Bu əlavədə insanın məxluqlar içində ən üstün və ən şərəfli olduğu bildiriləcəkdir.
Bütün cisimlər maddə olması baxımından bir-birlərindən fərqsizdir. Hamısının ağırlığı və həcmi vardır. İnsan və heyvan da bu baxımdan cansızlarla bərabərdir. Lakin cisimlər özünə məxsus xassələri ilə bir-birindən ayrılır.
[Hər cisim “Atom”dan meydana gəlmişdir. Bir toz milyonlarla atomun toplusudur. Az və müəyyən miqdarda atom bir-biri ilə birləşdikdə bir “Molekul” meydana gəlir. Cisimlər əsas 2 hissəyə ayrılır: Saf və qarışıq cisimlər. Müəyyən xüsusiyyətlərə malik olan cismə “Saf cisim” deyilir. Məsələn, mis elektrik teli və yağış suyu safdır. Çünki, dünyanın hər yerində hər zaman eyni xüsusiyyətləri daşıyırlar. Qaynama, ərimə istilik dərəcələri məlumdur və heç dəyişməzlər. Müəyyən xüsusiyyətləri olmayan cisimlərə “Qarışıq” cisimlər deyilir. Süd, taxta, benzin, dəniz suyu kimi. Çünki bunlar müxtəlif xüsusiyyətlərdə olurlar. Müəyyən bir qaynama, ərimə istilik dərəcələri yoxdur. İnək südü başqadır. Qoyun südü başqadır. Qara dənizin suyu az duzludur. Aralıq dənizinin suyu çox duzludur.
Saf cisimlər də iki qisimdir. Başqa-başqa xüsusiyyətli parçalara ayrıla bilməzsə “Bəsit cisim” və ya “Element” deyilir. Qızıl, kükürd, yod və oksigen qazı, hər biri bir elementdir. Bu gün yüz beş element tanıyırıq. Başqa-başqa xüsusiyyət daşıyan parçalara ayrıla bilən saf cisimlərə “Mürəkkəb” və ya “Birləşik cisim” deyilir. Məsələn, şəkər, yağış suyu, spirt mürəkkəb cisimdir. Çünki şəkər atəşə qoyulsa karbon, su və başqa parçalara ayrılar. Su isə elektrik enerjisinin köməyi ilə oksigen və hidrogen deyilən iki müxtəlif qaza ayrılar. Bu gün milyonlarla mürəkkəb cisim tanıyırıq. Mürəkkəb cisim iki və ya daha çox elementin atomlarının bir-biri ilə birləşməsindən hasil olur.
Eyni bir cisim bərk, maye və qaz halında ola bilər. Məsələn, su buz halında ikən bərkdir, su halında ikən mayedir. Buxar halında ikən qazdır. Qaz hava kimi uçan deməkdir. Müəyyən bir həcmi və şəkli yoxdur.
Bəsit cisim, yəni element üç yerə ayrılır:
1 – Həqiqi metal (mədən). Buna metal da deyilir.
2 – Mədən olmayanlar. Bunlara qeyri-metal da deyilir.
3 – Yarı mədənlərdir.
Həqiqi mədənlər 78 ədəddir. 77-si normal şəraitdə bərkdir. Yalnız civə mayedir. 357,3 dərəcədə qaynayır. -39,4 dərəcədə donur. Bərk mədənləri çəkiclə döydükdə lövhə halına gəlir. Dağılıb toz olmaz. Metal atomu başqa atomla birləşdiyi zaman müsbət [+] elektrik daşıyır. Mənfi elektrik daşıya bilməz. O halda iki metal bir-biri ilə birləşə bilməz. Çünki müsbət elektrik yüklü iki atom bir-birini çəkə bilməz, itələyər.
Qeyri-metallar on yeddi ədəddir. Biri maye, beşi bərk, on biri qaz halındadır. Bərk olanlar həvəngdəstədə döyüldükdə toz olar. Lövhə halına gəlməz. Saf odun kömürü qeyri-metaldır. Buna kimya dilində karbon deyilir. Qeyri-metal atomları mürəkkəb hala keçdikdə həm müsbət, həm də mənfi ola bilər. O halda bir neçə qeyri-metal atomu bir-biri ilə birləşərək bir molekul meydana gətirirlər.
