Hakikat Books
English

Chapter 23 / 56

Təhəvvür

Questions answered in this chapter (13)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Təhəvvür (qəzəbin həddən artıq və zərərli olması) nədir? draft Report an error
  2. Qəzəbi boğmaq (kəzm) nədir və fəziləti nədir? draft Report an error
  3. Elm, hilm və təqva üçün oxunacaq dua necədir? draft Report an error
  4. “La tağdab (hirslənmə)” hədisi nəyi tövsiyə edir? draft Report an error
  5. Cahillər qəzəbi və təhəvvürü nə sanırlar? draft Report an error
  6. İslamiyyətdən almayıb öz başından sərt vəz verəni dinləmək necədir? draft Report an error
  7. Birinin sözünü yanlış anlamaq qəzəbə necə səbəb olur? draft Report an error
  8. Nəsihət verənə və müsəlmanlara necə hüsni-zənn edilməlidir? draft Report an error
  9. Kasıbın istədiyini zənginin verməməsi qəzəbə necə səbəb olur? draft Report an error
  10. Məşğul, kədərli və ya sıxıntıda olan birinə bir şey söyləmək necədir? draft Report an error
  11. Haram işləyəni görüncə qəzəblənmək yaxşıdırmı? draft Report an error
  12. Qəzəbin qarşılığı olan hilm nədir? draft Report an error
  13. Elm və hilm necə əldə edilir? draft Report an error

TƏHƏVVÜR1

20 – Qəzəbin, sərtliyin həddən çox və zərərli olmasına “Təhəvvür”, atılqanlıq deyilir. Təhəvvür sahibi hiddətli, sərt olur. Bunun əksinə kazm, hilm, mülayimlik deyilir. Həlim insan qəzəbə səbəb olan şeylər qarşısında hirslənməz, həyəcanlanmaz. Qorxaq özünə zərər verər. Qəzəbli kimsə isə həm özünə, həm də başqalarına zərər verər. Təhəvvür, insanın ağlını aparır, küfrə qədər gətirib çıxarır. Hədisi-şərifdə, “Qəzəb imanı pozar” buyuruldu. Rəsulullahın (sallallahu əleyhi və səlləm) dünya üçün qəzəbləndiyi görülmədi. Allah üçün qəzəblənərdi. Qəzəb sahibi qarşısındakının da ona qarşılıq verəcəyini öncədən düşünməlidir. Qəzəblənən kimsənin sinirləri pozulur, qəlb xəstəsi olur. Bu pozğunluq zahirinə də sirayət edərək çirkin və qorxunc bir hal alır.

Qəzəbi yenməyə “Kazm” deyilir. Kazm etmək çox savabdır. Kazm sahibinə, yəni qəzəbinə üstün gələnə Cənnət müjdələndi. Allah rızası üçün kazım olan şəxs qarşısındakını əfv edib, ona qarşılıq verməzsə, Allahu təala onu çox sevər. Cənnətin bunlar üçün hazırlanmış olduğunu bildirmişdir. Hədisi-şərifdə, “Bir kimsə Allahu təalanın rızası üçün qəzəbini dəf edərsə, Allah da ondan əzabını dəf edər”, buyuruldu. Hədisi-şərifdə “Bir müsəlmanda üç şey olarsa, Allahu təala onu mühafizə və himayə edər, onu sevər, mərhəmət edər. Nemətə şükr etmək, zalımı əfv etmək, qəzəbləndikdə, qəzəbinə qalib gəlmək” buyuruldu. Nemətə şükr etmək onu İslamiyyətə uyğun olaraq istifadə etmək deməkdir. Hədisi-şərifdə, “Qəzəblənən bir insan istədiyini etməyə qadir olduğu halda mülayim davranarsa, Allahu təala onun qəlbini əminlik və iman ilə doldurar” və “Bir kimsə qəzəbini örtərsə, Allahu təala onun eyblərini, qəbahətlərini örtər” buyuruldu. İmam Qazali (rahiməhullahu təala), “Hilm sahibi olmaq, qəzəbinə üstün gəlməkdən daha qiymətlidir” buyurdu. Hədisi-şərifdə, “Ya Rəbb! Mənə elm ver, hilm ilə zinətləndir, təqva ehsan eylə! Afiyət ilə məni gözəlləşdir” buyuruldu. Abdüllah ibn Abbası (radıyallahu təala anhuma) birisi söydü. Bunun qarşılığında, “bir ehtiyacın varsa, sənə yardım edim”, buyurdu. Adamcığaz başını önə əyərək və utanaraq üzr istədi. Həzrəti Hüseynin oğlu Zeynəl Abidin Əlini (radıyallahu təala anhuma) bir kimsə söydü. Paltarını çıxarıb ona hədiyyə eylədi. İsa əleyhissəlam yəhudilərin yanından keçərkən ona çox pis şeylər söylədilər. Onlara gözəl və xoş cavablar verdi. “Onlar sənə pislik edir, sən onlara yaxşı şeylər söyləyirsən” dediklərində, “hər kəs başqasına yanında olandan verir” buyurdu. Həlim, səlim kimsə daim nəşəli, rahat olur. Onu hər kəs mədh edər.

