Hakikat Books
English

Chapter 14 / 56

Kibr

Questions answered in this chapter (37)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. On ikinci pis xasiyyət olan kibr nədir? draft Report an error
  2. Kibrin ən pisi hansıdır (Allaha qarşı kibr)? draft Report an error
  3. Rəsulullaha qarşı kibr edənlər kimlərdir? draft Report an error
  4. Kibr və əzəmətin yalnız Allaha məxsus olduğu hansı hədisdə bildirilir? draft Report an error
  5. Qiyamət günü kibr sahiblərinin halı necə olacaqdır? draft Report an error
  6. Kibrin başlıca yeddi səbəbi nədir? draft Report an error
  7. Elm həm kibrə səbəb, həm də onun dərmanı olarmı? draft Report an error
  8. “Axır zamanda ibadət edənlərin çoxu cahil olar” hədisi nəyi bildirir? draft Report an error
  9. Elmi öyrətməyən şəxs haqqında hansı hədis vardır? draft Report an error
  10. İslamiyyətin yayılması haqqında hansı hədis vardır? draft Report an error
  11. “Alim olduğunu söyləyən cahildir” hədisi nəyi bildirir? draft Report an error
  12. Təkəbbür (kibrlənmək) niyə haramdır? draft Report an error
  13. Kitabevinin nəşrləri hansı qaynaqlardan alınır? draft Report an error
  14. İnsan bölücüləri sevməməklə yanaşı öz halını necə düşünməlidir? draft Report an error
  15. Kafirə və bidət sahibinə nəsihət verərkən özünü üstün görmək kibr olarmı? draft Report an error
  16. İbadətin qiymətli olması hansı şərtlərə bağlıdır (mala-yanini tərk etmək)? draft Report an error
  17. Ata və baba ilə öyünmək nəyə səbəb olur? draft Report an error
  18. Gözəlliklə təkəbbür etmək necədir? draft Report an error
  19. Gənc və qüvvətli olmaqla təkəbbür etmək necədir? draft Report an error
  20. Mal, övlad, mövqe və rütbə ilə təkəbbür etmək necədir? draft Report an error
  21. Hıqd (kin) təkəbbürə səbəb olmalıdırmı? draft Report an error
  22. Həsəd təkəbbürə necə səbəb olur? draft Report an error
  23. Riya təkəbbürə necə səbəb olur? draft Report an error
  24. İnsan kibrli olduğunu niyə çox vaxt bilmir; kibrin əlamətləri hansılardır? draft Report an error
  25. Tək gəzməyib arxasınca başqalarının gəlməsini istəmək kibrdirmi? draft Report an error
  26. Tanışları ziyarət etməmək kibr əlamətidirmi? draft Report an error
  27. Başqasının yanında oturmasını istəməmək və ev işini görməmək kibrdirmi? draft Report an error
  28. Təvazö sahibi olmaq üçün nə düşünməlidir? draft Report an error
  29. Təvazö haqqında hansı hədislər vardır? draft Report an error
  30. Darül-hərbdəki kafirlərin mallarına və canlarına hücum etmək caizdirmi? draft Report an error
  31. Cihad (əmri-məruf və nəhyi-münkər) neçə qismə ayrılır? draft Report an error
  32. İslam dövlətinin və ordusunun ikinci vəzifəsi nədir? draft Report an error
  33. İslam cihadının ikinci şəkli (nəşr yolu ilə) necədir? draft Report an error
  34. Daxili və xarici düşmənlərin təbliğatına qarşı nə edilməlidir? draft Report an error
  35. Cihadın üçüncü qismi (dua ilə cihad) nədir? draft Report an error
  36. Bu üç qism cihadı edənlərin halı necədir? draft Report an error
  37. Nemətə qovuşub təvazö göstərənlər haqqında hansı hədis vardır? draft Report an error

12 – Qəlb xəstəliklərinin on ikincisi “Kibr”dir. Kibr, özünü başqasından üstün görməkdir. Özünü ondan üstün görməklə qəlbi rahat olar. “Ucb” da özünü ondan üstün bilməkdir. Burada başqasını düşünməz. Özünü və ibadətlərini bəyənir. Kibr pis xüsusiyyətdir. Haramdır. Xaliqini, Rəbbini unutmağın əlamətidir. Çox din adamı bu pis xəstəliyə tutulmuşdur. Hədisi-şərifdə, “Qəlbində zərrə qədər kibr olan kimsə Cənnətə girməz” buyuruldu. Kibrin əksinə “Təvazö” deyilir. Təvazö özünü başqaları ilə bir görməkdir. Başqalarından daha üstün və daha aşağı görməməkdir. Təvazö, insan üçün çox yaxşı bir əxlaqdır. Hədisi-şərifdə, “Təvazö edənə müjdələr olsun. Təvazö sahibi özünü başqalarından aşağı görməz. Zəlil və miskin olmaz. Malını halaldan qazanıb çox hədiyyə verər. Alimlərlə və fənn adamları ilə tanış olar. Kasıblara mərhəmət edər” buyuruldu. Hədisi-şərifdə, “Təvazö edən, halal qazanan, əxlaqı gözəl olan, hər kəsə qarşı yumşaq olan və kimsəyə pislik etməyən çox yaxşı bir insandır” və “Allah üçün təvazö edəni Allahu təala yüksəldər” buyuruldu. Təkəbbür edənə, yəni kibr sahibi olana qarşı təkəbbür etmək caizdir. Allahu təala qullarına qarşı mütəkəbbirdir. Allahu təala kibriya sahibidir. Kibr sahibinə təkəbbür etmək sədəqə vermək kimi savabdır. Kibr sahibinə qarşı təvazö edən kimsə özünə zülm etmiş olur. Bidət sahiblərinə və zənginlərə qarşı da təkəbbür etmək caizdir. Bu təkəbbür özünü yüksək göstərmək üçün deyildir. Onlara dərs vermək, qəflətdən oyandırmaq üçündür. Hərbdə düşmənə qarşı təkəbbür etmək savabdır. Bu təkəbbürə “Huyəla” deyilir. Sədəqə verərkən nəşə və sevinc ilə qarışıq təkəbbür etmək lazımdır. Sədəqə verənin təkəbbür etməsi kasıba qarşı deyildir. Verdiyi malı alçaltmaqdır. Mala qiymət vermədiyini göstərir. Hədisi-şərifdə, “Verən əl alandan yüksəkdir” buyuruldu. Riya edənlərə, özünü göstərənlərə qarşı da təkəbbür etmək caizdir. Özündən aşağı olanlara qarşı təvazö göstərmək yaxşıdırsa da bunun ifrata qaçmaması, yəni həddən artıq olmaması lazımdır. Artıq olan təvazöyə “Təməllük” deyilir. Təməllük, ancaq ustada və alimə qarşı caizdir. Başqalarına qarşı caiz deyildir. Hədisi-şərifdə, “Təməllük, müsəlman əxlaqından deyildir” buyuruldu. Şeir:

Müəllim ilə təbibə

təməllük etmək lazımdır.

Biri batin, biri zahir,

Tədavisinə hadimdir.

