Bütün Səhabələrin içində Rəsulullahın dörd xəlifəsi (radıyallahu təala anhum əcmain) digərlərindən üstündür. Hamısının xilafət müddəti otuz ildir. [Əshabı-kiramın (radıyallahu təala anhum əcmain) hamısının Cənnətə gedəcəyi bildirilmişdir. Heç birini pisləmək olmaz.]
Övliyanın kəraməti haqdır, doğrudur.
Bütün Vəlilərin ən üstünü həzrəti Əbu Bəkri Sıddıqdır (radıyallahu təala anh). Xilafəti haqdır. Onun birinci xəlifə olduğu, ümmətin söz birliyi ilə təsdiqlənmişdir. Rəsulullahın (sallallahu əleyhi və səlləm) qayınatasıdır. Qızı Aişə (radıyallahu anhə) anamızı, Rəsulullaha (sallallahu təala əleyhi və səlləm) ərə vermişdir. Həqiqət elmində mahirdir. Bütün malını, bir zərrəsi belə qalmayana qədər, haqq yoluna sərf etmişdir. Belinə xurma lifindən örtü geyindi. Cəbrayıl əleyhissəlam da, onun kimi geyinərək, Rəsulullahın yanına gəlir. Rəsul, onu bu halda görüb: “Ey dostum Cəbrayıl! Mən səni heç bu halda görməmişdim. Bu hal nə əcəbdir?”, deyə soruşduqda, Cəbrayıl əleyhissəlam: “Ya Rəsulallah! İndi sən məni bu halda gördün, nə qədər mələk varsa, hamısı bu haldadır. Bunun səbəbi odur ki, Allahu əzimüşşan, xitab edib: “Əbu Bəkr qulum bütün əmlakını mənim rızam üçün, mənim yolumda sərf etdi. İndi xurma lifindən örtü geyinir. Ey mənim mələklərim, siz də onun kimi geyinin”, deyərək, əmr etdi. Bütün mələklər indi bu haldadır”, deyə buyurdu. Buna görə də ona Sıddıq deyildi.
Ondan sonra Övliyanın ən üstünü, həzrət Ömərdir (radıyallahu anh). Xilafəti ümmətin söz birliyi ilə təsdiqlənmişdir. İslam elmlərində mahirdir. Bir gün, Rəsulullah (sallallahu təala əleyhi və səlləm) həzrətlərinin yanına, bir münafiqlə bir yəhudi iddia ilə gəldilər. Rəsulullah (sallallahu təala əleyhi və səlləm) həzrətləri iddialarını dinlədi. Haqq, yəhudinin lehinə çıxdı. O münafiq razılaşmadıqda, Rəsulullah (sallallahu təala əleyhi və səlləm) onlara: “Ey kişilər! Ömərin yanına gedin, sizin iddianıza baxsın!”, deyə buyurdu. Onlar həzrət Ömərin (radıyallahu anh) yanına gəldilər. Niyə gəldiniz, deyə soruşduqda, münafiq: “bu yəhudi ilə problemim var”, dedi. Həzrət Ömər (radıyallahu anh) buyurdu ki, islamiyyətin sahibi var ikən, mən bu iddiaya necə baxım? Münafiq dedi: “Biz Rəsulullaha (sallallahu təala əleyhi və səlləm) getdik, iddianı yəhudinin xeyrinə həll etdi, mən razı olmadım!”. Ömər (radıyallahu anh) onlara: “Siz gözləyin, mən indi məsələnizi həll edərəm”, deyib, içəri keçdi. Bir az sonra ətəyinin altında bir satırla onların yanına gəldi. Satırı çəkərək o münafiqin kəlləsini uçurdu və: “Rəsulullahın hökmünə razı olmayanın aqibəti budur”, dedi. Buna görə ona Ömər-ül-Faruq (radıyallahu təala anh) deyildi.
Rəsulullah (sallallahu təala əleyhi və səlləm) həzrətləri: “Haqq ilə batili bir-birindən ayırıcı, Ömərdir”, buyurdu.
Ondan sonra Övliyanın üstünü həzrət Osmanı Zinnureyndir (radıyallahu anh). Xilafəti haqdır, doğrudur. Ümmətin söz birliyi ilə təsdiqlənmişdir. Rəsulullah (sallallahu təala əleyhi və səlləm) ona, bir-birinin ardınca iki qızını vermişdir. İkinci qızı vəfat etdikdə, “Bir qızım da olsaydı, ona verərdim!”, buyurmuşdur.
İkinci qızını verdikdə, həzrəti Osmanı (radıyallahu anh) çox tərifləmişdir. Evləndikdən sonra qızı: “Ey mənim gözümün nuru atam! Həzrəti Osmanı çox mədh etdiniz. Buyurduğunuz qədər deyil!”, dedikdə, Rəsulullah (sallallahu təala əleyhi və səlləm) həzrətləri qızına: “Ey mənim qızım! Həzrət Osmandan göydəki mələklər həya edərlər!”, buyurdu.