Hədisi-şərifdə, “Qəzəb, şeytanın vəsvəsəsindən hasil olar. Şeytan atəşdən yaradılmışdır. Atəş su ilə söndürülür. Qəzəbləndikdə dəstəmaz alın!” buyuruldu. Bunun üçün qəzəbləndikdə əuzü bəsmələ və iki qul əuzünü oxumaq lazımdır. İnsan, qəzəbləndikdə ağlı örtülür. İslamiyyətdən kənara çıxır. Qəzəblənən şəxs ayaqdadırsa oturmalıdır. Hədisi-şərifdə, “Qəzəblənən kimsə ayaq üstədirsə otursun. Qəzəbi davam edərsə, yan tərəfi üstə uzansın!” buyuruldu. Ayaq üstə olanın intiqam alması asandır. Oturduqda azalır. Uzandıqda daha da azalır. Qəzəb kibrdən doğar. Uzanmaq kibrin azalmasına səbəb olar. Qəzəbləndikdə, “Allahumməğfir li-zənbi və əzhib qayza qalbi və əcirni minəşşeytan” oxumaq hədisi-şərifdə əmr olundu. Mənası, “Ya Rəbb! Günahımı əfv eylə. Məni qəlbimdəki qəzəbdən və şeytanın vəsvəsəsindən qurtar” deməkdir. Qəzəbə səbəb olan insana yumşaq davrana bilməyən kimsə onun yanından uzaqlaşmalı, onunla görüşməməlidir.

Nə dünya üçün, nə də axirət üçün heç kimsəyə hirslənməməlidir. “Lə tağdab” hədisi-şərifi hirslənməyi, qəzəblənməyi qadağan etməkdədir. Bir kimsə qəzəblənərsə, yəni hirslənərsə, bütün sinirləri pozular. Bəzi üzvləri xəstə olar. Həkimlər ona əlac tapa bilməzlər. Bunun yeganə əlacı, “Lə tağdab” hədisi-şərifidir. Hirslənən kimsə sözləri ilə, hərəkətləri ilə yanındakıları incidər. Onlar da əsəb xəstəliyinə tutular. Evdə rahatlıq, hüzur qalmaz. Ailənin dağılmasına, cana qəsd edilməsinə belə səbəb olar. Bir evdə qəzəblənən kimsə yoxdursa, orada səadət, rahatlıq və hüzur, nəşə vardır. Hirslənən kimsə varsa, orada rahatlıq, hüzur və nəşə olmaz. Kişi ilə zövcəsi arasında və ana ilə övladı arasında yola getməmək, hətta düşmənlik əskik olmaz. Əhkami-islamiyyəyə tabe olmağın səadət, rahatlıq və nəşə gətirəcəyi buradan da aydın olur. Əhkami-islamiyyəyə tabe olan kafirlər də dünyada səadətə qovuşurlar.

