif “Müslim”də yazılmışdır. Göründüyü kimi, hər gün beş vaxt fərz ilə qılınan sünnət namazlara Rəsulullah (sallallahu əleyhi və səlləm) tetavvu, yəni nafilə namaz deməkdədir.

20-Tabiinin böyüklərindən Abdullah ibn Şakik (rahiməhullahu təala) deyir ki, Rəsulullahın (sallallahu əleyhi və səlləm) tetavvu namazlarını, yəni nafilə namazlarını Həzrəti Aişədən “radıyallahu anha” soruşdum. “Zöhrün fərzindən əvvəl dörd, sonra iki, məğribin və İşanın fərzlərindən sonra iki, sübh namazının fərzindən əvvəl iki rükət qılardı” dedi. Bu xəbəri Müslim və Əbu Davud (rahimə-hümallahü təala) bildirdilər.

21-Aişə “radıyallahu anha” dedi ki: “Rəsulullahın (sallallahu əleyhi və səlləm) nafilə ibadətlərdən ən çox davam etdiyi, sübh namazının sünnəti idi.” Bu xəbər, “Buxari” və “Müslim”də yazılmışdır. Aişə “radıyallahu anha” beş vaxt namazda qılınan sünnət namazlara nafilə namaz deməkdədir.

[[Böyük islam alimi, azğınlara, məzhəbsizlərə qarşı Əhli-sünnətin ən qüvvətli hamisi, Allahu təalanın seçdiyi dini yayan, bidətləri yıxan böyük mücahid, İmam Rabbani mücəddidi əlfi sani Əhməd ibn Abdül-əhad Faruki Sərhəndi (rahmətullahi əleyh) islam dinində bir bənzəri yazılmamış olan “Məktubat” kitabının birinci cildinin 29-cu məktubunda buyurur ki:

Allahu təalanın razı olduğu işlər, fərzlər və nafilələrdir. Fərzlərin yanında nafilələrin heç qiyməti yoxdur. Bir fərzi vaxtında qılmaq, min il dayanmadan nafilə ibadət etməkdən daha qiymətlidir. Hər növ nafilə, məsələn, namaz, oruc, zəkat, ömrə, həcc, zikr, fikir, hamısı buna aiddir. Hətta bir fərzi yerinə yetirərkən onun bir sünnətini, bir müstəhəbini yerinə yetirmək də, başqa nafilələri etməkdən qat-qat daha qiymətlidir. Əmir-ül-müminin Ömər-ül-Faruk (radıyallahu anh) bir gün sübh namazını qıldırarkən, camaat arasında birini görməyib səbəbini soruşdu. “O hər gecə nafilə ibadət edir, bəlkə yuxuya qalıb, camaata gələ bilməmişdir”, dedilər. Ömər-ül-Faruk (radıyallahu anh) buyurdu: “Bütün gecəni yatıb, sübh namazını camaatla qılsaydı daha yaxşı olardı.” Göründüyü kimi, bir fərzi yerinə yetirərkən, müstəhəblərindən birini icra etmək və bir məkruhundan çəkinmək, zikrdən, fikirdən və müraqibədən qat-qat daha qiymətlidir. Əlbəttə, bu zikr və nafilələr o müstəhəbləri etməklə və məkruhlardan çəkinməklə bərabər yerinə yetirilərsə, təbii ki, çox faydalı olar. Lakin onlarsız olduqda, bir işə yaramazlar. Bunun kimi, bir manat zəkat vermək minlərlə manat nafilə sədəqə verməkdən daha yaxşıdır. O bir manatı verərkən bir müstəhəbinə əməl etmək, məsələn, yaxın qohuma vermək də o nafilə sədəqədən qat-qat daha yaxşıdır. [[Gecə namaz qılmaq istəyənlərin qəza qılmalı olduğu buradan aydın görünür. Allahu təalanın əmrlərinə “Fərz”, qadağalarına “Haram”, Peyğəmbərimizin əmrlərinə “Sünnət”, qadağalarına “Məkruh”, bunların hamısına “Əhkamı islamiyyə” deyilir. Gözəl əxlaq sahibi olmaq, insanlara yaxşılıq etmək fərzdir. Əhkamı islamiyyənin bir hökmünə inanmayan, bəyənməyən “Kafir”, “Mürtəd” olur. Hamısına inanana “Müsəlman” deyilir. Tənbəlliklə əhkamı islamiyyəyə uymayan müsəlmana “Fasiq” deyilir. Bir fərzə, bir harama uymayan fasiq Cəhənnəmə gedəcəkdir. Onun etdiklərinin heç biri və sünnətləri qəbul olmaz, savab verilməz. Bir manat zəkat verməyənin milyonlar verərək etdiyi yaxşılıqların heç biri qəbul olmaz. Tikdirdiyi məscidlərə, məktəblərə, xəstəxanalara, xeyriyyə cəmiyyətlərinə etdiyi yardımlara savab verilməz. İşa namazını qılmayanın təravih namazı qəbul olmaz. Fərzlərdən və vaciblərdən başqa edilən ibadətlərə “Nafilə” deyilir. Sünnətlər nafilə ibadətlərdir. Bu tərifə görə, qəza namazı qılan sünnət də qılmış olur. Bir fərzi etməyin, bir haramdan çəkinməyin savabı milyonlarla nafilə savabından çoxdur. Bir fərzi etməyən, bir haram işləyən Cəhənnəmdə yanacaqdır. Nafilə ibadətləri onu Cəhənnəmdən qurtarmaz. İbadətlərdə edilən dəyişikliklərə “Bidət” deyilir. İbadət edərkən bidət işləmək haramdır və ibadətin pozulmasına səbəb olur. Hədisi-şərifdə buyrulmuşdur: “Bidət işləyənin heç bir ibadəti qəbul olmaz.” Fasiqin, məsələn, xanımı, qızı örtünməyən birinin və bidət sahibinin, məsələn, ibadətlərdə səsgücləndirici işlədənin arxasında namaz qılmaq, vəzlərini, dinlə əlaqədar uydurma nitqlərini dinləmək, kitablarını oxumaq olmaz. Dosta da, düşmənə də gülər üz və şirin dil göstərmək, heç kimlə münaqişə etməmək lazımdır. Hədisi-şərifdə buyruldu: “Axmağa cavab verilməz.” İbadətlər qəlbin təmizliyini artırır. Günahlar qəlbi qaraldır, feyzləri almaz olur. Hər müsəlmanın imanın şərtlərini, fərzləri və haramları öyrənməsi fərzdir. Bilməməsi üzrlü səbəb deyil. Yəni bilib inanmamaq kimidir.]] “Məktubat” kitabı fars dilindədir. Tərcüməsi burada tamamlandı. İmam Rabbani həzrətləri 1034-cü (miladi 1624) ildə Hindistanda, Sərhənd şəhərində vəfat etmişdir.

