9 – Qəlb xəstəliklərinin, yəni pis əxlaqın mühümlərinin altmış ədəd olduğunu bildirmişdik. Bunlardan doqquzuncusu riyadır. Riya, bir şeyi olduğunun tərsinə göstərməkdir. Qısaca göstəriş deməkdir. Axirət əməllərini yerinə yetirməklə axirət yolunda olduğunu göstərərək, dünya arzularına qovuşmaq deməkdir. Qısaca, dünya qazancına dini alət, vasitə etməkdir. İbadətlərini göstərərək insanların sevgisini qazanmaqdır. [Sözləri və ya ibadətləri riya ilə olan kimsənin din bilgisi varsa, buna “Münafiq” deyilir. Din bilgisi yoxdursa, buna “Din cahili” deyilir. Fənn bilgisi olmayıb, özünü fənn adamı kimi tanıdıb, öz düşüncələrini fənn bilgisi olaraq söyləyib müsəlmanları aldatmağa, bunların dinlərini, imanlarını pozmağa çalışan İslam düşmənlərinə “Zındıq” və ya “Fənn cahili” deyilir. Din cahillərinə və fənn cahillərinə aldanmaq olmaz]. Riya, ancaq mülci olan ikrah edildikdə caiz olur. “İkrah”, bir kimsəni istəmədiyi şeyi etməyə məcbur etmək deməkdir. Ölümlə və ya bir üzvünü yox etməklə hədələməyə “Mülci ikrah” deyilir. [Zalımların, quldurların işgəncə etmələri də mülci ikrah olur.] Bu zaman məcbur edilən işi etmək zərurət olur. Həbs etməklə və döyməklə hədələməyə zəif ikrah deyilir. Zəif ikrah qarşısında qalan kimsənin riya etməsi caiz deyildir. Riyanın ziddi, əksi “İxlas”dır. “İxlas, dünya faydalarını düşünməyib ibadətlərini yalnız Allahu təalanın rızası üçün etməkdir.” İxlas sahibi ibadət edərkən başqalarına göstərməyi heç düşünməz. Bunun ibadətlərini başqalarının görməsi ixlasına zərər verməz. Hədisi-şərifdə, “Allahu təalanı görür kimi ibadət et! Sən görmürsənsə də O, səni görür” buyuruldu.
Başqalarının sevgisinə və mədh etmələrinə qovuşmaq üçün dünya işləri ilə onlara yaxşılıq etmək riya olur. İbadət ilə olan riya bundan daha pisdir. Allahu təalanın rızasını heç düşünmədən edilən riya hamısından daha betərdir. İbadət edərək Allahu təaladan dünya mənfəətlərini istəmək riya olmaz. Yağış duasına çıxmaq, istixarə etmək belədir. Maaşla imamlıq, xətiblik, müəllimlik etmək, sıxıntıdan, xəstəlikdən və yoxsulluqdan qurtulmaq üçün ayəti-kərimələr oxumaq da belədir, deyildi. Bunlarda həm ibadət, həm də mənfəət niyyətləri vardır. Ticarət məqsədi ilə həccə getmək də belədir. İbadət niyyəti olmazsa riya olurlar. İbadət niyyəti çox olarsa savab hasil olur. İbadətlərini başqalarına göstərmək onlara öyrətmək və təşviq etmək niyyəti ilə olarsa, yenə riya olmaz və çox savab olar. Ramazan orucunu tutmaqda riya olmaz. Allahu təalanın rızası üçün namaza başlayıb, sonradan hasil olan riyanın zərəri olmaz. Riya ilə yerinə yetirilən fərzlər səhih olur. İbadət borcu ödənmiş olsa da savabı olmaz. Ət ehtiyacını ödəmək niyyəti ilə qurban kəsmək caiz olmaz. Allahu təala üçün və bir insan üçün birlikdə niyyət edərək qurban kəsmək caiz deyildir. Allahu təalanın rızası üçün olmayıb, yalnız həcdən, savaşdan gələn üçün və gələn əmiri, rəisi qarşılamaq üçün kəsilən heyvan leş olur. Kəsilməsi və yeyilməsi haram olur. Riyadan qorxaraq ibadəti tərk etmək caiz deyildir. Allahu təalanın rızası üçün namaza durub, namazı bitirincəyə qədər yalnız dünya işlərini düşünərsə, namazı səhih olur. Şöhrətə səbəb olacaq şəkildə geyinmək də riya olur. Din adamlarının, təmiz, qiymətli paltar geymələri lazımdır. Bunun üçün imamların, Cümə və bayram günləri zinətli paltar geymələri sünnətdir.