Cahillər, axmaqlar qəzəbə və təhəvvürə şücaət, kişilik, izzəti nəfs, qeyrət və həmiyyət deyirlər. Bu gözəl adlarla pis xüsusiyyət olan qəzəbi bəzəyir, gözəlləşdirirlər. Qəzəblənmənin yaxşı olduğunu deyirlər. Bunu mədh etmək üçün böyüklərin qəzəbləndiklərini göstərən hekayələr də danışırlar. Belə etmək cahillikdir. Ağlın nöqsan olduğunu göstərir. Bunun üçündür ki, xəstə sağlam olandan, qadın kişidən, yaşlı da gəncdən daha tez hirslənir. Otuz yaşından kiçik olana gənc, otuz ilə əlli arasında olana yetkin adam, əlli yaşından yuxarı olana şeyx, yəni yaşlı [yetmişdən sonra piri fani] deyilir.

İslamiyyətdən, kitabdan götürməyib, öz başından çıxarıb sərt, hiddətli nəsihət verəni dinləməmək də onun qəzəbinə səbəb olur. Bunun əlacı doğrunu mülayim və şirin söyləməkdir. Həzrəti Həsən və Hüseyn (radıyallahu təala anhuma) çöldə gedirdilər. Bir yaşlının dəstəmaz aldığını gördülər. Dəstəmazı doğru almır, şərtlərinə uymurdu. Yaşlı olduğu üçün belə dəstəmazın səhih olmadığını deməyə sıxıldılar. Yanına gedərək, “Mübarək əmi! Bir-birimizdən daha yaxşı dəstəmaz aldığımızı söyləyirik. Bir dəstəmaz alaq. Hansımızın haqlı olduğunu bizə bildir”, dedilər. Öncə Həsən, sonra Hüseyn gözəl bir dəstəmaz aldılar. Yaşlı adam diqqətlə baxdı. “Övladlarım! Dəstəmaz almağı indi sizdən öyrəndim”, dedi. İbrahim əleyhissəlam iki yüz məcusiyə ziyafət verdi. “Bizə nə əmr edirsən, yerinə yetirək” dedilər. “Sizdən bir istəyim var”, buyurdu. “O nədir?” dediklərində, “Mənim Rəbbimə bir dəfə səcdə etməyinizi istəyirəm” dedi. Aralarında danışdılar. “Bu yaşlının ehsanları, ziyafətləri məşhurdur. Bunu üzməyib, bir səcdə edər, sonra gedib yenə tanrılarımıza tapınarıq. Bir zərəri olmaz” dedilər. Bunlar səcdədə ikən İbrahim əleyhissəlam, “Ya Rəbb! Gücümün çatdığı bu qədərdir! Daha artığını etdirmək əlimdən gəlmir. Bunları hidayətə, səadətə qovuşdurmaq ancaq sənin qüdrətindədir. Bunlara müsəlmanlıq nəsib eylə!” dedi. Duası qəbul olub, hamısı müsəlman oldu. Haram işləyəcək kimsəyə gizlicə nəsihət edilir. Haram işləməkdə olana xoşluqla elə yerində söylənilir. Hər kəsə öncə gizli, tənhalıqda nəsihət vermək daha təsirli olur.

