Burada ruhun yüksəlməsi və alçalmasının nə demək olduğu bildiriləcəkdir:
Ruhun yüksəlməsinə və fəlakətə düşməsinə səbəb olan şeyləri yuxarıda bildirmişdik. Burada daha ətraflı izah edəcəyik. Hər maddədə ağırlıq və həcm kimi ortaq özəllik olduğu kimi, o maddəyə məxsus olub, onu tanıdan özəllikləri də vardır. Məsələn, hər maddənin müəyyən spesifik ağırlığı vardır. Hər mayenin qaynama və donma temperaturları, bərk cisimlərin müəyyən ərimə temperaturu, şüaların müəyyən dalğa boyları vardır. Bunun kimi canlıların da müəyyən xüsusi sifətləri, özəllikləri vardır. Məsələn, Dijital deyilən üskük otu qəlbə təsiri ilə tanınır. Atın minənə itaəti, qaçma özəlliyi məşhurdur. Atda bu xüsusiyyət olmasaydı ona uzunqulaq kimi yük vurulardı.
İnsan da bir çox baxımdan başqa heyvanlara, hətta bəzi xüsusiyyətləri ilə bitkilərə və cansız maddələrə oxşasa da, insanı heyvandan ayıran müəyyən xüsusi insanlıq xassələri vardır. Ona insanlıq şərəfi bu xüsusiyyətindən gəlir. Bu özəllik “Nitq”, yəni ruhun idrak [qavrama, düşünmə] qüvvətidir. Söz söyləməyə “nitq söyləmək” deyilirsə də, burada bu mənanı düşünmürük. Dilsiz kimsə danışmaz. Lakin yenə insandır. Çünki nitq sahibidir. Yəni, anlayışlıdır və düşünür. Tutuquşu danışır, lakin insan deyildir. Çünki nitqi, anlayışı, ağlı, fikri, düşünməsi yoxdur. Odur ki, yaxşı xasiyyətləri, yaxşı işləri pislərindən ayıran bu nitqdir. Allahu təala bu xüsusiyyəti insana verdi ki, bununla yaradanını anlasın. Qəlb və ruh bu qüvvəti ilə, yəni nitq, ağıl neməti ilə yerləri, göyləri [Maddə aləmini, fizika, kimya qanunlarını, həyati fəaliyyətləri] incələyərək Allahu təalanın varlığını və yüksək sifətlərini anlayar. Sonra əmrlərinə və qadağalarına, yəni islamiyyətə tabe olaraq dünya və axirət səadətinə qovuşar, fəlakətlərdən xilas olar. Zariyat surəsinin 56-cı ayətində məalən, “İnsanları və cinləri mənə ibadət etmələri üçün yaratdım” buyuruldu. Bu ayətikərimədəki “ibadət etmələri üçün” ifadəsi, “məni tanımaları üçün” deməkdir. Yəni Allahu təalanı tanımaq, inanmaq üçün yaradıldıq. İnsanların heyvanlara oxşayan tərəfləri heyvani ruhdan irəli gələn şəhvani və qəzəb qüvvətləridir. Bunun ikisi də insan ruhu üçün dəyərli deyildir. Bu qüvvətlər heyvanlarda da vardır. Hətta heyvanlarda insandan daha da qüvvətlidir. Məsələn, öküz və uzunqulaq insandan daha çox yeyir və içir. Donuz və quşlar insandan daha çox şəhvətlidir. Aslan, camış və fil insandan daha qüvvətlidir. Qurd və pələng daha çox döyüşür, parçalayır. Siçan, pişik, it qaranlıqda da görür, uzaqdan tez iy hiss edirlər. Bütün bu qüvvətlər insan üçün şərəf olmaz. Bunlar şərəf sayılsaydı, adları çəkilən heyvanlar insandan daha şərəfli, daha üstün olardılar. İnsanın şərəfi ruhunun iki qüvvətindən gəlməkdədir. Qəlb və ruh, elm, nitq qüvvəti ilə fəzilətləri, üstünlükləri başa düşəcək, əməli qüvvəti ilə bunlara sarılacaq, pisliklərdən çəkinəcəkdir.