Kibr çeşidlərinin ən pisi Allahu təalaya qarşı kibrli olmaqdır. Nemrud belə idi. Tanrı olduğunu elan etdi. Allahu təalanın nəsihət vermək üçün göndərdiyi Peyğəmbəri (əleyhissalatu vəssəlam) atəşə atdı. Firon da belə axmaqlardan biri idi. Misirdə ilahlığını elan etdi. Mən sizin güclü tanrınızam, dedi. Allahu təala nəsihət vermək üçün Musa əleyhissəlamı göndərdi. Buna inanmadı. Allahu təala onu Süveyş dənizində boğdu. Bunlar kimi, bu dünyanın yaradıcısına inanmayanlara “Dehri”, ateist deyilir. [Hər əsrdə belə axmaqlar gəlmişdir. Mao kimi, Stalin kimi zalımlar milyonlarla insanı öldürərək, işgəncə edərək və din, İslam adamlarını və kitablarını yox edərək, millətlərini susdurmuş, qorxutmuşdurlar. Hər istədiklərini zorla etdirərək azğınlaşmışdırlar. İlaha, məbuda məxsus üstünlüklərə malik olduqlarını sanmış və söyləmişdirlər. İslam kitablarının yurdlarına daxil olmasını, oxunmasını qadağan etmiş, dindən, Allahu təaladan bəhs edənləri öldürmüşdürlər. Allahu təalanın məhv etməsindən, qəzəbindən qurtula bilməyib yox olmuşdurlar. Tarixdə keçən bütün zalımlar kimi lənət və nifrət ilə anılmışdırlar. Qiyam və hiylə yolu ilə bəzi ərəb məmləkətlərinin başına keçən, zəhərli təbliğatlarla beyinləri yuyulmuş zalımlar, diktatorlar da, o ateistləri təqlid edir, İslam düşmənliyi edirlər. Tarix kitablarında oxuduqları zalımların faciəvi aqibətlərindən ibrət almırlar. Dünyada, axirətdə başlarına gələcək olan əzabları, fəlakətləri heç düşünmürlər.]

Rəsulullaha (sallallahu əleyhi və səlləm) qarşı da təkəbbür edənlər çox eşidildi. Allahın göndərdiyi Peyğəmbər (əleyhissalatu vəssəlam) budurmu? dedilər. Bu Quran Məkkə şəhərinin öndə gedənlərinə endirilsəydi yaxşı olardı, dedilər. Tarix boyunca İslamın böyüklərinə qarşı da belə təkəbbür edənlər, istehza edənlər heç əskik olmadı. Bu təkəbbürlər aciz, zəif, əlindən bir şey gəlməyən, hətta özündən və bədəninin quruluşundan xəbəri olmayan qulun öz məlikinə, sahibinə, qüvvəti, gücü sonsuz olan Rəbbinə qarşı bir savaş idi. Vaxtilə iblis də belə təkəbbür etdi. Mələklərə, Adəm əleyhissəlama qarşı səcdə etmələri əmr olunduqda, torpağa qarşı niyə səcdə edim? Mən ondan daha üstünəm. Məni atəşdən, onu palçıqdan yaratdın, deyərək Rəbbinə qarşı çıxdı. Atəşin alovunu, lətifliyini və işıq yaydığını gördükdə, onu sudan və torpaqdan üstün sandı. Halbuki üstünlük, özünü üstün görməkdə deyil, təvazö göstərməkdədir. Cənnətdə torpaq vardır və müşk kimi ətri olacaqdır. Cənnətdə atəş yoxdur. Atəş, Cəhənnəmdə əzab vasitəsidir. Atəş, xarab etməyə, torpaq, bina tikməyə yarayar. Məxluqlar torpaq üstündə yaşayır. Xəzinələr, dəfinələr torpaqda olur. Kəbə də torpaqdan tikilmişdir. Atəşin işığı gecələrə son verir, gündüzü gətirirsə də, torpaqdan çiçəklər, meyvələr hasil olur. Kainatın, varlıqların ən üstünü olan Muhamməd əleyhissəlamın yeri torpaqdır.

Hədisi-şəriflərdə, “Allahu təala buyurur ki, kibriya, üstünlük və əzəmət mənə məxsusdur. Bu ikisində mənə ortaq olanı Cəhənnəmə ataram, heç acımaram” və “Qəlbində zərrə qədər kibr olan Cənnətə girməyəcəkdir” buyurduqda, gözəl paltar və təmiz nalın1 geyməyi sevən kimsə belədirmi? soruşuldu. Cavabında, “Allahu təala cəmildir. Cəmal sahiblərini sevər” buyurdu. [Çirkin, iyrənc olmamaq üçün, çirkinliklə məşhur olmamaq üçün edilən təmizliyə, gözəlliyə, cəmal sahibi olmaq deyilir. Ehtiyac əşyasından xoş və sevimli görünəcək şəkildə istifadə etmək cəmal sayılır. Bəzənmək, gözəl görünərək, başqasından üstün olmaq üçün bədənində, paltarında, əşyasında edilən dəyişikliklərə zinət deyilir və bədənini, səhhətini, şərəfini, dəyərini qorumaq üçün ehtiyac olunandan artıq şeylərdir. Kişilərin hər yerdə, qadınların isə yad kişilərin yanında, zinət əşyasından istifadə etməsi caiz deyildir.] Allahu təalanın hər işi gözəldir. Əxlaqı gözəl olanları sevər. Bu hədisi-şərif kibr sahiblərinin, digər günah işləyənlər kimi əzabsız birbaşa Cənnətə girə bilməyəcəklərini bildirir. Cənnətə girməyənlərin gedəcəkləri yer Cəhənnəmdir. Çünki axirətdə bu ikisindən başqa gedəcək yer yoxdur. Zərrə qədər imanı olan Cəhənnəmdə sonsuz qalmayacaq, Cənnətə gedəcəkdir. Böyük günah işləyib tövbə etməyən, şəfaətə, əfvə qovuşmayan mömin Cəhənnəmdə günahlarının qarşılığı olan əzabları çəkdikdən sonra çıxarılacaq, Cənnətə qoyulacaqdır. Cənnətə girən Cənnətdən heç çıxmayacaqdır. Hədisi-şərifdə, “Kibri, xəyanəti və qul borcu olmayan mömin, hesabsız Cənnətə girəcəkdir” və “Qul haqqı möminin eybi, qüsurudur” buyuruldu. Nəfəqə üçün borc almaq və malı olduqda dərhal ödəmək lazımdır. Yuxarıdakı hədisi-şərifdə ehtiyac olmadan alınan və malı olduqda ödənməyən, haram yollarla alınan borc, zövcəsinə olan mehr borcu, din bilgisi öyrətmək borcu bildirilir. Rəsulullah (sallallahu təala əleyhi və səlləm) vəfat edəcəyi zaman, “Ya Əli! Filan yəhudiyə borcum var. Onu ödə!” buyurdu. Yəhudidən borc arpa almışdı. Ödənməsi üçün vəsiyyət etdi. Yəhudi alimlərinin böyüklərindən olduğu halda Rəsulullah ilə (sallallahu əleyhi və səlləm) bir kərə danışmaqla, haqq Peyğəmbər olduğunu anlayaraq imana gələn Abdüllah ibn Səlam (radıyallahu təala anh), belində odun daşıyırdı. Bunu görənlər, o qədər çox malın, pulun var ikən, nə üçün bu zəhməti çəkirsən, dedikləri zaman, nəfsimi kibrdən qurtarmaq üçün, dedi. Zənginin hambalın zəhmət haqqını verməmək üçün malını özü daşıması, təzəllüldür (təvazönün ifrat dərəcəsi), bayağılıqdır. Sünnətə riayət etmək və nəfsini qırmaq üçün daşıması yaxşıdır və savabdır. Hədisi-şərifdə, “Allahu təala qiyamət günü üç kimsə ilə danışmayacaq, hamısına çox acı əzab edəcəkdir: Zina edən yaşlı, yalan söyləyən hökumət rəisi və kibrli olan kasıb” buyuruldu. Ömər (radıyallahu anh) Şama gəldikdə, Əbu Ubeydə ibn Cərrah (radıyallahu təala anh) əmrində olanlarla birlikdə onu qarşıladı. Xəlifə dəvəsindən endi, yerinə köləsini mindirdi. Çünki dəvəyə köləsiylə növbə ilə minirdilər. O an dəvəyə minmək növbəsi köləyə çatmışdı. Özü cilovu tutdu, su kənarından keçərkən məstlərini çıxardı, ayaqlarını suya saldı. Şam ordusunun sərkərdəsi olan Əbu Ubeydə (radıyallahu təala anh): “Ya Xəlifə! Nə edirsən? Bütün Şamlılar, xüsusən də rumlar, müsəlmanların xəlifəsini görmək üçün toplandılar. Sənə baxırlar. Bu etdiyini bəyənməyəcəklər” dedikdə, “Ya Əbu Ubeydə! Sənin bu sözün burada toplananlar üçün çox zərərlidir. Eşidənlər insanın şərəfini vasitəyə minərək getməkdə və bəzəkli paltar geyinməkdə sanacaqlar. Şərəfin müsəlman olmaqda və ibadət etməkdə olduğunu anlamayacaqlar. Biz aşağı təbəqədən, bayağı insanlardıq. [Acəm şahlarının əlində əsir idik.] Allahu təala müsəlman etməklə bizləri şərəfləndirdi. Allahu təalanın verdiyi bu izzətdən, bu şərəfdən başqa şərəf axtarsaq, Allahu təala bizi yenə zəlil edər, hər şeydən alçaq edər” buyurdu. İzzət İslamdadır. İslamın əhkamına tabe olan əziz olar. Bu əhkamı bəyənməyib, izzəti, hüzuru, səadəti başqa şeylərdə axtaran zəlil olar, dedi. İslamın əmrlərindən biri təvazödür. Təvazö göstərən əziz olur, yüksəlir. Təkəbbür edən zəlil olur. Bir hədisi-şərifdə, “Qiyamət günü dünyadakı kibr sahibləri kiçik qarışqa kimi zəlil və dəyərsiz olaraq qəbrdən çıxarılacaqdır. Qarışqa kimi lakin insan şəklində olacaqlar. Hər kəs bunları kiçik, dəyərsiz görəcəkdir. Cəhənnəmin ən dərin və əzabı ən şiddətli olan Bolis çuxuruna atılacaqlar. Buraya girənlər qurtulmaqdan məyus olduqları üçün Bolis deyilmişdir. Atəş içində qeyb olacaqdırlar. Su istədikləri zaman onlara Cəhənnəmdəkilərin irinləri veriləcəkdir” buyuruldu. Mədinə valisi olan Əbu Hüreyrə (radıyallahu təala anh) odun daşıyırdı. Muhamməd ibn Ziyad (rahiməhullahu təala) onu tanıyaraq, yanındakılara, “yol verin, Əmir gəlir” dedi. Gənclər valinin belə təvazökarlığına heyrət etdilər. Hədisi-şərifdə, “Öncəki ümmətlərdə kibr sahibi birisi, ətəklərini yerdə sürüyərək gəzirdi. Qeyrəti ilahiyyəyə toxunaraq, yer onu uddu” və “Eşşəyə minmək, yun paltar geyinmək və qoyunun südünü sağmaq kibrsizlik əlamətidir” buyuruldu.