Birinin sözünü yanlış anlamaq da qəzəbinə səbəb olur. Belə zamanlarda az və açıq söyləmək, şübhəli kəlmələr işlətməmək lazımdır. Bir şeyi gizli, üstüörtülü anlatmaq dinləyənə sıxıntı verər, onu incidər. Əmri-məruf etməyin üç şərti vardır: Birincisi, Allahu təalanın əmrini və qadağasını bildirməyə niyyət etməkdir. İkincisi, söylədiyinin sənədini, qaynağını bilməkdir. Üçüncüsü, hasil olacaq sıxıntılara səbr etməkdir. Mülayim söyləmək, sərtlik etməmək lazımdır. Sərt söyləyən və münaqişə edən fitnə çıxmasına səbəb olur. Həzrəti Ömər xəlifə ikən Abdullah ibn Məsud ilə (radıyallahu anhum) bir gecə Mədinə içində dolaşırdılar. Bir qapıdan musiqi, mahnı oxuyan qadın səsi eşitdi. Qapının dəliyindən içəri baxdı. Önündə şərab şüşəsi, qarşısında müğənni qız olan yaşlı adam gördü. Dərhal pəncərədən içəri girdi. “Ya Əmirəlmöminin! Allahu təalanın rızası üçün mənə qulaq asarsan?” dedikdə, “Söylə görək”, buyurdu. “Mən Allahu təalaya bir üsyan etdim. Lakin sən onun üç əmrinə üsyan etdin”, dedi. “Nədir onlar?” dedikdə, “Allahu təala, başqasının evini güdməyin, buyurur. Sən qapıdan içəri baxdın. Allahu təala, başqasının evinə izn almadan girməyin, buyurdu. Sən iznsiz girdin. Allahu təala, evlərə qapılarından girin və salam verin buyurdu, sən isə pəncərədən girdin və salam vermədin”, dedi. Həzrəti Ömər (radıyallahu təala anh) buna ədalət ilə və insaf ilə cavab verərək, “Doğru söylədin” dedi və ondan üzr istədi. Ağlayaraq bayıra çıxdı.

Nəsihət verənə və bütün müsəlmanlara hüsni-zənn etmək, yaxşı qarşılamaq lazımdır. Sözlərini mümkün olduğu qədər yaxşı yerə yozmaq lazımdır. Müsəlmanın xeyirli və saleh olduğuna inanmaq ibadət olur. Bir müsəlmana sui-zənn edərək ona inanmamaq pis əxlaqlı olmağı göstərir. Eşidilən sözü anlamağa çalışmalı, anlaya bilmədiyini soruşmalıdır. Söz sahibinə dərhal sui-zənn etməməlidir. Şeytanın qəlbə gətirdiyi vəsvəsələrdən ən çox nail olduğu, bacardığı sui-zənn vəsvəsəsidir. Sui-zənn etmək haramdır. Bir sözdən yaxşı məna çıxarmağa imkan olmazsa, bunun xəta ilə, yanlışlıqla və ya unudaraq söylənə biləcəyi düşünülməlidir.

Bir yoxsul bir zəngindən bir şey istəyib, zəngin vermədikdə, hər ikisi də qəzəblənə bilər.

Bir işlə məşğul olana, düşüncəli olana, üzüntülü olana, sıxıntıda olana bir şey söyləmək, bir şey soruşmaq onu qəzəbləndirməyə səbəb ola bilər. Uşağın ağlaması, çığırması, heyvanın bağırması da belədir. Belə qəzəblənmək çox çirkindir. Cansızların hərəkətindən qəzəblənənlər görülmüşdür. Bu daha pisdir. Qoyduğu yerdən sürüşərsə, balta vurduqda qırılmazsa, hirslənərək söyən, vuran, dağıdan, yandıran kimsələr görülmüşdür. Özü etdiyinə hirslənən, bunun üçün özünü söyən, özünü vuran da yox deyildir. İbadətdə qüsur etdiyi üçün özünə hirslənmək yaxşıdır. Dinində qeyrət olar, savab olar. Əmrləri və qadağaları səbəbi ilə hökumətə, hökumət rəhbərinə, Rəsulullaha (sallallahu təala əleyhi və səlləm) və hətta Allahu təalaya qarşı qəzəblənmək hamısından pisdir. Küfrə səbəb olar. “Qəzəb imanı pozar” hədisi-şərifi Allahu təalaya, Rəsulullaha qarşı qəzəbin küfr olduğunu göstərməkdədir.