Mürəkkəb cisimlər iki yerə ayrılır. İçində Karbon və Hidrogen atomu birlikdə olan mürəkkəblərə “Orqanik” və ya “Üzvü” cisim deyilir. Bunlar yana bilir və canlılarda hasil olurlar. Hal-hazırda fabriklərdə də bəzilərinin sintezləri edilməkdədir. Yağ, şəkər, aseton, xinin orqanik cisimdir. Birləşməsində həm Karbon, həm də Hidrogen atomu birlikdə olmayan cisimlərə “Anorqanik” və ya “Qeyri üzvi” cisimlər deyilir. Bunlar yer qabığında və ərimiş olaraq dənizlərdə olur. Yemək duzu, su, əhəng daşı, zəy, qum bunlardandır.
Bütün bu cansız cisimlər uyğun bir şəkildə birləşərək və qarışaraq canlı məxluqların təməl daşı olan “Hüceyrə” meydana gəlir. Hüceyrə canlıdır. Bitki hüceyrəsi, heyvan hüceyrəsinə bənzəməz. İnsan hüceyrəsi, heyvan hüceyrəsinə bənzəyir. Hüceyrələr bir-biri ilə qarışaraq “Nəsc” və ya toxuma meydana gəlir. Müxtəlif cinsdən nəsclər qarışdıqda üzvlər “orqanlar” olur. Orqanların bir yerə gəlməsindən “Cihaz”lar, yəni “sistemlər” olur. Hüceyrə, nəsc, orqan və sistem yığımı da bir bitki “nəbat” və ya “heyvan” və ya “insan” meydana gətirir.]
Bütün varlıqlar, cansızlar, bitkilər və heyvanat olmaqla üç cinsə ayrılır. Heyvan cinsinin ən qiymətlisi, ən şərəflisi insan növüdür. Hər cinsin növləri arasında üstünlük sırası vardır. Yəni, bir növ başqa növdən daha üstündür. Bir cinsin ən üstün növü, daha üstün olan cinsin ən aşağı növünə yaxın özəlliklər göstərir. Hətta bir çox xüsusiyyətləri müştərək olur. Məsələn, mərcan cansızlardan daşa bənzəyir. Lakin canlılar kimi törəyir, böyüyür. Xurma ağacı və milçəkqapan otu, heyvan kimi hiss və hərəkət etməkdədir. Xurma ağaclarından bir qismi erkək, bir qismi dişidir. Erkək ağac dişi tərəfinə əyilməkdədir. Erkək ağacdan bir maddə dişiyə gəlməsə, dişidə meyvə hasil olmaz. Hərçənd ki, bütün bitkilərdə bu iki orqan vardır və fekondasion [döllənmə] olur. Lakin xurma ağacında heyvanlar kimi görünür. Hətta xurma ağacının başında ağ bir şey vardır. Heyvanların ürəyi kimi iş görür. Bu şey yaralanarsa və ya suda qalarsa ağac quruyar. Hədisi-şərifdə, “Bibiniz olan xurma ağacına hörmət göstərin! Çünki ilk xurma ağacı Adəm əleyhissəlamın palçığının artıqlarından yaradıldı” buyuruldu. Bəlkə, bu ağacın bitkilərin ən üstünü olduğuna işarə buyurulmuş ola bilər.
Heyvan cinsinin ən aşağı növü dəniz süngərləridir. Rəngi ağdır. Dənizlərdə yaşayarlar. İradəli, istəkli hərəkətləri vardır. Sularda yaşayan minlərlə ibtidai heyvan vardır. Hər növdən daha yetkin, daha üstün başqa bir növ yaradılmışdır. Tabiiyyə kitablarında üstünlük sıraları bildirilmişdir. Hər sinifdə başqa-başqa bəslənmə və müdafiə üzvləri vardır. Kimisinə ox, kimisinə diş, kimisinə pəncə, kimisinə buynuz, kimisinə qanad, kimisinə sürət, tülkü kimi olanlara da hiylə verilmişdir. Hər sinfin şəxsinin və növünün qorunması təmin edilmişdir. Yaşamaları üçün insan ağlını çaşdıran şeylər ilham olunmuşdur. Bal arısı mühəndis kimi altı künclü pətək düzəldər. Silindir etsəydi aralarında boşluq qalardı. Altı bucaqlı prizmalar arasında yer ziyan olmur. Dördbucaqlı olsaydı, həcmləri daha az olardı. Bunu insanlar oxumaqla, öyrənməklə anlayar. Öyrənməyən anlaya bilməz. Arıya bunu bildirən kimdir? Allahu təala “ilham” etmişdir. İlhama indi “instinkt” deyilir.