Kibrin başlıca yeddi səbəbi vardır: Elm, yəni din bilgiləri, ibadət, nəsəb, camal, qüvvət, mal, vəzifə. Bu sifətlər cahillərdə olduqda kibrə səbəb olurlar. Elm kibrə səbəb olduğu kimi, kibrin dərmanı da elmdir. Kibrə səbəb olan elmin əlacı çox çətindir. Çünki elm çox qiymətli bir şeydir. Bunun üçün elm sahibi özünü üstün və şərəfli sanır. Belə kimsənin elminə cahillik demək daha doğru olar. Həqiqi elm insana acizliyini, qüsurunu və Rəbbinin böyüklüyünü, üstünlüyünü bildirir. Xaliqinə qarşı qorxusunu və məxluqlara qarşı təvazökarlığını artırır. Qul haqlarına əhəmiyyət verir. Belə elmi öyrətmək və öyrənmək fərzdir. Buna “Elmi nafi” deyilir. İxlas ilə ibadət etməyə səbəb olur. Kibrə səbəb olan elmin əlacı iki şeyi bilməklə olur. Birincisi, elmin qiymətli, şərəfli olması saleh niyyətə bağlıdır. Cəhalətdən və nəfsinin həvasından qurtulmaq üçün öyrənmək lazımdır. İmam olmaq, müfti olmaq, din adamı kimi tanınmaq üçün öyrənməmək lazımdır. İkincisi, elmi ilə əməl etmək və başqalarına öyrətmək, eləcə də bunları ixlas ilə etmək lazımdır. Əməl və ixlas ilə olmayan elm zərərlidir. Hədisi-şərifdə, “Allah üçün olmayan elmin sahibi Cəhənnəmdə atəşlər üzərinə oturdulacaqdır” buyuruldu. Mal, vəzifə və şöhrət üçün elm sahibi olmaq belədir. Dünyalıq ələ keçirmək üçün elm öyrənmək, yəni dini dünyaya vəsilə etmək, qızıl qaşıqla nəcasət yeməyə bənzəyir. Dini dünya qazancına alət edənlər din oğrularıdır. Hədisi-şərifdə, “Din bilgilərini dünyalıq ələ keçirmək üçün əldə edənlər Cənnətin qoxusunu duymayacaqlar” buyuruldu. Fənn bilgilərini dünya mənfəəti üçün öyrənmək caizdir. Hətta lazımdır. Hədisi-şərifdə, “Bu ümmətin alimləri iki cür olacaqdır: Birinciləri, elmləri ilə insanlara faydalı olacaqlar. Onlardan bir qarşılıq gözləməyəcəklər. Belə olan insana dənizdəki balıqlar, yer üzündəki heyvanlar və havadakı quşlar dua edəcəklər. Elmi başqalarına faydalı olmayan, elmini dünyalıq ələ keçirmək üçün istifadə edənlərə qiyamətdə Cəhənnəm atəşindən xalta vurulacaqdır” buyuruldu. Yerdə və göydə olan məxluqların hamısının təsbeh etdiklərini Qurani-Kərim xəbər verir. “Alimlər, Peyğəmbərlərin varisləridir” hədisi-şərifindəki alim, Rəsulullahın (sallallahu təala əleyhi və səlləm) yolunda olan, Onun yoluna tabe olan din alimi deməkdir. İslamiyyətə tabe olan alim ətrafına ziya saçan işıq qaynağı kimidir. “Qiyamət günü bir din adamı gətirilib Cəhənnəmə atılar. Cəhənnəmdəki tanıdıqları ətrafına toplanıb, sən dünyada Allahın əmrlərini bildirirdin. Nə üçün bu əzaba düşdün, deyə soruşarlar. Bəli, “günahdır, etməyin” deyərdim, özüm edərdim. “Edin” dediklərimi də etməzdim. Bunun üçün cəzasını çəkirəm, deyər”; və “Merac gecəsi göyə aparılarkən insanlar gördüm. Atəşdən qayçılarla dodaqlarını kəsirdilər. Bunların kim olduqlarını Cəbrayıldan soruşdum. Ümmətinin xətiblərindən, vaizlərindən, özlərinin etmədiklərini “edin” deyənlərdir, dedi” və “Cəhənnəm zəbaniləri günah işləyən hafizlərə, bütə tapınanlardan daha öncə əzab edəcəklər. Çünki bilərək edilən günah bilməyərək ediləndən daha pisdir” hədisi-şərifləri məşhurdur. Əshabı-kiram çox alim olduqları üçün kiçik günahlardan da böyük günahlar kimi qorxardılar. Buradakı hafizlər gərək ki, Tövrat hafizləridir. Çünki günah işləyən müsəlmanlara kafirlərdən daha şiddətli əzab edilməyəcəkdir. Yaxud, bu ümmətdən olub, günahlardan, haramlardan çəkinməyə əhəmiyyət verməyib, kafir olan hafizlərdir. Hədisi-şərifdə, “Alimlər dövlət adamlarına qarışmadıqca və dünyalıq toplamaq arxasınca qaçmadıqca Peyğəmbərlərin əminləridir. Dünyalıq toplamağa başladıqda və hökumət adamlarının arasına qarışdıqda bu əmanətə xəyanət etmiş olurlar” buyuruldu. Əmanətçinin özünə verilən malları mühafizə etməkdə əmin olması lazım gəldiyi kimi, din aliminin də İslam bilgilərini pozulmaqdan mühafizə etməkdə əmin olması lazımdır. Rəsulullah (sallallahu əleyhi və səlləm), Kəbəni təvaf edərkən, “hansı insan daha pisdir?” deyə soruşuldu. “Pis olanı soruşma! Yaxşı olanları soruş. Alimlərin pisi insanların ən pisidir” buyurdu. Çünki alimlər bilərək günah işləyir. İsa əleyhissəlam, “Pis alimlər su yolunu bağlayan qaya kimidir. Su qayadan sızıb keçə bilməz. Axmasına da mane olar” dedi. Pis din adamı kanalizasiyaya bənzəyər. Görünüşdə sağlam sənət əsəridir. İçi isə pisliklə doludur. Hədisi-şərifdə, “Qiyamət günü əzabların ən şiddətlisi elmi özünə faydalı olmayan din adamınadır” buyuruldu. Bunun üçün, münafiqlər, yəni müsəlman görünən kafirlər Cəhənnəmin dibinə gedəcəklər. Çünki bunlar eşitdikləri, bildikləri halda inad edərək kafir olmuşdurlar. Elm sahibi, yəni din bilgilərini öyrənən kimsə ya sonsuz səadətə qovuşur, yaxud nəhayətsiz fəlakətə düçar olur. Hədisi-şərifdə, “Cəhənnəmdə əzab çəkənlərdən bəziləri pis qoxular yayar. Bu qoxu digərlərinə atəşdən daha çox əzab verir. Sən nə günah işlədin ki, səndən belə pis qoxu gəlir, deyildikdə, mən din adamı idim, bildiklərimi etməzdim deyər” buyuruldu. Əbüddərda (radıyallahu təala anh) deyir ki, “Elmi ilə amil olmayan din adamına alim deyilməz.” İblis bütün dinləri bilirdi. Lakin elmi ilə əməl etmədi. Çöldə qalan kimsənin yanında on ədəd qılınc və müxtəlif silahlar olsa, bunlardan yaxşı istifadə edə bilsə və çox cəsur olsa, ona hücum edən aslana qarşı bunları işlətməsə, bu silahların faydası olarmı? Əlbəttə olmaz. Bunun kimi din bilgilərindən yüz min məsələ öyrənsə, bunlardan istifadə etmədikcə faydalarını görməz. Xəstə olan kimsə də dərdinin ən faydalı əlacı tapılsa, istifadə etmədikcə faydasını görməz.