Şöhrət üçün moizə vermək, nəsihət etmək, kitab yazmaq da riya olur. “Moizə”, əmri-məruf və nəhyi-münkər1 deməkdir. Münaqişə etmək, başqalarından üstün görünmək və öyünmək üçün elm öyrənmək də riya olur. Dünyalıq əldə etmək, yəni mal, vəzifə əldə etmək üçün elm öyrənmək də riyadır. Riya haramdır. Allahu təala üçün olan elm Allahu təaladan qorxmağı artırır. Öz eyblərini görməyə səbəb olur. Şeytanın aldatmasına mane olur. Elmini dünya qazancına, mala və vəzifəyə qovuşmağa vasitə edən din adamlarına “uləmai su”, yəni pis din adamları deyilir. Bunların gedəcəyi yer Cəhənnəmdir. Hər kəsin yanında sünnətlərə uyğun olaraq, yalnızkən isə ədəblərə uymayaraq edilən ibadətlər riya olur. On birinci maddənin sonuna baxın!
Edilən ibadətin savabını ölü və ya diri başqasına hədiyyə etmək caizdir. Həcc, namaz, oruc, sədəqə, Qurani-Kərim, mövlid oxumaq, zikr və dua oxuyub, savablarını başqasına hədiyyə etmək hənəfi məzhəbində caizdir. Bu ibadətləri pul qarşılığında, bazarlıq edərək yerinə yetirmək caiz deyildir. Allahu təala üçün Quran oxuyub, verilən hədiyyə qəbul edilir. Maliki və şafi məzhəblərində sədəqə, zəkat və həcc kimi mal ilə edilən ibadətlərin savabını hədiyyə etmək caiz olub, namaz, oruc və Qurani-Kərim oxumaq kimi bədən ilə edilənləri hədiyyə etmək caiz deyildir. Hədisi-şərifdə, “Qəbristandan keçən kimsə on bir ixlas surəsi oxuyub, savabını qəbirdəkilərə hədiyyə edərsə, meyitlər ədədincə savab verilir” buyuruldu. Hənəfi olan savabını hədiyyə edər. Maliki və Şafi isə meyitin əfvi üçün dua edər.
İbadətlərin səhih olması üçün Allahu təalanın rızası üçün etməyə niyyət etmək lazımdır. Niyyət qəlb ilə olur. Yalnız söyləmək ilə niyyət edilmiş olmaz. Qəlb ilə birlikdə olmaq şərti ilə söyləyərək niyyət etmək caiz olur deyildi. Qəlb ilə niyyət, söz ilə niyyətə bənzəməzsə, qəlbdəki niyyətə baxılır. Yalnız and içmək belə deyildir. And içməkdə söz əsasdır. İbadətlərdə niyyətin söz ilə ediləcəyini bildirən heç bir hədisi-şərif və xəbər mövcud deyildir. Dörd məzhəbin İmamları da bildirməmişdir. Niyyət, ibadət etməyi qəlbə gətirmək, xatırlamaq deyildir. Allahu təala üçün etməyi iradə etmək, istəmək deməkdir. Niyyət, ibadətə başlarkən edilir. Daha öncə, məsələn bir gün öncə edilərsə, niyyət olmaz. Buna əməl, arzu, vəd deyilir. Məsələn, hənəfi məzhəbində oruca niyyət etmək zamanı, bir gün əvvəl, günəşin batmasından başlayaraq, ertəsi gün, “Dahvəyi-kübra”2 vaxtına qədərdir.
