37 – Təfsir, bəyan etmək və kəşf etmək deməkdir. Bildirmək və açıqlamaqdır. “Təvil”, rücu (dönmə, yönəlmə) etməkdir. Təfsir, bir məna verməkdir. Təvil, müxtəlif mənalar arasından birini seçməkdir. Öz rəyi, görüşü ilə təfsir caiz deyildir. Təfsir rəvayət ilə edilir. Təvil dirayət (zəka, ağıl) ilə edilir. Hədisi-şərifdə “Qurani-Kərimi öz düşüncəsi, fikri ilə açıqlayan, doğru olsa da xəta etmişdir” buyuruldu. Rəsulullahdan (sallallahu əleyhi və səlləm) və Əshabı-kiramdan (radıyallahu anhum) gələn xəbərlərə, alimlərin təfsirlərinə və təfsir elminin qaydasına baxmadan, Qureyş lüğətini bilmədən, həqiqət ilə məcazı düşünmədən, mücməl1, müfəssəl (geniş məna), ümumi və xüsusi olanları bir-birindən ayırmadan, ayəti-kərimələrin endirilmə səbəblərini və nasih, mənsuh2 olduqlarını araşdırmadan verilən mənanı Allahu təalanın kəlamı olaraq söyləmək doğru deyil. “Təfsir” kəlamı-ilahidən (Allahın kəlamından) muradı-ilahini (Allahın muradını, istəyini) anlamaq deməkdir. Özündən verdiyi məna doğru olsa belə, üsuluna uyğun çıxarmadığı üçün xəta olar. Verdiyi məna səhv isə kafir olar. Hədisi-şərifləri də səhih və ya pozuq olduğunu bilmədən söyləmək səhih olsa belə günah olar. Belə kimsənin hədisi-şərif oxuması caiz olmaz. Hədis kitablarından hədis nəql etmək üçün hədis alimlərindən icazət (diplom) almaq lazımdır. Hədisi-şərifdə “Uydurduğu bir sözü hədis olaraq söyləyən Cəhənnəmdə əzab görəcəkdir” buyuruldu. Qurani-Kərimi təfsir alimlərindən icazət almadan da təfsir kitablarından alaraq söyləməsi və yazması caizdir. Yuxarıda bildirilən təfsir etmək şərtlərinə sahib olan şəxs yazılı icazəti olmadan təfsir və hədis nəql edə bilər. İcazət vermək üçün pul almaq caiz deyil. Səlahiyyəti olana icazət vermək vacibdir. Səlahiyyəti olmayana icazət vermək haramdır.
Hədisi-şərifdə “Qurani-Kərimə səlahiyyəti olmadan məna verən Cəhənnəmdə əzab görəcəkdir” və “Bilmədiyini hədis olaraq söyləyən Cəhənnəmdə əzab görəcəkdir” və “Qurani-Kərimə öz görüşünə görə məna verən Cəhənnəmdə əzab görəcəkdir” buyuruldu. Bidət sahiblərinin öz pozuq etiqadlarını isbat etmək üçün ayəti-kərimə və hədisi-şərif oxumaları belədir. [Şiələr, vəhhabilər, Təbliğ Cəmaatçılar, Mövdudiçilər və Seyyid Qutbçular belədir. Yusif Nəbhani (rahmətullahi əleyh) belə pozuq təfsirləri “Şəvahidül haqq” kitabında ətraflı izah etmişdir. Qurani-Kərimin zahiri mənası olduğu kimi daxili mənası da vardır deyərək, özlərinə görə məna verən zındıqlar da belədir. Kəlmələrin öz zamanlarında, öz aralarında istifadə etdikləri mənalarına görə təfsir edənlər də belədir.
Osmanlı dövlətindəki alimlərdən Nuh ibn Mustafa Konevi (rahiməhullahu təala) 1070-ci (miladi 1660) ildə Qahirədə vəfat etmişdir. Muhamməd Şəhristaninin (rahiməhullahu təala) “Miləl və Nihal” kitabında etdiyi tərcümədə deyilir ki, “İsmailiyyə” firqəsində olanlar, imam Cəfər Sadiqin böyük oğlu İsmayılın yolundayıq dedikləri üçün bu adı götürmüşdürlər. Bunlara “Batıniyyə” firqəsi də deyilir. Çünki Quranın zahir mənası olduğu kimi batin mənası da vardır, dedilər. Zahir mənası fiqhçilərin qəlibləşdirdiyi müəyyən və məhdud şeylərdir. Batin mənası isə Quranın iç mənası olub ucsuz dənizdir, dedilər. Zahir mənanı buraxıb, batin dedikləri, öz uydurduqları şeylərə inandılar. Halbuki Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Qurani-Kərimin zahir, açıq mənasını bildirdi. Zahir mənanı buraxıb iç məna uydurmaq küfr olar. Zındıqlıq olar. Bu hiylə ilə islamiyyəti yox etməyə çalışdılar. Çünki “məcusilər”, yəni atəşə tapınanlar islamın yayılmasının qarşısını almaq üçün rəisləri Hamdan Qurmut bu bölücülüyü meydana çıxarıb “Qaramıta” dövlətini qurdu. Hacıları qətlə yetirib, Hacəri-əsvədi Kəbədən çıxarıb Basraya gətirdi. “Cənnət, dünya ləzzətləri, Cəhənnəm də, dinin əhkamına tabe olmaqdır” dedilər. Haramlara gözəl sənət adını verdilər. İslam dininin pis əxlaq, pozğunluq dediyi əxlaqsızlıqlara mənəvi təhsil deyərək gəncləri səfalətə sürüklədilər. Dövlətləri islamiyyətə çox zərər verdi. 372-ci ildə [m. 983] qəzəbi-ilahiyə tutulub məhv oldular.]
