11 – Qəlb xəstəliklərinin on birincisi “Tama”dır. Dünya ləzzətlərini haram yollardan axtarmağa “Tama” deyilir. Tamanın ən pisi insanlardan ummaqdır. Kibrə, ucba səbəb olan “Nafilə” ibadətləri və axirəti unutduran “Mübah”ları etmək də Tama olur. Tamanın ziddinə, əksinə “Təfviz” deyilir. Təfviz, halal və faydalı şeyləri qazanmağa çalışıb, bunlara qovuşmağı Allahu təaladan gözləməkdir.
Şeytan riyanı ixlas olaraq və tamanı təfviz olaraq göstərərək insanı aldatmağa çalışır. Allahu təala hər kəsin qəlbinə bir mələk vəzifələndirmişdir. Bu mələk insana yaxşı düşüncələr “ilham” edər. Şeytan da insanın qəlbinə pis düşüncələr, “vəsvəsə”lər gətirər. Halal yeyən insan ilham ilə vəsvəsəni bir-birindən ayırır. Haram yeyənlər ayıra bilməz. İnsanın nəfsi də qəlbinə pis düşüncələr gətirir. Bu düşüncələrə və arzulara “Həva” deyilir. İlham və vəsvəsə davamlı olmaz. Nəfsin həvası isə davamlıdır və getdikcə artar. Vəsvəsə dua edərək, zikr edərək azalır və yox olur. Həva isə ancaq qüvvətli “mücahədə” ilə azalır, yox olur. Şeytan köpək kimidir. Köpək qovaladıqda qaçsa da başqa tərəfdən yenə gələr. Nəfs pələng kimidir. Hücum etməsi ancaq öldürməklə bitər. İnsanlara vəsvəsə verən şeytana bunun üçün “Xannas” deyilmişdir. İnsan şeytanın bir vəsvəsəsinə uymazsa bundan əl çəkər. Başqa vəsvəsəyə başlayar. Nəfsi əmmarə daim zərərli şeylər istəyər. Şeytan isə çox xeyirli işə mane olmaq üçün az xeyirli olan şeyi də vəsvəsə edər. Böyük günaha sürükləmək üçün kiçik xeyirli əməl etməyi də vəsvəsə edər. Şeytanın vəsvəsəsi olan xeyirli iş insana şirin gələr və dərhal etmək istəyər. Bunun üçün hədisi-şərifdə, “Tələsmək şeytandandır. Beş şey bundan müstəsnadır: Qızını evləndirmək, borcunu ödəmək, cənazə xidmətlərini tez görmək, qonağı doyuzdurmaq, günah etdikdə dərhal tövbə etmək” buyuruldu. “Əşiat-ül-ləməat”da, namazı gecikdirməmək mövzusundakı hədisi-şərifdə, “Ya Əli! Üç şeyi gecikdirmə! Namazı əvvəl vaxtında qıl! Hazırlanmış cənazə namazını dərhal qıl! Dul və ya qızı küfüvü (tayı) istədikdə dərhal ver!” Yəni, namazını qılan, günah işləməyən və nəfəqəsini halaldan qazanan birini tapdıqda dərhal ona ver, buyuruldu. İlham olunan xeyir Allahu təalanın qorxusu ilə yavaş-yavaş edilir və sonu düşünülür. Bir hədisdə, “Mələkdən gələn ilham İslamiyyətə uyğun olur. Şeytandan gələn vəsvəsə İslamiyyətdən ayrılmağa səbəb olur” buyuruldu. İnsan ilham olunan şeyləri etməlidir. Vəsvəsəni etməmək üçün cihad etməli, çalışmalıdır. Nəfsə tabe olan vəsvəsələrə tabe olur. Nəfsin həvasına tabe olmayanın ilhama tabe olması asan olur. Bir hədisi-şərifdə, “Şeytan qəlbə vəsvəsə verər. Allahın adı zikr edildikdə, söyləndikdə qaçar. Söylənməzsə vəsvəsələrinə davam edər” buyuruldu. [Zikr etmək lazım olduğu bu hədisi-şərifdən də aydın olur.] Qəlbə gələn xatirənin cinsini anlamaq üçün İslamiyyətə uyğun olub olmadığına baxılır. Belə aydın olmazsa saleh olan bir alimdən soruşulur. Saleh olmayan, dini dünya qazanclarına alət edən pis din adamından soruşmaq olmaz. Yaxud, Rəsulullaha (sallallahu əleyhi və səlləm) qədər ustadlarının hamısı məlum olan həqiqi bir rəhbərdən soruşulur. “Qütbi mədar” deyilən Övliya az olsa da qiyamətə qədər mövcuddur. “Qütbi irşad” deyilən Əhli-sünnət alimi hər zaman və hər yerdə tapılmaz. Uzun zaman aralıqları ilə və nadir olaraq tapılır. Hər yerdə çox görülən cahil təriqətçiləri və yalançı şeyxləri həqiqi rəhbər sanmaq olmaz. Belələrin tələlərinə düşərək dünyada və axirətdə səadətdən məhrum qalmamaq üçün çox ayıq olmaq lazımdır. Qəlbə gələn xatirə nəfsə acı gələrsə xeyir olduğu aydın olur. Şirin gələr, dərhal etmək istərsə, şər olduğu aydın olur.