Haram işləyəni gördükdə qəzəblənmək yaxşıdır. Din qeyrətindən irəli gəlir. Lakin hirsləndikdə ağıldan və İslamiyyətdən kənara çıxmamaq lazımdır. Ona kafir, münafiq, dəyyus və digər əxlaqsız, çirkin şeylər söyləmək haram olar. Söyləyənin təzir edilməsi, cəzalandırılması lazım olar. Haram işləyəni görənin buna cahil və ya axmaq deməsinə izn verilmişdirsə də, mülayim, xoş söyləyərək nəsihət vermək yaxşı olar. Hədisi-şərifdə, “Allahu təala hər zaman mülayim söyləməyi sevər” buyuruldu. Haram işləyəni, qanunlara qarşı gələni hökumət məmurunun, polisin güc sərf edərək qarşısını alması lazımdır. Lakin lazımından artıq döyməsi, işkəncə etməsi zülm olar, günah olar. Dövlət məmuru yoxdursa, gücü yetənin də qarşısını alması, təzir etməsi lazım olar. Ölüm cəzası, evini sökmək kimi cəzalar ancaq hökumət və hakim tərəfindən verilir. Lazımından çox cəzalandırmaq zülm olar. Muhtəsiblərin, yəni əmri-məruf və nəhyi-münkər edən hökumət məmurlarının işkəncə etmələri haramdır.

Qəzəbin müqabili, qarşılığı hilmdir. Hilm qəzəbini yenməkdən daha yaxşıdır. Hilm qəzəblənməmək deməkdir. Ağlın çox olmasının əlamətidir. Hədisi-şərifdə, “Qəzəbə səbəb olan şey qarşısında hilm göstərəni Allahu təala sevər” və “Allahu təala həya, hilm və iffət sahiblərini sevər. Fuhş (əxlaqsız sözlər) söyləyənləri və sırtıqlıq edərək dilənənləri sevməz” buyuruldu. İffət, başqasının malına göz dikməməkdir. Fuhş, çirkin, ayıb şeylərdir. Rəsulullah (sallallahu əleyhi və səlləm), “Ya Rəbb! Mənə elm, hilm, təqva və afiyət ehsan eylə!” duasını çox söylərdi. Elmi nafi – kəlam, fiqh və əxlaq elmləridir. Afiyət – dinin və etiqadın bidətlərdən, əməlin və ibadətin afətlərdən, nəfsin şəhvətlərdən, qəlbin həva və vəsvəsədən, bədənin xəstəliklərdən salamat olması, qurtulması deməkdir. Rəsulullahdan (sallallahu təala əleyhi və səlləm) duaların ən gözəli hansıdır, deyə soruşulduqda, “Allahu təaladan afiyət istəyin. İmandan sonra afiyətdən daha böyük nemət yoxdur” buyurdu. [Afiyətə qovuşmaq üçün çox istiğfar etmək lazımdır.] Hədisi-şərifdə, “Elm və səkinə sahibi olun! Öyrənərkən və öyrədərkən mülayim söyləyin! Elm ilə təkəbbür etməyin!” buyuruldu. Səkinə ağır başlı, vüqar sahibi olmaqdır. Hədisi-şərifdə, “İslamiyyətə tabe olan və mülayim olanı Cəhənnəm atəşi yandırmaz”, və “Mülayim olmaq bərəkət gətirir. İşində həddi aşmaq və tənbəllik etmək qəflətə səbəb olur” buyuruldu. Hədisi-şərifdə, “Rıfq sahibi olmayan insandan xeyir gəlməz!” və “Rıfq insana zinət verər, qüsurlarını aparar” buyuruldu.

Düşmənə hirslənməmək, alçaq səslə “Allah cəzanı versin” demək lazımdır. Allahu təala haqsız olana çox acı cəza verər.

Hədisi-şərifdə, “Elm, öyrənməklə, hilm də qeyrət ilə hasil olar. Allahu təala xeyirli şey üçün çalışanı məqsədinə qovuşdurar. Pislikdən çəkinəni ondan qoruyar” buyuruldu.

Notes

  1. Qəzəb = qeyz = hirslənmək. Kazm = hirslənməmək. ↑

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)English

Share

WhatsApp Telegram X Facebook E-mail