Heyvanların dərəcə-dərəcə üstünləri düşünülsə, ən üstünləri, insana ən yaxın olanları at, meymun, fil və quşlardan tuti, yəni tutuquşudur. Meymun və filin zəkası çox insandan aşağı deyildir. Darvin adındakı bir doktor heyvanların üstünlük sırasını yazmış, ən üstünü meymun olduğunu bildirmişdir. Bunu oxuyan islam düşmənləri, özlərinə qabaqcıl deyən, küt beyinli bir neçə fənn fanatiki Darvinin heyvanların bir-birinə döndüyünü, yüksələ-yüksələ sonunda insan olduğunu, yazdığını deyirlər. Bunu irəli sürərək Adəm əleyhissəlamın torpaqdan yaradıldığını inkar edir və müsəlman uşaqları aldadırlar. Halbuki, Darvin öz kitabında heyvanların bir-birinə döndüyünü demir. “Yaradılışlarında bir təkamül, bir üstünlük sırası vardır” deyir. Aşağı dərəcədəkilərin üstündəkilərə qida, yem olduqlarını yazır. Bu halı islam alimləri daha əvvəl görmüşlər, anlamışlar və yazıb bildirmişlərdir. Belə ki, Darvin 1224-cü [miladi 1809] ildə təvəllüd, 1299-cu [miladi 1882] ildə vəfat etdi. Heyvanların üstünlük sırasını və ən üstünlərini yuxarıda yazdığımız şəkildə bildirən Əli ibn Əmrullah (rahiməhullahu təala) bundan çox əvvəl, yəni 916-cı ildə təvəllüd və 979-cu [m. 1570] ildə vəfat etmişdir. Darvinin bu yazılarını islam kitablarından aldığı aydın görünür.
Heyvanların üstündə insan növünün ən aşağısı gəlir. Çöllərdə, meşələrdə, qütblərdə yaşayanlar belədir. İnsanların ən üstünü orta iqlimlərdə, yəni 23 dərəcə ilə 66 dərəcə ərz dairələri arasında, şəhərlərdə yaşayanlardır.
Yaradılış baxımından olan bu üstünlük fərqlərindən başqa insanlar arasında çalışaraq maddədə və əxlaqda yüksəlmək fərqləri də vardır. Bəzi insanlar zəkaları ilə çalışaraq bir çox alət düzəltmiş, bəziləri isə bununla birlikdə ağıl elmlərində, fəndə, texnikada inkişaf etmişdir. Ən üstünlərinə gəlincə, bunlar texnikada, elmdə, fəndə yüksəlməklə birlikdə, əxlaqda da irəliləmiş, vilayət və Allahu təalaya yaxınlıq deyilən insanlığın ən yüksək dərəcəsinə çatmışdırlar. Bunlar aşağılarındakı insanları irşad edərək yüksəldirlər. Bunların ən yüksəyi Peyğəmbərlərdir (əleyhimussaləvatu vəttəslimat). Bunlar Cəbrayıl əleyhissəlam deyilən bir mələk ilə Allahu təaladan əmr və xəbər almaqla şərəflənmişdirlər. Bu mələyin gətirdiyi əmr və xəbərlərə “Vəhy” deyilir. Peyğəmbərlər (əleyhimussaləvatu vəttəslimat) özlərinə gələn Vəhyləri insanlara bildirmiş, insanlara yüksəlmə yolunu göstərmişlər. Peyğəmbərlərin göstərdiyi bu yüksəlmə və irəliləmə yoluna “Din” deyilir. İnsanların yüksələrək çatdıqları dərəcələr mələklərin dərəcəsindən daha yuxarıdır. Peyğəmbərlik məqamı da dörd dərəcədir. Birincisi Nəbilər, ikincisi Rəsullar, üçüncüsü Ülül-azm Peyğəmbərlərdir. Adəm, Nuh, İbrahim, Musa, İsa və Muhamməd (əleyhimussəlam) bu dərəcədədirlər. Dördüncü dərəcə xatəmül-ənbiya, yəni son olaraq gəlmək dərəcəsidir. Bu ən yüksək dərəcə Muhamməd əleyhissəlama məxsusdur. “Sən olmasaydın, sən olmasaydın heç bir şeyi yaratmazdım!” iltifatı ilə insanların mələklərdən daha üstün olduğuna vəsiqə olmuşdur.