Şeytanın hiylələri çoxdur. Bunlardan onu mühümdür: Birincisi, Allahu təalanın sənin ibadətinə ehtiyacı yoxdur, deyər. Buna qarşı Bəqərə surəsi, 62-ci ayətinin “Əməli salehin faydası bunu edənədir” məali-şərifini xatırlamaq lazımdır.
Şeytanın ikinci hiyləsi, Allahu təala rəhimdir, kərimdir, səni də əfv edər, Cənnətə qoyar, deməsidir. Buna qarşı Loğman surəsi, 33-cü ayətinin “Allahın kərim olması sizi aldatmasın” və Məryəm surəsi, 63-cü ayətinin, “Cənnətə qullarımızdan müttəqi olanları varis qılarıq” məali şəriflərini xatırlamaq lazımdır.
Üçüncü hiyləsi, sənin ibadətlərin həmişə qüsurludur. Riya qarışıqdır. Belə ibadətlərlə müttəqi ola bilməzsən. Allahu təala, Maidə surəsində, “Allah, yalnız müttəqilərin ibadətlərini qəbul edər” buyurur. Sənin ibadətlərin qəbul olmaz. Boş yerə çalışırsan. Boş yerə çomaq yeyən heyvan kimi əziyyət çəkirsən, deyər. Bunun qarşılığında, mən, Allahu təalanın əzabından qurtulmaq və əmrinə tabe olmaq üçün ibadət edirəm. Mənim vəzifəm əmri yerinə yetirməkdir. Qəbul olub olmayacağı Onun biləcəyi şeydir. Şərtlərinə uyğun olan və fərzləri yerinə yetirilən ibadətin səhih olması mütləqdir, demək lazımdır. Fərzləri tərk etmək böyük günahdır. Bu günahlardan qurtulmaq üçün ibadətləri yerinə yetirmək lazımdır. İbadət etmədən Cənnətə girmək üçün dua etmək günahdır. Hədisi-şərifdə, “Ağlı olan nəfsinə tabe olmaz və ibadət edər. Axmaq olan nəfsinə uyar, sonra Allahın rəhmətini gözləyər” buyuruldu. Axirət üçün lazım olan şeyləri bu fani dünyada hazırlamaq lazımdır.
Şeytanın hiylələrindən dördüncüsü, indi dünyanı qazanmaq üçün çalış, rahatlığa qovuş, o zaman rahat-rahat, hüzur içində ibadət edərsən, deyərək ibadət etməyə mane olur. Buna cavab olaraq, əcəl mənim əlimdə deyildir. Hər kəsin ömrünü Allahu təala əzəldə təqdir etmişdir. Bəlkə tezliklə öləcəyəm. İbadət vəzifələrini vaxtında etməliyəm, demək lazımdır. Hədisi-şərifdə, “Hələkəl-müsəvvifun” buyuruldu ki, bugünkü vəzifələrini sabaha saxlayanlar zərər etdilər, deməkdir.