“Axır zamanda ibadət edənlərin çoxu din cahili olacaqdır. Din adamlarının çoxu da fasiq olacaqdır”, hədisi-şərifində bildirilən fasiq din adamları dünyalıq ələ keçirmək üçün hökumət adamları arasına qarışacaqlar. Süfyan Səvri (rahiməhullahu təala) deyir ki, Cəhənnəmdə atəşdən bir vadi vardır. Bu vadidə hökumət adamları arasına qarışan riyakar hafizlər əzab görəcəkdir. Yenə, Süfyan deyir ki, elmdə o qədər irəlilədim ki, bir ayəti-kəriməyə otuz üç cür məna verirdim. Sultanın ziyafətinə getdim. Yediyim tikələrin təsiri ilə bildiklərimin hamısını unutdum. Muhamməd ibn Sələmə (rahiməhullahu təala) deyir ki, dünya mənfəəti üçün hökumət adamlarının qapısında gözləyən bir hafizin halı, pislik üzərinə qonmuş milçəyin halından daha pisdir.

“Allahu təalanın ehsan etdiyi elmi insanlara öyrətməyənə qiyamət günü atəşdən xalta bağlanacaqdır” hədisi-şərifi yuxarıda bildirilmişdi. Elmi əhlindən saxlayan din adamları belə olacaqdır. Nisa surəsinin, “Mallarınızı səfehlərə verməyin!” məalindəki beşinci ayəti-kəriməsi alçaqlara, münafiqlərə elm öyrətməyi qadağan edir.

“İslamiyyət hər tərəfə yayılacaqdır. Hətta İslam tacirləri ticarət üçün böyük dənizlərdə sərbəst səfər edəcəklər və qazilərin atları başqa məmləkətlərə yayılacaqdır. Sonra, hafizlər törəyəcək, “məndən daha yaxşı oxuyan varmı? Məndən daha çox bilən varmı?” deyəcəklər. Cəhənnəmin odunları bunlardır” hədisi-şərifindən aydın olur ki, riya ilə oxumaları və təkəbbür etmələri özlərini Cəhənnəmə sürükləyəcəkdir.

Hədisi-şərifdə, “Alim olduğunu söyləyən şəxs cahildir” buyuruldu. Hər soruşulana cavab verən, hər gördüyündən məna çıxaran və hər yerdə bilgi satan şəxs cahilliyini ortaya qoyar. Bilmirəm, öyrənib söyləyərəm deyən kimsənin dərin alim olduğu aydın olur. Rəsulullaha (sallallahu əleyhi və səlləm), ən qiymətli yer haradır, deyildikdə, “Bilmirəm, Rəbbim bildirərsə söyləyərəm” demişdir. Bunu Cəbrail əleyhissəlamdan soruşmuş, ondan da eyni cavabı almışdır. O da Allahu təaladan soruşmuş, “Məscidlər”dir cavabını almışdır. Əraf surəsinin “Əfv et və marufu əmr et” məalindəki 199-cu ayəti-kəriməsi gəldikdə Cəbrail əleyhissəlamdan bunu açıqlamasını istəmiş, o da Rəbbimdən öyrənərəm, deyərək getmişdir. Təkrar gəldikdə, Allahu təala, “Səndən uzaqlaşana yaxınlaş! Səndən əsirgəyənə ehsan et! Sənə zülm edənləri əfv et!” əmrini verdi, dedi. Şəbi (rahiməhullahu təala), ondan soruşulanlardan birinə “bilmirəm” dedikdə, “Sən İraq məmləkətinin müftisisən. Bilmirəm demək sənə yaraşarmı?” dedikləri zaman, “mələklərin üstünləri bilmirik, dedilər. Mənim söyləməyimdən nə çıxar”, buyurdu. İmam Əbu Yusif (rahiməhullahu təala), bir suala “bilmirəm” dedikdə, “həm beytülmaldan maaş alırsan, həm də cavab vermirsən”, dedilər. “Beytülmaldan bildiklərim qədər maaş alıram. Bilmədiklərim üçün alsaydım, beytülmalda olanların hamısı çatmazdı” dedi. Nəfsinə tabe olmayan cahil ilə dostluq etmək, nəfsinin əsiri olan din adamı ilə dostluq etməkdən yaxşıdır. Din adamı olduğu üçün təkəbbür etmək cahil olmağın əlamətidir. Çünki elm təvazökarlığa səbəb olur, kibrdən çəkindirir.

