Qəlb ilə ruhun hallarını və işlərini bildirən elmə “Əxlaq elmi” deyilir. İnsan tək başına ikən bu hallar və işlər doqquz bab olaraq bildirilmişdir. [Biz kitabımıza bunlardan yalnız altı bab yazdıq.]
BİRİNCİ BAB
Burada əxlaqın (xasiyyətin) növləri, yaxşı və yaman şeylər bildiriləcəkdir. Əxlaq, qəlb ilə ruhun mələkəsi, yəni alışqanlığı deməkdir. Bu alışqanlıq ilə düşünməyə ehtiyac qalmadan iş görərlər. Yerləşmiş olan əxlaqa “Mələkə” deyilir. Keçici olan əxlaqa “Hal” deyilir. Məsələn, gülmək, utanmaq bir haldır. Comərdlik, cəsarət bir mələkədir. Əxlaq, yəni xasiyyət dedikdə, mələkə başa düşülür. Hərdən xeyir iş görmək xasiyyət deyildir. Hər zaman xeyir işlərsə, comərd xasiyyətli deyilir. Hər zaman, lakin özünü məcbur edərək xeyir işlərsə, yenə comərd xasiyyətli olmaz. Asanlıqla, sevə-sevə edərsə xasiyyət deyilir.
Xasiyyət, yaxşı və ya pis iş görməyə səbəb olar. Yaxud da yaxşı və pis olmayan şeyə səbəb olar. Birincisinə “Fəzilət” və ya yaxşı əxlaq deyilir. Comərdlik, şücaət, yəni igidlik, mülayimlik belədir. İkincisinə “Rəzalət” və ya pis əxlaq deyilir. Xəsislik və kişilər üçün qorxaqlıq belədir. Üçüncüsünə nə fəzilət, nə də rəzalət deyilməz. “Sənət” deyilir. Dərzilik, cütçülük belədir. Bu kitabda birincisi və ikincisi haqqında söhbət gedəcək.
Qəlbin və ruhun iki qüvvəti olduğunu müqəddimənin son səhifəsində bildirmişdik. Birincisi “Qüvvəti alimə” və “Müdrikə” deyilən “anlama qüvvəti” idi. Bu qüvvətə “Nitq” və “Ağıl” demişdik. Bu qüvvət ilə ağlın çatdığı şeyləri anlayarlar. İkincisi hərəkət etdirən “Qüvvəti amilə”, “edici qüvvət” idi. Hər iki qüvvət də iki yerə bölünür. Ağlın birinci qisminə “Hikmətinəzəri”, ikinci qisminə “Hikməti-əməli” deyilir. Etdirən qüvvətin birinci qisminə “Şəhvət” deyilir ki, zövqlü, şirin şeylərə qovuşmaq istəyən qüvvətdir. İkinci qisminə “Qəzəb” deyilir ki, bəyənmədiyi şeylərdən uzaqlaşdırmaq istəyən qüvvətdir. Bu dörd qüvvətdən müxtəlif işlər meydana gəlir. Bu işlər ağla uyğun, gözəl, az olmaqdan və ifrat olmaqdan qurtulmuş olsa, bunları edən əxlaq fəzilət olar. Az və ya ifrat olan işləri edən xasiyyət rəzalət olar. Ağlın nəzəri qüvvəti yaxşı olarsa, o əxlaqa “Hikmət” deyilir. İkinci qüvvəti olan “Hikməti-əməli” qüvvəti yaxşı olarsa, o əxlaqa “Ədalət” deyilir. Qəlbin və ruhun etdirən qüvvətlərinin şəhvani qüvvəti yaxşı olarsa, o əxlaqa “İffət” deyilir. Qəzəb qismi yaxşı olarsa, o əxlaqa “Şücaət” deyilir. Yaxşılıqların əsası bu dörd əxlaqdır. Ədalətin azı-çoxu olmaz. Digər üçünün həddindən artıq və nöqsan olması rəzalət olar. Hikmətin həddindən artığı “Cərbəzə”, yəni özünü bilmişlikdir. Nöqsan olması isə, “Bəladət”, yəni səfehlikdir. Ədalətin həddindən artığı və nöqsanı olmaz. Yalnız ziddi, tərsi olar ki, bu da “Zülm”dür. İffətin həddindən artığı “Fücur”, yəni “Pozğunluq”dur. Nöqsan olması isə “Humud”, yəni durğunluqdur. Şücaətin həddindən artığı “Təhəvvür”, yəni təcavüz etməkdir. Nöqsanı qorxaqlıqdır. Əxlaqın bu növləri İmam Qəzali həzrətlərinin “İhya” kitabında belə tərif edilmişdir. Abdülqani Nablüsinin1 “Hadikat-ün-Nədiyyə” kitabında da yazılmışdır. Bu kitab ərəb dilində olub, İstanbulda “Hakikat Kitabevi” tərəfindən ofset üsulu ilə çap edilmişdir. Bəzilərinə görə hikmət, iffət və şücaət bir yerə gələndə “ədalət” olur.