Allahu təalaya mərifət hasil etmək, inanmaq, yalnız sözlə olmaz. İmanın altı şərti olan “Aməntü”nün mənasına qəlb ilə inanmaqla olar. Bu altı şərtdən beşincisi “Qiyamət” gününə, yəni öldükdən sonra dirilməyə inanmaqdır.
İslam düşmənləri deyir ki, “Cənnət nemətlərinin, quş ətləri, meyvələr, süd, saf bal, saraylar, huri qızlar kimi bədənə şirin gələn şeylər olduqları bildirilmişdir. Bunlar isə şəhvəti, heyvani arzuları yerinə yetirəcək şeylərdir. Ruhun səadəti, insanın yüksəkliyi, mərifət və ağlın bəyəndiyi şeylər olduğuna görə Cənnətdə bunlar unudulacaq, heyvani zövqlər ruhun zövqlərini örtəcəkdir. Bu hal dünyadakı yüksək insanların, Peyğəmbərlərin (əleyhimussaləvatu vəttəslimat), Vəlilərin, Alimlərin (rahiməhumullahu təala), Cənnətdə ən aşağı insan, hətta heyvan dərəcəsinə düşəcəklərini göstərməzmi? Bundan başqa bədənin zövq, ləzzət ala bilməsi üçün əvvəl əzab, acı duyması lazımdır. Bədən sıxılmadıqca bir şey istəməz. Məsələn, aclıq acısı olmadıqca, yemək, içmək ləzzəti bilinməz. Yorğunluq, yuxusuzluq sıxıntısı olmadan, rahatlıq və yuxu ləzzəti hiss olunmaz. Cənnətdə heç bir sıxıntı olmayacağı üçün bədənin bu ləzzətləri duymasına da imkan yoxdur deməkdir” dedilər. Hətta İbn Sina “Şəfa” və “Nicat” kitablarında Qiyamət gününü izah etdisə də, “Muad” adlı kitabında inanmadığını açıqlamışdır. Nəsirəddin Tusi də “Təcrid” kitabının bəzi yerlərində təkrar dirilməyi izah edirsə də, başqa yerlərdə də əksini bildirir.
Əhli-sünnət alimləri sözbirliyi ilə bildirirlər ki, Qiyamət günü bu bədən təkrar var olacaqdır. Lakin Cənnət nemətlərini, ləzzətlərini yalnız bədənin ləzzəti zənn etmək yanlışdır. Dünyada yüksəlməyə başlayan bir ruh, bədəndən ayrıldıqda qiyamətə qədər hər an yüksəlməyə davam edər. Cənnətdə bədən sonsuz qala biləcək xüsusiyyətdə, dünyadakından tam fərqli özəllikdə var olacaqdır. Yüksəlmiş olan ruh bu cəsəd ilə birləşərək qiyamət həyatı başlayacaqdır. Cənnətdə bədənin və ruhun ayrı-ayrı nemətləri, ləzzətləri olacaqdır. Yüksək olanlar, Cənnətdə də ruhun ləzzətlərinə əhəmiyyət verəcəkdirlər. Ruhun ləzzəti bədənin ləzzətlərindən fərqli və qat-qat çox olacaqdır. Ruhun ləzzətlərinin ən şirini, ən yüksəyi də Allahu təalanı görmək olacaqdır. Yüksək insanların, ariflərin, dünyada ikən ruh Cənnətinə girmələri, axirətdəki ruh ləzzətlərindən bir qisminə qovuşmalarının caiz olduğu bildirilmişdir. Bədənin Cənnətinə dünyada qovuşmaq olmaz. Cənnət ləzzətləri dünya ləzzətləri kimi deyildir. Hətta dünya ləzzətlərinə heç oxşamazlar. Allahu təala Cənnətdəki ləzzətləri dünyada eşidərək anlaya bilməmiz üçün dünyada onlara bənzəyən ləzzətlər yaratdı. Beləcə, o ləzzətlərə qovuşmaq üçün çalışmağımızı əmr etdi. Cənnət ləzzətlərinin dadını ala bilmək üçün əvvəl acı, sıxıntı çəkmək lazım deyildir. Çünki Cənnətdəki bədənin quruluşu dünyadakı kimi deyildir. Dünyadakı bədən yox olacaq bir halda yaradıldı. Təqribən yüz il dözəcək qədər sağlamdır. Cənnətdəki bədən isə sonsuz qalacaq, heç köhnəlməyəcək dərəcədə sağlamdır. Aralarındakı oxşarlıq insan ilə aynadakı əksi arasındakı bənzərlik kimidir. İnsan ağlı qiyamətdəki varlıqları anlaya bilməz. Ağıl, hiss orqanları ilə duyulanları və bunlara oxşayanları anlaya bilər. Cənnət nemətlərini, ləzzətlərini dünyadakılara oxşatmaq, onlar üzərində məntiq, fikir irəli sürmək insanı çürük, səhv nəticələrə aparar. Bilinməyən şeyləri bilinən şeylərə bənzədərək fikir yürütmək batildir.