Təkəbbür etmək haramdır. Təkəbbür Allahu təalanın bir sifətidir. Kibr və Kibriya sifəti ona məxsusdur. İnsan nəfsini nə qədər alçaldarsa, Allahu təala qatında qiyməti o qədər yüksələr. Özünə qiymət verənin Allahu təala qatında qiyməti olmaz. Kibrin zərərini bilməyənə alim demək yalan olar. İnsanın elmi artdıqca Allahu təaladan qorxusu artar. Günah işləməyə cəsarət edə bilməz. Bunun üçün Peyğəmbərlər (əleyhimussəlam) təvazö sahibi idilər. Allahu təaladan çox qorxardılar. Onlarda kibr və ucb kimi pis xüsusiyyətlər heç yox idi. Kiçiklərə, fasiqlərə və facirlərə qarşı da kibrli olmamaq lazımdır. Yalnız təkəbbür sahibinə qarşı təkəbbür etmək lazımdır. Bir alim cahili gördükdə, “bu, bilmədiyi üçün günah işləyir. Mən isə bilərək işləyirəm,” deməlidir. Bir alimi gördükdə, “bu məndən daha çox bilir və elminin haqqını verir. İxlas ilə əməl edir. Mən belə deyiləm”, deməlidir. Özündən daha yaşlı bir kimsəni gördükdə, “bu məndən daha çox ibadət etdi”, deməlidir. Gəncləri gördükdə, “bunların günahı az, mənim günahım çoxdur” deməlidir. Özü yaşındakıları gördükdə, “günahlarımı bilirəm, onun nə etdiyini bilmirəm. Bilinən pislikləri təhqir etmək lazımdır”, deməlidir. Bir bidət sahibini və ya kafiri gördükdə, “insanın halı son nəfəsdə bəlli olur. Görəsən mənim halım nə olacaq”, deməli, bunlara da təkəbbür etməməlidir. Lakin bunları sevməməlidir. Xüsusilə küfrü, bidəti yaymağa çalışan “Dində Reformçular”, Rəsulullahın (sallallahu əleyhi və səlləm) sünnətinə düşməndirlər. Sünnətin nurlarını söndürməyə və bidəti, zəlaləti yaymağa, Əhli-sünnət alimlərini (rahiməhumullahu təala) pisləməyə, ayəti-kərimələrə və hədisi-şəriflərə yanlış mənalar verərək, İslamiyyəti içəridən yıxmağa çalışırlar.

[Kitabevimizin bütün nəşrləri, Əhli-sünnət alimlərinin (rahiməhumullahu təala) kitablarından tərcümə edilmişdir. Öz düşüncələrimiz deyildir. Kitablarımızın hamısında, Əhli-sünnət alimlərinin (rahiməhumullahu təala) böyüklüklərini, üstünlüklərini gənclərə eşitdirməyə çalışırıq. Dünyada və axirətdə səadətə qovuşmaq üçün tək çarənin Əhli-sünnət alimlərinin (rahiməhumullahu təala) kitablarında göstərilən yol olduğunu bildiririk. Bu səadəti, qurtuluş yolunu insanlığa tanıtmağa çalışırıq. Bunun qarşılığında heç bir dünya mənfəəti düşünmürük. Kimsədən bir şey gözləmirik. Bidət sahibləri, məzhəbsizlər, hər növ İslam düşmənləri kitablarımızın oxunmasını, yayılmasını istəməyə bilər. Kitablarımıza qarşı şeytanca iftiralar edə bilər. Elm sahibi olmadıqları üçün elmi bir qüsur tapa bilmirlər. “Kitablardan pul qazanır, mənfəət əldə edirlər” də deyə bilməzlər. Bu kitablar pozuqdur, bunları oxumayın deyənlər olur. “Harası pozuqdur? Göstərin” deyildikdə, “elə eşitdik, elə imiş” deyirlər. Əlhamdulillah! Ayıq gənclər bu bölücülərə aldanmır. Oxuyanlar həmişə artır.]

Bu yıxıcıları, bölücüləri də sevməmək lazımdır. Lakin insanın öz günahlarını unutmaması, əzəldə onun haqqında necə təqdir olunduğunu və son nəfəsinin necə olacağını düşünməsi lazımdır. Axirətdə kimin kimdən üstün olacağı dünyada dəqiq bilinməz. Çox din adamı kafir olaraq can vermişdir. Çox kafirlərə də iman ilə can vermək nəsib olmuşdur. İndi kafirə Cəhənnəmlik, özünə Cənnətlik deyən kimsə, qeybi bildiyini iddia etmiş olur. Bu isə küfrdür. Çünki Cənnətlik və Cəhənnəmlik olmaq son nəfəsdə bəlli olur. Son nəfəsin necə olacağını söyləmək qeybi bilmək olur. Ona görə kimsəyə təkəbbür etmək caiz deyildir.

Sual: “Kafirə və bidət sahibinə nəhyi-münkər etmək, nəsihət vermək lazımdır. Özünü bunlardan aşağı görən şəxs onlara necə nəsihət verə bilər? Bundan başqa, adəti ilahiyyə belədir ki, insan necə yaşadısa, elə can verər. Bunun əksi olmuşdursa da nadirdir. Həm də Allahu təala möminləri mədh edir, imansızlardan üstün olduqlarını bildirir” deyilərsə, buna “cavab” olaraq deyərik ki, onları sevməməyin lazım olması Allahu təala “Sevməyin!” dediyi üçündür. Onlardan daha üstün olduğumuz üçün deyildir. Sultan kiçik oğlunu xidmətçisi ilə bir yerə göndərərkən, uşaq qəbahət edərsə acıqlanmasını, hətta döyməsini əmr edər. Xidmətçi də uşaq qəbahət etdikdə, onu döyər. Lakin döyərkən, özünün uşaqdan daha qiymətli olmadığını bilir. Ona təkəbbür edə bilməz. Möminin kafiri sevməməsi buna bənzəyir. Allahu təala möminlərin özlərinin deyil, imanlarının üstün olduğunu bildirdi. İman kimdə varsa o üstün olur. Sonsuz üstünlük son nəfəsdə bəlli olur.

İbadətin qiymətli olması da şərtlərə bağlıdır. Müsəlman, “malayani” ilə, yəni faydasız şeylərlə vaxt keçirməz. Həzrəti Əbu Bəkr buyurdu ki, biz bir harama düşmək qorxusundan, yetmiş halalı işləməkdən çəkinirdik. Bunun üçün heç kim ibadətinə güvənməməlidir. Çox ibadət etdiyi üçün təkəbbür etməməlidir. İbadətin qəbul olması üçün niyyətin xalis olması, yəni yalnız Allahu təalanın rızası üçün edilməsi lazımdır. Bu ixlası əldə etmək asan deyildir. Nəfsi təmizləmək təqva ilə olur. Təqva, haramlardan çəkinmək deməkdir. Nəfsi təmizlənməyən kimsənin ibadətlərini ixlas ilə etməsi çox çətindir. Ataları, babaları ilə öyünmək və təkəbbür etmək cahillik və axmaqlıqdır. Qabil Adəm əleyhissəlamın oğlu idi. Kənan Nuh əleyhissəlamın üç oğlundan biridir. Digər adı Yamdır. Qardaşı Yafəs din alimi idi. Özü isə küfrdən qurtula bilmədi. Atasının Peyğəmbər olması onu küfrdən qurtarmadı. İnsanın öyündüyü babaları bir ovuc torpaq oldu. Torpaq ilə öyünmək ağla uyğun olarmı? Onların saleh olmaları ilə öyünmək deyil, onlar kimi saleh olmağa, onların yolunda getməyə çalışmaq lazımdır.

Qadınların çoxu gözəllikləri ilə təkəbbür edər. Halbuki gözəllik insanda qalıcı deyil, tez gedər, insana mülk olmaz. Əmanət olaraq verilmiş şeylə təkəbbür etmək axmaqlıqdır. Zahirin gözəlliyi qəlbin gözəlliyi ilə, yəni gözəl əxlaqla birlikdə olduqda qiymətlidir. Qəlbin təmizliyi də Rəsulullahın sünnətinə tabe olmaqla bəlli olur. İnsanın qəlbinə, ruhuna, əxlaqına qiymət verilməzsə, insanın heyvandan fərqi olmaz. Hətta heyvanlardan aşağı olar. Pisliklə dolu, pozulan, parçalanan bir maşın olar. Hər zaman bəslənməsi, təmizlənməsi, təmir edilməsi lazım gələn xarab bir maşına bənzəyər. Belə kimsəyə təkəbbür etmək yaraşarmı? Bunun ancaq təvazö göstərməsi lazımdır.

