27 – Haram işləyən insana “fasiq” (pis insan) deyilir. Fisqin (günahın) ən pisi zülm etməkdir. Çünki açıq-aşkar edilir və qul haqqı da olur. Ali-İmran surəsi 57-ci və 140-cı ayətlərində məalən, “Allah zalımları sevməz” buyuruldu. Hədisi-şərifdə, “Zalımın çox yaşamasına dua etmək Allaha üsyan olunmasını istəməkdir” buyuruldu. Süfyan Səvridən (rahimə-hüllahü təala), “Çöldə bir zalım susuzluqdan həlak olur. Ona su verimmi?” soruşulduqda, “Xeyr, verməyin,” buyurdu. Zalım oturduğu evi qəsb yolu ilə almışsa, o evə girmək haramdır. Fasiq bir insana təvazö edənin dininin üçdə ikisi gedər. Zalıma təvazö edənin halının necə olacağını buradan başa düşmək olar. Zalımın əlini öpmək, qarşısında əyilmək günahdır. Adilin isə caizdir. Əbu Ubeydə ibn Cərrah Həzrəti Ömərin əlini öpmüşdü (radıyallahu anhuma). Qazancının çoxu haramdan olanın evinə gedib oturmaq caiz deyil. Onu söz ilə və ya bir hərəkət ilə mədh etmək haramdır. Ancaq özünü və ya başqasını onun zülmündən qurtarmaq üçün yanına getmək caiz olar. Yanında olan zaman yalan danışmamaq, onu tərifləməmək və mədh etməmək lazımdır. Qəbul edəcəyi zənn edilərsə nəsihət vermək olar. Zalım sənə gəlsə qalxmaq, ayaq üstə qarşılamaq caiz olar. Dinin izzətini və zülmün pis olduğunu bildirmək üçün qalxmamaq yaxşı olar. Mümkün olsa nəsihət etmək lazımdır. Zalımdan hər zaman uzaq qalmaq daha yaxşıdır. Hədisi-şərifdə, “Münafiq ilə danışarkən, əfəndim deməyin!” buyuruldu. Zalıma, kafirə hörmət etmək, ehtiramla salam vermək, “ustadım” demək küfr olur.
Allahu təalaya üsyan edənə “Fasiq” (Pis insan) deyilir. Başqalarının üsyan etməsinə, fisqin (günahın) yayılmasına səbəb olana “Facir” deyilir. Haram işlədiyi bilinən fasiqi sevmək olmaz. Bidəti, yəni pozuq etiqadları yayanları və dini öyrənməyə mane olanları sevmək günahdır. Hədisi-şərifdə, “Fasiqin fisqinə mane olmağa imkanı var ikən, heç kimsə mane olmazsa, Allahu təala bunların hamısına dünyada və axirətdə əzab edər” buyuruldu. Ömər ibn Əbdüləziz (rahiməhullahu təala) deyir ki, “Allahu təala bir kimsə günah işlədiyi üçün başqalarına da əzab etməz isə də açıqca günah işləyənlər görülüb, onları görənlər mane olmadıqları zaman hamısına əzab edər”. Allahu təala Yuşa Peyğəmbərə (əleyhissalatu vəssəlam) vəhy etdi ki, “Qövmündən qırx min saleh şəxsə və altmış min fasiq insana əzab edəcəyəm!” Ya Rəbb! Fasiqlər əzaba layiq olmuşdur. Salehlərə əzab etməyinin səbəbi nədir, dedikdə, “Mənim qəzəb etdiklərimə onlar qəzəb etmədi. Birlikdə yedilər, içdilər”, buyurdu. Malına, canına, övladına və müsəlmanlara zərər gələcəyi, yəni fitnəyə səbəb olacağı zaman bidət sahiblərinə və zalımlara əmri-məruf etmək lazım olmaz. Açıq-aşkar günah işləyən fasiqləri yalnız qəlb ilə sevməmək kafidir. Şirin və mülayim sözlərlə nəsihət vermək lazımdır.
Bir insan həm ibadət edər, həm də fisq işləyərsə, daha çox etdiyinin adı verilir. İkisi də bərabərdirsə ibadəti baxımından sevilir. Fisqi baxımından sevilməz. Başqalarının da fisqinə səbəb olan insana hökumət məmurları tərəfindən mane olunur.
[Allahu təalanın sevgisini qazanmaq üçün islamiyyətə tabe olana və bir mürşidi sevənə “Saleh” (yaxşı insan) deyilir. Bu sevgini qazanmış olana “Vəli” deyilir. Başqalarının da qazanmaları üçün çalışan Vəliyə “Mürşid” deyilir. “İslamiyyətin əsli, təməli üçdür: Elm, əməl, ixlas”. İslam elmləri iki yerə bölünür. Din bilgiləri, fənn bilgiləri. Dində reformçular, din bilgilərinə “Skolastik bilgilər”, fənn bilgilərinə “Rasional bilgilər” deyirlər. Din bilgiləri ağacdan armud düşmüş kimi insanın ağlına bir yerdən gəlməz, bir həqiqi mürşidin sözlərindən və hallarından, hərəkətlərindən və Əhli-sünnət alimlərinin “Elmi-hal” kitablarından öyrənilir. Qiyamət yaxınlaşdıqca heç bir yerdə həqiqi mürşid görülməyəcək, savadsız, yalançı, fasiq din adamları çoxalacaqdır. Bunlar Allahu təalanın sevgisini qazanmaq üçün deyil, pul, vəzifə və şöhrət qazanmaq üçün çalışacaqlar. Varlılara, vəzifə sahiblərinə yanaşacaqdırlar. Bu din oğrularına aldanmamaq, səadətə qovuşmaq üçün məşhur Əhli-sünnət alimlərinin kitablarını oxumaq lazımdır. Zamanımızda və hər zaman günahların ən zərərlisi din bilgilərini öyrənməyə mane olmaqdır. Zərərli oyunları seyr etmək din kitabı oxumağa mane olar. Gənclər din kitabı oxumadıqda din savadsızı olurlar. Dinsiz və imansız yetişirlər. Müsəlman ana-ataların övladlarını bu fəlakətdən qurtarmaları lazımdır. Bunun üçün Hakikat Kitabevinin nəşr etdiyi kitabları evlərinə gətirib övladlarına oxutmaları lazımdır. Ana-atalar bu vəzifələrini yerinə yetirməsələr, övladları kafir olar, Cəhənnəmə gedər.]