Şeytanın hiylələrindən beşincisi, ibadətləri tərk etdirə bilmədiyi zaman, tez qıl, vaxtını qaçırma, deyərək şərtlərini, fərzlərini tam yerinə yetirtməmək istəyər. Bunun qarşılığı olaraq, fərzlər çox azdır. Bunları yavaş-yavaş və şərtlərinə uyğun olaraq etmək lazımdır. Fərz olmayanları da şərtlərinə uyğun olaraq az etmək, şərtləri nöqsan olaraq çox etməkdən yaxşıdır, demək lazımdır.
Altıncı hiylə olaraq riyanı tövsiyə edər. Hər kəs görsün, bəyənsin, deyər. Buna cavab olaraq, özünə fayda və zərər vermək kimsənin əlində deyildir. Başqalarına isə heç verə bilməzlər. Belə olan kimsələrdən bir şey gözləmək əbəs olur, batil olur. Fayda və zərər verən ancaq Allahu təaladır. Yalnız onun görməsi mənə kifayətdir, demək lazımdır.
Yeddinci hiylə olaraq, ibadətlərə mane ola bilmədiyini anladıqda, insana ucb, yəni ibadətlərini bəyənmək vəsvəsəsi verir. Sənin kimi ağıllı, ayıq kimsə varmı? Bu zamanda hər kəs qəflət yuxusunda ikən, sən ibadət edirsən, deyər. Bunun qarşılığında, bu ağıl və ayıqlıq məndən deyildir. Rəbbimin ehsanıdır. Onun ehsanı olmasa, ibadət edə bilmərəm, demək lazımdır.
Səkkizinci hiylə olaraq, ibadətlərini gizli et. Allahu təala sənin sevgini və şərəfini insanların qəlbinə yerləşdirər, deyərək gizli riyaya yol açmaq istəyər. Bunun qarşılığında, mən Allahu təalanın quluyam. O, mənim sahibimdir. İbadətimi istərsə bəyənər, istərsə rədd edər. İnsanlara bildirib bildirməməsinə qarışa bilmərəm, demək lazımdır.
Doqquzuncu hiylə olaraq da, ibadət etməyə nə gərək var? İnsanların said (cənnətlik) və şaki (cəhənnəmlik) olacaqları əzəldə təqdir edilmişdir. Said olan ibadəti tərk etdikdə əfv edilir, Cənnətə gedər. Əzəldə şaki olan, nə qədər ibadət edərsə etsin faydası olmaz, mütləq Cəhənnəmə gedər. O halda, özünü boş yerə yorma! Rahatlığına bax, deyər. Buna cavab olaraq, mən qulam, qulun vəzifəsi sahibinin əmrini etməkdir, demək lazımdır. Buna qarşı, “Əmri etmədikdə əzab qorxusu olarsa, əmri etmək lazım olur. Əzəldə said olan üçün bu qorxu yoxdur”, desə, buna cavab olaraq da Rəbbim hər şeyi bilir və dilədiyini edər. Dilədiyinə xeyir, dilədiyinə şər verər. Heç kimin də Ona sual vermək haqqı yoxdur, demək lazımdır. İblis, İsa əleyhissəlama görünərək, “Əzəldə Allahu təalanın təqdir etdikləri hasil olur” deyirsən elədirmi? dedi. Bəli, elədir buyurdu. Elə isə özünü bu dağın təpəsindən aşağı at. Əgər əzəldə salamatlığın təqdir edilmişdirsə, sənə bir şey olmaz, dedi. Cavabında, ey məlun! Allahu təala qullarını imtahan edər. Qulun, sahibini imtahan etməyə haqqı yoxdur, buyurdu. Şeytanın bu hiyləsinə qarşı, “İbadət etmək faydalıdır. Çünki, əzəldə said isəm savabların artması, dərəcələrin yüksəlməsi üçün ibadətləri etmək lazımdır. Şaki isəm, ibadət etməmək əzabından qurtulmaq üçün, ibadət edəcəyəm” demək lazımdır. İbadət etməyin mənə heç bir zərəri də olmaz. Çünki, Allahu təala həkimdir. İbadət edənlərə əzab etməsi Onun hikmətinə yaraşmaz. İbadəti tərk etməyin, əzəldə said olana zərəri olmasa belə, faydası da yoxdur. Belə olduqda, tərk etməyi necə seçə bilərəm? Ağlı olan kimsə faydalı olanı edər. Faydasız olanı tərk edər. Əzəldə şaki isəm, asi olaraq Cəhənnəmə girməkdənsə, Rəbbimə itaət etmiş olaraq Cəhənnəmə girməyi, seçərəm. Bundan başqa, Allahu təala ibadət edənləri Cənnətə qoyacağını, ibadət etməyənlərə Cəhənnəmdə əzab edəcəyini vəd etmişdir. Allahu təala vədində sadiqdir. Vədindən dönməyəcəyi söz birliyi ilə bildirilmişdir.