Gənc və qüvvətli olmaqla təkəbbür etmək də cahillikdir. Heyvanların fiziki və hiss orqanlarındakı qüvvəti insanlardan qat-qat çoxdur. Onda heyvanların insanlara təkəbbür etməsi lazım gələrdi. Həmişə qüvvətli qalacağını, xəstəliyə, təhlükəyə, qəzaya düşməyəcəyini kim iddia edə bilər? Gəncliyindən, gücündən, qüvvətindən, hətta hərəkətindən, tənəffüsündən ayrılmayan şəxs görülmüşdürmü? Belə keçici, davamı çox qısa olan və heyvanlarla ortaq olan şeylərlə təkəbbür etmək ağla uyğun olarmı?

Mal ilə, övlad ilə, vəzifə ilə və rütbə ilə təkəbbür etmək insana heç yaraşmaz. Çünki bunlar onda olan üstünlüklər deyildir. Gəlib keçən, özündə qalmayan, insandan tez ayrılan şeylərdir. Bunlar əxlaqsızlarda, pis insanlarda da olur. Həm də onlarda daha çoxdur. Bunlar üstünlük olsaydı, bunlara qovuşmayanların və qovuşub ayrılanların, çox aşağı kimsələr olması lazım gələrdi. Mal, şərəf vəsiləsi olsaydı, oğruların az vaxtda belə olsa şərəfli kimsələr olmaları lazım gələrdi.

“Hıqd” da, təkəbbürə səbəb olmamalıdır. Hıqd, lüğətdə kin tutmaq, kin bəsləmək deməkdir. Qəlbindən düşmənlik bəsləməkdir. Özü ilə eyni dərəcədə olan və ya daha üstün olan kimsəyə hirslənər, bir şey etmək əlindən gəlmədiyi üçün ona təkəbbür edər. Təvazö göstərilməsi lazım olan kimsəyə təvazö edə bilməz. Onun haqlı sözlərini, nəsihətlərini qəbul etməz. Hər kəsə qarşı ondan daha üstün olduğunu göstərmək istər. Ona əziyyət verərsə üzr diləməz.

“Həsəd” də təkəbbürə səbəb olur. Başqasında olan nemətlərin ondan ayrılaraq özünə gəlməsini istər. Onun haqlı olan sözlərini və nəsihətlərini rədd edər. Ondan bir şey soruşub öyrənmək istəməz. Özündən yüksək olduğunu bildiyi halda ona təkəbbür edər.

“Riya” da təkəbbür etməyə səbəb olur. Riya ilə, özünü göstərərək, tanımadığı insana başqalarının yanında təkəbbür edər. Yalnız olduqları zaman etməz. Belə insanların təkəbbüründən qurtulmaq üçün alimlərin vüqarlı olmaları, şərəflərinə uyğun paltar geymələri lazımdır. Bunun üçün İmam Əzəm Əbu Hənifə (rahiməhullahu təala), sarığınız böyük olsun və cübbənizin qol ağzı geniş olsun, buyururdu. İnsanlara moizə və nəsihət edəcək kimsələrin yeni, təmiz paltar geyərək özlərinə camal vermələri ibadət olur. Hörmət edilməzlərsə sözləri dinlənməz. Çünki, cahillər insanın zahirinə baxar, elmindən, əxlaqından anlamazlar.

Çox kimsə kibrli olduğunun fərqində deyildir. Bunun üçün kibrin əlamətlərini bilmək lazımdır. İçəri girdikdə hər kəsin onun üçün ayağa qalxmasını sevər. Özünə hörmət edildiyini anlayaraq onlara nəsihət vermək istəyən alimin özü üçün ayağa qalxılmasını arzu etməsi kibr olmaz. Özü oturub başqalarının özünə qarşı ayaq üstə durmalarını istəmək, təkəbbürdür. Həzrəti Əli (radıyallahu anh) buyurdu ki, “Cəhənnəmlik bir kimsə görmək istəyən özü oturub başqalarını ayaq üstə saxlayan adama baxsın!” Əshabı-kiram (əleyhimurridvan), Rəsulullahı (sallallahu əleyhi və səlləm) hər şeydən çox sevərdi. Gəldiyi zaman ayağa qalxmazdılar. Çünki ayağa qalxılmasını istəmədiyini bilirdilər. Bununla yanaşı, alimlər gəldikdə, elmin şərəfini göstərmək üçün ayağa qalxmaq lazımdır. Yəhya ibn Qəttan (rahiməhullahu təala), əsr namazını qıldıqdan sonra caminin minarəsinə söykənərək oturmuşdu. Yanına zamanın məşhur alimlərindən bir neçəsi gəldi. İçlərində Əhməd ibn Hanbəl (rahiməhullahu təala) də vardı. Hamısı ayaq üstə olaraq hədis elmindən soruşdular. Yəhya hər birinin cavabını verdi. Heç birinə otur demədi. Heç biri də oturmağa cəsarət etmədi. Söhbətləri axşam namazına qədər davam etdi. Gənc olan alim yaşlı olan cahilin baş tərəfinə oturar. Tələbə xocasından əvvəl sözə başlamaz. Xocası yox ikən onun yerinə oturmaz. Küçədə önündə getməz. Bir kimsə özü üçün ayağa qalxılmasını sevər, lakin bu sevgidən qurtulmaq istərsə sevgisi “Meyli təbii”, yəni təbii hal olar. Yaxud şeytanın vəsvəsəsindən olar. Hər ikisi də günah deyildir. Əlində deyildir, iradəsindən kənardır.

Yalnız olaraq gəzməyib, arxasından başqalarının da gəlməsini istəmək, yaxud özü heyvan üstündə, tələbələrinin yerdə getmələrini sevmək də kibr əlamətidir. Rəsulullah (sallallahu əleyhi və səlləm), Mədinənin Baki qəbristanına gedirdi. Bir neçə nəfər görüb arxasından gəldilər. Duraraq önə keçmələrini əmr buyurdu. Arxalarından getdi. Səbəbi soruşulduqda, “Ayaq səsini eşitdim. Qəlbimə kibrdən bir zərrə gəlməməsi üçün belə etdim” buyurdu. Ona kibr gəlməz. Əshabına dərs vermək üçün belə etdi. Əbüddərda (radıyallahu təala anh) deyir ki, kibrli kimsənin arxasında gəzənlərin sayı artdıqca, onun Allahu təaladan uzaqlaşması da artar.

Üzərində haqqı olanları, yəni tanıdıqlarını ziyarət etməmək də kibr əlamətidir. Özündən aşağı olanları ziyarət etmək təvazö əlamətidir.

Yanında başqasının oturmasını istəməmək və xəstələrlə birlikdə oturmamaq, evinin işini görməmək, evinə lazım olan şeyləri satın alıb evinə gətirməmək və geyinilmiş paltarı təkrar geymək istəməmək kibr əlamətlərindəndir. İş başında iş paltarı geymək istəməmək də belədir. Kasıbların dəvətinə getməyib, zənginlərin dəvətinə getmək də təkəbbürdür. Əqrəbasının və uşaqlarının möhtac olduqları şeyləri təmin etməmək və doğru sözü qəbul etməyib münaqişə etmək, qüsurunu, qəbahətini bildirənlərə təşəkkür etməmək hər kəsin yanında olarsa riya olur. Həm yalnız ikən, həm də başqalarının yanında olarsa, kibr olur.