Başqalarının günaha girməmələri üçün bir kimsənin mübahları tərk etməsi yaxşıdır. Lakin sünnətləri, hətta müstəhəbləri tərk etməsi caiz olmaz. Məsələn, qeybət etməmələri üçün misvaqdan istifadə etməyi, sarıq sarmağı, başı açıq gəzməyi, uzunqulaq minməyi tərk etmək yaxşı olmaz. Misvaq, misvaq ağacının və ya zeytun, tut ağaclarının budağından kəsilən bir çubuqdur. Bir barmaq qalınlığında, bir qarış uzunluğundadır. Qadınların misvaq yerinə saqqız çeynəmələri də caizdir. Misvaq tapa bilməyən, baş və şəhadət barmaqlarını dişlərinə sürtər. Bişri Hafi küçədə ayaqyalın gəzərdi.
Günah işləyəcək kimsənin bu günahdan əl çəkməsi, Allahu təaladan qorxduğu üçün və ya insanlardan həya etdiyi üçün, yaxud başqalarının bu günahı işləməsinə səbəb olmamaq üçün olur. Allahu təaladan qorxaraq tərk etməyin əlaməti, o günahı gizli olaraq da işləməməkdir. İnsanlardan həya etmək, onların pisləmələrindən qorxmaq deməkdir. Başqalarının günah işləmələrinə səbəb olmaq, yalnız etməkdən daha çox günahdır. Başqalarının bu günahı işləmələrinin günahları da qiyamətə qədər bunlara səbəb olana yazılır. Bir hədisi-şərifdə, “İnsan günahını dünyada gizlərsə, Allahu təala da qiyamət günü bu günahı qullarından gizlər” buyuruldu. Hər kəsə vəra sahibi olduğunu göstərmək üçün, günahını gizləmək və gizli olaraq davam etmək riya olur.
İbadətlərini başqalarına göstərməkdən həya etmək caiz deyildir. “Həya”, günahlarını, qəbahətlərini göstərməməyə deyilir. Bunun üçün nəsihət verməkdən, əmri-məruf və nəhyi-münkər etməkdən [din kitabı, elmihal kitabı yazmaqdan və satmaqdan], imamlıq, müəzzinlik etməkdən, Qurani-Kərim və mövlid oxumaqdan həya etmək caiz deyildir. “Həya imandandır” hədisi-şərifində həya pis, günah şeyləri göstərməkdən utanmaq deməkdir. Möminin öncə Allahu təaladan həya etməsi lazımdır. Bunun üçün ibadətlərini sidq ilə, ixlas ilə etməlidir. Buxara alimlərindən birisi sultanın oğullarının küçədə boş, mənasız oyun oynadıqlarını gördü. Əlindəki əsa ilə bunları döydü. Qaçdılar, atalarına şikayət etdilər. Sultan onu çağırıb, “sultana qarşı çıxanın həbs olacağını bilmirsənmi?” dedi. Alim cavab olaraq, “Rəhmana qarşı çıxanın Cəhənnəmə gedəcəyini bilmirsənmi?” dedi. Sultan, “əmri-məruf etmək vəzifəsini sənə kim verdi?” dedi. Alim, “səni kim Sultan etdi?” cavabını verdikdə, “məni xəlifə sultan etdi”, dedi. “Məni də xəlifənin Rəbbi vəzifələndirdi” dedi. Sultan, “sənə Səmərqənd şəhərində əmri-məruf etmək vəzifəsini verirəm” dedikdə, “mən də özümü bu vəzifədən azad etdim” cavabını verdi. “Bu cavabına təəccüb etdim, əmr olunmadan, izn verilmədən vəzifə yerinə yetirdiyini söylədin. İzn verildikdə də azad olunmağını istəyirsən” dedi. “Sən izn verib, sonra azad edərsən. Rəbbimin verdiyi vəzifədən məni heç kim azad edə bilməz”, dedi. Bu sözdən sonra Sultan, “dilə məndən istədiyini verim” dedi. “Gənclik halımı mənə qaytar” dedi. “Bu iş əlimdən gəlməz” deyincə, “mənə bir fərman yaz ki, Cəhənnəmdəki mələklərin rəisi olan Malik məni atəşdə yandırmasın” dedi. “Bunu da edə bilmərəm” dedikdə, “mənim elə bir Sultanım var ki, hər şeyimi Ondan istəyirəm. Hər dilədiyimi ehsan etdi. Bunu edə bilmərəm, sözünü heç demədi”, dedi. Sultan, “məni duada unutma” deyərək sərbəst buraxdı.