Yuxarıda yazılanlardan aydın olur ki, beş vaxt namazın sünnətləri də nafilə namazdır. Bunlar fərzlərlə bərabər qılındıqları üçün və qılınan fərzdəki nöqsanları tamamladıqları üçün, digər nafilə namazlardan daha üstün olurlar. Namazlara qiymət verdiyi, onları birinci vəzifə bildiyi halda bir fərz namazı üzrsüz vaxtında qılmayan bir müsəlman böyük günah işləmiş olur. O, Cəhənnəmdə Fironlarla, Haman ilə bərabər olar. Nafilə namazlar, yəni sünnətlər insanı bu böyük günahdan, bu şiddətli əzabdan qurtara bilməz. Buna görə tərk edilmiş fərz namazları qəza etmək fərzdir. Onların qəzalarını gecikdirmək də böyük günahdır. Bu artan, çoxalan günahlara son vermək lazımdır. Qəza qılmaq fərz olduğu üçün savabı, sünnətləri qılmaq savabından minlərlə qat çoxdur. Həm buna görə, həm də sünnətləri üzrlü səbəblə tərk etmək caiz olduğuna görə, hər müsəlman üzrsüz tərk etdiyi fərz namazların qəzalarını hər gün dörd vaxt namazın sünnətləri yerinə də qılmalıdır. Beləliklə qəzalarını hər zaman qılaraq böyük günahdan tezliklə qurtulmalıdır. Sübh namazının sünnətinə vacib deyən alimlər olduğu üçün sübh namazının sünnəti yerinə qəza qılmaq olmaz. Qəzalar bitdikdən sonra beş vaxt namazın sünnətləri mütəmadi olaraq qılınmalıdır. Çünki sünnətləri üzrlü səbəb olmadan qılmamaq və bunda israr etmək kiçik günahdır. Sünnətə əhəmiyyət verməyən isə kafir olur.

Üzrlü səbəblə qaçırılmış, qılınmamış namazları da dərhal qəza etmək fərz olsa da, üzrlü səbəblə qılmamaq günah olmadığı üçün onların qəzalarını sünnətləri qılacaq qədər gecikdirməyin caiz olduğunu Hənəfi alimləri demişdir. Lakin bu sözləri üzrsüz tərk edilmiş namazların qəzalarına aid deyil. Bundan başqa, caizdir demək vacibdir, yaxşıdır mənasını daşımır. Caiz deyilən çox şey vardır ki, məkruh olduqları bildirilmişdir. Məsələn, islam dövlətində yaşayan qeyri-müsəlman olan kafirlərə fitr sədəqəsi vermək caizdir, lakin məkruhdur.]]

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Share

WhatsApp Telegram X Facebook E-mail