Təvazö sahibi ola bilmək üçün dünyaya haradan gəldiyini, hara gedəcəyini bilmək lazımdır. Heç yox idi. Öncə bir şey edə bilməyən, hərəkət edə bilməyən uşaq oldu. İndi də hər an xəstə olmaq, ölmək qorxusundadır. Nəhayət öləcək, çürüyəcək və torpaq olacaqdır. Heyvanlara, böcəklərə qida olacaqdır. Edam otağına salınıb, edam olunacağı zamanı gözləyən kimsənin ölüm otağında çəkdiyi sıxıntılar kimi dünya zindanında hər an nə zaman əzaba götürüləcəyini gözləməkdədir. Öləcək, leş olacaq, böcəklərə yem olacaq, qəbir əzabı çəkəcək, sonra dirildilib qiyamət sıxıntılarını çəkəcəkdir. Cəhənnəmdə sonsuz yanmaq qorxusu içində yaşayan kimsəyə təkəbbür yaraşar, yoxsa təvazö? İnsanların yaradıcısı, yetişdiricisi, hər an təhlükələrdən qoruyucusu olan və qiyamətdə hesaba çəkəcək, sonsuz əzab edəcək olan, sonsuz qüvvət, qüdrət sahibi, bənzəri, ortağı olmayan tək hakim və qadir olan Allahu təala, “Təkəbbür edənləri sevmərəm, təvazö edənləri sevərəm” buyurur. Aciz, əlindən heç bir şey gəlməyən zavallı insana bunlardan hansını etmək yaraşar? Ağlı başında olan, özünü və Rəbbini tanıyan heç təkəbbür edə bilərmi? İnsan alçaqlığını, acizliyini Rəbbinə qarşı hər an izhar etmək məcburiyyətindədir. Bunun üçün hər an, hər yerdə acizliyini göstərməli, təvazö üzrə olmalıdır. Əbu Süleyman Darani (rahiməhullahu təala) deyir ki, “Bütün insanlar məni olduğumdan daha alçaltmaq, təhqir etmək istəsələr, bunu edə bilməzlər. Çünki hər kəsin təhqir dərəcələrinin ən aşağısı olaraq düşünə biləcəklərindən daha aşağı olduğumu bilirəm”. İnsan özünü hər kəsdən, hətta İblisdən, Firondan daha aşağı düşünə bilərmi? Çünki bu ikisi [eləcə də Stalin, Mao və onların şagirdləri kimi İslam və insanlıq düşməni olan zalımlar] kafirlərin ən pisləridir. Tanrılıq iddiası edən, istədiklərini etmələri üçün milyonlarla insanı öldürən və işgəncə altında inlədənlərin, kafirlərin ən aşağısı olduqları mütləqdir. Allahu təala bunlara qəzəblənmiş, küfrün ən pisinə düçar etmişdir. “Mənə isə mərhəmət etmiş, iman və hidayət ehsan etmişdir. İstəsəydi bunun əksini edərdi. Əlhamdulillah, etmədi. Bununla yanaşı, bu yaşa gələnə qədər çox günah işlədim. Kimsənin etmədiyi pislikləri etdim. Son nəfəsimin necə olacağını da bilmirəm”, deyərək təvazö etmək lazım gəldiyini hər kəs özü-özünə deməlidir.

Hədisi-şəriflərdə buyuruldu ki: “Allahu təala təvazö üzrə olmağı mənə əmr etdi. Heç biriniz heç bir kimsəyə təkəbbür etməyin!” Zimmi deyilən qeyri-müsəlman vətəndaşlara və icazə ilə [pasport ilə] gəlmiş xarici tacirlərə, əcnəbi iş adamlarına, turistlərə də təkəbbür etməmək lazım olduğu bu hədisi-şərifdən aydın olur. Hər insana təvazö etmək lazım olduğu halda, onlara xəyanət etmək, incitmək heç caiz deyildir.

[Darül hərbdə2 olan kafirlərin mallarına, canlarına, şərəflərinə, namuslarına təcavüz etmək, orada da oğurluq, quldurluq etmək, can yandırmaq, kafirlərin də qanunlarına qarşı çıxmaq, idarə edənləri təhqir etmək, asayişi pozmaq, qarışıqlıq çıxarmaq, vergidən yayınmaq, nəqliyyat vasitələrinin rüsumunu ödəməmək, o cümlədən İslamın şərəfinə və gözəl əxlaqına yaraşmayan hər hansı bir çirkin hərəkət etməyin caiz olmadığı bu hədisi-şərifdən və yuxarıda yazılan açıqlamasından da aydın olur. Kafir məmləkətlərindəki xristian qanunlarına qarşı çıxmamaq, onları ulül-əmr3 olaraq tanımaq demək deyildir. Allahu təalaya üsyana səbəb olacaq əmrlərə qarşı çıxmaq olmaz. Ülül-əmrin də, kafirlərin də, belə əmrlərinə qarşı üsyan etmək olmaz. Hökumətə, qanunlara qarşı çıxmaq, harada olursa olsun, fitnə çıxmasına səbəb olur. Fitnəyə səbəb olmaq haramdır. Fiqh kitablarında, ikrah qismində və Muhamməd Masumun (rahmətullahi əleyh) üçüncü cild, 55-ci məktubunda bunun açıqlaması mövcuddur. Bir kimsə İslam məmləkətində və ya Darül-hərbdə, yəni kafir məmləkətində Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) bu əmrinə uymayaraq kafirlərə qarşı da ədəbsizlik, özbaşınalıq edərsə, onların idarələrinə qarşı çıxaraq cinayət işlərsə, günah işləmiş olacağı kimi İslamiyyəti və müsəlmanları bütün dünyaya qarşı barbar olaraq tanıtmış olur və İslamiyyətə böyük xəyanət etmiş olur.

Cihad, “Əmri-məruf və nəhyi-anil-münkər” deməkdir. Bu cihad iki yerə ayrılır: Birincisi, kafirlərə İslamiyyəti tanıtmaq, onları küfr fəlakətindən qurtarmaq deməkdir. İkincisi, müsəlmanlara elmi-hallarını öyrətmək, onların haram işləmələrinə mane olmaqdır. Bunların hər ikisi də üç yolla edilir. Birincisi, bədən ilə etməkdir. Bədən ilə, yəni hər cür hərbi vasitələr ilə cihad etmək, İslamiyyətdən xəbərləri olmayaraq, başqalarından görməklə və ya zalımların, istismarçıların təzyiqləri, işgəncələri və aldatmaları ilə küfrə sürüklənmiş zavallılara İslamiyyəti bildirməyə əngəl olan diktatorlara, imperyalist güclərə qarşı olur. Ən modern hərbi vasitələr ilə döyüşərək, bu zalım diktatorların, imperyalistlərin gücləri, qüvvətləri yox edilərək, bunların pəncələri, təzyiqləri altında inləyən zavallı millətlər əsarətdən, köləlikdən qurtarılır. Bunlara İslamiyyət öyrədilərək, sevə-sevə müsəlman olmaları təklif olunur. Qəbul etməzlərsə, müsəlmanlarla birlikdə İslam dininin adil, hürriyyətçi və bərabərlik əmr edən əmrləri altında, müsəlmanlarla eyni haqlara malik olaraq, öz dinlərinin hökmlərini və ibadətlərini sərbəst şəkildə etmək surətiylə yaşamalarına izn verilir. Bu silahlı cihadı, müharibəni yalnız dövlət edər. Yəni dövlətin ordusu, müdafiə qüvvələri edər. Dövlətin əmri, bilgisi, izni olmadan heç bir müsəlmanın kafirlərə hücum etməsi, quldurluq etməsi caiz deyildir. Dövlətin sülh bağladığı kafirlərdən birini öldürən müsəlmanı İslam dini ən ağır cəzaya məhkum edir. Göründüyü kimi, İslam dinində cihad demək, məmləkətləri yıxmaq, insanları öldürmək deyildir. İnsanlara İslamiyyəti tanıdaraq, öz istəklərilə sevə-sevə müsəlman olmalarına çalışmaq deməkdir. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) və Əshabı-kiram (radıyallahu təala anhum əcmain), eləcə də həqiqi müsəlman olan İslam dövlətləri, məsələn Osmanlılar, həmişə belə cihad etdilər. Gücsüz, müdafiəsiz insanlara hücum etmədilər. Bu insanlara İslamiyyətin çatdırılmasına, tanıdılmasına mane olan İslam düşməni kafir diktatorlarla, imperyalistlərlə və müsəlman adını daşıyan bidət sahibi bölücülərlə hərb edərək, onların istismarçı, əzici güclərini yox etdilər. Bu işgəncə güclərinin altında inləyən insanları qurtararaq hürriyyətə qovuşdurdular. Onlara İslamiyyəti öyrədib, öz istəkləri ilə sevə-sevə həqiqi müsəlman olmalarına, əbədi səadətə qovuşmalarına səbəb oldular.