Rəsulullah (sallallahu təala əleyhi və səlləm) ona iki qızını verdiyi üçün, Osman Zinnureyn deyildi. Zinnureyn, iki nur sahibi deməkdir. Marifət (Allahu təalanın sıfatlarını və adlarını haqqıyla bilmək, tanımaq) elmində mahirdir.
Ondan sonra, Övliyanın üstünü, Əlidir (kərrəmallahü vəchəh və radıyallahu anh). Xilafəti ümmətin söz birliyi ilə təsdiqlənmişdir. Rəsulullahın kürəkənidir. Qızı həzrət Fatimə (radıyallahu anhə) anamızı, ona ərə vermişdir. Təriqət elmində mahirdir. Bir köləsi vardı. Bir gün köləsi qərara gəldi ki, sahibini sınağa çəksin. Həzrət Əli (kərrəmallahü vəchəh) bayırda idi. Kölənin yanına gəlib bir iş buyurdu. Kölə susdu. Həzrət Əli köləyə: “Ya kölə! Mən sənə nə etdim ki, qəlbini qırdım? Məndən niyə incidin?”, dedikdə, kölə: “Sən mənə heç nə etmədin. Mən sənin qulunam. Sadəcə səni sınamaq istədim. Haqqıyla Vəlisən”, dedi.
[Əshabı-kiramın hamısını sevənlərə və onların yolunda olanlara “Əhli sünnət” deyilir. Bir qismini sevirik deyib, çoxunu sevməyənə “Şiə” deyilir. Əshabı-kiramın hamısına düşmən olanlara “Rafizi” deyilir. Əshabı-kiramın hamısını sevirik deyən, lakin bəzi şeylərdə heç birinə uymayan kəsə “Vəhhabi” deyilir. Azğın din adamı Əhməd ibn Teymiyyənin fikirləri ilə ingilis casusu Hempherin yalanlarının qarışığına “Vəhhabilik” deyilir. Bu inanclarına uymayan, Əhli sünnət olan müsəlmanlara kafir deyirlər. Bu sözləri ilə özləri kafir olurlar. Vəhhabilik düşüncələri, 1150-ci (m.1737) ildə Ərəbistan yarımadasında ingilislər tərəfindən ortaya çıxarıldı. İngilis planlarını yaymaq üçün, çox müsəlman qanı axıtdılar. İndi də hər ölkədə “Rabitatül-aləmil-isləmi” dedikləri mərkəzlər quraraq və saysız qızıl saçaraq, cahil din adamlarını tora salırlar. Onların vasitəsi ilə müsəlmanları çaşdırırlar. Min dörd yüz ildir islamiyyəti müdafiə edən Əhli sünnət alimlərini və onların himayəçisi olan Osmanlıları pisləyirlər. Bu alimlərin nasslardan, yəni ayəti kərimələrdən və Hədisi-şəriflərdən çıxardıqları doğru bilgilərə yanlış deyirlər.
Vəhhabilərin bəzisi, “Biz də Əhli sünnət məzhəbindəyik, Hanbəli məzhəbindəyik”, deyirlər. Bu sözləri, Mutəzilə azğın firqəsində olanların, “Biz də Əhli sünnətik, Hənəfi məzhəbindəyik”, deməklərinə bənzəyir. Əhli sünnət olmayanların Cəhənnəmə gedəcəklərini bildikləri üçün belə deyirlər. Halbuki yalnız əməllərinin, yalnız işlərinin bir məzhəbə uyğun olması, o məzhəbdən olmaq deyildir. Bir məzhəbə tabe olmaq üçün həm etiqadın, həm də əməlin o məzhəbə uyğun olması lazımdır. Dörd məzhəbin etiqadı bir-biri ilə eynidir. Dördü də Əhli sünnət etiqadındadır. Bir şəxsin hənəfi və ya hanbəli məzhəbində ola bilməsi üçün, əvvəlcə onun Əhli sünnət etiqadında olması lazımdır. Vəhhabilər Əhli sünnət etiqadında deyildirlər.]
“Rəşəhat”da, Sadüddini Kaşgari, hacə Muhamməd Parisadan (quddisə sirrühüma) eşidərək, buyurur: “İnsanı Allahdan uzaqlaşdıran pərdələrin ən zərərlisi, qəlbin qaralması, xəstə olması, yəni dünya sevgisinin qəlbə yerləşməsidir. Bu sevgi, pis dostlardan və lazımsız şeyləri seyr etməkdən əmələ gəlir. Çox çalışıb, bunları qəlbdən çıxarmaq lazımdır. Faydasız kitablar oxumaq, lazımsız şeylər danışmaq, bu sevgini artırır. Qadın və qadın rəsmləri seyr etmək, mahnı, çalğı dinləmək, bu sevgini qəlbdə möhkəmlədir. Bunların hamısı, insanı Allahdan uzaqlaşdırır. Qəlbin xəstə olması, Allahı unutmasıdır.”