Cərbəzə xasiyyətli şəxs ruhun qüvvəti olan ağlını hiylə, dedi-qodu, məsxərəlik etmək üçün istifadə edər. Bəladət xasiyyətli şəxs həqiqətləri başa düşməz. Yaxşı, pis şeyləri bir-birindən ayıra bilməz. Təhəvvür xasiyyətli şəxs özünü təhlükələrə atar. Qüvvətli düşmənlə döyüşməyə qalxar. Qorxaq olan adam səbr edə bilməz, dözə bilməz, haqqını axtara bilməz. Fücur xasiyyətli olan yeməkdə, içməkdə və evlənməkdə məkruhlara və haramlara düşər. Çirkin, pis işlərdən zövq alar. Humud xasiyyətli olan şəxs də halal olan zövqləri, haqqı olan arzuları tərk edər, ya özü həlak olar, yaxud nəsli kəsilər.
İnsanlarda olan bütün gözəl əxlaq yuxarıda bildirilən dörd gözəl ana əxlaqdan doğular. Hər kəs bu dörd əxlaq ilə öyünər. Hətta soyu ilə, yaxınları ilə iftixar edən kimsələr, onlarda bu əxlaqlar olduğu üçün öyünürlər.
İKİNCİ BAB
Burada dörd əsas gözəl əxlaqın qisimləri bildiriləcəkdir. Bu dörd ana əxlaqdan törəyən yaxşı xasiyyətlər saysız deyiləcək qədər çoxdur. Bunların hər birini izah etməyə insanın gücü çatmaz. Burada islam əxlaqçılarının üstündə durduqları, məşhurlarını bildirəcəyik.
Hikmətdən, yeddi gözəl əxlaq meydana gəlir:
1 – Birincisi “Zəka”dır. Bir mələkədir. Bir vərdişdir. Bunun köməyi ilə insan bilinən şeylərdən bilinməyənləri çıxarır. Dəlilləri bir araya toplayaraq axtarılan şeyləri tapır. Bunu qazanmaq üçün məlum şeylərin köməyi ilə məchul olan şeyləri tapmağa çalışmaq, hesab [riyaziyyat] və həndəsi problemləri həll etmək lazımdır.