Təsəvvüf böyüklərinə və bir çox alimlərə görə (rahiməhumullahu təala), dünyada “Aləmi-misal” deyilən üçüncü bir aləm vardır. Bu aləm gördüyümüz “Cisim aləmi” kimi maddədən deyil. “Ruh aləmi” kimi mücərrəd də deyildir. Yəni, maddəsiz də deyildir, ikisi arasındadır. Oradakı məxluqlar parçalana bildikləri üçün maddə aləminə bənzər. Ağırlığı olmadığı, yer tutmadığı üçün isə bənzəməz. Dünyadakı hər maddənin və hər mənanın o aləmdə bir misalı, şəkli vardır. Suyun misalı orada yenə sudur. Elmin misalı orada süddür. Gözəl əxlaqın və yaxşı işlərin orada görünüşü bostan, çiçək, meyvə kimi ləzzətli şeylərdir. Pis əxlaqın və çirkin işlərin o aləmdə görünüşü qaranlıq, ilan, əqrəb kimi sıxıntı verici şeylərdir. Hər kəsin gördüyü yuxular hamısı o aləmdəndir. Təsəvvüf böyüklərinə görə, aləmi-misal da iki yerə ayrılır. Təsəvvüfçülər bu aləmə xəyal qüvvəti ilə girərsə, “Xəyala bağlı” olan aləmi-misal deyilir. Xəyalın və başqa daxili hiss orqanlarının əlaqəsi olmadan hasil olarsa, “Mütləq” olan aləmi-misal deyilir. [“Məktubat” kitabının ikinci cildinin əlli səkkizinci məktubunda Aləmi-misal haqqında geniş məlumat vardır. Bu uzun məktubun tərcüməsi “Səadəti Əbədiyyə” kitabı birinci qisim 39-cu maddəsində mövcuddur.] Təsəvvüfçülərdən bəzisi “Riyazət” (əziyyət) çəkərək və “Mücahədə” edərək aləmi-misala girdiklərini və orada gördükləri şeyləri xəbər vermişlər. Din alimləri də bu aləmin varlığını və bəzi sirlərini bildirmişlər. Abdullah ibn Abbas (radıyallahu anhuma) buyurdu ki, “Bu gördüyümüz aləmdən başqa daha bir aləm vardır. Bu aləmdə olan hər şeyin orada bir bənzəri vardır. Hətta orada mənim kimi bir İbn Abbas vardır”.