Təfsiri nəql surətiylə etmək lazımdır. Təfsir edə bilmək üçün bu on beş elmi bilmək lazımdır. Lüğət, nahv (cümlə elmi), sarf, iştiqaq, məani, bəyan, bədi, qiraət, din üsulu, fiqh, əsbabı-nüzul, nasih və mənsuh, fiqh üsulu, hədis, qəlb elmi. Bu elmləri bilməyənin təfsir etməsi caiz deyildir. İslam əhkamına tabe olan, rasih elmli3 alimlərə Allahu təalanın vasitəsiz olaraq lütf etdiyi elmə “Məvhibə” və ya “Qəlb elmi” deyilir. Hədisi-şərifdə “Elmi ilə əməl edənə, Allahu təala bilmədiklərini bildirər” buyuruldu. Yuxarıdakı on beş elmə malik olmayan kimsənin təfsir etməsi caiz deyildir. Etsə, öz fikri ilə etmiş olar. Cəhənnəmdə yanmağa layiq olar. Hədisi-şərifdə “Qırx gün ixlas ilə islamiyyətə tabe olan kimsənin qəlbini Allahu təala hikmət ilə doldurar. Bunları söyləyər” buyuruldu. Mütəşabih ayələrə məna verən öz fikri ilə təfsir etmiş olar. Bidət sahiblərinin təfsiri belədir.
Qurani-Kərimdə olan bilgilər üç qisimdir. Bir qismini heç bir quluna bildirməmişdir. Şəxsinin (zatının) və xüsusiyyətlərinin (sifətlərinin) həqiqəti və qeybdən xəbər verməsi belədir. İkinci qisim yalnız Peyğəmbərinə bildirdiyi sirdir. Bunları Peyğəmbər (əleyhissəlam) yalnız Allahu təalanın icazə verdiyi kimsələrə bildirər. Üçüncü qisim bilgiləri Peyğəmbərinə (əleyhissalatu vəssəlam) bildirmiş və bütün ümmətinə bildirməsini əmr etmişdir. Bu üçüncü qisim də ikiyə ayrılır: Birincisi, ancaq eşitməklə öyrənilir. Qiyamət halları belədir. İkincisi, görüb araşdırmaqla və oxuyub mənasını anlamaqla öyrənilir. İman və islam bilgiləri belədir. Müctəhid imamlar belə Nasslarda (ayəti-kərimə və hədisi-şəriflər) açıq bildirilməmiş olan islamiyyət bilgilərini qəti olaraq başa düşə bilməmişlər və ixtilafa düşmüşlər. Beləcə əməldə müxtəlif məzhəblər meydana gəlmişdir. Yuxarıda bildirilən on beş elmə sahib olanın çıxaracağı mənalara təfsir deyilməz, təvil deyilir. Çünki bu mənalarda öz rəyi olur. Yəni, anladığı müxtəlif mənalardan birini seçməkdə öz rəyindən istifadə edər. Seçdiyi məna ayəti-kərimələrin və hədisi-şəriflərin açıq mənalarına, yaxud icmaya uyğun olmazsa, fasid olar (səhih olmaz). “Bəriqa” sonunda rəqsin haram olduğunu izah edərkən deyir ki, “Bizə təfsir kitablarına görə əməl etmək əmr olunmadı. Fiqh kitablarına tabe olmağımız əmr edildi.”
Notes
- Mücməl– bir açıqlayan tərəfindən açıqlanmadıqda mənası başa düşülməyən bağlı söz. ↑
- Nasih – Daha əvvəl bildirilən bir hökmü qüvvədən salan ayəti-kərimə və ya hədisi-şərif. Qüvvədən düşən hökmə Mənsuh deyilir. ↑
- Qurani-Kərimin və hədisi-şəriflərin dərin və incə mənalarını, işarələrini başa düşən böyük din alimi. ↑