İnsanların zəkaları müxtəlif miqdardadır. Zəkanın ən üstün dərəcəsinə “Dahilik” deyilir. Zəka “Test” üsulu ilə ölçülür. 20-ci əsrin tanınmış ruhiyyatçılarından [psixoloqlarından] Amerikalı Terman2 deyir ki, test üsulu ilə zəkanın ölçülməsi ilk olaraq Osmanlılarda meydana gəldi. Osmanlı orduları Avropada irəliləyir, Vyana əldən gedirdi. Vyana gedərsə, bütün Avropanın müsəlmanların əlinə keçməsi çox rahat olacaqdı. Osmanlılar Avropaya islam mədəniyyətini gətirir. Elm, fənn, əxlaq nurları, xristianlığın qaraltdığı, uyuşdurduğu yerlərə, gümrahlıq, insanlıq, hüzur, səadət saçırdı. Əsrlərlə diktatorların, kapitalistlərin, keşişlərin zülmləri altında inləyən, barbarlaşan Avropa islam ədaləti ilə, islam elmləri ilə, islam əxlaqı ilə insan haqlarına qovuşurdu. Avropa diktatorları və ilk növbədə xristian kilsələri Osmanlı ordularına qarşı son səylərini sərf edirdilər. Bir gecə İstanbuldakı ingilis səfiri Londona tarixi məktubunu göndərdi. TAPDIM... TAPDIM!... Osmanlı ordularının irəliləmə səbəbini tapdım. Onları dayandırmanın yolunu tapdım, deyirdi. Belə yazmışdı:
“Osmanlılar ələ keçirdikləri hər yerdə din, irq fərqi qoymadan, seçdikləri uşaqların zəkalarını ölçür, üstün zəkalıları ayıraraq mədrəsələrdə oxudub islam tərbiyəsi ilə yetişdirirlər. Bunların arasından da seçdiklərinə saraydakı ƏNDƏRUN deyilən ali məktəbdə o zamanın ən irəli biliklərini verirlər. Odur ki, Osmanlı siyasət adamları, baş komandanları bu cür seçilən, yetişdirilən iti zəkalı şəxsiyyətlərdir. Sokullular, Köprülülər belə yetişmişdir. Osmanlı axınlarını dayandırmaq, xristianlığı qurtarmaq üçün tək çarə, əndərun məktəblərini və mədrəsələri dağıtmaq, onları içəridən yıxmaqdır”. Bu məktubdan sonra İngiltərədə “Müstəmləkələr nəzarəti” quruldu. Burada yetişdirilən casuslar, xristian missionerləri və masonlar yalan təbliğat və parlaq vədlərlə ovladıqları cahilləri, Osmanlı dövlətinin açar mövqelərinə yerləşdirməyə və bu kuklaların əli ilə mədrəsələrdən fənn, əxlaq dərslərini, hətta yüksək din bilgilərini çıxarmağa, müsəlmanları cahil qoymağa çalışırdılar. Bu hiyləgər kampaniyalarında tənzimatdan sonra tam müvəffəqiyyət əldə etdilər. İslam dövləti yıxıldı. İslamiyyətin dünyaya nəşr etdiyi səadət, hüzur nurları söndü.
2 – Sürəti-fəhmdir. Buna “Sürati-intiqal” da deyilir. Ehtiyac olduqda, lazım olan şeyi dərhal anlayan mələkəyə deyilir. Bir şey eşitdikdə onun əksini, tərsini də dərhal başa düşər. Zəka, düşünmədə və araşdırmada, yəni fikirdə və nəzərdə olur. Yəni, bilinən şeyləri araşdırıb, bunlardan bilinməyən bir nəticə əldə edər. Sürəti-fəhm isə fikirdən və nəzərdən başqa şeylərdə olur.
3 – Zehin açıqlığıdır. İstədiyi şeyləri tez anlamaq, əldə etməkdir.
4 – Diqqət etməkdir. Düşüncələr mane olmayıb, istədiyi şeyə təvəccüh etməkdir (yönəlməkdir).
5 – Təakkuldur. Lazımlı şeyləri öyrənərkən, hər şeyin həddini, sərhədini aşmamaqdır. Yəni, lazımlı olanı tərk etməz, lazımsız olanla da məşğul olmaz, vaxt öldürməz.
6 – Təhaffuz, yəni unutmamaqdır. Ruhun ağlı çatdığı, anladığı məlumatları unutmamasıdır.
7 – Təzəkkürdür. Yaddaşdakı məlumatları hər istənilən zamanda xatırlamaqdır.