Allahu təala hər şeyi səbəb ilə yaradır. Adəti ilahiyyəsi belədir. Ancaq möcüzə və kəramət olaraq adətini pozmaqdadır. İbadətləri Cənnətə girmək üçün səbəb etdiyini bildirir. Yəni, Cənnət nemətlərini ibadətlərə qarşılıq olaraq yaratmışdır. Hədisi-şərifdə, “Heç kimsə Cənnətə ibadəti səbəbi ilə girməz” buyuruldu. Qarşılıq başqadır, səbəb olmaq başqadır.
Şeytan hiylələrinin onuncusu olaraq, ibadət etmək əzəldə təqdir edilmişdirsə, mümkün olur. Allahu təalanın təqdiri dəyişməz. İbadət etməkdə və tərk etməkdə insanlar məcburdur, deyər. Şeytanın bu sözü əvvəlkinin eynidir. Əzəldə said olanlara ibadət etmək nəsib olur. Şaki olanların da tərk etmələri lazım olur. Şeytanın bu hiyləsinə qarşı, hər şeyi və insanların yaxşı, pis hər işini Allahu təala yaradırsa da, insanlara və heyvanlara “iradəyi-cüziyyə” vermişdir. İradəyi-cüziyyə insandan meydana gəlir. Lakin insan bunu yaratdı deyilə bilməz. Çünki iradə xaricdə mövcud bir şey deyildir. İnsanın qəlbində hasil olur. Xaricdə mövcud olan şeyin meydana gəlməsinə “Xəlq etmək”, yaratmaq deyilir. Allahu təalanın “İradəyi-külliyə”si isə xaricdə vücudu var olan bir qüvvədir. Allahu təala insanın ixtiyari hərəkətini yaratmaq üçün insanın iradəsini səbəb qılmışdır. Bu şərt olmasa da yaradar. Lakin bu şərt ilə, bu səbəb ilə yaratması adətidir. Peyğəmbərlərində (əleyhimussaləvatu vəttəslimat) və Övliyasında (qaddəsallahu təala əsrarəhumul-əziz) bu adətini pozaraq səbəbsiz də yaratdığı çox görülmüşdür. Buna “Kəramət” deyilir.