Hədisi-şərifdə, “Başqalarına göstəriş üçün namazını gözəl qılan, yalnız olduğu zaman belə qılmayan Allahu təalanı təhqir etmiş olur”, və “Sizdə olmasından ən çox qorxduğum şey, şirki-asqara düşməyinizdir. Şirki-asqar, riya deməkdir”, və “Dünyada riya ilə ibadət edənə qiyamət günü, “ey pis insan! Bu gün sənə savab yoxdur. Dünyada kimlər üçün ibadət etdinsə, savablarını onlardan istə” deyilər” və “Allahu təala buyurur ki, mənim şərikim yoxdur. Başqasını mənə şərik edən savablarını ondan istəsin. İbadətlərinizi ixlas ilə edin! Allahu təala ixlas ilə edilən işləri qəbul edər” buyuruldu. İbadət, Allahu təalanın rızasına qovuşmaq üçün edilir. Başqasının məhəbbətinə, ehsanına qovuşmaq üçün edilən ibadət ona tapınmaq olur. Allahu təalaya ixlas ilə ibadət etməyimiz əmr olundu. Hədisi-şərifdə, “Allahu təalanın birliyinə iman edəndən və namazı, zəkatı ixlas ilə edəndən Allahu təala razı olur” buyuruldu. Rəsulullah (sallallahu əleyhi və səlləm) Muaz ibn Cəbəli (radıyallahu təala anh), Yəmənə vali olaraq göndərərkən, “İbadətlərini ixlas ilə et. İxlas ilə edilən az əməl qiyamət günü sənə yetişər”, və “İbadətlərini ixlas ilə edənlərə müjdələr olsun. Bunlar hidayət ulduzlarıdır. Fitnələrin qaranlıqlarını yox edərlər” və “Dünyada haram edilmiş olan şeylər məlundur. Ancaq Allah üçün edilən şeylər qiymətlidir” buyuruldu. Dünya nemətləri keçicidir. Ömürləri çox qısadır. Bunları ələ keçirmək üçün dinini vermək axmaqlıqdır. İnsanların hamısı acizdir. Allahu təala diləmədikcə kimsə kimsəyə fayda və zərər verə bilməz. İnsana Allahu təala kafidir.
Allahu təaladan qorxmaq, Onun rəhmətindən ümidi kəsməmək lazımdır. Ümid rəca, qorxudan çox olmalıdır. Belə olanın ibadətləri zövqlü olur. Gənclərdə qorxunun, yaşlılarda rəcanın daha çox olması lazımdır, deyildi. Xəstələrdə rəca çox olmalıdır. Qorxusuz rəca və rəcasız qorxu caiz deyildir. Birincisi əmin olmaq, ikincisi ümidsiz olmaqdır. Hədisi-qüdsidə, “Qulumu məni zənn etdiyi kimi qarşılaram” buyuruldu. Zümər surəsinin 53-cü ayəti-kəriməsində məalən, “Allah bütün günahları əfv edər. O qafurdur, rahimdir” buyuruldu. Bunlardan rəcanın çox olmasının lazım olduğu anlaşılmaqdadır. “Allah qorxusundan ağlayan Cəhənnəmə girməz” və “Mənim bildiyimi bilsəydiniz, az gülər çox ağlardınız” Hədisi-şərifləri də qorxunun çox olması lazım gəldiyini göstərməkdədir.
Kimsəyə etməm şikayət, ağlaram mən halıma,
Titrərəm mücrim kimi, baxdıqca istiqbalıma!