İnsanların dərəcələri bütün məxluqların tam ortasındadır. İslamiyyətə tabe olanlar yüksəlirlər, mələklərdən üstün olurlar. Nəfslərinə və pis yoldaşlarına aldanaraq islamiyyətdən uzaqlaşanlar alçalırlar. Çünki ruhun mücərrəd olduğunu, bədənin isə, özəllikləri bir-birinə bənzəməyən maddələrin yığını olduğunu bildirmişdik. İnsan ruhu tərəfindən mələklərə, bədənin quruluşu baxımından heyvanlara bənzəməkdədir. Ruh tərəfini qüvvətləndirən şəxs mələklərdən də üstün olar. Çünki bədən insanı mələklikdən uzaqlaşdırmaqda, heyvanlara yaxınlaşdırmaqda ikən, o, bu alçalmağa müqavimət göstərmiş və yüksəlmişdir. Mələkdə heyvanlaşdırıcı bir bədən yoxdur. Yaxşılıqları mələklik ilə birlikdə yaradılmışdır.
Bir kimsə bədənini üstün tutub nəfsini qüvvətləndirərsə, heyvanlardan aşağı olar. Allahu təala Əraf surəsinin 179-cu ayətində və Furqan surəsinin 44-cü ayətində “Hətta onlar heyvanlardan daha aşağıdırlar” buyuraraq belə kimsələrin pisliklərini bildirməkdədir. Çünki heyvanda ağıl yoxdur. Mələklərə bənzəyən ruhları da yoxdur. Şəhvətlərinə tabe olmaları günah olmaz. İnsanlara ağıl işığı verilmiş olduğundan, nəfslərinə tabe olmaları, doğru yoldan azmaları çox çirkin olar.
Qarışıqdır Adəm oğlu,
mələkliklə heyvanlıqdan.
Kim ki, mələyinə uydu,
üstün oldu həm də ondan.
Kim ki, olar heyvan əxlaqlı,
pis olar hər məxluqdan!
Heyvanların yaşaya bilmələri üçün onlara lazım olan tənəffüs edəcək hava, yemək, içmək, geyim, sığınacaq, cüt olacaq şeylərin hamısı hazır olaraq yaradılmışdır.
[Bunlar arasında yaşamaları üçün ən çox lazım olanı havadır. Havasızlığa bir neçə dəqiqədən çox dözə bilməzlər. Dərhal ölərlər. Hava, axtarmaqla, tapmaqla, zəhmət çəkməklə ələ keçəcək bir şey olsaydı, bunu axtaracaq qədər zaman belə yaşaya bilməzdilər. Bu qədər təcili lazım olan bu çox önəmli maddəni Allahu təala hər yerdə tapılacaq və məxluqlarının ciyərlərinə qədər öz-özünə asanlıqla girəcək şəkildə yaratmışdır. Yaşaya bilmək üçün su bu qədər təcili lazım deyil. İnsan və heyvanlar suyu axtarıb tapacaq qədər yaşaya bilərlər. Bunun üçün suyu tapmaq lazımdır. Heyvanlarda ağıl olmadığı və bir-birlərinə köməkçi olmadıqları üçün yeməklərini və geyimlərini hazırlaya bilməzlər. Bunun üçün yeməklərini bişirmələri, hazırlamaları lazım deyil. Ot, leş yeyirlər. Lələk, yun, tük ilə isinirlər. Qorunma alətləri özlərində yaradılmışdır. Bir-birlərinə möhtac deyildirlər.