İnsanların işləri yalnız iradəyi-cüziyyə ilə meydana gəlməz. Yəni, insanın hər istədiyi vücuda gəlməz. Yalnız Allahu təalanın iradəsi ilə də yaratmaq adəti deyildir. Bunun üçün insanlar işlərində məcbur deyildirlər. İnsan iradə edər. Hərəkət etməsini istər, qüdrətini sərf edər, Allahu təala da iradə edərsə, iş meydana gələr. Şeytan, “İnsan, Allahu təala istərsə ibadət edər, istəməzsə etməz. O halda insan, işləri edib etməməkdə məcbur olunmaqdadır. İnsan çalışsa da, çalışmasa da əzəldəki qəza və qədər hasil olacaqdır” deyərək aldatmaqdadır. İnsanın işləri əzəldəki təqdir ilə meydana gəlsə də, meydana gəlmələri üçün öncə qul iradəyi-cüziyyəsini işlədir. İşin edilməsini və ya edilməməsini istəyir. İnsanın işlərini Allahu təalanın əzəldə təqdir etməsi demək, insanın nələri iradə edəcəyini bilməsi və diləməsi deməkdir. Bunları Levhül mahfuzda yazmışdır. Belə olduğu üçün qulun məcbur olması lazım gəlmir. Böyük İslam alimi seyid Abdülhakim əfəndi, “Əzəldəki qəza və qədər, Allahu təalanın qullarının nələri etmək istədiyini əzəldə bilməsidir. Nələri etməsini əzəldə əmr etməsi deyildir” buyurdu. Yəni, qəza və qədər, əmri-əzəli deyildir, elmi-əzəlidir. Yəni, bir cəbri mütəhakkim deyil, elmi mütəqaddimdir. Bir kimsə, birisinin bir gündə edəcəyi şeyləri bilsə, bunları etməsini iradə etsə və hamısını bir kağıza yazsa, bunları edəcək olan kimsə, o kimsə tərəfindən məcbur edilmiş olmaz. “Edəcəklərimi bilirdin, edilməsini istədin və kağıza yazdın. O halda, bunları sən etdin” də deyə bilməz. Çünki, bunları öz iradəsi ilə və özü etmişdir. O kimsənin bildiyi, dilədiyi və yazdığı üçün etməmişdir. Allahu təalanın əzəldə bilməsi, diləməsi və levhül mahfuza yazması da insanları məcbur etmək deyil. Allahu təala əzəldə dilədiyi üçün levhül mahfuza yazmışdır. Qulun edəcəyini bildiyi üçün edilməsini iradə etmişdir. Allahu təalanın əzəldəki bilgisi qulun öz iradəsi ilə edəcəyi işə bağlıdır. Qulun işi də Allahu təalanın bu elmi, iradəsi ilə və yaratması ilə meydana gəlir. Qul iradəsini işlətməzsə, Allahu təala qulun iradəsini işlətməyəcəyini əzəldə bilər və bildiyi üçün iradə etməz və yaratmaz. Deməli, elm məluma tabedir. İnsanların iradəsi olmasaydı, insanların işləri yalnız Allahu təalanın iradəsi ilə yaradılsaydı, insanlar məcburdur deyilərdi. Əhli-sünnət məzhəbinə görə, insanların işləri insanın qüdrəti ilə Allahu təalanın qüdrətinin birlikdə təsiri ilə meydana gəlir.
[İnsanın qəlbi, yəni, könlü maddə deyildir. Elektrik və maqnit dalğaları kimidir. Yer tutmaz. Lakin sinəmizin sol tərəfində olan, ürək dediyimiz ət parçasında qüvvəti, təsirləri hasil olur. Ağıl, nəfs və ruh da qəlb kimi hərəsi ayrıca bir varlıqdır. Bu üçünün də qəlb ilə bağlantısı, əlaqəsi vardır. İnsanın gözü, qulağı, burnu, ağzı və cildi ilə hiss etdiyi rəng, səs, qoxu, zövq [dad] və istilik, sərtlik kimi şeylər duyğu sinirləri ilə beyninə gəlir. Beyin də bunları dərhal qəlbə bildirir. Ağlın, nəfsin, ruhun və şeytanın arzuları, istəkləri də qəlbə gəlir. Qəlb nə edəcəyinə qərar verir, iradə edir, seçir. Bu şeyləri ya rədd edər, yox edər. Yaxud beynə bildirər. Beyin də bunları hərəkət sinirləri ilə üzvlərə, orqanlara bildirir. Orqanlar da Allahu təala istərsə və qüvvət verərsə, hərəkət edərək qəlbin iradə və ixtiyar etdiyi şey edilir.]
Pis əxlaqdan səfər etsə insan,
hüsnü əxlaq şəhərinə girsə insan!
Zikri Haqdan bir nəfəs uzaq olmasa,
zatı Haqqı heç unutmuş olmasa.
Nəfsi asi, aqibət muti olur,
ruhi mömin Sidrədən eylər ubur.
Küfrü inkardan keçib nəfsi dəni,
burda olur, xalisiyyət mədəni.