Təsəvvüf mütəxəssisləri (rahiməhumullahu təala) deyir ki, insan öldükdə ruhu bədəndən ayrılır. İnsanın dünyada ikən etdiyi yaxşı işləri, imanı və gözəl əxlaqı nurlar, işıqlar, bostanlar, çiçəklər, hurilər, köşklər, incilər şəklini alarlar. Cahilliyi, azğınlığı, pis xasiyyətləri də alovlar, qaranlıqlar, əqrəblər, ilanlar şəklində görünərlər. İmanlı və gözəl əxlaqlı ruh nemətləri Cənnətlərə özü aparır. Kafir və fasıq ruhlar da alovları, əzabları özü ilə birlikdə aparır. Ruh bu cisim aləmində qaldıqca, yükləndiyi bu şeyləri başa düşməz. Bədənə bağlılığı və cisim aləminə dalmış olması onları başa düşməsinə mane olur. Ruh bədəndən ayrılanda bu maneələr qalmaz. O zaman özündə olan yaxşı və pis yükləri onlara uyğun şəkillərdə görməyə başlayar. İnsanın dünyadakı halı bir sərxoşa bənzər. Ölmək sərxoşun ayılması deməkdir. Sərxoşun yanına sevdiyi şəxslər toplanar, sevdiyi hədiyyələr gələrsə, yaxud qoynuna əqrəblər, ilanlar girərsə heç birini duymaz. Ayılanda bunları görər və başa düşər. Bu “Axirət halları” aləmi-misal halları kimidir. Sədəddin Təftazani (rahiməhullahu təala) “Şərhi-məqasıd” kitabında aləmi-misalı izah etdikdən sonra bunları isbat edəcək dəlil, sənəd olmadığından həqiqi alimlər buna əhəmiyyət vermədilər, deyir. Həqiqi alim deyərək, ağlın anlaya biləcəyi hər şeyi ağla qəbul etdirməyə çalışan alimlərə işarə etməkdədir. Halbuki, ağla tabe olan kimsənin özü bu aləmə qovuşmasa da bunu heç olmasa, “olmayacaq şey deyil”, deyərək rədd etməməsi lazımdır. Necə ki, ağla tabe olanların öndərlərindən olan İbn Sina “Olmayacağı isbat edilməyən bir şeyə olmaz deməməlidir. Çünki isbat etmədən olmaz demək, anlamadığına inanmamaq kimi eyib və qüsurdur” demişdir.
Şihabuddini Sührəverdi (rahmətullahi əleyh) buyurur ki, “Milyonlarla ulduzun bir araya gəlib bir sistem qurduğunu və hər sistemin boşluqda pozulmadan hərəkət etdiyini deyən astronomiya adamlarının sözlərinə görmədən inanıldığı kimi təsəvvüfçülərin kəşf etdikləri, bildirdikləri aləmi-misal və ruh aləminə də inanmaq lazım gəlir”. İnkar edənlərə deyil, xəbər verənlərə inanmaq doğru olar. [Ağlı olan, fənn bilgilərindən xəbəri olan Allahu təalanın varlığını və birliyini dərhal anlar və isbat edər. Axirətə inanmaq belə deyil. Buna, Allahu təala xəbər verdiyi üçün inanmaq lazımdır.]
İnsanlar dörd qisimdir:
1 - Peyğəmbərə inanar və buna tabe olar. Bunlar dünyada rahat və hüzur içində yaşayar. Axirətdə düz Cənnətə gedər. Nəfsinə uyaraq hasil olan günahları, qəlb ilə tövbə, dil ilə istiğfar edərək və dünyada sıxıntılar çəkərək bağışlanacaq, birbaşa Cənnətə gedərək nemətlər içində sonsuz yaşayacaqdır. Bunlara “Saleh qul” deyilir.
2 - Peyğəmbərə inanar və buna uyar. Dünyada dərd, sıxıntı və xəstəlik içində yaşayar. Dərdlərə səbr və şükür edər. Səbrləri dərəcələrinin, sonsuz nemətlərinin artmasına səbəb olar. Bunlar nəfslərinə tabe olmaz. Bunlara “Vəli” deyilir. Belə kimsələr azdır.
3 - Peyğəmbərə inanar. Peyğəmbərə deyil, nəfsinə tabe olar. Dünyada sıxıntı çəkər. Bunlar nəfslərinə tabe olaraq hasil olan günahlar qədər Cəhənnəmdə yandıqdan sonra, Cənnətə girəcəkdirlər. Bunlara “Fasiq qul” deyilir. Çox xəbis kimsələrin daha çox azmaları üçün işlərində müvəffəqiyyət, asanlıq və rahatlıq da verilir. İslamiyyətin bir əmrini bəyənməyən kafir olar. Kafirlər Cənnətə girməyəcək, Cəhənnəmdə sonsuz yanacaqlar.
4 - Peyğəmbərə inanmaz. Əhkami-islamiyyənin əmr və qadağan etdiyi şeyləri ağıl ilə tapıb, bunlara və müsəlmanlara tabe olan kafirlər dünyada səadətə qovuşar.