İnsanlar isə bütün bunları hazırlamağa, düşünməyə məcburdur. Əkib biçmədikcə, çörək bişirmədikcə doya bilməzlər. İp əyirmədikcə, parça toxumadıqca və tikiş tikmədikcə geyinə bilməzlər. Qorunmaları üçün də ağıllarını, zəkalarını işlətmələri, fənn bilgilərini öyrənmələri, sənaye qurmaları lazımdır. Hər heyvanda olan bir növ üstünlük insanda toplanmışdır. İnsan onda yaradılan bu üstünlükləri meydana çıxarması üçün ağlını işlətməli, fikrini yormalı, çalışmalıdır. Səadət və fəlakət qapılarının açarı insanın əlinə verilmişdir. Yüksəlməsi və alçalması qüvvətini sərf etməsinə və çalışmasına həvalə edilmişdir. Ağlını, fikrini işlədərək səadət yolunu görüb, bu yolla getməyə çalışarsa, içində yaradılmış olan yüksəkliklər, dəyərlər əlinə keçər. Üfüqdən üfüqə yüksələrək mələklərə qarışar. Allahu təalanın razılığına, sevgisinə qovuşar. Yox əgər nəfsin zərərli arzularına tabe olaraq yaradıldığı kimi heyvanlıq dərəcəsində qalarsa, işi tərsinə dönərək, alçala-alçala əsfəl-üs-safilinə (ən aşağı dərəcəyə) düşər. Fəlakətdən fəlakətə Cəhənnəmə qədər sürüklənər.
İnsan yaradılışda iki tərəflidir. Ona hidayət, üstünlük tərəfini tanıda bilmək və bunu qüvvətləndirməyə çalışmasını təmin etmək üçün bir müəllim, bir ustad lazımdır. Bəzi uşaqlar nəsihətlə, mülayim sözlə və hədiyyə verilərək yola gəlir. Bəzisi isə sərt, acı sözlə və cəza verilərək tərbiyə olunur. Ustad mahir olub, uşağın yaradılışının necə olduğunu anlamalı, onu şəfqət ilə, şirin və ya acı təsir edərək tərbiyə etməli, yəni yetişdirməlidir. Belə mahir və müşfiq bir rəhbər olmadıqca uşaq elm və əxlaq əldə edə bilməz, yüksələ bilməz. Rəhbər, yəni elm və əxlaq verən şəxs uşağı fəlakətdən qurtarıb, səadətə qovuşdurar.]
Haqq təala elmi çox yerdə tərif etdi, Quranda,
Rəsulun elmi əmr edən sözləri meydanda.
İslamın ən böyük düşmənidir bil, cəhalət,
Çünki cahillik mikrobunun xəstəliyi: Fəlakət!
Cəhalət olan yerdən, din gedər dedi, Nəbi.
Dini sevən o halda elmi, fənni sevməli!
Cənnət qılınc kölgəsində, demədimi hədis,
Atom gücü, reaktiv uçuşuna bu əmr çox səlis!
İslamın zillətinə cahillikdir bütün illət!
Ey dərdi cəhalət, sənə düşməklə bu millət!
Bir hala gətirdin ki, nə din qaldı, nə namus,
Ey islamın sinəsinə çökən qap-qara kabus.
Ey xain düşmən, səni öldürməli əvvəl,
Sənsən bizə kafirləri üstün çıxaran əl!
Ey millət, oyan, cahilliyinə qurban gedirsən!
İslam gerilikdir deyə bir damğa yeyirsən!
Allahdan utan, bari burax dini əlindən,
Gir, leş kimi torpaqlara, özün, girəcəksənsə!
Lakin bu sözüm də, təsir etməz ki, cahilə,
Allahdan utanmaq da olur əlbət elm ilə.1
Notes
- Sədrəzəm Mustafa Rəşid Paşa mason idi. İngilislərdən aldığı əmr ilə məktəblərdən fənn dərslərini qaldırdı. Fənn adamı yetişməz oldu. Müasir hərb silahları düzəldilə bilmədi. Sonrakı hərblərdə həmişə məğlub olduq. İngilislərin islama etdikləri ən böyük düşmənlik bu oldu. ↑