İslam dövlətinin, İslam ordusunun ikinci vəzifəsi müsəlmanları və İslam dinini yox etmək üçün İslam məmləkətlərinə hücum edən kafirlərə və azğın inanclı bölücülərə qarşı cihad edərək müsəlmanları və İslam dinini qorumaqdır. Allahu təala Ənfal surəsində, İslam dövlətinin kafir məmləkətlərində hazırlanan hərbi silahları araşdırıb, öyrənib, bunların hamısını sülh zamanında hazırlamalarını əmr edir. Bunu etməyən bir hökumət İslamiyyətə uymamış olur. Düşmənlərin hücumlarına cavab verə bilməyib, minlərlə müsəlmanın şəhid olmasına və İslamiyyətin zəifləməsinə səbəb olur.

İslam cihadının ikinci şəkli, hər cür nəşr vasitəsi ilə İslamiyyəti insanlara yaymaq, eşitdirməkdir. Bu cihad İslam alimləri tərəfindən, İslam dövlətinin yardımı və nəzarəti ilə edilir. Əsrimizdə İslam düşməni olan kafirlər, missionerlər, masonlar, kommunistlər və məzhəbsizlər hər cür nəşr orqanları ilə İslamiyyətə hücum edirlər. Yalanlarla, iftiralarla insanları, hətta cahil müsəlmanları aldadaraq İslam dinini yox etməyə çalışırlar. Xristianların on bir sual uyduraraq bütün İslam məmləkətlərinə apardıqlarını 1992-ci ildə xəbər aldıq. Banqladeşdəki İslam alimləri bunlara cavab yazaraq, keşişləri rəzil etmişdilər. İstanbuldakı “Hakikat Kitabevi”, bu cavabları, “Əl-Əkazib-ül-cədidə-tül-xristiyaniyyə” adı altında, “Əssırat-ul-müstəqim” kitabına əlavə edərək bütün dünyaya göndərməkdədir. “Kadiyani”, yəni əhmədilər, “Bəhailər”, “Mövdudiçilər”, “Təbliği cəmaatçılar”, “Sələfiçilər”, “Məzhəbsizlər” və “Vəhhabilər”, Qurani-Kərimdən və hədisi-şəriflərdən yanlış və pozuq mənalar çıxararaq İslamın doğru yolundan ayrılırlar. Bu azğınların həddi aşanları kafir [Allaha düşmən] olurlar. Bunların hamısı mətbuat yolu ilə kitablar, məcmuələr, risalələr çıxararaq və radiolarla pozuq inanışlarını yayırlar. Bunu etmək üçün milyonlar sərf edirlər. Bir yandan, “Əhli-sünnət” və ya “Sünni” deyilən həqiqi müsəlmanları aldadaraq İslamiyyəti içəridən yıxırlar. Digər tərəfdən də İslamiyyəti bütün dünyaya yanlış olaraq tanıdırlar. Müsəlman olmaq istəyən əcnəbilər, bu çeşidli propaqandalar qarşısında nə edəcəklərini bilmirlər. Ya müsəlman olmaqdan vaz keçirlər, yaxud yanlış, pozuq bir yola girərək müsəlman olduqlarını sanırlar.

İslamın daxili və xarici düşmənlərinin yıxıcı, aldadıcı propaqandalarına qarşı Əhli-sünnət alimlərinin, həqiqi müsəlmanlığı, yəni Muhamməd əleyhissəlamın və Əshabı-kiramın (radıyallahu təala anhum əcmain) yolunu nəşr vasitələri ilə bütün dünyaya yaymaları günümüzün ən qiymətli cihadıdır.

Cihadın üçüncü qismi dua ilə edilən cihaddır. Bütün müsəlmanların bu cihadı etmələri fərzi ayndır4. Bu cihadı etməmək böyük günahdır. Bu cihadı etmək cihadın birinci və ikinci qisimlərini edənlərə dua etməklə olur. Ləşkəri qəza (döyüş ordusu), ləşkəri duanın (dua ordusunun) yardımına möhtacdır. İxlas ilə edilən dua mütləq qəbul olur.

Cihadın yuxarıda yazılmış üç qismini də Allahu təalanın yardımına güvənərək və dininə uyaraq edənlərə Allahu təala mütləq yardım edər. Cihada hazırlaşmayıb, lazım olan ən yeni silahları, gücü öncədən təmin etməyib, çalışmadan, bir-birimizlə sevişmədən, oturduğumuz yerdə edilən duaları Allahu təala qəbul etməz. Duanın qəbul olması üçün öncə səbəblərinə yapışmaq lazımdır. Təvəkkül də belədir. Cihadda müvəffəqiyyət qazanmaq üçün İslamiyyətə tabe olmaq lazım olduğunu bildirdik. İslamiyyət, cihada öncədən hazırlaşmağı əmr edir. Cihadın birinci qismini edə bilmək üçün ən müasir hərbi vasitələrin hər növünü öncədən hazırlamaq və bunların istifadəsini öyrənmək, komandana, hökumətə tabe olmaq, bölücülük etməmək lazımdır. Silahlı qüvvələr komandanlıqlarının fondlarına hər müsəlmanın əlindən gəldiyi qədər çox pul hədiyyə etməsi lazımdır. Cihadın ikinci qismini edən Əhli-sünnət alimlərinə və bunları bəsləyən fondlara, təşkilatlara da yardım etmək, mal ilə cihad etmək olur. Bədən ilə, mal ilə, pul ilə cihad edənlərə Allahu təala qiyamətdə Cənnəti vəd edir. Əli Muhamməd Bəlhi, h.1411-ci ildə nəşr edilmiş farsca “Müftiy-yi mücahid” kitabında cihadı ətraflı anlatmaqdadır.]

Hədisi-şərifdə, “Nemətə qovuşmuş olanlardan təvazö göstərənlərə, özlərini qüsurlu bilənlərə, halaldan qazanıb, xeyirli yerdə sərf edənlərə, fiqh bilgiləri ilə hikməti, yəni təsəvvüfü birləşdirənlərə, halala, harama diqqət edənlərə, kasıblara mərhəmət edənlərə, işlərini Allah rızası üçün edənlərə, əxlaqı gözəl olanlara, kimsəyə pislik etməyənlərə, elmi ilə əməl edənlərə və malının artığını paylayıb, sözünün artığını saxlayanlara müjdələr olsun” buyuruldu.

Ələ salmaq üçün və münafiqlik edərək, riya edərək, mala, vəzifəyə qovuşmaq üçün, yaxud qorxduğu üçün edilən təvazö də pis əxlaqdır. Bu pis əxlaqdan qurtulmaq üçün buna səbəb olan pisliklərdən qurtulmaq lazımdır. Belə pis səbəblərdən qurtulan kimsənin təvazökarlığı gözəl əxlaq olur.

Notes

  1. Nalın – altı dəri, üstü açıq və qayışlı ayaqqabı. ↑
  2. Darül-hərb – müharibə yeri, qeyri-müsəlman ölkə. ↑
  3. Ulül-əmr-müsəlmanları idarə edən zatlar. ↑
  4. Fərzi ayn-hər müsəlmanın yerinə yetirməsi vacib olan fərz. ↑

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)English

Share

WhatsApp Telegram X Facebook E-mail